Yaşar Qarayev yaradıcılığı: bədii mətn və ədəbiyyatşünaslıq mətni

 

 

Tənqidçi və ədəbiyyatşünasın yaradıcılığı timsalında mətnin bədii mətnə və sonradan ədəbiyyatşünaslıq mətninə çevrilməsini izləmək maraqlıdır.

 

Tənqidçi konkret mətnə - konkret işarələr sisteminə müraciət və istinad edir. O, bu mətnə ya apriori düşüncələr kontekstində, ya da konkret mətndən hasil etdiyi ideyalar bucağından baxır. Bütün bu münasibətlər sistemi nəhayətdə onun üslubuna təsir edir və ola bilsin ki, bu üslubun formalaşma tezliyini təyin edir.

 

Elə mətnlər var ki, izaha, şərhə, təhlilə tez gəlir, yəni, bu mətnlərin içində, "mövzu kontiniumunda" elə şeylər var ki, özündən izah və təhlil nümunəsi verir, ancaq buna aldanıb təhlilləri bu istiqamətdə aparmaq əsərin meydana gəlmə prosesini tam şəkildə anlamağa mane olur, eyni zamanda isə onun özünü gizlətməyə şərait yaradır. Bədii mətnin "özünü gizlətmə" potensialı dünya durduqca tükənmir, sona yetmir, yəni, tənqidçi və ya ədəbiyyatşünasın mətndən nələrisə almaq cəhdləri qarşısında mətn də "oynayır", hər halda bu canlı prosesdə mətni sükunətdə olan vahid kimi almaq düzgün olmazdı. Əsər, yəni bədii mətn göydəndüşmə deyil, olsun ki, onun ayrı-ayrı pasajları və ya tamı bir ideya kimi müəllifin təxəyyülündə doğulur (ilkin mətn-!), ətə-qana dolur, müxtəlif dolanbaclardan keçir. Və yazı prosesində ən müxtəlif təbəddülat və dəyişmələrə məruz qalır. Olur ki, müəllif sonda gözləmədiyi bir nəticə-mətnlə rastlaşır. Ya da gözlədiyindən az maraqlı bir fabulanın alınması onu çaşdırır. Bütün bu və digər proseslər müəllifdən başqa bir kimsəyə məlum olmur, tənqidçi və ədəbiyyatşünas yalnız bədii mətnə hopmuş və orada izləri qalan ləpirləri görür və tanıdığı halda onların yazı prosesinə qədər və ondan sonrakı halını həm müəyyən "öncəgörmələr" kimi, həm də analitik təhlil qəlibində təqdim edir. Bu görüntülər bədii mətnin yaranma və yaşama tarixçəsi ilə şübhəsiz ki, tam şəkildə üst-üstə düşmür, çünki bunların münasibətində əvvəlcədən bir bərabərsizlik var, bu olmasaydı, bütün hallarda bədii mətnin meydana gəlməsindən söz açmalı olmazdıq. Bədii mətnin quruluşundakı assimetriya təndiqçi və ədəbiyyatşünası da adekvat şəkildə düşünməyə vadar edir; yəni var gücüylə bu assimetriyanın qəlibini tapmağa cəhd edən tənqidçi və ədəbiyyatşünas mətnin sətraltı sirlərindən uzaq düşür, başqa sözlə, ondan şüalanan mənaları əksinə anlamağa məcbur olur; ancaq bu assimetrik struktur və təfəkkür tərzinə qarşı eyni ölçüylə çıxdıqda, ona şüuraltında olsa belə, qarşı çıxmaq hansısa nöqtədə bu sirlərin ələ keçməsinə şərait yaradır.

 

Yaşar Qarayev məhz bu tipli ədəbiyyatşünas-nəzəriyyəçi və tənqidçi tipini Azərbaycan ədəbiyyatşünaslığında formalaşdırmağa cəhd göstərirdi. Onun yazı üslubu, fakta, bədii mətnə münasibəti özündən əvvəlki ənənədən və elə indi də bütün müsbət və mənfi cəhətləri ilə diametral şəkildə fərqlənir. Hər şeydən əvvəl Yaşar Qarayev "ağır sintaksisli" tənqidçi və nəzəriyyəçi idi. Onun sadə cümləsində belə əsərin, təhlil etdiyi nümunələrin qaranlıq dərinliyindən gələn mətləb var idi.

