“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

 

 

 

 

I cild (noyabr 1918 - aprel 1920)

 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov

 

Transliterasiya redaktorları: professor  Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Azərbaycan Məclisi-Məbusanında 10-cu iclas

 

Məlikaslanov - (Təriq və məabir naziri) Ticarət və sənaye naziri burada olmadığından bir məsələ həqqində bən bir qədər məlumat vermək istərəm.

 

Qara bəy yeni təşəkkül etmiş olan bürodan bəhs etdi. Onun sözündən belə çıxıyor ki, guya məzkur büro heç bir işə lazım degilmiş və onun mənfəəti yoxmuş. Fəqət natiq bu məsələyə birtərəfli baxıyor. Amma bən ərz ediyoram ki, büronun mənfəəti vardır. Vardır da: ancaq bu mənfəəti xəlq hiss etmiyor, görmiyor. Məzkur büroyu neft mədənçiləri Sovet Syezdi təşkil etmişdir və hökumət bunu biliyor. Özü də razı olmuşdur. Onun təşkilindən məqsəd budur ki, bütün neft bir pul ilə, bir qaidə ilə bir əldən satılsın. Çünki satış sərbəst olub neft ixracı üçün hamıya izn verilsə, o halda işlər düz getməz. Söz burasındadır ki, hal-hazırda Bakıda neft çox-çoxdur və mədənçilərin pula çox ehtiyacı var. Hətta o qədər ehtiyac var ki, bu saat hökumət onlara pul ilə kömək ediyor, etməsə heç biri mədəni işlədə bilməz, fəhləyə maaş verə bilməz. Bundan dolayıdır ki, əgər neft satışında sərbəstlik olsa görürsən bir mədənçinin pula ehtiyacı oldu. Götürdü neftin qiyməti 5-6 manat ikən o satdı üçdən bir qiymətə, bu surətlə ucuz qiymətlə külli miqdarda neft satılsa məmləkətin sərvəti hədər olar. Digər tərəfdən sizə bildirməliyəm ki, o neftin həpsi mədənçilərin degil, üçdə bir hissəsi hökumətindir. Ona görə hökumət neftin dağılmasına heç vəqt razı ola bilməz. İştə böylə şeyləri mülahizə edərək hökumət büronun təşkilinə razı olmağa məcbur idi. Fəqət bununla bərabər hökumətin fikri var. Büroyi bir qədər dəgişsin, qiymət və sairəyi islah etsin, çünki neft işində bəzi qeyri-məmul şeylər oluyor.

 

