Belqrad teatr həyatı
payız günlərində
GÜNDƏLİKDƏ
YENƏ DƏ TEATR PROBLEMLƏRİ İDİ...
Teatr tənqidçilərinin beynəlxalq
assosiasiyasının Varşavadan,
Pekindən sonrakı növbəti Konqresi
2016-cı il sentyabr ayının 26-da, Serbiyanın paytaxtı Belqrad şəhərində
öz işinə başladı.
Azərbaycan təmsilçiləri olaraq
Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə həmin Konqresdə iştirak etmək üçün sənətşünaslıq
doktoru, professor Məryəm
Əlizadə və bu sətirlərin müəllifi olan mən Belqrad şəhərinə gəldik. Bizi Belqrada
gətirən səbəb
dünya teatr tənqidçilərinin XXVIII Konqresi
olsa da ilk sözü onun keçirildiyi şəhərdən
Belqraddan başlamaq yerinə düşərdi.
Milyon yarımdan artıq əhalisi olan Belqrad şəhəri sanki parklar, çəmənlər içində
salınmış oazisə
bənzəyir. Haqqında əfsanələr
dolaşan Dunay çayının ikiyə
bölməsi bu şəhərin gözəlliyini
artıran ilahi bir hədiyyədir. Şəhərdə nəqliyyatın-tramvayların,
trolleybusların, avtobusların,
çoxsaylı yük
və minik avtomobillərinin bu başdan o başa intensiv hərəkət etməsinə baxmayaraq,
hay-küydən, gurultudan
uzaq olan Belqrad təmkinlə, sadə ahəngi ilə rahatlıq gətirir. Bu şəhərin
insanları isə (Avropanın bir çox şəhərlərində
az təsadüf
edilən), öz mehribanlığı, gülərüzlüyü,
əcnəbilərə nəcib
münasibətilə ilə
heyranlıq hissi yaradır.
Konqresə gəlincə, o öz
əsasnaməsinə uyğun
olaraq, hər iki ildən bir keçirilir və onun gündəliyində
dünyanın teatr həyatında müşahidə
edilən bədii-estetik
məsələlər, sənət
baxışları, yeni
metodlar və axtarışlar haqqında
məruzələrin dinlənilməsi,
həmçinin bu sahədə ki mövcud problemlərlə
bağlı diskussiyaların
aparılması nəzərdə
tutulur. Bundan başqa konqresin
gündəliyində təşkilati
məsələlər, yəni
Assosiasiyanın Prezidentinin,
baş katibinin, komitələrinin seçilməsi
məsələləri də
var idi.
Gündəlikdə duran məsələlərə beş sessiya iclaslarında baxıldı.
Həmin sessiyalar daxilində "Yenilik mərkəzi Avropa konsepti"(Danila Avila-Braziliya), "Brextin və Adornonun irsi"(Aleksandra Jovesaviç-İtaliya),
"Nə itirilib və necə"(Manabu
Nola-Yaponiya), "Yenilik
risk yaradır"(Mişel
Vais-Kanada), "Teatr tənqidi landşaftının
dəyişilməsi "(Duska
Radosavlyeviç-İngiltərə),
"Kommersiyalar və
orijinallıq" (Lamice
Əl Amari-Almaniya),
"Yenilik Hindistan gerçəkliyi kontekstində;
Yeni təcrübələr.
Tematik tədqiqatlar"
(Dipa Punjani-Hindistan),
"Opera sənətinin rekonstruksiyası"
(Edita Lescinska-Latviya),
"Köhnə yeni,
yeni köhnə"
(Jefrey Erik Cenkins-ABŞ)
"Yunan teatrının
yeni nəslinin Şekspir tamaşaları
"(Qriqoris İoannadis-Yunanıstan)
və s. mövzularda edilən məruzələrdə
dünya səhnə sənətinin, həmçinin
çağdaş dövrün
teatr tədqiqatlarının
aktual məsələlərinə
diqqət yetirildi.
