Elmə həsr olunan ömrün əbədiyyət formulu
AKADEMİK TOFİQ HACIYEVİN 80 İLLİYİNƏ
Ömrünü elmə həsr edən insanlar - alimlər cismən bu dünyanı tərk etsələr də, ruhən ölmürlər, çünki
onların qələmə
aldıqları dəyərli
elmi əsərlər
hər zaman oxunur, beləliklə, alimlər, onların elmi irsi yaddaşlara
əbədi həkk olunur.
Yaddaşlarda əbədi iz qoyan alimlərimizdən biri də 27 noyabr 2015-ci ildə qəfil ölümü ilə bizi dərindən
sarsıdan akademik Tofiq İsmayıl oğlu Hacıyevdir. Türk dünyasının
görkəmli alimi,
AMEA-nın həqiqi üzvü, "Şöhrət"
ordenli Tofiq Hacıyev Azərbaycan dilçiliyinin ən böyük simalarından
biri, türkologiyanın
əvəzolunmaz dilçilərindəndir.
Məhsuldar elmi fəaliyyətə
malik, Azərbaycan dilçilik elminin inkişafı tarixində
xüsusi yeri olan Tofiq Hacıyev
təkcə Azərbaycanda
deyil, bütün türk dünyasında nüfuzlu dilçi alim kimi tanınıb.
Bütün ömrünü müqəddəs bir amalın gerçəkləşməsinə
həsr edən alimin elmi yaradıcılığında
dil tarixi, ortaq türk dili və tərcümə
məsələləri ilə
bağlı tədqiqatları
elmi mahiyyətinə görə mühüm maraq doğurur. Dəyərli elmi əsərlər qələmə
alan, mühakimə
və təfəkkür
zənginliyi ilə seçilən akademikin zəngin və əhatəli yaradıcılığı
elmi fəaliyyətinin
parlaq nümunələridir.
Beynəlxalq konfrans və simpoziumlarda doğma vətənini layiqincə
təmsil edərək
dəyərli məruzələri
ilə çıxış
edən alim Azərbaycan elminə böyük töhfələr
verib. Onun elmi tədqiqatlarının
nəticələri dünyanın
bir çox nüfuzlu beynəlxalq elmi jurnallarında çap olunub, əsərləri beynəlxalq
səviyyədə sanballı
elmi mənbə kimi istifadə edilməkdədir.
1936- cı ilin
1 mayında Cəbrayıl
rayonunun Soltanlı kəndində anadan olan Tofiq Hacıyev
orada orta təhsil aldıqdan sonra 1953-1958-ci illər ərzində Azərbaycan
Dövlət Universitetinin
Filologiya fakültəsində
oxuyub. Universiteti fərqlənmə diplomu ilə bitirib və aspirantura təhsilinə başlayıb.
Elmi yaradıcılığa
dialektoloq kimi gəlsə də, (1962-ci
ildə "Azərbaycan
dilinin Cəbrayıl şivəsi" mövzusunda
namizədlik dissertasiyasını
müdafiə edib) dilçilik tarixində görkəmli ədəbi
dil tarixçisi kimi tanınıb. 1969-cu ildə "XX əsrin əvvəllərində Azərbaycan
ədəbi dili" mövzusunda doktorluq dissertasiyasını uğurla
müdafiə edib.
Tofiq Hacıyev
1962-1967-ci illərdə M.F.Axundov
adına Pedaqoji Dillər İnstitutunda əvvəlcə
müəllim, 1965-ci ildən
sonra isə dosent vəzifəsində
çalışıb. Alim elmi-pedaqoji
fəaliyyətini 1968-ci ildən
etibarən isə Azərbaycan Dövlət Universitetində (indiki BDU)
davam etdirib.
1971-ci ildə professor elmi
adına layiq görülən Tofiq Hacıyev 1984-2015-ci illər ərzində Türkologiya kafedrasının
müdiri vəzifəsində
çalışıb. 1999-cu ildə Əməkdar elm xadimi adına
layiq görülüb.
2001-ci ildə AMEA-nın müxbir üzvü seçilən
böyük alim Azərbaycan Respublikası
Prezidenti yanında Ali
Attestasiya Komissiyasında
Filologiya üzrə Ekspert Şurasının
(2007-2012) və dilçilik
üzrə Əlaqələndirmə
Şurasının (2008-2014) sədri olub. Eyni zamanda Yazıçılar
Birliyinin, Dövlət
Dil Komissiyasının
və Milli Məclisdə Toponimiya Komissiyasının üzvü
olan Tofiq Hacıyev "Türkologiya" və
"Dədə Qorqud"
məcmuələrinin baş
redaktoru kimi də layiqincə çalışıb. 2013-cü
ildə AMEA Dilçilik
İnstitutuna direktor təyin olunan alim 2014-cü ildə AMEA-nın həqiqi üzvü seçilib.
Tofiq Hacıyev
müəllim-pedaqoq kimi
də sevilib. Türkiyəli alim Yavuz Donat
"Hocaların hocası"
məqaləsində akademik
Tofiq Hacıyevdən bəhs edərkən Azərbaycanda ona "Hocaların hocası"
(Müəllimlərin müəllimi)
kimi xitab olunduğunu haqlı olaraq vurğulayır.
