Birinci Türkoloji Qurultay: türk
xalqlarının elmi-mədəni birliyi naminə tarixi
addım
"TÜRKOLOJİ
ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ
DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR"
Noyabrın
14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət
heyətində Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr
olunan "Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər
və yeni çağırışlar" mövzusunda beynəlxalq
konfrans açıldı.
Konfrans Azərbaycan
Milli Elmlər Akademiyasının, Təhsil, Mədəniyyət
və Turizm nazirliklərinin birgə təşkilatçılığı
ilə keçirilirdi.
Tədbiri
giriş sözü ilə açan AMEA-nın prezidenti,
akademik Akif Əlizadə Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətindən
danışaraq qeyd etdi ki, 1926-cı ildə Azərbaycanın
paytaxtı Bakı şəhərində keçirilmiş
Birinci Türkoloji Qurultay türk xalqlarının, o cümlədən,
Azərbaycan xalqının mədəni inteqrasiyasında yeni
bir mərhələnin təməlini qoyan ən əlamətdar
hadisələrdən biridir. Bu möhtəşəm
toplantıda keçmiş Sovet İttifaqının müxtəlif
bölgələrində, ucsuz-bucaqsız və geniş bir
coğrafi məkanda yaşayan çoxsaylı türk xalqlarının mədəni
həyatı üçün bir sıra qlobal məsələlər
müzakirə olunub, yaxın gələcəyə yönələn
mühüm qərarlar qəbul edilib və ən
başlıcası keçmiş Sovet İttifaqı məkanında
yaşayan bütün türk xalqları üçün
latın qrafikalı əlifbaya keçidin elmi-metodoloji prinsipləri
işlənib hazırlanıb. Birinci
Türkoloji Qurultayın ideaları sonrakı dövrlərdə
milli-mənəvi dəyərlərin və elmi-mədəni
inteqrasiyanın formalaşmasında, türkdilli ölkələr
arasında tarixi-mədəni əlaqələrin qorunub
saxlanmasında və inkişafında müstəsna rol oynayıb.
Prezident İlham Əliyevin imzaladığı "Birinci
Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi
haqqında" Sərəncamı xatırladan akademik bu sənədin
Birinci Türkoloji Qurultayın dərslərini ictimai və
elmi cəhətdən qiymətləndirməyə və nəticələr
çıxarmağa imkan verdiyini bildirdi.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anar çıxışında
Birinci Türkoloji Qurultayın türk dünyasının
tarixi elmi-mədəni əlaqələrinin qorunub
saxlanmasındakı önəmindən danışdı. O, humanitar xarakter
daşıyan Birinci Türkoloji Qurultayda latın
qrafikalı əlifbaya keçid kimi vacib məsələnin
müzakirə olunduğunu diqqətə çatdırdı.
Konfransda
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
akademik, Milli Məclisin elm və təhsil komitəsinin sədri
İsa Həbibbəyli "Birinci Türkoloji Qurultay: dərsləri
və çağırışları" mövzusunda məruzə
ilə çıxış etdi. Akademik bildirdi ki, 1926-cı
ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay
türk xalqlarının elmi-mədəni birliyinə, ortaq
milli-mənəvi dəyərlərinin inkişaf etdirilməsinə,
inteqrasiya proseslərinin dərinləşdirilməsinə
geniş üfüqlər açan ictimai hadisədir. Bu qurultayda XX əsrin əvvəllərində
türkoloji elmi-mədəni mühitin aktual məsələlərinə
toxunulub. Birinci Türkoloji Qurultayın
iclaslarında səslənən məruzələrdə
humanitar və ictimai elmlərin, türkologiyanın aktual
problemləri əhatə olunub və konkret təkliflər irəli
sürülüb. Qurultayda keçmiş
Sovet İttifaqının tərkibində yaşayan
türkdilli xalqların, Avropa türkologiyasının
nümayəndələrinin təmsil olunması, Türkiyə
və İran ziyalılarının iştirakının təmin
edilməsi əhatə olunan türkoloji mühitin
genişliyini, miqyasını aydın şəkildə təsəvvür
etməyə imkan verir. Birinci Türkoloji
Qurultayın Bakıda keçirilməsi Azərbaycanın
geniş mənada türkologiyanın əsas mərkəzlərindən
biri olduğunu göstərir.
