Gölbaşında Göygöl havası

 

Türk şeirinin ustadlarından olan Əli Ağbaşı neçə illərdir tanısam da, bir masa arxasında əyləşib şirin söhbətlərini dinləmək qismət olmamışdı.

 

Böyük Səməd Vurğunun Ankarada - Türksoyda yubileyinin keçirildiyi günlərin birində Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlu məşhur Gölbaşında yaxşı bir məclis qurdu. Azərbaycandan Nüşabə Babayeva- Vəkilovanın, Mehriban Zəkinin, Rəşad Məcidin mənim iştirak etdiyimiz məclisdə Yaqub Öməroğlu ilə yanaşı onun müavini Əli Ağbaş da vardı. Çox keçmədi ki, dostumuz Şamil Ayrım da gəlib çıxdı.

 

Yaşı yetmiş beşi haqlamaqda olan ustadın İstanbul Universitetinin Ədəbiyyat fakültəsini bitirdiyini biləndə soruşdum ki, professor Əhməd Cəfəroğlunu tanıyırdımı?.. Gülümsünərək "xocam olub" dedi. əlavə elədi: "Onun ucbatından Universiteti bir il gec bitirdim, heç nədən tərsliyi tutmuşdu... Mən xahiş- minnət eləmədim, gedib, diplom müdafiəsinə sonrakı il gəldim".

 

Ancaq hiss olunmurdu ki, ustadın öz görkəmli xocasından incikliyi hələ davam edir... Soruşdum: "Deyirlər, Əhməd Cəfəroğlu çox tündməcaz, ancaq koloritli adam olub, elə idimi? Türk dilləri tarixinin əvəzsiz araşdırıcısı olsa da, adətən, Gəncə ləhcəsində danışırmış"... "Elə idi" dedi, "imkan vermirdi ki, çalışdığı fakültənin həndəvərində yad kimsələr dolaşsın. Hətta belə birisini görür, fakültədəki xanımları qısqandığından bilmir eləsin... Birdən əynindəki plaşı çıxarıb atır onun başına. başlayır qışqırmağa ki, bu adamı tutun, mənim plaşımı oğurlayıb qaçır..."

 

Əli Ağbaş danışdı ki, Əhməd Cəfəroğlu professor Mühərrəm Erginə həmişə Gəncə ləhcəsilə "Məərrəm" deyərdi.

 

Türk dünyasının müxtəlif yerlərində n taleyin İstanbula atdığı görkəmli xocalarını yad etdikdən sonra ustad Türksoyun keçirdiyi Səməd Vurğun toplantısında şairin şeirlərini özünəməxsus yüksək sənətkarlıqla ifa etmiş Mehriban Zəkiyə üz tutub ehtiyatla bəzi iradlarını bildirdi. Narazılığının mahiyyəti ondan ibarət idi ki, şeirdə intonasiya əsasdır... Mehriban xanım bu sahədəki dərin biliyinə dayanaraq kifayət qədər sərt şəkildə etiraz elədi. "Əsas şeirin məzmunu, ideyasıdır" dedi, "mən dinləyiciyə onu çatdırmalıyam..." Ustad da geri çəkilmədi. yemək qabağı heç arzu olunmayan mübahisəni sakitləşdirmək, gərginliyi aradan qaldırmaq üçün Rəşad Məcid bütün mövcud imkanlardan istifadə etməyə çalışsa da, bir şey alınmadı. Rəşadın "Mehriban xanım, siz niyə hirslənirsiniz?" sualına Mehriban Zəki "heç hirslənmirəm, həqiqəti deyirəm" cavabını verəndə ustad mövzunu dəyişməli, əslində, mətləbə keçməli oldu. Azərbaycana ilk dəfə gəlməyindən, azərbaycanlı şair dostlarının onu Göygölə apardıqlarından danışdı. çantasından şeirlər kitabını çıxarıb Əhməd Cavadın xatirəsinə həsr etdiyi "Göygöl" şeirini oxumağa başladı.

 

Mehriban xanım diqqətlə qulaq asırdı. Mənə elə gəlirdi ki, bu dəqiqə şairin hansısa ifadəsinə irad tutub mübahisəni təzələyəcək. Altdan-altdan gülümsəməyindən bilirdim ki, Rəşad da narahatdır... Ancaq "təhlükə" sovuşmuşdu...

 

Gölbaşında Göygöl havası baş qaldırmışdı...

