Qəbirstanlıqda məhəbbət əhvalatı
1.
... sonra dəniz
tərəfdən yüngülcə bir yaz mehi əsdi və
o yaz mehi güllərin, çiçəklərin ətrini
bütün ətrafa yaydı, elə bil, bura qəbirstanlıq
yox, dağ yamacındakı o gözəl çəmənlik
kimi bir yer idi - o gözəl çəmənlik ki,
Şölünün uşaqlığı da, yeniyetməliyi,
gəncliyi də kəndlərinin böyründəki o
çəmənlikdə keçmişdi.
Qəbirstanlıqda
iki cür gül-çiçək olur: asfalt cərgələrin
kənarlarında, qəbirlərin ətrafında əkilmiş
gül-çiçəklər, bir də ziyarətə gələn
adamların sinə daşlarına düzdükləri gül
dəstələri (bəziləri də elə selafana
bükülü-bükülü sinə daşlarının
üzərinə qoyulurdu) və başqa xadimələri
bilmirəm, ancaq Şölü bu qəbirstanlıq güllərinin
fərqini hiss edirdi - dükanlardan alınıb gətirilmiş
sapları kəsik güllərin ətrində
Şölü üçün açıq-aşkar bir qəbirstanlıq
qəmi, qüssəsi, kədəri var idi, ancaq elə ki, bu
gözəl yaz mehi dənizdən əsirdi, elə bil, o qəm-qüssəni,
o kədəri də təmizləyib özü ilə aparırdı, qəbirstanlığa
təkcə canlı gül-çiçəyin ətri
yayılırdı.
Bəzən
Şölüyə elə gəlirdi ki, bu canlı
gül-çiçək ətrini qəbir daşlarına həkk
edilmiş şəkillər də hiss edir, o rəhmətliklərin
ruhları da xoşhal olur və həmin yaz günü də
şvabradakı yaş əskiylə Muxtar kişinin sinə
daşını silə-silə, yenə Şölüyə
elə gəldi ki, elə bil, bu rəhmətlik o yaz mehinin ətrafa
yaydığı gül-çiçək ətrindən həzz
aldığı üçün beləcə gülümsəyir.
Rəhmətlik bu həyatda səksən səkkiz il yaşamışdı və yaşlı
vaxtlarında da çəkdirdiyi şəkildə bic-bic
gülümsəyə-gülümsəyə düz qırx
il bundan əvvəl qoyub getdiyi dünyaya baxırdı -
görünür, əhli-kef adamıymış. Şəklin
altında Muxtar kişinin ad-familindən sonra
yazılmışdı ki, 1888-ci ildə anadan olub, 1976-cı
ildə də haqq dünyasına köçüb və belə
məlum olurdu ki, Muxtar kişi həm də bu qəbirstanlığın
ən yaşlı sakinlərindən biridir, çünki
camaatın “Qarğa qondu qəbirstanlığı” dediyi bu qəbirstanlıq
elə 70-ci illərin ortalarında - sovet vaxtı
salınmışdı.
Bu şəhərin
qəbirstanlıqları köhnəlmişdi - bir tərəfdən
ölü basdırmağa yer tapılmırdı, o biri tərəfdən
də o qəbirstanlıqlarda səliqə-səhman deyilən
bir şey yox idi, qatma-qarışıqlıq baş alıb
gedirdi, qəbirlər bir-birinə dirənmişdi və həmin
qəbirstanlıqlar savadsız mollaların, bir də
oradakı yaşları bilinməyən ağaclarda yuva
qurmuş qarğaların ümidinə qalmışdı.
Şəhərin kommunist rəhbərliyi vəziyyəti belə
görüb, nümunəvi qəbirstanlıq salmağı qərara
almışdı və şəhərin aşağı hissəsindəki
“Qarğa qondu” deyilən təpəliklə dənizin
arasında təzə bir qəbirstanlıq üçün
yer ayırmış, kiçik bir müdiriyyət yaradıb,
ştatlar vermişdi. Buranın
adı da şəhər camaatının dilində “Qarğa
qondu qəbirstanlığı” kimi məşhurlaşmağa
başladı və düzdür, camaatın çoxu ölülərini
köhnə qəbirstanlıqda ata-babalarının, qohum-əqrabalarının
yanında dəfn etmək istəyirdi, ancaq “Qarğa qondu qəbirstanlığı”
da yavaş-yavaş böyüyürdü. Sovet
İttifaqı dağılandan sonra bir ara
burda da hərc-mərclik başladı, ancaq yavaş-yavaş
ara sakitləşdi, xüsusən Qiyas müəllim müdir
olandan sonra bu qəbirstanlıq şəhərin həqiqətən
nümunəvi bir qəbirstanlığına çevrildi.