Dünyanın teatr prosesində müşahidə edilən,
ayrı-ayrı ölkələrin
teatr həyatında təzahür edən ictimai-mədəni problemlərin
dəyərləndirilməsi və həlli ilə bağlı fikir mübadiləsində
mübahisələr qaçılmaz
oldu. Əslində bu, gözlənilən
idi, çünki assosiasiyada təmsil olunan ölkələrin, istər siyasi, istər iqtisadi, istərsə də sosial-mədəni reallıqlarının
təsiri ilə fəaliyyət göstərən
teatr sənəti, təbii olaraq fərqli inkişaf vüsətinə malikdir.
Həmin
ölkələrin cəmiyyət
həyatı ilə qarşılıqlı əlaqədə
olan teatrlarının
həll etməli olduqları məsələlər,
üzləşdikləri çeşidli
problemlər mövcuddur.
Məsələn, çağdaş hind teatrının qarşısında
duran məsələlərlə,
Braziliya, yaxud İngiltərə teatrının
üzləşdiyi çətinliklər,
eləcə də Yaponiyanın teatr həyatının reallıqları
ilə Almaniya teatrının həll etməli problemlər arasında fərqlər açıq-aşkardır. Əgər Çin teatrının prioritetləri içərisində
ənənə və
novatorluq, nəsillər-
arası mədəni-estetik
varislik hədlərini
qorumaq qayğısı
başlıca yer tutursa, Yunanıstanın teatr sənətinin inkişafı üçün
ictimai-iqtisadi resursların
səfərbər edilməsi
bu gün daha böyük önəm daşıyır.
Odur ki, istər dinlənilən məruzələrdə,
istərsə aparılan
fəal diskussiyalarda konkret ölkənin və xalqın çağdaş ictimai-iqtisadi
durumunun, eləcə də sosio-mental özəlliklərinin nəzərə
alınmasının vacibliyi
xüsusi vurğulanırdı.
Ayrıca olaraq, dünyada
baş verən siyasi proseslərin, müharibələrin, silahlı
münaqişələrin mədəni
proseslərə, xüsusən
incəsənət sahəsində
müşahidə edilən
təsirlərilə əlaqədər
olaraq, teatr tənqidçiləri anlaşılan
həmrəyliklə öz
narahatlıqlarını bildirdilər,
"toplar atılan zaman muzalar susur"
deyimini dilə gətirdilər. Məruzələrdən sonrakı diskussiyalarda dünya teatr tənqidinin sayılan təmsilçiləri bu sahədə müşahidə
edilən gerçək
problemlərə, eləcə
də konkret məsələlərə prinsipial
mövqe bildirdilər.
Yuxarıda sözü gedən
Konqresdə dünya teatr sənətinin çağdaş halı
və üz tuta biləcəyi bədii yaradıcılıq
üfüqləri nəzərdən
keçirilirdi. Bu sahədə
müşahidə edilən
tendensiyalar, tədqiqatlar,
getdikcə daha artıq diqqətçəkən
yaradıcı simalar,
yeni formalar və fərdi metodlar, bir zamanlar
avanqard sayılıb;
bu gün göz görəsi köhnələn üslublar
və sair məsələlər daha
böyük maraq və əhəmiyyət kəsb edirdi.
Təsadüfi deyil ki, çıxışlar mövzu etibarilə konkret məzmunu əhatə etsə də onların içərisində ümumi teatr fəaliyyətinin ağrılı məsələləri önə çəkilir, ayrı-ayrı dövrlərin və teatrların yaradıcılıq təcrübəsi kontekstində dəyərləndirilirdi. Bu zaman teatr tamaşalarının mövzu-problematika, janr müxtəlifliyi məsələləri ilə yanaşı bədii forma və səhnə ustalığı məsələlərinə də xüsusi diqqət verilirdi. Məsələn, ABŞ-ın tanınmış teatr tənqidçisi Jefrey Erik Cenkins teatrların yeni forma, üslub, səhnə dili axtarışları problemlərinə toxunaraq, məhşur "yeni unudulan köhnədir"deyimini bir daha xatırladıb, yaradıcılıq axtarışlarının hər hansı teatrın inkişaf meyllərini ifadə etməli olduğunu, tamaşalarının mədəni-estetik təmənnasının doğrulmasına yönəlik səmərəsini qeyd etdi. J. Erik Cenkins bütün axtarışların yeniliyə aparmadığını, bəzən əksinə sapmalara, əyintilərə də yol aldığını bildirməklə, başqa bir tənqidçi, kanadalı Mişel Vaisin "Yenilik risk yaradır" adlı məruzəsinin tezislərində səslənən, ayrı-ayrı teatrların təcrübəsində müşahidə edilən real mənzərəni örnək göstərdi.
