Dərslik sahəsində yeni
təcrübə
Prezident
İlham Əliyevin
"Azərbaycan dilinin
qloballaşma şəraitində
zamanın tələblərinə
uyğun istifadəsinə
və ölkədə
dilçiliyin inkişafına
dair Dövlət Proqramı" haqqında
23 may 2012-ci il tarixli sərəncamına
uyğun olaraq Azərbaycan dilinin dövrün tələbləri
səviyyəsində müasir
metodlarla tədrisi günümüzün aktual
məsələlərindən birinə çevrilib.
Bu baxımdan, Bakı Dövlət Universitetinin təcrübəli müəllimlərinin
həmmüəllifliyi ilə
ilk dəfə kommunikativ
metodla əcnəbi vətəndaşlar üçün
hazırlanmış yeni
"Azərbaycan dili"
dərsliyi (Bakı,
2016) son dövr dilçiliyimizin
ən mühüm nailiyyətlərindən biridir.
BDU-nun xarici tələbələrlə
iş üzrə dekanı, dosent Gülheyran Rəhimova, alman və fransız
dilləri kafedrasının
müdiri dosent Elmira Fərəcullayeva, Azərbaycan
dili və ədəbiyyatının tədrisi
metodikası kafedrasının
dosenti Məhbubə Qurbanova, Azərbaycan dilçiliyi kafedrasının
dosenti Reyhan Həbiblinin həmmüəllifliyi
ilə ərsəyə
gəlmiş bu dərslik öz nəfis tərtibatı, əhatəliliyi, innovatik strukturu, müasir təlim və tədris metodları əsasında hazırlanması
ilə əcnəbilərə
Azərbaycan dilini öyrənməkdə yaxından
kömək edəcək.
Kitab müəllifləri
uzun illər boyu məhz bu sahədə çalışan, Azərbaycan
dilinə aid dərslik
və dərs vəsaitləri nəşr
etdirən mütəxəssislərdir. Həmin dərsliklər
vasitəsilə bu gün də əcnəbilərə Azərbaycan
dili dərsləri tədris olunur. Ancaq qloballaşma dövrünün tələblərini
nəzərə alan müəlliflər
Azərbaycan dilinin əcnəbilərə tədrisini
təkmilləşdirmək məqsədilə müasir
standartlara cavab verən yeni bir dərslik yaratmağa müvəffəq
olublar.
Dərslik yeni kommunikativ metodla hazırlanıb. Qeyd edək
ki, kommunikativ tədris dünyanın ən müasir təhsil müəssisələrində
tətbiq olunur. Hər hansı bir dilin tədrisində kommunikativ üsuldan istifadə etmək mədəniyyətlərarası ünsiyyəti də nəzərdə tutur.
Azərbaycan dilinin bu üsulla tədrisi təkcə dilin öyrənilməsinə deyil,
həm də Azərbaycan mədəniyyəti
ilə tanışlığa
da imkan yaradır ki, bu da dilin
mənimsənilməsini hiss ediləcək dərəcədə
asanlaşdırır. Kommunikativ metodun üstün cəhəti odur ki, müəllim dilin qavranılmasına müsbət təsir göstərir. Yaradıcı yanaşma dil öyrənəni maraqlandırır
və onun təsəvvürlərini fəallaşdırır.
Dərslikdə verilmiş dialoqlar,
mətnlər, danışıq
modelləri, tapşırıqlar
hər moduldakı mövzunun mənimsənilməsinə
yardım edir.
Bu mənada dərsliyin
maraqlı cəhətlərindən
biri də məhz budur ki, bütün bunlar geniş qrammatik izahat olmadan təqdim edilir. Diqqəti cəlb edən
məqamlardan biri də modulların və mövzuların başlıqlarıdır. Müəlliflər əcnəbilərin lüğət
ehtiyatının zənginləşdirilməsi,
şifahi nitqinin inkişafı üçün
maraqlı priyomlardan istifadə ediblər.
Dərsliyin digər bir orijinallığı isə
qrammatikanın ayrıca
- kitabın sonunda verilməsidir. Hər bir dərsin
qrammatik materialına baxmaq üçün sonda səhifəsi göstərilməklə qeydlər
verilib. Eyni zamanda sonda hər modula uyğun sözlük də öz əksini tapıb.
Dərsliyin başqa bir yeniliyi isə ayrıca tərtib olunmuş "İş dəftəri"dir ki, burada dilimizin rahat şəkildə mənimsənilməsi üçün
praktik tapşırıqlar
verilib. "İş dəftəri"ndə
məzmun etibarilə Azərbaycanın məişət
həyatından tutmuş
ali mühitinə
qədər əks olunan tapşırıqlar
verilib ki, bu da dil
öyrənənin hazırlıq
səviyyəsini bir qədər də artıracaq, məntiqli və rabitəli nitq vərdişlərinə
yiyələnməsinə yardımçı
olacaq.
Həmçinin ilk dəfə olaraq dərsliyin üzərində
əyani vəsait kimi təqdim edilən CD diskdəki
video və audio materiallar
Azərbaycan dilini öyrənən əcnəbilərin
dinləmə və anlama bacarıqlarını
formalaşdıracaq.
Bütövlükdə kitab dil səviyyələrinin
hamısını əhatə
etməklə yanaşı,
oxucuda Azərbaycanın
təbiəti, ictimai həyatı, adət-ənənələri,
görkəmli şəxsiyyətləri
və s. haqqında geniş təsəvvür
yaradır, Azərbaycanı
bütün dünyaya
tanıtmağa çalışır.
Dərsliyin dizaynı xüsusilə təqdirəlayiqdir. Mübaliğəsiz demək olar ki, əcnəbilərə Azərbaycan dilini öyrədən kitablar içərisində ilk dəfə bu dizaynda dərslik hazırlanıb. Kitab, həqiqətən, məzmununa, quruluşuna, tərtibinə görə cəlbedicidir, rəngarəngdir: müəlliflər dünya dilçiliyi və metodikası təcrübəsindən məharətlə bəhrələnə biliblər.
Nəfis tərtibatda və əhatəli şəkildə hazırlanmış belə bir dərsliyə təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də ehtiyac duyulur. Azərbaycan dilinin xarici dil kimi tədrisinə xidmət edən "Azərbaycan dili" dərsliyinin günümüzün tələblərinə cavab verən, metodik tələblərə uyğun bir dərslik kimi onun təkcə ölkəmizdə deyil, respublikamızın hüdudlarından kənarda da yayılması vacibdir.
Beləliklə, doğma Azərbaycanımızı yaxından tanımaq istəyənlər bu dərslik vasitəsilə təkcə dilimizi öyrənməyəcək, həm də Azərbaycan xalqının mədəniyyəti, ədəbiyyatı və tarixi ilə müəyyən dərəcədə tanış olmaq imkanını əldə edəcəklər. Müasir təhsil və təlim standartları əsasında hazırlanmış bu yeni dərslik Azərbaycan dilinin texnoloji vasitələrin köməyi ilə tədrisində mühüm mənbə rolunu oynayacaq.
Pərvin EYVAZOV
BDU-nun Türkoloji
Araşdırmalar Mərkəzinin əməkdaşı
525-ci qəzet.- 2016.- 22 noyabr.- S.7.