Zamanların mozaikası: hadisələr və
şəxsiyyətlər
(Əvvəli
ötən şənbə sayımızda)
Xristian
dini Romada gizli icmalarda yayılırdı, xristianlar təqib
olunur, onlar müxtəlif bəhanələrlə edam olunurdular.
Neronun hökmranlığı dövründə
xristianlar daha çox cəzalandırılırdı. Hətta nəcib
imperator Trayan da Vifiniyadakı vali Kiçik Piiniyə
xristianları təqib etməyi tapşırırdı.
Xristianlara qarşı belə pis münasibətə
yalnız imperator Konstantinin vaxtında son qoyuldu. 312-ci ildəki Roma yaxınlığındakı
Mulviya körpüsü üzərindəki döyüşdə
qələbə belə dönüşün yaranmasına səbəb
olmuşdu. Əfsanəyə görə,
Konstantin, üzərində “Qalib gələcəksən”
sözləri yazılmış xaçı
görmüşdü və bu, onun xristianlığa
keçməsi məsələsini həll etmişdi. Bu əlaməti o, həm də dövlətə, həm
də kilsəyə başçılıq etmək nişanəsi
hesab etmişdi. Çünki imperator hesab
edirdi ki, Xristos yer üzərində allahın valisidir.
Konstantinin hökmranlığı dövründə
xristianlığın əhəmiyyəti yüksəldi,
lakin bütpərəst kultlar
sıxışdırılmırdı. Konstantin Vizantinin yerində
imperiyanın xristian paytaxtını tikməyə göstəriş
verdi və 330-cu ildə bütpərəst
Romaya qarşı duran bu yeni şəhəri Konstantinopol
adlandırdı.
İmperatorun ediktinə görə adamlara din
azadlığı verildi. O vaxtdan etibarən xristianlar digər
dinlərin ardıcılları kimi hüquqlar aldılar. Beləliklə, bütün imperiyada xristianların
təqibinə son qoyuldu. Valilər
dustaqxanalardan xristianları azad edib, onlara xristian ibadətlərini
icra etməyə icazə verdilər.
Dövlət dininin ləğv olunması Roma tarixində
əsaslı dönüş demək idi. Xristianlara icazə verildi ki,
bütün başqaları ilə birlikdə öz
allahlarına sitayiş etsinlər, bunun əvəzində allah özü imperatora mərhəmət
göstərə bilərdi. Xristianlara, onlardan
müsadirə edilmiş əmlak geri qaytarıldı.
Beləliklə, xristianlar üzərində olan təhlükə
tamamilə yoxa çıxdı. Xristianlıq kütləvi
dinə çevrildi. Konstantin xristian kilsə
xadimlərinə bol-bol ianə verirdi, həm də onlara əlavə
imtiyazlar bağışlanıldı. Siyasi
fayda axtaranlar xristian icmalarına axışmağa
başladı. Kilsə dövlətin xidmətinə
düşdü və onların arasındakı sərhəd,
demək olar ki, yoxa çıxdı.
Xristian kilsəsində görkəmli xadimlər meydana gəldi. Şərqdə
kilsənin böyük ataları əsasən IV əsrdə
çalışmış Böyük Vasili, Qriqori
İlahiyyatçı və İoann Zlatoust idi. Vasili Kesariya yepiskopu olmaqla, çoxlu monastırlar
yaratmışdı. Kilsə ibadətlərini
dəyişdirmişdi. Qriqori
İlahiyyatçı üçlük barədə təlimi
işləyib hazırlamışdı. İoann
Zlatoust isə moizələri ilə məşhur idi.
Latın qərbində isə kilsənin ataları
arasında daha məşhurları Amvrosi, Avqustin və
İeronim idi.
Amvrosi günah, tövbə və xeyirxahlıq
məsələlərini işləyib
hazırlamışdı.
Avqustin (354-430-cu illər) xristian dininə heç də
əvvəldən gəlməmişdi. Anasından
xrisitan tərbiyəsi alsa da, təhsil vaxtı o, manixeylərə
qoşulmuşdu. Sonralar o, arianlığa
və manixeyizmə qarşı amansız mübarizə aparmışdı.
