Dövlətçilik tariximizdə parlaq
imzalar - Ziyadxanov qardaşları
Şəxsiyyətlər cəmiyyətin aparıcı
qüvvəsi, millətin simasında əsas cizgilər
sayılır.
Öz əməlləri
ilə vətənlərinin tarixinə imza ata bilənlər,
xalqına son nəfəsinə qədər sədaqətlə
xidmət edənlər tarixin səhnəsində yaşamaqdadırlar
və bu yaşamaq haqqını heç kim
onların əlindən ala bilməz.
Azərbaycanda
qədim tarixi köklərə, şərəfli şəcərəyə
mənsub şəxsiyyətlər az deyil.
Belə şəxsiyyətlərdən olan
İsmayıl xan və Adil xan Ziyadxanov qardaşları
Demokratik Cümhuriyyət zamanında tanınmış
dövlət və hökumət xadimlərindən olublar.
Tarix elmləri namizədi, BDU-nun dosenti Boran
Əziz ilə bu mövzuda ətraflı söhbətləşdik.
Alimin sözlərinə görə ,
İsmayıl xan və Adil xan Ziyadxanov qardaşları məşhur
Qacarlar sülaləsinin Ziyadoğlular qolunun siyasi mühitdə
görünən sonuncu nümayəndələridir. Ziyadxanovlar Vətənə sədaqətlə xidmət
göstərən ailələrdən olub. B.Əziz qeyd edir ki, bu sülalə təkcə Gəncəbasar
bölgəsinin deyil, bütün Azərbaycanın siyasi həyatında
mühüm rol oynayıb.
(Əvvəli
ötən sayımızda)
1905-1907-ci illərdə ermənilərə qarşı
mübarizə aparılmasında və müsəlmanların
fiziki cəhətdən salamat qalmasında Ziyadxanov
qardaşlarının böyük əməyi olub. Onlar həmin
dövrdə Əhməd bəy Ağa oğlu tərəfindən
yaradılan "Difai" partiyasının işində də
yaxından iştirak ediblər.
Gəncə
yaxınlığındakı Hacıkənddə
keçirilən iclasda Əlimərdan bəy
Topçubaşov Qafqaz müsəlmanları ilə Azərbaycan
türklərinin siyasi, sosial, iqtisadi ehtiyaclarını
anlatdıqdan sonra, yerli və müstəqil bələdiyyə,
vilayət məclisi, kənd idarə heyətlərinin
yaradılması zərurətini izah etdi. İclasda
qərara alındı ki, Gəncə qəzasında və
vilayət mərkəzində yaradılması nəzərdə
tutulan müstəqil yerli idarələr haqqında xalqa məlumat
üçün yığıncaqlar keçirilsin. Yığıncaqların təşkil olunması
Adil xan Ziyadxanov, Ələkbər bəy Rəfibəyov,
Ələkbər bəy Xasməmmədov və Cahangir Xoyskiyə
həvalə olundu. Bundan başqa
Ə.Topçubaşov, A.Ziyadxanov Ə.Xasməmmədovdan
ibarət üç nəfərlik heyət seçildi.
Onlara Gəncə bələdiyyəsinə
aparılan seçkiləri təsdiq etdirmək, müsəlmanların
yerli idarələrə seçkisindəki hüquqi məhdudiyyətlər
haqqında qanun dəyişdirilincəyə qədər yeni
seçkilərin dayandırılması üçün rus
idarələrində çalışan vəzifəli şəxslər
qarşısında təşəbbüs
qaldırılması tapşırılır.
Leninin və
onun əlaltılarının Azərbaycanı işğal
etmək, Bakı neftini yenidən ələ keçirmək
haqqında planlar cızdığı bir vaxtda Adil xan
Ziyadxanov Azərbaycanın rus xalqına, müstəmləkəçilik
azarına tutulmayan rus xalqına münasibətini ümumiləşdirərək
yazırdı: "Təəssüf ki, biz Azərbaycan
türkləri üzərində alitəbiətlik və
insaniyyət sifətləri əskik olmayan və Lev Tolstoylar və
sairələr yetirmiş həqiqi rus millətini içərimizdə
görməmişik və o millət ki, Azərbaycan müstəqil
dövləti yenə vaxtında beynəlxalq qayda üzrə
onunla ticarət, iqtisad və sair cəhətdən dostanə əlaqə
bərpa edəcəkdir".