Çağdaş dövrün teatr üfüqlərində görünən müxtəlif rejissor simalarının yaradıcılıq metodları, klassikanın və müasir dramaturji əsərlərin səhnə yozumları, həmçinin tamaşaların auditoriyaya təsiri, seyrçinin estetik qavrayış məsələləri ilə bərabər çıxışlarda bu sahədəki tədqiqatlar, səhnə sənətinin yaradıcılıq həyatının bəzi hallarda teatr tənqidinin diqqətindən kənarda qalması faktları da qeyd edildi.
Çağdaş dünyanın teatr tənqidinin problemləri, dövrün teatr mədəniyyətinin, konkret olaraq, hər bir cəmiyyətin teatr prosesindən birbaşa asılıdır. Cəmiyyət həyatındakı reallıqların və prioritetlərin dəyişməsi, buradakı tərəqqi, yaxud ətalət vəziyyəti incəsənətin ən həssas sahələrindən olan teatra öz müvafiq təsirini göstərir. Bəzi hallarda teatr sənəti ətrafdakı hadisələrə adekvat reaksiya verməklə öz mövcudluğunu bəyan etsə də, bəzən həmin hadisələr onun yaradıcılıq ahəngini ciddi şəkildə zədələyir. Belə vəziyyətlərdə teatr tənqidinin hər hansı fəal müdaxiləsindən, mövqe nümayişindən bəhs etmək mənasızdır.
Başqa bir məsələ, teatr prosesinə kütləvi informasiya vasitələrinin bəzən səmərəli, bəzən isə nəticə etibari ilə zərərli təsiri ilə bağlıdır. Belə ki, teatr həyatının mənəvi-ruhsal yaradıcılıq mühiti həssas və səriştəli yanaşmaya ehtiyac duyduğu halda, qeyri-peşəkar müdaxilə onun təbiətindəki demokratizmlə bərabər, canlı harmoniyanı bərbad edir. Nəticədə prosesin sabitliyi və ardıcıl inkişaf xətti pozulur, ən yaxşı halda ləngiyir.
Kompüter texnologiyalarının, sosial şəbəkələrin getdikcə artan vüsəti sayəsində yaranan vəziyyəti reqlamentləşdirmək mümkünsüz və gərəksiz göründüyü kimi, ciddi teatr tənqidinin professional fəaliyyət meydanının daraldığı da aydın görünür. Səhnə sənətinin yaradıcılıq perspektivləri ilə bağlı dünya teatr tənqidçilərinin yekdil qənaətinə görə, bu sənətin çağdaş dövrdə inkişaf meylləri birmənalı şəkildə onun teatr tənqidi ilə əməkdaşlığı sayəsində faydalı nəticələr verə bilər.
Teatr sənəti ağ-qara deyil və ola da bilməz. Odur ki, səhnə aləmini və burada baş verənlərin rəngarəng təbiətini bilən teatr tənqidi "dünyanın səhnə-insanların aktyor" (Şekspir) olduğunu az qala postulat kimi qəbul edir, bu sənətin onilliklərlə dəyişilməyə məruz qalan fəlsəfəsini təmkinlə dəyərləndirməyə can atır. Və bu zaman, yəni cəmiyyətin dialektik dəyişməsinə müvafiq olaraq dəyişən teatr və onun tənqidi ilə məşğul olan mütəxəssislərin baxışlarının, metodlarının, mövqelərinin və təhlil üslubunun da dəyişməsi labüdləşir. Bu isə, hər şeydən əvvəl, teatr sənətinin, onunla bərabər tənqidin öz yaradıcılıq sferasını və ifadə arsenalını yenidən dəyərləndirməsini tələb edir.