Tofiq Hacıyev sağlığında
ədəbi məktəb
yaratmış alimlərdəndir.
Onun rəhbərliyi ilə 6 filologiya üzrə elmlər doktoru, 30-a yaxın fəlsəfə
doktoru dissertasiyası
müdafiə olunub.
Tofiq Hacıyev ədəbi məktəbinin nümayəndələri
müxtəlif sahələrdə
tədqiqatlar apararaq dilçiliyimizi inkişaf
etdirirlər.
Görkəmli alimin elmi araşdırmalarının
mərkəzində dayanan
dil məsələlərindən
biri ədəbi dilin inkişaf tarixidir. "Ədəbi dil tarixinin dövrləşdirilməsi
xalqın dili ilə tarixi, mənəviyyatı ilə
maddi mədəniyyəti,
təfəkkür tərzi
ilə iqtisadi həyat şəraiti, bədii düşüncəsi
ilə əqli-zehni səviyyəsi arasındakı
əlaqələri müəyyənləşdirilməsi
kimi elmi-nəzəri əhəmiyyətə malikdir"-deyən akademik Tofiq Hacıyev elmi araşdırmalarının
çox hissəsini ədəbi dil tarixinin tədqiqinə həsr edib. Ədəbi dilin baş atributunun "norma" olduğu qeyd edərək alim ədəbi dili seçmə fonetik, leksik və qrammatik faktların sistemi kimi səciyyələndirib.
Alimə
görə, ədəbi
dilin dövrləşməsi
təsnifatında mərhələlərin
bölgüsündə "ədəbi dilin üslubi təzahürlərinin
kəmiyyəti, onların
qarşılıqlı münasibətlərinin,
ictimai vəzifələrinin
xarakteri, bu təzahürlərin əsasında
duran struktur və funksional əlamətlərin səciyyəsi,
ədəbi dilin quruluşu, həcm və ictimai funksiyaları ilə dilin qeyri-ədəbi təzahürlərinin münasibəti"
sistem olaraq əsasdır. O, "Azərbaycan
ədəbi dili tarixi" kitabında Azərbaycan ədəbi dili tarixinin təsnifatında ona xas olan bəzi
məsələləri ümumiləşdirərək
göstərir ki,
"ədəbi dil öz inkişafında həmişə ümumxalq
dilini qabaqlayır, onun avanqardı kimi çıxış edir.
Tofiq Hacıyev dil tarixçisi olmaqla yanaşı, eyni zamanda ədəbiyyat nümayəndələrinin poetik dil-üslub xüsusiyyətlərini də araşdırıb. Onun "Füzuli: dil sənətkarlığı", "Yazıçı dili və ideya-bədii təhlil" monoqrafiyaları olduqca dəyərli əsərlərdir. O, XX əsrdə Azərbaycan ədəbi mühitində böyük dönüş yaradan, xəlqilik prinsipinə əsaslanaraq anlaşıqlı dildə yazan "Molla Nəsrəddin"çilərin dil-üslub xüsusiyyətini də tədqiqata cəlb edib. Müəllif ədəbiyyatımıza inqilabi-satirik üsulu gətirən, həm tragik, həm də satirik üslubi formalara müraciət edən M.Ə.Sabir və C.Məmmədquluzadə əsərlərinin dilindən bəhs edən monoqrafiyalarında böyük inqilabçı Sabir və C.Məmmədquluzadənin satirik dünyagörüşünü formalaşdıran ədəbi ənənə və məktəbləri,ədəbi-satirik dili geniş şərh edib. Şeir və nəsr dilimizin xəlqiləşməsində misilsiz rolu olan "Molla Nəsrəddin"çi sənətkarlar arasında oxşar cəhətləri işıqlandıran alim, Sabir ənənələrini M.Füzuli, M.F.Axundov, C.Cabbarlı kimi dahilərin ədəbi irsi ilə müqayisə edib. Onun "Satira dili" , "Yazıçı dili və ideya-bədii təhlil", "Molla Nəsrəddin"in dili və üslubu" , "Sabir: qaynaqlar və sələflər", "Şeirimiz, nəsrimiz, ədəbi dilimiz" kitabları bu mövzuya həsr olunub.