 

Ancaq bizi nəzəri planda bədii mətnlə ədəbiyyatşünaslıq mətnin münasibətləri maraqlandırdığından daha konkret nümunələrə müraciət edək. Belə bir nümunəni götürək: Yaşar Qarayev Mirzə Fətəli Axundov və Mirzə Cəlildən nəzəri səpkili tədqiqatlar aparmışdır. Deyək ki, nəzəri səpkili araşdırmada nəzəri-estetik ideyalar və prinsiplərə istinad, onların tətbiqi və sair aparıcı rol oynayır. Ancaq araşdırmanın hansı məqamındasa mətni təhlilə çəkilən müəllif təşrif gətirir və tətbiq edilən ideyaların nə dərəcədə düz olub-olmamasını öz sükutu ilə təsdiqləyir. Yaşar Qarayevin "Realizm: sənət və həqiqət" adlı nəzəri əsərində bu dediklərimiz o dövr üçün "sənət həqiqəti", yaxud "sənətdə həqiqət" anlayışını tam gücüylə ortaya qoydu. Ancaq bir cəhəti də bəri başdan deyək ki, həmin monoqrafiyanın bir çox məqamlarında maarifçi və tənqidi realizm estetikasının apriori müddəaları dominant mövqeyə çıxır və müəllif də məcbur olub, Axundov və Mirzə Cəlili həmin mövqedən araşdırır. Bəzən maarifçi estetika elə sürəkliliklə təhlil edilir ki, Axundovun mətni sadəcə bunlara müncər edilir və nəticədə mətnlə müddəa görüşdükdə bir sıra məlum prinsiplər havadan asılı qalır. Məsələn, adı çəkilən monoqrafiyada "xoşbəxt sonluq", "inkarla təsdiqin vəhdəti" kimi ümumi prinsiplər konkret bədii mətnin təhlillərdən uzaq düşməsinə şərait yaradırdı.

 

Yaşar Qarayev Azərbaycan ədəbiyyatşünaslığında özünəqədərki bütün mövcud təhlil, bədii mətnə enmək və onu estetik hadisə kimi dəyərləndirməklə bağlı ənənəni ümumiləşdirərək ona yüksək nəzəri səciyyə aşılamışdır. O, haqqında bəhs etdiyi istənilən əsərə "estetik gözlə" baxmağı bacarırdı, başqalarının mühüm hesab etdiyi bir çox mətləbləri yalnız yadda saxlayıb, paralel şəkildə elə təhlil nümunəsi nümayiş etdirirdi ki, bunun sayəsində ayrı-ayrı müəlliflərin bədii mətnlərinin özümlülüyü oxucu üçün aşkar görünə bilirdi. Bəs əsas yazılarında "bədiilik süsü" nə idi, bir üslubi element kimi nəyə xidmət edirdi? Burada iki cür yanaşma mümkündür: 1) Bir qayda olaraq filoloji mətndə "poetiklik" bədii mətndən alınan informasiyanın tam şəkildə emal edilməməsi ilə bağlı olur. Yəni, hasil edilməli olan informasiya açılmır, əksinə örtülür, üstünə aldadıcı "süs" çəkilir. Adi fakt şişirdilir, elmilik ikinci plana keçir; 2) Bu, filoloji təhlil ənənəsində sırf sosioloji təhlillərdən qaçmaq niyyəti ilə edilir, sosioloji və yorucu semantik təhlilləri aşmaq, arxada buraxmaq üçün onların yeri müvəqqəti olaraq bədii-fəlsəfi yoxumlarla doldurulur. Bununla bədii mətnin struktur təhlilinə yol açılır.