Adil xan
Ziyadxanlı 1918-ci ildə dövlət idarələrində
və məktəblərimizdə ana dilimizin işlədilməsinə
etiraz əlaməti olaraq yazırdı: "Məhəlli məhkəmə
idarələrimizdə öz ana dilimiz işlədilmirdi.
Oradakı hakimlər dilimizi bilmirdi və bilmək də istəmirdilər
və öz hüquqşünaslarımızdan da məhkəmələrimizdə
hakim təyin etmirdilər... Türk dilimiz
bütün məktəblərdən qovulmuşdu. Rəsmiyyəti gözləmək xəyalilə
türk balalarına ancaq həftədə bir dəfə dərs
oxumaq ixtiyarı verilirdi ki, bu dərs də ancaq şagirdlərin
yorğun və həvəsdən düşdüyü zamanda
təyin olunmuşdu. İnsana qarşı
bundan artıq da xəyanət və zülm olarmı ki, millətin
ana dilində oxumağına mane olsunlar. Bir millətin
birinci və ali neməti və fəxri
onun dilidir. Onun dilini əlindən almaq onu
öldürmək deməkdir".
Adil xan
Ziyadxanov 1917-ci il fevral burjua inqilabından
sonra Gəncədə yaradılmış Milli Müsəlman
Şurasının müvəqqəti komitəsinin üzvlərindən
biri idi.
O, Nəsib
Yusifbəyli ilə birlikdə Türk Ədəmi Mərkəziyyət
partiyasının yaradılması və onun proqramının
elan olunmasında da yaxından iştirak edib. Boran müəllim onu
da qeyd etdi ki, Türk Ədəmi Mərkəziyyət
parrtiyası yeganə siyasi təşkilat idi ki, dərhal Azərbaycanın Rusiyadan ayrılması təklifini
irəli sürmüşdü. Düzdür, sonralar
onlar müəyyən səbəblərdən müvəqqəti Rusiyanın federativ demokratik
olmasını dəstəkləsələr də 1918-ci il mart
qırğınından sonra yenidən Azərbaycanın
Rusiyadan ayrılması ideyasına qayıtmışdılar.
A.Ziyadxanov
ermənilərin 1918-ci ildə Bakıda törətdikləri
mart hadisələri ilə bağlı yazır:
"Bakıda 10 min Azərbaycan paytaxtının əlsiz-ayaqsız
əhalisinin qanı axıdıldı. Təəssüf
ki, bu qanlı faciədə başıpozuq rus soldatları da
nədənsə birdən-birə dönüb, bolşevik
oldu. Bəs o zamanda demokratiyanın
böyük əsaslarını özlərinə
şüar və iqtibas edən cənabları nərədə
idi ki, paytaxtımızın küçələri fəhlə
meyitləri ilə dolmuşdu. Aşkardır ki, erməni
qoşunu bolşevik adı və bayrağından istifadə
edib, milli ədavət üzərindən müsəlmanlara atəş
açmışdı... Mart hadisəsinin bir illiyi münasibətilə
martın 18(31)-də bütün millət matəm saxlayaraq
şəhid olan ata, ana, bacı, qardaşlarının və
diri-diri mıxlanmış körpə uşaqların ruhuna
fatihə oxudular" .
Beynəlxalq şəraitdəki mürəkkəblik və
ziddiyyətlik AXC hökumətindən çox çevik
xarici siyasət həyata keçirməyi tələb edirdi. Onun xarici siyasətinin
başlıca istiqamətlərini Azərbaycanın müstəqilliyini
qorumaq və inkişaf etdirmək təşkil edirdi. Bu məqsədlə o, dövlət strukturunda Xarici
İşlər Nazirliyinin təşkilinə və onun
işinin təkmilləşməsinə xüsusi diqqət
verirdi.