Akademik
dedi ki, Azərbaycan ziyalılarının Birinci Türkoloji
Qurultayda fəal iştirakı ölkəmizdə yalnız
dilçilik deyil, ədəbiyyat, tarix, mədəniyyət,
folklor, etnoqrafiya və maarifçilik miqyasında da
böyük elmi və yaradıcı qüvvələrin
yetişib formalaşdığını nümayiş etdirir.
İsa Həbibbəyli Azərbaycan nümayəndələrinin
qaldırdıqları məsələlərin, irəli
sürdükləri ideyaların Birinci Türkoloji
Qurultayın ana xəttinin, əsas istiqamətlərinin müəyyən
edilməsində mühüm rol oynadığını
vurğuladı.
Akademik
türkoloji elmi axının hakim Sovet ideologiyasının
prinsiplərinə uyğun gəlmədiyi üçün
keçmiş Sovet İttifaqının ictimai-siyasi
mühitində böyük vahimə və şübhə ilə
qarşılandığını xatırladaraq dedi:
"Birinci Türkoloji Qurultayın demək olar ki, Sovet
İttifaqından olan bütün əsas
iştirakçıları ciddi təqiblərlə üzləşib,
həbs cəzasına məhkum edilib, sürgünə
göndərilib. Lakin nə qədər çətin
olsa da, Birinci Türkoloji Qurultayın ideyaları,
çağırışları daim öz əhəmiyyətini
qoruyub saxlayıb".
AMEA-nın
vitse-prezidenti məruzəsində Birinci Türkoloji Qurultayda
qaldırılan latın qrafikalı əlifbaya
keçid məsələsinə də toxundu. Qeyd etdi ki, latın qrafikalı əlifbaya keçid XX əsrin
əvvəllərində Azərbaycanda və Türkiyədə
tətbiq olunub, lakin sonradan Sovet İttifaqı daxilində bu
proses dayandırılıb. Azərbaycanın müstəqillik
illərində bu ideyanın yenidən dirçəldiyini deyən
akademik ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanı
ilə ölkəmizdə latın
qrafikalı əlifbaya tam keçidin təmin edildiyini bildirdi.
İsa Həbibbəyli
məruzəsinin sonunda Prezident İlham Əliyevin "Birinci
Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi
haqqında" 2016-cı il 18 fevral tarixli Sərəncamının
önəmindən danışaraq dedi: "Birinci Türkoloji
Qurultayın 90 illiyinin yüksək səviyyədə qeyd
olunması və müasir vəzifələrin müəyyən
edilməsi Azərbaycanda və türk dünyasında
humanitar elmlərin, o cümlədən, türkoloji elmlər
sisteminin bütün yönləri ilə inkişafına təkan
verir. Bu isə öz növbəsində həm
də dünya elminin daha da zənginləşdirilməsi, beynəlxalq
miqyasda inteqrasiya proseslərinin yeni hədəflərə
doğru inkişaf etdirilməsi istiqamətində atılan
yeni addımların meydana çıxması, qarşıda
böyük üfüqlərin açılması deməkdir".
Nəsimi
adına Dilçilik İnstitutunun direktoru AMEA-nın
müxbir üzvü Möhsün Nağısoylu çıxışında
bildirdi ki, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət
Heyətinin, Nəsimi adına Dilçilik İnstitutunun və
Akademiyanın digər institutlarının təşkilatçılığı
ilə keçirilən bugünkü möhtəşəm
Beynəlxalq Konfrans həmin tədbirlərin yekunu olaraq olduqca
əhəmiyyətli bir elmi-mədəni hadisədir. Birinci
Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunmuş
"Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər
və yeni çağırışlar" mövzusunda Beynəlxalq
Bakı Konfransında 250-dən artıq məruzəçinin,
o cümlədən, türk dünyasının müxtəlif
ölkə və diyarlarından gəlmiş 60 nəfər
türkoloq alimin iştirakı bu toplantının yüksək
səviyyəsini açıq-aşkar bir şəkildə
sübut edir.
Tədbirdə Türk Dil Qurumunun rəhbəri Mustafa
Kaçalin, Beynəlxalq Türk Akademiyasının prezidenti
Darxan Kıdırəli və digərləri məruzələrlə
çıxış etdilər.
Məruzələrdə qurultayın tarixindən və əhəmiyyətindən
danışıldı. Vurğulandı ki, Türkoloji Qurultay
türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələnin
təməlini qoymuş diqqətəlayiq hadisələrdəndir.