Rəsulzadə M.Əmin - Bir məsələ üzərində çox mübahisələr edildi. Bən də istər-istəməz nitqimi o məsələyə qaytarmağa və cüzi də olsa ondan təkrar bəhs etməgə lüzum görüyorum. Çünki arada bəzi suyi-təfəhhüm vardır: onları izah etmək məcburiyyətindəyəm. Ağamalı oğlu türklər həqqindəki danışığında “Müsavat”ı da əlaqədar tutdu. Keçən nitqimdə bən, sosialistlər türklərin düşmənidir deməmişdim. Bənim sözlərimdən böylə bir məna da çıxarılamazdı. Fəqət möhtərəm Əhməd Pepinov cənabları kəndi nitqlərində uzun-uzadı bir xüsusda bəhs edərək hətta alicənab türk şairi Məhəmməd Əmin bəy cənablarının qəlbinin tərcümanı olaraq ən dərin guşələrindən qopub gələn hissiyyatlarını misal gətirib o möhtərəm şairin sərih vicdanına sığınaraq kəndilərini müdafiəyə qalxmışdı. Fəqət buna hacət belə yoxdu. Çünki sosialistlər xəlq tərəfdarı olduqları üçün heç bir millətə düşmən olmadıqları kibi türklərə də düşmən olmazlar. Zatən böylə olmasaydı sosialist də olmazdılar. Bütün dünya beynəlmiləliyyətini müdafiə etməzlərdi. İştə bu nöqteyi-nəzərdən əfkar və səmimiyyətlərinə bütün mövcudiyyətimlə qətiyyən inandığım sosialistləri bu fikirdə təsvir etməzdim. Fəqət ortada bir yanlışlıq görülüyor ki, bu da türklərin dəvət edilməsi məsələsindədir. Əvət bir millət müşkül vəziyyətdə qaldıqda bir qonşusuna müraciət edər, yardım, imdad istər. O qüvvə təbii o millətin fəhlə və əkinçiləri degil, mütəşəkkil və müntəzəm əskəri olacaqdır. Bu surətlə bir qüvvə tələb edilirsə ərz etdigim vəcə üzrə o qüvvə türk millətinin əkinçi, yaxud başqa bir sinfi degil, ancaq o millətin hökumət və müntəzəm qüvvə əskəriyyəsini çağırmaqdan bəhs ediliyor deməkdir. Əvvəla türk qüvvəsini buraya cəlb üçün hökumətə təhrirən müraciət olunduqda “Müsavat” degil, sosialistlərdən Əhməd Cövdət də bənim ilə bərabər haman kağızı imza etmişdi. Ağamalı oğlunun dili topuq çala-çala söylədigi yanlış nitqinə görə degil, “Hümmət” firqəsinin Tiflisdə nəşr olunan “Probujdeniye” qəzetəsində türklərin Azərbaycana çağrılmasını “Müsavat” tərəfindən bir xəyanət kimi tələqqi edərək durmasından dolayı bu örtülü məsələnin bir dəfəlik üstünü açmağa məcbur olduq. Çünki vəqt gəlmişdir, biz bu vəqti qaçırmayaraq üzərində xəyalilə oynanılan əfkarımızı və nöqteyi-nəzərimizi xəlqə, Azərbaycan əhalisinə, hətta bütün dünyayə elan edəlim ki, əvət türkləri Azərbaycana biz çağırdıq, bu fikrimizlə də millətimiz faidə təmin etdik və bu çağırmaqlığımızdan qətiyyən peşiman degiliz. Hətta heç bəgənmədigimiz “İttihad və Tərəqqi” hökuməti idarəsindəki qüvvəyi çağırdıq. Lakin Türkiyəyə sultan hökumətmi, cümhuriyyətmi, yaxud başqa bir tərzi-idarəmi lazımdır? Burası əsaslı bir məsələdir. Biz hələ iki yarım quberniyalıq Azərbaycanı idarə etməkdən aciz ikən aləmşümul bir məsələdən bəhs etməgin nə məkanıdır, nə zamanı. Əhməd bəy cənablarının buyurduğu və şeriyyəti sübut gətirdigi Məhəmməd Əmin bəy cənabları döyüşkən türk millətinin kəndlərinin halına ağlamaqla bərabər kəndisi də eyni zamanda Məclisi-Məbusan əzasından biridir və lazım bilsəydim ərz edərdim ki, Əhməd bəyin oxuduğu şeirləri də şimdiki hökumətə degil, Əbdülhəmid istibdad əleyhinə yazmışdır və Əhməd bəyin bəgənmədigi hökumətin icraatını təsvib ediyor. Keçəlim sorğu məsələsinə:

 