A.Ziyadxanov bir müddət AXC-nin xarici işlər
nazirinin əvəzi olaraq çalışmışdı. 14 aprel 1919-cu
ildə Nəsib bəy Yusifbəyli AXC-nin dördüncü
hökuməti kabinəsində Məhəmməd Yusif Cəfərov
xarici işlər naziri, A. Ziyadxanov isə onun müavini vəzifəsinə
təyin edilmişdi. O, bu vəzifədə 1919-cu ilin
avqust ayına kimi çalışmışdı.
1919-cu il iyulun 16-da AXC-nin Nazirlər Şurası
İran hökuməti yanında diplomatik nümayəndəliyinin
təsis olunması haqqında qərar qəbul etdi. 4 oktyabr tarixli qərarı ilə hökumət
nümayəndəliyin ştatını təsdiq etdi. Tehranda nümayəndəliyin
başçısı Adil xan Ziyadxanov təsdiq edildi. Çar Rusiyasının keçmiş səfiri,
sonra isə general Etter Azərbaycan nümayəndəsinin
İrana gəlməsinə hər vasitə maneə oldu.
Lakin rus səfirinin hər sözünün
İran hökuməti üçün qanun olduğu dövr
artıq keçmişdi, onun sözünə artıq
heç kəs məhəl qoymurdu. Azərbaycan
nümayəndəsi Tehran hökuməti və İran
şahı tərəfindən iltifatla qəbul edildi. İran şahı Tehran, Təbriz və başqa
şəhərlərdə AXC-nin daimi rəsmi nümayəndəliklərinin
yaradılması fikrinə razılığını
bildirdi. Yerli azərbaycanlılar diplomatik heyətin gəlişi
münasibətilə ziyafət verdilər .
Azərbaycanla İran arasında qarşılıqlı
anlaşma yaranmağa başladı. Bu işdə Avropaya çıxan
İran şahının 1919-cu il avqust
ayının 16-da yolüstü Bakıda dayanması müsbət
rol oynadı. Şah "mehriban qonaqpərvərlik
üçün Azərbaycan hökumətinə minnətdarlıq"
bildirdi. Bakıdan qatarla gedən İran
şahını Adil xan Ziyadxanov Batuma qədər
müşayiət etdi. Yolda Ziyadxanovun İranın yeni
xarici işlər naziri Firuz Mirzə Nüsrətüddövlə
ilə də söhbətləri oldu .
(Firuz Mirzə həm də Paris sülh konfransında
İran nümayəndə heyətinin başçısı
təyin olunmuşdu). İran şahının Bakıda
gördükləri, eşitdikləri, Ziyadxanovun İran naziri
ilə söhbətləri İran rəhbərliyində Azərbaycan
haqqında obyektiv fikir yaratmağa təsir göstərmişdi.
A.Ziyadxanov
1919-cu il sentyabrın 23-də AXC-nin səlahiyyətli
səfiri kimi İrana göndərildi və Azərbaycanın
siyasətinə uyğun olaraq Tehranda diplomatik fəaliyyətə
başladı.
A.Ziyadxanovun başçılığı ilə Azərbaycan
nümayəndələri İranda yaşayan türklərin
mədəni-maarif işinə yardım etməyə
başladılar. Səfir xarici işlər nazirinə yazırdı ki,
"Nümayəndəliyin maddi imkanı olmadığından
o, ehtiyacı olan dul qadınlara və yetimlərə kömək
etmək, türk dilində məktəb açmaq, türkcə
qəzet nəşr etmək və s. işləri görə
bilmir". Bununla belə o yazırdı ki,
xeyriyyə cəmiyyəti və Azərbaycan türkcəsini
öyrədən cəmiyyətin yaradılması işinə
başlamışdır. Bundan başqa, nümayəndəlik
yerli soydaşlar arasında pulsuz olaraq ana dilində A.Ziyadxanov
"Azərbaycan: tarixi, ədəbiyyatı və siyasəti
" adlı kitabını yayırdı.
Azərbaycanla
İran arasında diplomatik danışıqlar teleqraf, ticarər-gömrük,
poçt sazişlərinin, hüquq, konsul
konvensiyalarının və s. məsələlər ilə
bağlı 8 müqavilə imzalanması da məhz Adil xan
Ziyadxanov səfirlik etdiyi dövrə, 1920-ci il martın 20-nə
təsadüf edir.