Səkkiz gün davam edən bu mötəbər tədbirdə
müxtəlif ölkələrdən 131 nümayəndə
iştirak edib, 17 iclas keçirilib, yeddi əsas problem
müzakirə olunub və ümumilikdə 38 məruzə dinlənilib.
Qurultayda müzakirəyə
çıxarılan ortaq türk xalqlarının dili, tarixi və
ədəbiyyatı məsələləri bu gün də
öz aktuallığını qoruyub saxlayır.
Beynəlxalq tədbirdə Birinci Türkoloji
Qurultayın 90 illik yubileyi münasibətilə Türkiyə,
Qazaxıstan, Macarıstan və Tatarıstanda da elmi
konfransların keçirildiyi diqqətə
çatdırıldı.
Konfrans
Nizami adına Ədəbiyyat İnstitutunda və Mərkəzi
Elmi Kitabxanada "Ortaq türk tarixi" və "Ortaq
türk ədəbiyyatı" dərsliklərinin, o cümlədən,
"Ortaq türk qrammatikası və
terminologiyası"nın hazırlanması və digər məsələlərin
müzakirəsi ilə davam etdirildi.
AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli türk
xalqlarının ortaq dərsliklərinin
hazırlanmasının mühüm məsələlərdən
biri olduğunu qeyd edərək mövzu ilə bağlı
fikirlərini səsləndirdi, təkliflərini irəli
sürdü.
Qazaxıstanın Beynəlxalq Türk
Akademiyasının prezidenti Darxan Kıdırəli bildirdi ki,
Akademiyanın "Türk xalqlarının ortaq dərslikləri"
layihəsi Prezident Nursultan Nazarbayevin dəstəyi ilə
reallaşıb.
Daha sonra Türkdilli Ölkələrin Əməkdaşlıq
Şurasına daxil olan Elmlər akademiyalarının və
Beynəlxalq Türk Akademiyasının Kitabxanaları
Assosiasiyasının yaradılması ilə bağlı layihə
müzakirə edildi. Layihə haqqında AMEA-nın Mərkəzi Elmi
Kitabxanasının direktoru Leyla İmanova məlumat verdi.
Beynəlxalq
Türk Akademiyasının prezidenti Darxan Kıdırəli
Nizami adına Ədəbiyyat
İnstitutunun, professor Əhməd Bican Ercilasun Nəsimi
adına Dilçilik İnstitutunun fəxri doktoru adına
layiq görüldülər.
Ortaq türk dəyərlərinin təbliğində xidmətlərinə görə Əhməd Bican Ərcilasun, Osman Fikri Sərtqaya, Fikrət Türkmən Beynəlxalq Türk Akademiyasının medalı ilə təltif olundular.
Bölmə iclaslarında "Birinci Türkoloji Qurultay: çağırışları və onların günümüzdəki aktuallığı", "Əli bəy Hüseynzadənin Birinci Türkoloji Qurultaydakı məruzəsi və müasir Qərbdə ikili standartlar", "Naxçıvanda Birinci Türkoloji Qurultaya hazırlıq", "Birinci Türkoloji Qurultayın qarşıya qoyduğu vəzifələr və AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda türkologiyanın inkişafı", "Birinci Türkoloji Qurultayın Qazaxıstan təmsilçiləri", "Birinci Türkoloji Qurultayda qoyulan məsələlərə akademik Tofiq Hacıyevin münasibəti", "Birinci Türkoloji Qurultayda ədəbiyyat məsələləri", "Türk xalqlarının müqayisəli lüğətinin hazırlanması - Azərbaycan-Türkiyə türkcəsi örnəyində", "Birinci Türkoloji Qurultaydakı dil məsələlərinin C.Məmmədquluzadə yaradıcılığında əksi", "Birinci Türkoloji Qurultay və Azərbaycanda latın qrafikalı əlifbaya keçid təcrübəsi", "Birinci Türkoloji Qurultay və müqayisəli-türkoloji dilçilik məsələləri", "Məhəmməd ağa Şahtaxtlının əlifba layihələri", "Türk dillərində ortaq terminologiya və ortaq ünsiyyət problemi" və digər mövzularda məruzələr dinlənildi.
Konfrans işini noyabrın 15-də yekunlaşdırdı.
Təranə
ŞÜKÜRLÜ
AMEA Dilçilik
İnstitutunun İctimaiyyətlə əlaqələr
şöbəsinin müdiri
525-ci qəzet.-2016.-23 noyabr.-S.6.