Sözün Sehri - Məmməd Araz möcüzəsi!

 

 

 

 

Görüşünə gəlmişəm böyük ustad!

 

Ad gününüzdə məndən “Məmməd Arazın 65 illiyinə çox qısa dost sözü” istəyiblər. Amma mən Sizin haqqınızda qısa, ən başlıcası isə emosiyasız danışa bilməyəcəyəm...

 

Məmməd Araz yeganə adamdır ki, mən onunla görüşəndə əlini öpüb gözümə qoyuram. “Ana yurdum hər daşına üz qoyum”, deyən şairin hər sözünə, hər misrasına üz qoyur, onu and yerim bilir, qarşısında böyük ehtiramla baş əyirəm.

 

Dost sözü iddialı səslənir, özümü - M.Araz pərəstişkarı, onun sehrinə düşmüş yüzlərlə - minlərlə insandan biri hesab edirəm. Məclislərdə, tədbirlərdə ağzı yağlı-içkili, şeirdən, poeziyadan uzaq adamların yerli-yersiz durub M.Arazın üzündən öpməsini qəbul edə bilmirəm. Məzarı ziyarətgaha çevrilmiş Mir Möhsün ağanın şəklini görəndə, qeyri-iradi Məmməd əmi gözlərim önünə gəlir. Yəqin səhhətlərindəki oxşarlıq, paklıq məndə belə reaksiya yaradır.

 

Ulduzlara barmaq silkib daş atan, şəlaləylə qurşaq tutan şair, neçə illərdi məhrumiyyətlərə, əzablara düçar olub. Ən adi işlərdə, - paltarını geyməkdə, üzünü qırxmaqda köməyə möhtacdı. “Azəri torpağı son kəfənimdir, doymaram bu qara bezimdən mənim” nidalı dahi; - keçəl yoxuşların, qozbel diklərin dolayında, özündən özünə yol gedən M. Araz, hələ əlli yaşında yazırdı:

 

Hələlik düşüncəm, qəlbim duyğulu,

Kiməsə gəmiyəm, kiməsə yükəm.

Vay odu - olasan yataq yorğunu,

Vay odu vədinə ölüm gecikə.

 

Lentin yaddaşında saxladığım söhbətlərimizin birində deyir: - “Xəstəlik mənim əlimi, ayağımı, nitqimi, dilimi vurub. Ancaq ürəyimə, beynimə dəyməyib”.  Nə qədər ağır olsa da, buna da şükür, - deməkdən özümü saxlaya bilmirəm.

 

O selablar seləliyim yalanmış,

Ötən günlər çalağanmış, çalanmış.

Bircə kövrək xatirələr qalanmış,

Onu da ki, ha çevrim, ha sanım...

 

M.Araz sözünün sehrinə nə vaxtdan düşdüyümü bilməsəm də, onu bilirəm ki, şeir, məndən ötrü elə həmişə möcüzə olub!

 

Nə yanar kimsə mənə atəşi-dildən özgə

Nə açar kimsə qapım badi-səbadan qeyri.

 

Nəhəng, azman Füzulimizin bu ölümsüz beyti qarşısında neçə yüz illərdi insanlar riqqətə gəlir! Məmməd Araz yozumu isə, oxucunun Füzuli nəfəsini dadmaq, duymaq, ciyərlərinə çəkmək, ona üz tutmaq imkanı yaradır.

 

“Sözün sehrinə bax, qüdrətinə bax!” - nidası ilə başlayan M.Araz heyrətində belə bir güman yeri var:

 

Sən ki, məhvərisən söz dünyasının,

Niyə bir həmdəmin yoxundu sənin?

Bəlkə külək deyil qapını açan,

Evinə sığmayan ahındır sənin

Qəlbimdə bir nəğmə dil açdı yenə,

Ay ellər, bir sevda nəğməsidir o.

Açın qapıları səba yelinə,

Açın, Füzulinin nəfəsidir o...

 

Məmməd Araz yozumunun qüvvəsidirmi, ya Füzuliyə ehtiram rəmzidirmi, çox vaxt səhər-səhər; - pəncərəni açım bir az Füzuli nəfəsi gəlsin, deyirəm. Kənddə, təbiət qoynunda olanda tez durub, - bir az Füzuli nəfəsi dadaq, - söyləyirəm. “Badi səba”- səhər yeli, məndə ömürlük bu assosiasiyanı yaradacaq!

 

Salam, a gədiklər, salam a dağlar!

Yenə bir qayada göyərdin məni.

Salam, a zirvələr, salam, a dağlar!

Yenə bir nəğməlik köyrəldin məni...

 

Sən demə, köyrəkliyin də ölçü vahidi olarmış - “bir nəğməlik”!

 

Sən demə, istəyin də - “yenə bir qayada göyərdin məni” kimi M. Araz meyarları olarmış! Həm də vətən sevgisi nə qədər sonsuz olmalıdır ki,  mamır ömrünə  qail olub, qayada göyərməklə də təsəlli tapasan.

 

Yaxud, torpağın, dərələrin, qayaların “gəzinti vahidlərinə” fikir verin; - “daş-daş”, “qaş-qaş”, “kaha-kaha”!