Onun həyatı Allahı dərk etmək sahəsindəki
daim davam edən cəhdlərindən şəhadət verir.
İeronim uzun müddət Antioxiya
yaxınlığında səhrada zahid kimi
yaşamışdı. Bibliyanı latın dilinə tərcümə
etmişdi, bu, “Vulqata” adlanır.
Onlardan
başqa, digər görkəmli ilahiyyatçılar da ilk
kilsələrin müxtəlif dini anlayışlarından
Vahid sistem yaratmağa can atmışdılar. Apostolların
şagirdləri olan üç keşiş xristian təlimlərini
izah etmiş, öz məktubları ilə müxtəlif
icmalara müraciət etmiş, bu məktublarda hər şeydən
əvvəl etika məsələləri barədə fikir
yürütmüşdülər.
VII-VIII əsrlərdə İtaliyada və Fransa
torpaqlarında belə bir inam geniş yayılmışdı
ki, guya yalnız dünyadan uzaqda ruhi sakitlik əldə etmək
olar, bu mülahizəyə görə də çoxlu monastırlar
yaradıldı.
Siyasi qaydasızlıqlar, tez-tez baş verən
müharibələr və cəzasız qalan
zorakılıqlar adamların çoxunu məcbur edirdi ki,
monastırlara gedib, orada həyatlarını Allaha həsr
etsinlər. Bəziləri bunda ruhi harmoniyanı bərpa etmək
imkanı görürdülər - monastır həyatı həm
də sosial özünəgüvənmə hissi verirdi.
Monastırlar,
səlib yürüşləri, inkvizisiya, Reformasiya
İtaliyanın Nursiya şəhərində doğulan
Müqəddəs Benedikt yaxşı dünyəvi təhsil
görmüşdü, o, 529-cu ildə Roma ilə Neapol
arasındakı yarı yolda Monte-Kassino
monastırlarının əsasını qoymuşdu. Xristian şərqinin
nümunəsi əsasında o, Qərbi Avropada ilk
monastırlar nizamnaməsini yaratmışdı. Nizamnamə 73 maddədən ibarət olmaqla rahiblərin
həyatını nizamlayırdı. “Dua
et və zəhmət çək!” (Ora et
labora!) bu nizamnamənin baş göstərişi
idi.
Benedikt başlanğıcda zahid olmasına baxmayaraq, o,
adamların birgə yaşadığı monastırı
çoxluq üçün daha yaxşı uyğun gələn
Allaha xidmətin maarifçi məktəbi hesab edirdi. Müqəddəs
Benediktin sərt nizamnaməsi rahibdən bakirliyi, mülkiyyətdən
imtina etməsini, bir dəfə seçilmiş monastıra
ölənə qədər sadiq qalmağı tələb
edirdi. Tabe olmaqla, itaətlə, dua ilə
Benedikt rahibləri apostolları təqlid etməyə və
Xristosa yaxın olmağa çağırırdı. Nizamnamədə əqli əməyə, birinci
növbədə könülü xilas edən mütaliəyə
xüsusi əhəmiyyət verilirdi, bu, sonralar Benedikt
monastırlarının Qərbi Avropanın başlıca mədəni
mərkəzlərinə çevrilməsində mühüm
rol oynadı.
Monastırların çoxunda rahib Benedikt tərəfindən
tərtib olunan qaydalar işləyirdi. Onlar rahiblərə
dua etmək və əməklə məşğul
olmağı məsləhət görürdü. Tezliklə monastırlar böyük siyasi, təsərrüfat
və mədəni əhəmiyyət kəsb etdi. Rahib cəmiyyətinin ciddi təşkilatlanması,
həm də rahib tabeliyi dünyəvi dövlətlərin
idarələrində də təqlid olunmaq üçün
nümunəyə çevrildi. Monastır
əkinçiliyinin yüksək əmək məhsuldarlığı
və mənfəətli ticarət hesabına monastırlar
mühüm iqtisadi faktora çevrildilər. Monastır məktəblərində ruhani və dini
adamlardan başqa gələcək məmurlar və
inzibatçılar təhsil alırdı. Monastır kitabxanaları antik alimlərin və
şairlərin əsərlərini qoruyub saxlayırdı.