İrandakı
Azərbaycan səfirliyi 28 aprel 1920-ci il
tarixinədək fəaliyyət göstərmişdi. Azərbaycanı sovetlə işğal edəndən
sonra A.Ziyadxanov vəzifəsindən kənarda qaldı,
İran Qacar dövlətindən siyasi sığınacaq
alaraq orada vəkillik peşəsi ilə məşğul
olmağa başladı. Çünki Azərbaycana
qayıdacağı təqdirdə bolşeviklər onu da
qardaşı İsmayıl xan kimi güllələyəcəkdilər
.
AXC Sovet işğalına məruz qaldıqdan sonra Adil
xanın İranda qalması çox təbii görünməlidir. Çünki
o zaman bir çox ölkələrdəki Azərbaycan səfirliyi,
konsulları, müxtəlif siyasi nümayəndələri
doğru addım atıb, akkreditə olunduqları ölkələrdən
sığınacaq alaraq, bolşeviklərin bütün
azadlıq mübarizlərinə tutduğu Azərbaycan Sovet
Sosialist Respublikasına qayıtmadılar. Bununla əlaqədar
"Qələmin uçuşu" əsərində
A.Ziyadxanov yazmışdır: "22 iyun 1921-ci ildə Şahənşahlıq
yanında rəsmiyyətimi itirdim. Çünki ali dövlət bütün Sovet
respublikaları tərəfindən İran Şahənşahlıq
hökuməti yanında təyin olunmuş təkcə bir nəfər
nümayəndəni rəsmi surətdə qəbul
etmişdi".
Həmin əsərdə
özü haqqında yazdığı qeydlərdən məlum
olur ki, vətənə qayıtmaq mümkün
olmadığına görə İranda qalan Adil xan 1302-ci
şəms ilində Tehranda bələdiyyə idarəsində,
21 Azər 1307-ci ildə İctimai Təminat Nazirliyinin kənd
təsərrüfatı şöbəsində işləmiş,
7 aban 1308-ci ildə ana yurdu Təbrizə - Azərbaycan dəmir
yolu və gəmiçilik işlərində işə
göndərilmiş, təqribən bir il
sonra Təbrizdən Tehrana qayıtmışdır.
Qeyd edək ki, Adil xanın anası Azər Humayun Təbrizdə doğulmuşdu, şahzadə Abbas Mirzə naibü-əs-səltənənin nəvəsi və şahzadə Bəhmən Mirzənin qızı idi.
II Dünya müharibəsində Sovet qoşunları İrana daxil olarkən Sovet təhlükəsindən yaxa qurtarmaq üçün Adil xan Türkiyəyə mühacirət etmək məcburiyyətində qalır. Adil xan Türkiyədə də öz geniş ictimai-siyasi fəaliyyətini davam etdirib. O, qısa bir müddətdə Azərbaycan haqqında dəyərli bir əsər yazmışdı. Xatirələr səpkisində yazılmış bu kitab professor Vilayət Quliyevin öz sözü ilə 1993-cü ildə "Şuşa" nəşriyyatı tərəfindən "Azərbaycan" adı ilə çap edilib. V.Quliyev Adil xan Ziyadxanovun şəxsiyyəti və fəaliyyətinə həsr etdiyi məqaləsində göstərir ki, A.Ziyadxanov 1934-cü ildə Tehrandan İstanbula köçmüş, həyatının qalan hissəsini Türkiyədə yaşamış, Şəfi bəy Rüstəmbəyli, Xəlil bəy Xasməmmədli, Naqi Şeyxzamanlı, Hüseyn bəy Mirzə Camallı və başqaları keçmiş mübarizə yoldaşları ilə birlikdə mühacirətdə Azərbaycan davasına öz töhfəsini verməyə çalışmışdı . Zəngin biliyi və geniş həyat təcrübəsini türk gəncliyi ilə bölüşmək üçün İstanbul Universitetində dərs demişdi. Uzun və mənalı ömür yaşayan A.Ziyadxanov 1954-cü ildə İstanbulda vəfat edib və orada torpağa tapşırılıb.
Ramil HİKMƏT
525-ci qəzet.-
2016.- 22 noyabr.- S.6.