Əlaqədar bulunduğumuz məsələ bizə aydındır. Buraya gələn türk əskərlərinin hərəkəti tənqid ediləməz. Zira onlar əskər halında gəlmişlərdir, idarə üçün degil, dedilər. Əvət bulunduğumuz Türkiyə mərkəzlərindən heç birində bir türk siyasisinin ağzından “biz oraya idarə məqsədilə gəlmək istiyoruz” deyə bir söz eşitmədik. Biz bunu əlbəttə bilirdik ki, türklər burayı idarə etmək və Bakıyı İstanbula qoşmaq istəmiyorlardı. Fəqət burada bizim öz bəglərimiz və paşalarımız vardı ki, nə surətlə olsa da türkləri böylə bir siyasi xətayə sövq etdilər. Onları iğfal ediyorlardı. İştə bu cərəyanə qarşı idi ki, “Müsavat” mübarizə ediyordu (Alqış). Əvət, türklər vəqtində gəlmiş, bizi ümumi qırğından xilas etmişlərdir. Onların Azərbaycana təsbitən xidmətinə qarşı azərbaycanlıların ürəgində minnətdarlıq hissi o qədər ülvi, o qədər böyükdür, necə ki, Bolqariyaya hürriyyət verən, bolqarları xilas edən rus əskərilərinə qarşı bolqarların hissi-alidir. Biz onların bu xidmətini əbədilik xatirimizdə saxlamaq üçün məmləkətin çox yerində abidələr qoymalıyız. Fəqət bu - o demək degildir ki, türklər hər bir xətadan mübərradırlar və onları tənqid etmək olmaz. Böylə bir ehtiram üsulu əski zamanların bütpərəstlərinə məxsus bir ehtiramdır. Müasir bir iş degildir. Türklərdən bəzilərinin işlədigi xətaları tənqid etməsək, uğrumuzda canını fəda etmiş türk qəhrəmanlarına səmimi bir ehtiram bəslədigimiz təsəvvür olunmasın. O fədailər böylə mərasi ehtiramlara düşgün degildirlər. (Alqış) Əvət təbiidir ki, heç bir firqə böylə tənqidin əleyhinə olmaz. Fəqət buna da heç kəs razı olmaz ki, imdad əlin vəqtində bizə yetirmiş olan fədakar insanlar tənqid əvəzinə təhqir edilsinlər. Qara bəy əfəndi türklərin bu fədakarlığını hamıdan daha əvvəl bildiklərini söylədilər ki, hələ 11 il bundan əvvəl Tələt Paşa, Ənvər Paşa və sairləri bənim yanımda Qafqasiyaya gəlməyə and içmişlərdi, bu ola bilər. Ehtimal ki, doktor Qara bəy bu xəbəri tezlik ilə yetirmək üçün dəxi yolunu yarımçıq kəsib tezliklə Qafqasiyaya qayıtdı. (Alqış)

 

Sonra natiqlər burada bizə bir şey istinad etdilər. O barədə də fikrimizi təshih etmək istərəm. Diyorlar ki, “Müsavat” hökuməti müdafiə ediyor. “Müsavat” hökumət firqəsidir. Bunu bilməlisiniz ki, bizim bütün qüvvəmizlə edəcəgimiz, bəzən hətta bilaşərt və qeyd tabe olacağımız hökumət yalnız tamamilə müsavatçılardan təşəkkül edərək hökumətdir. Zamanı ki, hökumət tamamilə müsavatçılardan degil və bu saat kolasyon (müştərək)dir. Böylə hökumətə biz bəzi şərtlər ilə tabe olub onu müdafiə ediyoruz. Siz bilirsiniz ki, “Müsavat” parlamanda əksəriyyət təşkil edən bir mərkəz degildir. Hökumət hamı firqələrdən təşəkkül etmişdir. Ona görə heç vəqt “Müsavat” firqəsi hökumət icraatının bütün məsuliyyətini yalnız öz öhdəsinə götürməz. Parlamentarizm və müştərəklik əsasilə qurulmuş bu hökumətdə də “Müsavat” əksəriyyət təşkil etmiyor. Nəinki əksəriyyət, hətta məsuliyyətini öhdəsinə götürəcək dərəcədə məsuliyyətli surətdə belə iştirak etmiyor. Ancaq söyliyəlim: hökumətin baş vəzirini biz vermədik. Hətta baş nazir verərkən o ya bu nəzarəti istiyoruq - deyə israr etmədik. Əgər hal-hazırda hökumət daxilində bizim nazirlərimiz varsa, onlar da istər-istəməz qalmışlardır. Onə görə deyirəm ki, bizim müdafiə etdigimiz hökumət degil hökumət fikri, məmləkdarlıq fikridir. Müsavatçılar biliyorlar ki, hökumət olmasa əhval pərişan, vəziyyət fəna olar, məmləkət dağılar. İştə bu mülahizələrlədir ki, müsavatçılar qabaqca ölçər, biçər, etimad edər və bir kərə etimad etdikdən sonra onu yarımçıq geri alıb hökuməti düşürərək məmləkəti başsız qoymaz. (Alqış)

 

Bizə burada dedilər ki, Quba qəzasında Dağıstana meyl olduğu müşahidə ediliyor. Bən bunu kəmali-məmnuniyyətlə qeyd ediyoram ki, bu xəbərləri tamamilə təkzib edərək qəzanın bu barədə nə qədər münfəil olduğunu Quba nümayəndəsi söylədi. Zaqatala nümayəndəsinin dəxi borcu idi bu kürsüyi müəlladan Rəsulzadəyi tənqid etmək əvəzinə bəyan edə idi ki, Zaqatalada qətiyyən Gürcüstana meyl edən bir firqə yoxdur. (Alqış) O bunu unutdusa bən cəsarətlə deyirəm ki, zaqatalalılar həqqində deyilən bu söz qətiyyən yalandır və onlarda böylə təmayül olamaz.