 

Bu torpağı gəzməmişəm hələ daş-daş,

Dərələri kaha-kaha, qayaları hələ qaş-qaş.

 

Məmməd Araz şerində insanı valeh edən, heyrətləndirən cəhət, həm də şerlərdəki məna tutumu, - böyük bir tarixi bir bənd şerə yükləyə bilmək ustalığıdı.

 

Bəxtimə bir yazı qurumu dəydi,

Taxtıma iki əl qırımı dəydi,

Gözümə bir Araz şırımı dəydi,

Yüz Araz töküldü gözümdən mənim.

 

“Araz şeirinin Araz şairi”, bu mövzuya onlarla şeir həsr edib. Lakin elə təkcə bu misraların daşıdığı yük, tutum, məna kifayətdir ki, Türkmənçay - Gülüstan müqavilələri, onu imzalayan iki əl, iki dövlət, parçalanmış gözü yaşlı Azərbaycan və onun faciələri haqda təsəvvür yaransın. Həm də bu üsyankar səs o vaxt ucalır ki, Azərbaycanda siyasi nəzarətin ən gur çağlarıdı.

 

Bu bənddə də göz yaşı “vahidi”, - M. Araza qədər işlənən bütün ölçü vahidlərini; - “sel kimi”, “leysan kimi” və sair, hədləri keçir. Sel də, leysan da müvəqqətidi, tezliklə dayana bilir, daima axan Arazdı, o ki, qala - “yüz araz” ola! Yüz Araz töküldü, gözümdən mənim...

 

M.Araz sözünün sehrini, möcüzəsini, tutumunu onun şeirlərini açıqlamaq cəhdi edəndə bilmək olur.

 

Öyünəsi bircəm idin, birimdin

Yön tutası qibləm idin, pirimdin,

Taleyimə dan ulduzu bilirdim,

Karvanqıran olmağın da olarmış...

 

Dan ulduzu - Zöhrə ulduzu klassik Şərq ədəbiyyatında və mifologiyasında məhəbbət rəmzidir. Məhəbbətdən yaranan xəstəlikləri də o adla zöhrəvi xəstəliklər adlandırıblar.

 

Rəvayətlər həqiqət deyil, lakin səbəbsiz də deyil. Rəvayətə görə, gecə səfərə çıxan karvan ən işıqlı ulduza, Dan ulduzuna yön tutaraq hərəkət edir, təcrübəsiz Sarban səhər açılanda görür ki, ulduz onu “aldadıb”, - azıblar və karvan əhli susuzluqdan qırılıb məhv olur. O vaxtdan Dan ulduzuna “Karvanqıran” da deməyə başlayırlar.

 

Bu haqda olan biliyimi artırmaq üçün ensiklopediyanı vərəqləyib, Dan ulduzu haqda oxuyuram:

 

- Şərqdə Zöhrə, Romada Venera adlanan məhəbbət və gözəllik ilahəsi. Öz oxu ətrafında fırlanma istiqaməti, günəş ətrafına dolanma istiqamətinin əksinədir. Ona görə də Venerada fəsil dəyişməsi olmur və həmişə Günəş yaxınlığında görünür. Odur ki, Venera Günəş çıxandan az əvvəl Şərqdə (Dan ulduzu), Günəş batandan az sonra Qərbdə (Karvanvanqıran) görünür. İki ad daşıyan bu ulduzun bir çox sirləri uzun müddət açılmamışdı.

 

Bir bənd şeirdə bu qədər məlumat tutumu əlbəttə möcüzədir.

 

... Bu şeir parçasının bir acı qəribəliyi də mənimlə bağlıdı. Dünyadan vaxtsız köçmüş həyat yoldaşımın qəbir daşına yazdırdığım bu bir bənd şeirin, - həyatıma, taleyimə aid, yüzlərlə açması, izahı isə həmişəlik içimdə qalacaq!...

 

M.Araz şeirlərindəki təbiət lövhələri isə məni hər oxuyanda sehrləyib. Sözlə təbiət tablosu yaradır, təki əlini alnına qoyub bu tablolara baxmağı bacarasan:

 

Bu dərə nə dərin, nə dar dərədir.

Bura muzey - dərə, məzar - dərədir.

Ürəyi dolanda təbiət hərdən

Çəkilib gecələr ağlar burada

Qasırğa əlindən, tufan əlindən

Qaçırıb dumanın, saxlar burada.

 

Millət təəssübü, torpaq qeyrəti gələndə isə tanınmaz dərəcədə sərtləşir M. Araz. Ağlı gödəninə calaq millətin ruzisinə - yem deyir.

 

Demədim kimə şah, kimə yetimsən,

Bu qara millətin bu ac millətin.

Dedim ki, yemini Allah yetirsin,

Ağlı gödəninə calaq millətin!

 

Payını it qapar maymaq millətin!

Yamaq millətlərə, yamaq millətin!

Qadını ər doğmaz qorxaq millətin!

Məni bağışlayan olarmı? - Çətin!

