Bakıda İndoneziya Mədəniyyət Festivalı
İndoneziyanın Azərbaycandakı səfirliyi
tərəfindən noyabrın
19-da Beynəlxalq Muğam
Mərkəzində Birinci
İndoneziya Mədəniyyət
Festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, bu
tədbir İndoneziyanın
rəngarəng mədəniyyətini
əks etdirir. Belə ki,
festival çərçivəsində kiçik yarmarka təşkil olunub. Yarmarkada İndoneziyanın milli geyimləri, suvenirlər, əl işləri olan əşyalar, qəhvə və çayları, həmçinin
kitablar və digər çap məhsulları yer alıb. Eyni zamanda, fotosərgi
də təqdim edilib.
Festivalın açılış mərasimində
qonaqları salamlayan İndoneziyanın ölkəmizdəki
səfiri Hüsnan Bəy Fanani belə bir tədbiri
keçirməkdən şad
olduqlarını söyləyib. Bu ilin Azərbaycanda “Multikulturalizm ili” kimi qeyd olunduğunu
vurğulayan səfir bildirib ki, bu
festival İndoneziyanın zəngin
mədəni irsini, müxtəlifliyini və gözəlliyini nümayiş
etdirmək üçün
əlverişli imkandır.
Eyni zamanda, festival mədəniyyət,
adət və ənənələr baxımından
İndoneziya ilə Azərbaycan arasındakı
sıx münasibətləri
və oxşarlıqları
da nümayiş etdirir.
Azərbaycanın bir çox mühüm tədbirlərə
ev sahibliyi
etdiyini diqqətə çatdıran səfir bu səbəbdən də Bakıda tədbir keçirməyin
onlar üçün
əhəmiyyətli olduğunu
deyib.
Diplomat qeyd edib ki, İndoneziya incəsənəti və
mədəniyyəti, mədəni
müxtəlifliyə malik
yüzlərlə etnik
qrup ətrafında formalaşıb. İndoneziya 13 mindən çox
adadan ibarətdir.
Bildirib ki, hər bir
əyalətin özünəməxsus
mədəniyyət və
ənənələri var.
Ölkələrimiz arasındakı
münasibətlərinin uzun
illər boyu formalaşdığını söyləyən
səfir deyib: “Xüsusilə İndoneziyanın
ənənəvi döyüş
sənəti pençak-silat
Azərbaycanda kifayət
qədər məşhurdur.
Azərbaycanda təxminən 30 pençak-silat məktəbi
və 5000 şagird qeydə alınıb.
Bu tədbirdə, həmçinin siz İndoneziya mədəniyyətinin
necə isti qarşılandığının və Azərbaycan gəncləri tərəfindən
qəbul edildiyinin şahidi olacaqsınız.
Belə ki, bugünkü çıxışlar
yalnız İndoneziyanın
təcrübəli rəqqasları
tərəfindən deyil,
həm də Azərbaycan Dillər Universitetinin İndoneziya Araşdırmalar Mərkəzində
təhsil alan
tələbələr tərəfindən
ifa ediləcək”.
Qeyd edilib ki, festivala
qatılmaq üçün
İndoneziyadan 150 nəfər,
o cümlədən incəsənət
ifaçıları, iş
adamları, turizm agentlikləri, yerli hökumət və ali təhsil
məktəblərinin nümayəndələri
gəlib.
Tədbirdə mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev bildirib ki, ölkəmizdə
Prezident İlham Əliyevin elan etdiyi “Multikulturalizm ili” çərçivəsində
təşkil edilən
İndoneziya Mədəniyyət
Festivalı iki ölkə arasında münasibətlərin tarixində
ilk dəfə olaraq keçirilir. Bu, əhəmiyyətli
hadisə kimi qiymətləndirilməlidir.
Nazir bildirib ki, son vaxtlar Azərbaycan ilə İndoneziya arasında münasibətlər genişlənməkdədir. Festival dünyanın ən böyük müsəlman
ölkəsi olan İndoneziya ilə ölkəmiz arasında mədəni, siyasi, iqtisadi, turizm və təhsil sahələrində əməkdaşlığı
möhkəmləndirəcək.
Sonra İndoneziyanın
milli rəqsləri və musiqiləri təqdim olunub.
Festival sabah da
davam edəcək.
525-ci qəzet.- 2016.- 22 noyabr.- S.7.