 

Burada sosialist natiqlərdən Əbilov onlar ilə bizim aramızda olan fərqi isbata çalışaraq dedi ki, Rəsulzadə dünki nitqində quldurlara qarşı tədbir görməkdən bəhs edərkən kəndlərdə firqə şöbələri açmağı təklif etdi. Fəqət demədi ki, kəndlərdə zemstvo qurmaq lazımdır. Onlar isə zemstvo tələb ediyorlar.

 

Natiq bununla isbat etmək istiyor ki, guya biz kafi dərəcə demokrat degilmişiz? Çünki zemstvodan əvvəl firqə təşkilatı tələb etdik. Fəqət bilməlidir ki, zemstvolar, bələdiyyə idarələri və sair ümum cəmaət müəssisələri imanı-kamil, etiqadı dürüst siyasi məslək xadimlərinin tərvic etdikləri fikrilə əmələ gələ bilər. Əgər firqə təşkilatı fədakar xadimlər və demokratik fikr mürəvvicləri köylərə getməmiş, xəlq içinə varmamış onları anlatmamışlarsa demokratik müəssisələr təşkil edilsə belə həqiqi demokratik olmaz. Və böylə olan surətdə məqsəd ələ gəlməz. Demokratik firqələrin fikri bir mayadır. Maya vurmadan qatıq gözləməməlidir. Odur ki, xəlq ruhuna bu mayayı vurmalı, sonra demokratik müəssisə təşkilatı gözləməlidir.

 

Əhməd bəy türklükdən bəhslə diyor ki, biz də türküz. Bu doğru. Amma türklük ilə türkçilik arasında böyük fərq vardır. O fərq nədir? Türkiyəyi bizə misal gətiriyorlar. Diyorlar ki, orada demokratik firqə yoxmuş və onlar onun üçün onların başına gəliyormuş. Lakin bən diyoram: millətdə milli ruh, milli idrak, etirafi-milliyyə, şəxsiyyəti-milliyyə lazımdır. Biz millətə bunu verməgə çalışıyoruz. Sosialistlər ancaq proğram üzərinə danışırlar. İştə onlar ilə bizim fərqimiz budur. Əkinçiyə topraq, fəhləyə iş vermək şüarı hamı demokrat firqələrin proğramında var. Fəqət sosialistlər ilə bizim firqəmiz budur ki, onlar beynəlmiləlçidirlər, biz isək demokrat millətçi. Millətçi demokratlığın nə qədər cəmaətə faidəli, zamanın tələbinə müvafiq olduğunu Qafqasiya təcrübəsilə göstərərək, isbat edərək göstərə bilərəm ki, məsələn gürcü sosial-demokratiyası cəmaətə nicat vermək üçün nasyonal demokratlıq üsulundan başqa bir çarə tapmadı. O da artıq bu yola girdi. (Soldan: yalandır) Əfəndilər! İştə bu dövləti nöqteyi-nəzərindən məmləkətin əhvalını becərək, sorulan məsələləri ölçüyə vəz edərək tələb edirdik ki, bütün firqələr hökuməti tənqid edərkən zaman və məkan xaricində degil zamanın, məkanın daxilində olaraq tələbatlarını verməlidirlər. Müəyyən bir sorğu varsa əvvəldən bu sorğuyu mətləbdən uzaqlaşmayaraq məhdud bir vəziyyətdə müdafiə və müzakirə etməlidir. Məsələn nəzarətdən bəhs edərkən ümumi siyasətə keçmək və hər şeyə qulb qoymaq, yemək, içmək, yandırmaq şeylərdən bəhs edərkən məarif nəzarətini araya soxmaq səhih olamaz. Necə ki, dün neftdən, bezdən bəhs olunurkən gəlib qaradavoylarda durdular. Bizim söylədigimiz də bu üsuli tənqiddir. Bu hallar ilə biz pək iləri gedə bilməriz.