 

Onun əksər nəzəri araşdırma və tənqidi yazılarında mətn-bədii mətn-ədəbiyyatşünaslıq mətni arasındakı keçidlər güclü işarəvi xarakter daşıyırdı; bu işarələr bədii əsərin hansı kodlardan yığıldığını, hansı sualları verdiyini açıq şəkildə göstərirdi. Yaşar müəllim sübut edir və əyani şəkildə göstərirdi ki, araşdırıcı bədii əsərdən dövrə, zamanəyə, gerçəkliyə verilən sualları cavablandırmaqla yox, onların predmetini, əhatə etdiyi anlayışları araşdırmaqla məşğul olmalıdır, çünki məhz bu halda, tutaq ki, Mirzə Cəlilin dram əsərlərində "dəlilik" bir proses kimi izah edilir, yəni, proses, onu doğuran hallar, içində "cərəyan edən" mərəz, - bundan da irəli, xalqın, millətin taleyi və sair xarakterik məsələlər təqdim edilirdi.

 

Yaşar Qarayevin bədii mətnlə davranışı, ona münasibəti xalis estetik əsaslara söykənirdi. Bunun nümunəsi kimi onun hələ 1970-ci ildə yazdığı kiçik həcmli "Həmişə səfərdə" məqaləsinə baxmaq olar. Məqalə belə başlayır: "Şeirimizin müasir üslub əlvanlığına, intellektual zənginliyə doğru qət etdiyi yolda Əli Kərimin izi və addımları görünür..." Daha sonra, "... Əli şeirimizdə "fərdi intellektual üslub" deyilən bir istiqamətin nümayəndəsidir. Məhz obrazlı, emosional, poetik bir intellekt bu əsərlərin Əliyə məxsus fərdi bədii ədasını şərtləndirir. Bunlarda romantik və rasional bir ruh, bədii-fəlsəfi ümumiləşdirməyə meyl qüvvətlidir. Şairi ayrılıqda anın və dəqiqənin, faktın təfərrüatı maraqlandırmır. O həmişə yalnız iti bir fikrin nüfuz edə bildiyi gizli, daxili, həqiqi mahiyyətin kəşfi, icadı üçün axtarışa çıxır, ən adi, real həyati süjetə və fakta da simvolik məna verir..." Bu pasajda tənqidçinin poetik mətni oxumaq bacarığıyla yanaşı, onun əsas elementini tapıb üzə çıxarmaq məharəti də diqqəti çəkir. Tənqidçinin yanaşmasının əsasda məhz üslubi fərqləndirmə məqamı durur. Onun məqaləsi də məhz Əli Kərimin yaradıcılığında ən maraqlı cəhət və məhz bu məqamı tapıb üzə çıxarması ilə başlayır. Əli Kərimin şeirində olduğu kimi, bu məqalədə də təfərrüat yoxdur. O, çox xəsis ifadələrin gücünə Əli Kərimin şeirlərində detalların xassələrindən söz açır, bu detalların nə dərəcədə müəyyənləşdirici mövqedə dayandığını önə çəkir. "... Biz burada sübhün və şəfəqin, səhərin və təbəssümün, büllur və mavi bir nəğmənin əyaniləşən, detala çevrilən surəti ilə rastlaşırıq. İşıq şüası boşluqda yalnız müəyyən bir predmetə, cismə dəyib sınanda, parçalananda əks oluna, görünə bildiyi kimi, Əlinin sənətkarlığı, təsvir və ifadə gücü də məhz belə detallarda, simvollarda və predmetlərdə əks olunur..."

 

Yaşar Qarayevin araşdırmalarında təhil edilən mətn "fəth edilmək naminə" oxunurdu, yəni, məsələ və problem konkret bədii əsəri dövrün, yazının qələmə alındığı şəraitin "üslubu" ilə uyğunlaşdırmaqda deyildi, əsas məsələ bütün bunlarla bərabər əsərin kompozisiyasında düyümlənən fəlsəfənin köklərini Azərbaycan ədəbiyyatını yaradan mətnlər arasındakı virtual əlaqələrdə tapmaqda idi. Konkret bir əsəri təhlil etmək, onu ETİ və digər zəmanə sorunları ilə bağlamaq o dövrdə hər bir tənqidçi qələmində ifadə olunurdu. Yaşar Qarayev isə bütün bunları da nəzərə almaqla (bunsuz olmazdı-!) aşağıdakı nəzəri məsələləri önə çəkməyə cəhd edirdi:

 

1)  Müasir ədəbiyyatda üslublar arasında differensasiyanı aydın şəkildə göstərmək, fərdi üslub məsələsini konseptual həll istiqamətində işləmək;