Onların surətləri çoxlarına məlum
deyildi. Monastırlardakı həyat tərzi
həddən artıq asketik xarakter daşıyırdı,
icma həyatının əsasına tabe olmaqdan ibarət idi.
Bu özü intizam üçün ən
yaxşı vasitə hesab olunurdu. Kim bunu
pozsa, çox ciddi qaydada cəzalandırılırdı.
Monastırların ərazisində rahiblər
üçün yaşayış otaqları, kilsə,
kapitula salonu, həmçinin təsərrüfat təmsilçiləri,
sənətkar emalatxanaları və qonaqlar üçün
ümumi otaqlar var idi.
Sonralar xristian dini ikona məsələsi üstündə ilk parçalanmaya məruz qaldı. Bizans imperatoru III Lev Suriyalı (675-741-ci illər) öz edikti ilə ikonaya sitayişi qadağan etdi. O, bütün kilsələrdə ikonaları məhv etməyi əmr etdi, ikona ilə mübarizə epoxası başlandı və bu, Konstantinopol patriarxallığı ilə Papalıq arasındakı əlaqənin növbəti kəsilməsinə səbəb oldu. III Lev ərəblərlə müharibədəki məğlubiyyətinin səbəbini onda görürdü ki, xristianlar əldə düzəldilmiş obrazlara sitayiş etməklə Moiseyin qadağasından uzaqlaşırlar. İmperator qadağa yolu ilə ilkin xristian ənənələrini bərpa etmək istəyirdi. Papa III Qriqori gecikmədən buna reaksiya verdi, o, soborda ikona ilə mübarizə aparan imperatoru və onun ardıcıllarını lənətlədi. İkonaya sitayiş edənlərin rəhbəri, yunan kilsəsinin atası isə öyrədirdi ki, dua vaxtı baxışların dikildiyi müqəddəs ikona vasitəsilə dua edənlərlə, həmin vaxt onda təsvir olunan arasında sirli əlaqə yaranır. Sonralar ikonaya qarşı mübarizə barədə mübahisə xüsusilə qızışdı. Mübarizə 787-ci ildə ikonaya sitayişin qələbəsi ilə başa çatdı.
Xristian dini hətta dünyəvi hakimiyyətlərin işinə də müdaxilə edirdi. Roma papaları kralları kilsədən təcrid etmək üsuluna da əl atırdılar. 1077-ci ildə baş verən “Kanossa təzimi” buna nümunədir. Papa VII Qriqoriyə, bir il əvvəl kilsədən təcrid edilmiş alman kralı IV Henrix İtaliyadakı Kanossa qəsrində tövbə etməyə gəlmişdi, bu münasibətin korlanmasının qızışmasına səbəb kralın Milanın yepiskopunu təyin etməsi olmuşdu. Kralın başçılıq etdiyi sinod papanın devrildiyini elan etdi. Buna cavab olaraq papa Henrixi kilsədən təcrid etdi.
Henrix mürəkkəb vəziyyətdə qalmışdı. Onun tabeliyində olan knyazlar Henrixi hədələdilər ki, yeni monarx seçəcəklər. Papa VII Qriqori imperiya yığıncağında iştirak etmək üçün Almaniyaya dəvət olunmuşdu. Bu vaxt IV Henrix hamını qabaqladı. Almaniyaya səfərə hazır olan papanı dayandırdı. Kral üç gün Kanossa qəsrinin darvazası ağzında dayanıb, soyuqda bir yun xalatda, ayaqyalın və heç bir qida qəbul etmədən öz bağışlanmasını gözləyirdi. Nəhayət, bu, ona nəsib oldu və o, papanı Almaniyadakı daxili mübarizədə iştirakdan kənarlaşdıra bildi.