Bu gün teatrşünaslıq elmimizin və praktik teatr tənqidinin öncülləri olan professorlar Məryəm Əlizadə, İlham Rəhimli, Aydın Talıbzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov kimi usta qələm sahiblərinin arxasınca cavan nəsli təmsil edən Aliyə Dadaşovanın, Könül Əliyevanın, Elçin Cəfərovun, Aygün Süleymanovanın bu sahədə diqqət çəkən fəaliyyətlərini təqdir etsək də, eyni zamanda onların malik olduqları istedad potensialını tam şəkildə realizə etdiklərini söyləmək çətindir.
Ölkəmizin teatr həyatındakı yaradıcılıq işlərinə (uğurlu, ya uğursuz, fərq etməz) bu və ya digər teatrın fəaliyyətində müşahidə edilən sənət hadisələrinə həməncə verilən reaksiyalar, teatr mövsümünün sonunda icmal-məqalələrin yazılması, xüsusilə bölgə teatrlarının sənət həyatı ilə (buranın repertuarından tutmuş, sənətçilərin fərdi yaradıcılığına qədər məsələlərlə) bağlı təhlillər son dərəcə seyrəkdir. Çağdaş dövrümüzdə aktuallığı ilə seçilən, teatr antropologiyası, teatr sosiologiyası, teatr menecmenti, teatr iqtisadiyyatı kimi mövzularda ciddi araşdırmalar mətbuatda, demək olar, görünmür.
Bu qeydlərimiz indiyədək görülən işləri dəyərdən salmaq, kiminsə çəkdiyi zəhmətə xor baxmaq yox, zamanın tələbləri və teatr həyatının nəzəri-estetik məna qazanması işinin yükünü daşımalı olan teatr tənqidinin professionallıq məsuliyyətini xatırlatmaqdır. Bu gün teatr tənqidi elmi-yaradıcılıq prioritetlərini dəqiq müəyyənləşdirməli, öz professional missiyasını yerinə yetirməlidir. Qədim Çin atalar sözündə deyilən "qoy yüz bahar olsun, yüz qızıl gül yetişsin" hikmətini düşündükcə, milli teatr mədəniyyətimizdə yalnız münbit yaradıcılıq şəraitinin yaranması ilə neçə-neçə nadir istedad sahibinin boy verib görünməsinə, stereotiplərin üstündən xətt çəkib fərdi metodların meydana gəlməsinə ümid edə bilərik...
Bayaqkı mətləbə
qayıdıb, bir məsələni də
qeyd edək ki, konqresin gündəliyində duran
məsələlər, eləcə də onun
iş reqlamenti dövrün mədəni gerçəkliyində
müşahidə edilən yaradıcılıq hadisələrini
və tendensiyalarını, həmçinin teatr
tənqidinin mövcud problemlərini
tamamilə əhatə etmək iddiasında deyildi.
Burada
başlıca məqsəd həmin sahədəki mövcud mənzərəni diqqətə
çatdırmaq, bu və ya
digər ölkələrin teatr mədəniyyətlərində
müşahidə edilən tendensiyaları elmi-praktik
müstəvidə dəyərləndirmək, reqressiv meyllərin qarşısının
alınması istiqamətində ümumi
məxrəcə gəlib, qüvvələri səfərbər
etmək idi. Odur ki, teatr tənqidinin
teatr prosesinə getdikcə daha artıq nüfuz etməsi,
fəaliyyətinin miqyasının və səmərəsinin
artırılmasına nail olmaq
üçün virtual
polemikaların və praktik teatr həyatına həsr edilən nəzəri
tədqiqatların aparılması işi
konqres iştirakçıları tərəfindən
təqdir edildi.
İsrafil
İSRAFİLOV
Sənətşünaslıq
üzrə elmlər doktoru, professor
525-ci qəzet.- 2016.- 24 noyabr.- S.4.