 

2)  Azərbaycan ədəbiyyatının mətnlərini adları çəkməsə belə, dünya ədəbiyyatının estetika və poetika platformasında təhlilə cəlb etmək, çünki o, bunsuz bütün araşdırmaların lokal səciyyə daşıdığını anlayırdı;

 

3)  Keçən əsrin 70-ci illərinin gənc imzaları haqqında söz deyərkən iki cəhət xüsusi ilə nəzərə alınırdı: a) bu mətnlərin klassik ədəbiyyatla bağlılığını nəzərə almaq və b) bu mətnlərə müxtəlif ədəbi "izm"lərin təsirini anlatmaq.

 

Onun araşdırmalarında S.Vurğun və S.Rüstəmdən tutmuş Zəlimxan Yaquba və Ələkbər Salahzadəyə qədər bütün yazarların əsərləri məhz bu kontekstdə təhlil edilir. Yaşar Qarayevin bir tənqidçi kimi obrazında ən bəlirləyici cəhət onun müasir, bəlkə də ultra-müasir yenilikləri mənimsəmə təşnəliyi, bütün bu fakt və konsepsiyaları, onların nəticələrini Azərbaycan ədəbiyyatının mətnləri içində aramaq idi. Ömrünün sonlarında M.Şəhriyar haqqında yazdığı məqalədə o, dahi şairin şeirlərinin poetik xassəsini düzgün tutmaqla yanaşı Şəhriyarın bir şair kimi milli ədəbiyyatda hansı böyük mənanı daşımasına işarə edirdi (Eynşteynin məşhur "mən indi nə olsam da, aydındır ki, öz kölgəmin üstündən uça bilməyəcəyəm" deyimi Şəhriyarın dilində "ürfanın kodu və açarı" formulu ilə ifadə olunurdu). Y.Qarayevin klassik ədəbiyyata, onun problemlərinə, o sıradan, maarifçilik, romantizm, realizm, genezis və tipologiya məsələlərinə münasibəti çərçivəsində qələmə aldığı yazılar da o dövrün bir çox məhsullarında olduğu kimi ümumi məlumatla səciyyələnmirdi. Yəni, adı çəkilən tipə aid olan yazılarda daha çox informativlik, hansısa klassikin yalnız "poetik funksiyası", əsərlərinin sosial bazası önə çəkilirdisə, Yaşar müəllimin araşdırmalarında məhz estetik prinsiplər əsas rol oynayırdı. Füzuli haqqında geniş həcmli məqaləsi təsadüfi deyil ki, "Füzuli kimdir?" sualı ilə başlayırdı.

 

Nizamidən bəhs edəndə mətləbə bir sıra tədqiqatçıların etdiyi kimi şairin etnik kimliyinə, bununla bağlı səmərəsi əvvəldən bəlli olan başaldadıcı suallarla yox, məhz Nizami kəlamının və şeirinin intibah xarakteri, kosmik mündəricəsindən danışmaqla yan alırdı. Məhz bu kimi məsələlərin dəqiqləşdirilməsi ona müasir ədəbiyyatdan da ixtisaslı şəkildə bəhs etmək imkanı verirdi. Nizaminin məşhur "Şeirdən ucalıq umma dünyada, çünki Nizamiylə qurtardı o da", - misrası poetik siqləti etibarıyla ümumən poeziyanın mahiyyətini daha aydın başa düşməyə şans yaradır. Yəni, Nizaminin dediyi kimi, şeirin texnikasına, zahiri gözəlliyinə aldanma, onun ən gözəli ən yalan olanıdır. Bu qədər yalanın içində həqiqəti bulmaq üçün mən ömrümü qoydum. Dolayısı ilə, şeir insana, yazara heç bir şöhrət gətirmir, olur ki, adi bir məqama işıq tuta bilmək üçün cəhdlər edərsən, bütün ömrün bada gedər.