Tofiq Hacıyevin "Dədə Qorqud kitabı"nın dili ilə bağlı araşdırmaları dilçilik elmində xüsusi yer tutur. "Dədə Qorqud kitabı" abidəsinin nəşri, təbliği, araşdırılması məsələləri alimi daim düşündürüb və tədqiqata sövq edib. O, "Dədə Qorqud kitabı"nın dil-üslub xüsusiyyətlərini ehtiva edən bir neçə monoqrafiya və məqalələrin müəllifidir. Son zamanlar abidəyə maraq və diqqətin daha da artması, "Dədə Qorqud"un 1300 illik yubileyinin, konfranslarının keçirilməsi Tofiq Hacıyevin bu sahədəki elmi fəaliyyəti və dilçilik elmində nüfuzu ilə əlaqədardır. Təsadüfi deyil ki, T.Hacıyevə bu sahədəki əvəzsiz xidmətlərinə görə "Azərbaycan dilçilik elminin Dədə Qorqudu" da deyirdilər. "Dədə Qorqud: dilimiz, düşüncələrimiz" (1999) və "Dədə Qorqud kitabı: tariximizin ilk yazılı dərsliyi" (2014) monoqrafiyalarında, "Dədə Qorqud kitabı" (ensiklopedik lüğət - 2004), "Dədə Qorqud dünyası" (2004), "Qorqud ədəbiyyatı" (2004), "Kitabi-Dədə Qorqud" (əsli və sadələşdirilmiş mətn - 2004) kitablarında, müxtəlif illərdə respublikamızda və xaricdə nüfuzlu toplularda çap olunmuş 30-dan artıq elmi məqaləsində abidənin yazılma tarixi, oğuzların mənşəyi, mədəniyyəti və dili ilə bağlı bir çox məsələlər elmi həllini tapıb.
Gərgin və səmərəli fəaliyyət göstərən alimin ali pedaqoji müəssisələr üçün tərtib etdiyi metodiki dərs vəsaitləri də elmiliyi və aktuallığı ilə seçilir."Azərbaycan sovet ədəbiyyatı" (1988) dərsliyinin ərsəyə gəlməsində həmmüəllif kimi iştirak edən Tofiq Hacıyev XX əsrin ikinci yarısında ( Sovet dövrü) Azərbaycan ədəbiyyatının nümayəndələri olan S.Vurğun, N.Rəfibəyli, R.Rza, B.Vahabzadə, İ.Şıxlı, İ.Əfəndiyevin linqvopoetik xüsusiyyətlərini də tədqiq edib.
Dünya türkləri arasında ortaq türk dilinin reallaşması üçün çox çalışan Tofiq Hacıyevin elmi araşdırmalarının mərkəzində dayanan problemlərdən biri də ortaq türkçə, vahid imla və ümumtürk əlifba məsələsidir. Bütün ömrünü müqəddəs bir amalın gerçəkləşməsinə həsr edən alimin linqvistik konsepsiyasında ideoloji müstəvidə müzakirəyə ehtiyac duyulan türklərin ümumi dilçilik məsələsi xüsusi yer tutur. Türkoloq "Türklər üçün ortaq ünsiyyət dili" (2013) kitabı və bir çox elmi məqalələrində ümumtürk əlifba və imla məsələlərinə dair elmi mülahizələrinə geniş yer verib. 1996-2004-cü illərdə keçirilən ölkələrarası türk dili qurultaylarında, konfranslarda və "Türklər üçün ortaq ünsiyyət dili" (2013) monoqrafiyasında türk dövlətləri üçün ortaq ünsiyyət dili kimi məhz Türkiyə türkcəsi ideyasını irəli sürən alim bütün türk xalqları üçün ortaq türkcənin mühüm əhəmiyyətindən bəhs edərək yeni ədəbi dil yaratmaq fikri ilə razılaşmadığını dəfələrlə bildirib.
Akademik Tofiq Hacıyevin tərcümə sahəsi ilə bağlı elmi fəaliyyəti də uğurla nəticələnib. B.Serebrennikov və N.Hacıyevanın "Türk dillərinin müqayisəli tarixi qrammatikası" (2002), Murad Adcının "Qıpçaq çölünün yovşanı" (1997) və "Dünya və türk: munis tariximiz" (2006), Mikayıl Bastunun "Şan qızı"dastanı və poetikası" (2005), İbn Mühənnanın "Hilyətül-insan və həlbətül lisan" (İnsanın bəzəyi və dilin sahəsi) (2006) əsərlərinin tərcüməsi bu baxımdan öz keyfiyyətilə seçilir. Hətta Türk Dil Qurumu B.Serebrennikov və N.Hacıyevanın məlum "qrammatika" kitabının əhəmiyyətini nəzərə alaraq, Tofiq Hacıyevin tərcüməsində türk nüsxəsini Ankarada nəşr etdirib.
Alimin Roma ədəbiyyatından tərcümə etdiyi: "Katilinaya qarşı birinci, ikinci nitqlər", "Natiq haqqında" risalə", "Qay Valeri Katull. Furi və Avriliyə", "Roma imperiyası dövründə teatr", "Virtuvli. Arxitektura haqqında traktat", "Publi Vergili Maron. Üçüncü nəğmə" əsərləri də Tofiq Hacıyev qələminin və zehninin nə qədər güclü olduğunu bir daha isbatlayır.
Ötən il bu vaxt Tanrı dərgahına qovuşan böyük alimimiz yaşasaydı, bu il yubileyi - 80 illiyi onunla birgə qeyd ediləcəkdi. Təəssüf ki, əcəl aman vermədi. Təsəllimiz budur ki, alim və insan kimi akademik Tofiq Hacıyev yaddaşlarda dərin, silinməz izlər qoyub. Ruhu şad olsun!
Vüsalə
AĞAYEVA
Azərbaycan Dillər
Universitetinin doktorantı
525-ci qəzet.- 2016.- 25 noyabr.- S.4.