 

Və son olaraq oxuculara; - yaranma yeri-məkanı, şəraiti haqda müxtəlif rəylər, “şahid ifadələri”, mübahisələr doğurmaqda davam edən, “Əlvida dağlar”- (Salamat qal), şeiri ilə bağlı bir açıqlama ərmağan edirəm. Arxivimdə qorunan bu qiymətli videolent M.Arazın öz dilindən söylənilən əziz xatirə yadigarlardan biridir:

 

... 1991- ci il iyul ayının axırıdır. M.Araz yoldaşı, nəvələri ilə birlikdə Qubaya gedib. Sumqayıtdan Cəfər həkim və bir dəstə M.Araz sevənlər, şairin ziyarətinə yollanır, - qaldığı Digah kəndinə çatırıq. Şairlə görüşün, təmasın yaratdığı xoş əhvali-ruhiyyə ilə bərabər, qaldıqları köhnə, darısqal evin, həyətin ümumi görkəmi ürək ağrıdır?!...  Həyat yoldaşı Gülxanım müəllimənin ata yurdudu. Təklikdə yanaşıb soruşuram: - Məmməd əmi, Şahbuza öz kəndinizə niyə getmirsiz, istəsəz sizi aparıb rahatlayıb qayıdaram.

 

- Yox, - orda yanıma gəlib - gedən çox olur, narahat oluram, həm də uzaqdı.

 

Bir saatdan sonra, artıq təbiətin “Qaya bulaq” deyilən bir guşəsində M.Araz işığındayıq! Dostumuz gözəl saz havaları, biz isə şeirlərlə Məmməd Arazımızı laylaya tuturuq. Kəklik, Salamat qal, Nə bilim oxunur.

 

On il cavanlaşdım! - deyir, Məmməd əmi. Bir “Yurd yeri” çalmağı xahiş edir. Və birdən sazın, aşığın, yanıqlı səsinə öz səsi qarışır - dağlar haqqında şeir deyir...

 

Əhvalının yaxşı vaxtında “Əlvida, dağlar” ın - (“Salamat qal”) necə yaranmasını soruşuram. Açıqlayacağım da budur.

 

Cavabın stenoqrafik mətnini verirəm:

 

- “Kəndə getmişdim. Onda kiçik qızım heç yox idi. Kəndimizin qırağında yastan var, yal var, keçib, qalxmaq istəyirdim. Yoldaşım da yanımda idi, bir evin yanından keçəndə hiss etdim ki, hasardan kimsə boylanır.

 

Baxdım... O idi! Ta, siz də bağışlayın... təzə bitirib gələndə dərs demişdim ona,... Həə...”

 

Bu gərginlikdən istifadə edib, “pravakatorluq” edirəm, şeirlərindən müəyyən etdiyim bir ad çəkirəm, Pəri idi, filankəs idi?...

 

- “Yox, onu soruşmazlar. Həə... yoldaşım da heç hiss etmədi. Bir o bildi bir mən... arxaya çönmədim, ancaq hiss edirdim ki, boylanır, baxır... salamat qal dedim - ürəyimdə!  Sonra, o şeir yarandı - Əlvida dağlar”.

 

Bəlkə bu yerlərə bir də gəlmədim;

Duman, salamat qal, dağ salamat qal!

Dalımca su səpir yoxsa buludlar?!

Leysan, salamat qal, yağ, salamat qal!

 

Qıy vuran qartallar yox oldu çəndə,

Nərgizlər saraldı şehli çəməndə.

Ey qaragöz pəri, dalımca sən də

Boylan, salamat qal, bax, salamat qal!

 

Sözsüz ki, bu yazıda bədii söz demək iddiasında deyiləm və bir mühəndis - iş adamı kimi ixtisas sahəm də başqadır. Lakin böyük ustadın 65-ci payızını, şeirləri ilə bağrıma basmaq, milyonuncu dəfə heyrətlənmək istədim. “Salam, a gədiklər, salam, a dağlar. Yenə boynunuzu qucmaq istərəm” deyən şairin, bir-iki şeirinin boynunu qucmaq , o şerlərdəki hikmətə varmaq istədim, fəlsəfi şeirlərini xatırlamağa qorxdum! O dəryaya baş vurmaqdan özümü saxladım. Məmməd Araz sevənlərin hər birinə bu incilər yaxşı məlumdur.

 

Mən ancaq dəryanın kənarında gəzişdim...

Səndən mənə bir ömürlük xatirə,

Məndən sənə nə qalacaq, nə bilim.

Çətin bir də daş üstə daş bitirəm,

Niyə uçdu bu qalacıq, nə bilim...

 

Güllər mənə gün yazmağı unutdu,

Gülüm, günün güllərimi qurutdu.

Bu oyunda kim uduzdu, kim uddu,

Peşimanı kim olacaq, nə bilim?

 

M.Araz şeirləri ruh nəğmələridir, nəğməyə bir dəfə qulaq asmaqla bəyəm doymaq olur?!...

 

14 oktyabr, 1998

 

Aydın QACAR

 

525-ci qəzet.- 2016.- 26 noyabr.- S.17.