 

Bir səhər vaxtında vardım Göygölə,

Burda qızlar gül taxırlar kəkilə.

Alov- alov bir gül atdım, su yandı,

Sonam dərin yuxusundan oyandı.

Yavaş- yavaş araladı pərdəyi,

Könlüm gölə düşmüş yaban ördəyi.

Geyib qurşanmağa ərinmiş Göygöl,

İpəkdən tüllərə bürünmüş Göygöl.

 

Ustad hərdən ara verib Göygöl ziyarətini yada salır, şeirdəki hər bir təsvirin məhz naturadan alındığını deyirdi. Bu arada mən Yaqub Öməroğlunun sözlərini xatırladım: "Əli Ağbaş göllər şairidir..."

 

qədər özənmiş xilqətin əli,

Bir dəprəmlə doğan yayla gözəli.

Ninnilər dinləmiş dəli rüzgardan,

Qidasını almış yağmurdan, qardan.

Sonra canlar yaxan bir afət olmuş,

Buradan su içir hər sevdalı quş.

Sanki aynasını düşürmüş fələk,

Göygöldən qeyrisi bir çirkli gölək.

 

Göygölün yaranma tarixini, "tərcümeyi- hal"ını varaqladıqdan sonra şair bu təbiət möcüzəsinin müqəddəsliyindən, coğrafiyanın mifoloji dünyasının üzvi tərkib hissəsi olmasından danışır...

 

Göy mavi, göl mavi, hər şey səmavi,

Ərşə çıxar Atəşgahın alovu.

Bura Qaf dağıdır, təzadlar evi,

Çıxar hər addımda bir nağıl devi.

Dağlar dəvə olur, bulud göyərçin,

Bir gümüş saqqallı keçi olur cin.

Yanılıb Göygölü su sanmasınlar,

Bismillah demədən yuyunmasınlar.

 

Ustadın səsində dua oxuyurmuş kimi həzin ( mistik) bir ahəng vardı... Gölbaşında əyləşdiyimiz restoranın tavanını da soyuq rüzgar aram- aram tərpədir, şairi müşayiət edirdi. Pəncərədən isə bədrlənmiş ay, sayrışan ulduzlar görünürdü...

 

Gecə ipil- ipil ulduz ələnir,

Ay işığı düşər, göy halələnir.

Əsrlərdir sevda çəkən könüllər

Atəşgahda yanar, burda sərinlər.

Göygöl mənbəyidir əfsanələrin,

Bu sulardan doğmuş Xosrovla Şirin.

Dədəm Qorqud bu dağlara uğramış,

Acıxmış, suyuna əkmək doğramış...

 

Elə biz acıxmışdıq. Yeməklər isə artıq masanın üstündə idi.

 

Ustad şeiri bitirdi. əlavə elədi ki, onun "Göygöl"ünü Anar Azərbaycanda çap etdirib. Ancaq təəssüf ki, ixtisarla... Birdən gülümsündü. "Özü o yerini ixtisar eləyib ki, orada özünün adı çəkilir" dedi.

 

Kənara qoyduğu kitabı açıb həmin yeri nəzərdən keçirdim...

 

Bir şeir buraxdım sənə hədiyyə,

Bu qərib yolçunu unutma deyə.

Şahidimiz olsun ulu çinarlar,

Gün gələr oxuyub bizi anarlar.

Çinar pıçıldayıb pınara söylər,

Pınar da ustadım Anara söylər.

Bu sayədə əldən- ələ duyular,

Bizim də adımız şair sayılar.

 

Məclisi bitirib deyə-gülə bayıra çıxanda Əli Ağbaşa "ustadım" dedim, "şeir kitablarınızdan mənə verərmisiniz?.." Gülümsünüb çantasını açdı, üç kitab çıxardı "elə sənə gətirmişdim" dedi, "unudub geri qaytaracaqdım..."

 

Kitablardan biri "Durna köçü", ikincisi "Eylülə bəstə", üçüncüsü isə "Ərənlər divanında" adlanır...

 

Ayrılanda ustada "Bakıya çatan kimi sizdən bir yazı yazacağam" dedim, "Rəşadın qəzeti üçün..." Razılığını bildirdi. Rəşad da zarafatından qalmadı. "Yadından çıxsa, Bakıda yadına salaram" dedi. Ustad nəzakətlə ona da razılıq elədi.

 

Nizami CƏFƏROV

 

525-ci qəzet.-2016.-23 noyabr.-S.7.