Lakin sonralar həm kralın, həm də papanın taleyində dəyişikliklər baş verdi. Henrix krallığında qaldı, Romada isə yeni papa seçildi. VII Qriqori İtaliyanın cənubunda sürgündə oldu.
Xristian dininin ən böyük biabırçılıqlarından biri, adamların xurafatından istifadə edərək Səlib yürüşlərini həyata keçirmək, nəticədə çox qan axıdılmasının və digər vəhşiliklərin baş verməsi idi.
Klermonda 1095-ci ildə keçirilən soborda papa II Urban Müqəddəs torpağı işğal etmiş səlcuqlara qarşı Səlib yürüşünə çağırdı. Onun Sahibin qəbrini dinsizlərdən azad etmək çağırışı “Allah bunu istəyir” şüarı ilə müdafiə olundu. Bütün Avropada Palestinaya səlib yürüşü etmək barədə ehtiraslı məruzələr oxunması başlandı. 1096-cı ilə Şimali və Mərkəzi Fransadan, Flandriyadan, Almaniyadan əsasən kəndlilərdən və kiçik rıtsarlardan ibarət minlərlə könüllülər toplandı. Onlar, demək olar ki, silahsız idilər, nə atları, nə də ərzaq ehtiyatları var idi. Şərqə tərəf irəliləyərkən qəddarcasına yəhudi qırğınları törədir, soyğunçuluqla özlərinə qida əldə edirdilər. Onun çox hissəsi yolda öldürüldü və ya qaçıb dağıldı. Qalanları isə Kiçik Asiyada səlcuqların əli ilə həlak oldular.
Yoxsullardan sonra Müqəddəs torpağa bütün Avropada toplanmış rıtsar qoşunu yollandı. Bu, birinci Səlib yürüşü idi. Ona tanınmış senyorlar başçılıq edirdilər, onların içərisində fransız və ingilis krallarının qardaşları da var idi. Lakin bizanslılar “franklar” adlandırdıqları səlibçilərə nifrətlə yanaşırdılar. Hətta bir “frank” Kostantinopolda imperatorun taxtına oturaraq, qəbul edə bilmirdi ki, necə olur ki, bu qədər şərəfli rıtsarların iştirak etdiyi yerdə Bizans imperatoru taxtda tək otura bilsin. 1098-ci ildə Kiçik Asiyada ilk səlibçilər dövləti - Edessa krallığı yarandı. Əsas qüvvələr Suriyaya gəlib Antioxiyanı mühasirəyə aldı. Mühasirə yeddi ay davam etdi, nəhayət, onlar şəhərə girdilər. Bu dəfə səlcuqlar onları mühasirəyə aldı. Əfsanəyə görə, onları məhv olmaqdan möcüzə xilas etdi, onlar düşmən üzərinə atılıb, qələbə çaldılar. 1099-cu ilin yayında Xristosun döyüşçüləri Yerusəlimi tutdular. Onlar müsəlmanlara və yəhudilərə qarşı vəhşicəsinə divan tutdular, sonra evlərə girib, əllərinə nə keçirdisə, hamısını götürürdülər. Bir səlibçi vətənə göndərdiyi məktubda yazırdı ki, atlarımız dizinə qədər dinsizlərin qanı içərisində gəzir. Səlibçilərin əsas dövləti Yerusəlim krallığı oldu.
İkinci Səlib yürüşünə isə səbəb müsəlmanlar tərəfindən Edessa qraflığının tutulması oldu. Bu Səlib yürüşündə 240 min adam iştirak edirdi. Lakin Müqəddəs torpaqda səlibçilər uğursuzluqla üzləşdilər. Səlcuqlar Kiçik Asiyada rıtsarları tarmar etdilər. Fransızların Fələstini vurmaq istəyi də uğursuzluqla nəticələndi. Ona görə də 1149-cu ildə əvvəlki ildəki məğlubiyyətlərə görə yürüşün rəhbərləri olan Fransa və Almaniya kralları geri, vətənə qayıtdılar.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2016.- 26 noyabr.- S.22.