Qarabağ

 

Burda qüdrətlidir hər daş, hər qaya,

Dağların təkindən qıy qopub gəlir.

Qıy-qıya bağlıdır, burda hay-haya,

Duyğular Heyratı üstə dincəlir...

 

Uzaqda dolanan min bölük bulud,

Bir qalın dumanın toruna düşür.

Dərin dərələrə qısılan zülmət,

Çaxan şimşəklərin qoruna düşür...

 

Şıdırğı bir yağış döyür dağları,

Selovlar kükrəyib limhəlim olur.

Şimşək qılıncını çəkəndə göylər,

Buludlar sıxılıb bir əlçim olur.

 

Bu yerdə Vaqifin, Xurşudbanunun,

Cabbarın, Seyidin ruhu dolanır.

Qəlblərdə Babəkin, qoç Koroğlunun,

Ocağı qalanır, odu qalanır...

 

Vaxtıdır

 

Zümrüd geyib yaşıl orman, göy meşə,

Təbiətin bal ələnən vaxtıdır.

Çəmən dönüb yaşıl dona, köynəyə,

Lalələrlə düymələnən vaxtıdı.

 

Dan sökülür, xəbəri yox gecədən,

Şeh tökülür, hər ləçəyə neçə dən...

Selin, suyun dərələri çeçədən,

Qayaların silkələnən vaxtıdı.

 

Qarın, buzun əldən düşüb üzülən,

Sonaların qanad çalıb düzülən,

Fərələrin baxışları süzülən,

Çəpişlərin təkələnən vaxtıdı.

 

Bənd olmuşam bu yerlərin yelinə,

Oba-oba oymaq-oymaq elinə.

Gözəllərin yanağına, telinə,

Sığal verib, cilvələnən vaxtıdı.

 

Sallanıbdı tər əvəlik, qırxbuğum,

Əlçimləyim, qucağıma qoy yığım,

Hər gecədə, hər ağacın bir buğum,

İriləşən, yekələnən vaxtıdı...

 

Kəklik

 

Qayanın dibindən düşdü güzarım,

Eşitdim səsini qoşa kəkliyin.

Çırpınıb içindən gülün, gülzarın,

Gördüm çıxdığını qaşa kəkliyin.

 

Dörd yanı qantəpər, lalə, bənövşə,

Dərədə dağ çayı, yamacda meşə,

Gördüm daş üstündə durub döş-döşə,

Necə gəldiyini cuşa kəkliyin.

 

Çınqılın içində jaləsi dən-dən,

Kəkotu məst olub günəş selindən.

Heyif ki,açılan qəfil güllədən

Çatmadı nəğməsi başa kəkliyin.

 

Neylədi, neylədi, ovçu, ay Allah,

Bir anda eylədi boyda günah!

Qoymaram bir daha, qoymaram, vallah,

Çiləsin qanını daşa kəkliyin.

 

Əsir yurdlar

 

Orda çiçəklərdən qan iyi gəlir,

Daşların xınası demə qan imiş.

Orda hər qarışdan  fəryad yüksəlir,

Torpağın mayası al qandan imiş...

 

Qızıl qan gölüdü qərənfil seli,

Lalənin bağrında qan ləkəsi var.

Əzablar buludtək alıb göyləri,

Yerin qorxusu var, səksəkəsi var...

     

Qurbanın olum

 

Bir barmaq kağıza vaxt qıyarsan,

Ay yazan əlinin qurbanı olum?

Möhnətdən, hicrandan haçan doyarsan,

Cavab ver, dilinin qurbanı olum?

 

Gecələr yuxuma qəm bələmisən,

Tutiydim, dilimi lal eləmisən.

Qara saçlarıma qar ələmisən,

Xurmayı telinin qurbanı olum.

 

Özün aralısan, vüsalın yaxın,

Sənə gileyim var, səndən bir yığın,

Mənimçin xəlvəti hey axıtdığın

Gözünün selinin qurbanı olum.

 

İncimə, bir sözü yüz eyləyiblər,

Hər nəyi ediblər,düz eyləyiblər.

Zahidin sözünü söz eyləyiblər,

Ay "sözbaz" elinin qurbanı olum.

 

Yadına salarsan

 

Ceyranlar mələşib gölə enəndə,

Buludlar güləşib selə dönəndə,

Bir ocaq hardasa qəfil sönəndə

Yadına salarsan, salarsan məni.

 

Harda göy gurlasa, ildırım çaxsa,

Harda şimşək vurub palıdı yıxsa,

Qarşına kimsəsiz bir bulaq çıxsa,

Yadına salarsan, salarsan məni.

 

Laçın fəryad etsə qanadı bağlı,

Söyüd saçın töksə sinəsi dağlı,

Harda şair görsən dərdləri tağlı,

Yadına salarsan, salarsan məni.

 

Harda çəmən görsən solmuş, saralmış,

Harda çiçək görsən rəngi qaralmış...

Harda məzar görsən üstün  qar almış,

Yadına salarsan, salarsan məni.

 

Yaranıb

 

Deyirəm, həyatda təzadlara bax,

Xal var ki, yamacda, qaşda yaranıb.

Xına yaraşıqdı qız barmağına,

O da qayalarda, daşda yaranıb.

 

Bənövşə qısılıb kol kölgəsinə,

Çayır uzanıbdı gül kölgəsinə.

İnsan var qayıtmır künəlgəsinə,

Vətən məhəbbəti quşda yaranıb.

 

Balıq var yaşayır şor suda, lildə,

Qurbağa şellənir dumduru göldə.

Böyük güc olsa da dəvədə, fildə,

Döyüşmək həvəsi qoçda yaranıb.

 

Sevinc olan yerdə kədər var, bil,

Ömür gödəkləşir uzandıqca il.

Ürəkdə təsəlli sözlərdə deyil,

Gözdə gilənən yaşda yaranıb.

 

Zahid AVŞAR ELOĞLU

 

525-ci qəzet.-2016.-23 noyabr.-S.7.