 

Qara bəy bizi dünki nitqində sindikat ilə də qorxutdu. Bu xüsusda nazir də bəyanat verdi. Ticarət və sənaət nəzarətində üsulsuzluq daha çoxdur. Biz onların üstünü örtmək istəmiyoruz. Biliyoruz ki, birisinə məsəla bir şərtilə, digərinə də ayrı bir şərtilə icazələr verilmişdir. Qüvvətli bir tacir asanlıq ilə digər bir tacir isə pək güclük ilə icazə almağa müvəffəq oluyor. Siz bu üsuli dəyişə bilərsiniz. Əlinizdə ixtiyar vardır və mümkündür. Xüsusi bir komissiya intixab edərsiniz. Hətta əmr edə bilərsiniz ki, şimdiyə qədər verilmiş olan icazələr haman bu dəqiqə dayandırılsınlar. Böylə ixtiyar və imkan varkən hərçe badabad hökuməti düşürəlim, etimad etmiyoruz deməklə hökumət dəgişdirilsə, hətta bu hökumət istefa versə ki, onlar arzu belə ediyorlar, gələcək hökumət daha yaxşı olacaq? Və bunların yerində lazım olan bir hökumət bulundura biləcəkmisiniz, buna etiqadınız varmı? Madam ki, gələcək hökumətin bunlardan daha fəna olacağını özünüz də etiraf edərsiniz, o halda hökumətə ehtiram etməlidir. Biz etimadını ciblərində saxlayan “İttihad”ı söylüyoruz. Hərçəndi onlar belə Zaqatala yolları həqqində formul verərkən və qəbul etdirərkən kəndiləri bilmədən etimadlarını ciblərindən çıxarıb bir kərə hökumətə bəyani-etimad etmiş oldular. Fəqət onlar etimadlarını ciblərində saxlaya bilərlər. Amma ondan etimad etmiş olan firqələr o vəqt etimadlarını geri götürə bilərlər ki, ortada mühüm bir təbəddülat olsun. Yəni deyə bilsinlər ki, etimad verərkən filan şey vardı. Şimdi yoxdur, yaxud o vəqt yoxdu, şimdi var. İştə məsələyə böylə hökumət və dövlət nöqteyi-nəzərindən baxıb bizlər əvvəldən olduğu kibi şimdi də hökumətə etimadımızda baqi qalıyoruz. Ticarət və sənaye nəzarətindəki, bəzi yolsuzluqlar həqqində isə onların rəfi çarəsinə baxılmalı və bu xüsusda hökumətə yolilə ixtaratda bulunmalıdır. Kürsüdən düşmədən əvvəl Aslan bəy Qardaşovun bir sözü həqqində bir neçə kəlmə danışmaq istiyoram. Aslan bəy söylədi ki, nə üçün müsavat “xəyanət” sözünü işlətmiyor.

 

“Müsavat” firqəsi naminə söz söyləyənlər pək əla biliyorlar ki, hankı sözü nə vəqt söyləmək olar və nə vəqt olmaz. “Müsavat” söz söylərkən söylədigi sözü əvvəla vəzn edərək ölçər, biçər danışar. “Müsavat” xəyanət dedimi, sözünü haman isbatə qalxar və isbat edər. “Müsavat” biliyor ki, məbusluq sözü və kürsüsü minbərdir. Məbus söylədigi sözdən məsul degildir. Hər şey söyləyə bilər. Fəqət maddətən məsul degilsə də mənəvi məsuliyyəti vardır. Bu etibarla xəyanət sözündən bəhs etdikdə onu havaya tullamayır, məsuliyyəti düşünərək sözlərimizi boşa sərf etməyiz və bunu məbusanə dəxi tövsiyə etməyiz. (Mərkəzdən alqış).

 

“Azərbaycan”, 18 fevral 1919, ¹ 116

 

İğfal - qəflətə salma, aldatma

Münfəil - həyəcanlı, xəcalətli

Müəlla - yüksək

 

(Ardı var)

Şirməmməd HÜSEYNOV

 

525-ci qəzet.- 2016.- 26 noyabr.- S.21.