 

Bu nöqtədən də aydınlaşır ki, tənqidçi öz mətninin mükəmməl formada alınması üçün haqqında bəhs etdiyi konkret mətni, onun yaradan "gerçəklik mətnini", onun yaranmasına qədər ard-arda düzülən bədii mətnləri və onların mənşəyini fəhm etməlidir. Bu prinsipə əməl edilərsə, tənqidçi bir araşdırma üzərində olsun ki, illər boyu çalışar. Bizim ədəbiyyatşünaslıqda Yaşar Qarayevə qədər belə bir ənənə yox idi və şübhəsiz ki, Yaşar müəllim də belə bir filoloji mühiti heç olmazsa özü üçün yarada bilmədi, çünki bu, fərdi iş deyil, ümumi, bəzən uzun illər boyu araya-ərsəyə gələn özülün olmasını tələb edir. Bəlkə elə bu səbəbdən onun elmi axtarışlarında əsəbi bir narahatlıq hiss edilirdi. Təsəvvür edin, alim, özü də çox istedadlı bir alim araşdırma aparmaq üçün bütün parametrlərə malikdir, məqsəd də aydındır: o, elə bir estetik-nəzəri baza hazırlamaq istəyir ki, onun əsasında bu gün də olduğu kimi, şairi, yazıçını yaşadığı dövrün ideoloji naqisliklərinə görə deyil, məhz "estetik gücünə" və ya potensialına görə tanısınlar. Ancaq belə bir nəzəri bazanı yaratmaq fərdi iş deyildi və güclü filoloji mühitin olmasını tələb edirdi. Belə bir mühitin formalaşması isə tənqidçiyə klassik dövr ədəbiyyatını, onun problemlərini bütün incəliklərinə qədər bilməyi zəruri edirdi. Nə qədər istedadlı və fəhmli olursa-olsun, klassik dövr estetik-fəlsəfi fikri, o dövrlərin bədii mündəricəsini bilməyən tənqidçi əvvəl-axır səlnaməçiyə çevrilir.

 

Yaşar Qarayevin M.F.Axundovu tədqiq etməsi onunla başlayan yeni dövr ədəbiyyatı, dramaturgiya və nəsrinin özəlliklərini doğru istiqamətdə şərh etməyə şərait yaradırdı. "Kəmalüddövlə məktubları", "Aldanmış kəvakib" kimi əsərləri təhlil edən, bu mövzularda dissertantlarına mövzular seçən filoloq XX əsr Azərbaycan nəsrinin nümunələrini sırf estetik planda təhlil edirdi. Onun, məsələn, Yusif Səmədoğlunun "Qətl günü" romanı haqqında kiçik həcmli məqaləsi də bu baxımdan maraq doğurur. "Qətl günü" romanı nə üçün məhz o dövrdə yarandı? Poetik sistemi etibarı ilə son dərəcə orijinal olan bu əsər Azərbaycan nəsrinə hansı mesajın verilməsi ilə əlamətdar idi? Bütün bu və digər sualları araşdırmanın mərkəzinə gətirən müəllif bədii mətndəki detalları, obraz və onların xassəsini dəqiq müəyyənləşdirir və gələcək araşdırmaçılar üçün də istiqamətləri göstərir.

 

Yaşar Qarayevin irsində yer alan bu kimi cəhətlərdən, əslində milli ədəbiyyatşünaslığın yönünü dünya standartlarına doğru dəyişdirmək məqsədi gündən xüsusiyyətlərdən çox danışmaq olar və lazımdır, ancaq zənnimizcə, bütün bunların başında onun alim obrazı dayanırdı. O, milli filologiyanın geridə qaldığını, qeyri-elmi tendensiyaların içində çabaladığını duyduğundan həmişə tələsirdi, ağır xəstələndiyi zaman müsahibəsində "xəstəliyi (ölümü) çiynim üzərindən atdım" deyimi də bu tələsikliyin, daha doğrusu sürət təşnəliyinin ifadəsi idi. Belə olduğuna görə, o, heç bir məqaləsində, sırf elmi yazılarında belə "mən" sözünə yer vermirdi. Özündən yox, Azərbaycan ədəbiyyatşünaslığı və nəzəri fikrinin adından danışmağa cəhd göstərirdi. Bu bir səlahiyyət idi. Söz demək səlahiyyəti...

 

Cavanşir YUSİFLİ

 

 

525-ci qəzet.- 2016.- 24 noyabr.- S.6.