Muxtar
kişinin qəbri yeganə qəbir idi ki, Şölü həmişə
bu qəbri silib, çör-çöpdən təmizləyəndə
illər ərzində ürəyinə hopmuş qəbirstanlıq
məyusluğu, elə bil, uçub gedirdi və
Şölü bu dəfə də Muxtar kişinin bic-bic
gülümsəyən şəklinə baxa-baxa ürəyində:
“- Nə var, nə yox, a kişi?- soruşdu.- Oralarda da kefin
kökdü, yoxsa, yox?”
Düzdü, o qəbirstanlıq məyusluğu
uçub gedirdi, amma sonra yenə qayıdırdı.
Və bu
vaxt yuxarı tərəfdən qəbirstanlığın
müdiri Qiyas müəllimin o yaz mehinin yaydığı
gül-çiçək ətrinə heç vəchlə
uyuşmayan və nəinki uyuşmayan, hətta tamam zidd olan
cır səsi gəldi:
-
Süleymanova!..
- O
mürdəşir üzünü yumuş səni
çağırır... - Bunu da iki cərgə
aşağıda təmizlik işləri ilə məşqul
olan Ziba xala dedi.
Şölü:
- Hə,
eşidirəm, çağırır...- dedi.
Öz familiyası hər dəfə Qiyas müəllim
onu çağıranda Şölünün yadına
düşürdü.
- Elə
çağırır, elə bil zamministirdi!..
- Bunu yenə də Qiyas məllimin qarasına Ziba xala dedi - bu
arvadın aləmində, görünür, “zamministr”dan
böyük adam yox idi: “Pax!.. Yoxsa ki,
zamministrsən!..”
Ziba xala
dağ yəhudisi idi, ancaq Azərbaycan dilini azərbaycanlılardan
da yaxşı bilirdi və “Qarğa qondu qəbirstanlığı”
işə başlayandan burada işləyirdi, kürreyi-ərzdə
də Qiyas müəllimlə cani-dildən intiriqa aparan bir
adam vardısa, o da Ziba xala idi. Əslində, mən bilən,
“Qarğa qondu qəbirstanlığında” işləyənlərin
arasında Qiyas müəllimdən ötrü sino gedən
adam yox idi, çünki köynəyinin
boğazlığı həmişə ütülənməmiş
olan, həmişə də eyni köhnə qalstukunu taxan,
udqunanda nazik və dərisi qırışıq
boğazının iri və ucu iti hülqumu qalxıb-enən,
əlli yeddi-əlli səkkiz, bəlkə də altmış
yaşlı bu arıq, uzun burun, qarabəniz adamın bir dəfə
də olsun, üzü gülməzdi və Allah onun qupquru
dilinə heç olmasa bir cıqqanaq şirinlik verməyi də
əsirgəmişdi.
Yenə
Qiyas müəllimin dənizdən əsən bu gözəl
yaz mehinin ətrafa yaydığı gül-çiçək
ətrinə qənim kəsilmiş cır səsi gəldi:
-
Süleymanova!..
Şölü
aşağıdan yuxarı:
- Gəlirəm,
Qiyas məllim, gəlirəm.-
qışqırdı və Muxtar kişi bu dəfə, elə
bil, Şölüyə də, lap elə Qiyas müəllimin
özünə də lağ edə-edə gülümsədi.
Şölünün adı Şölə idi və
Şölənin heç vaxt ağlına gəlməzdi ki,
haçansa qəbirstanlıqda xadimə olacaq, ancaq adamın
istəməyindən nə asılıdı? - heç
nə, - həyatdı və hər şey vaxta baxsa da, vaxt
heç nəyə baxmır, quş kimi uçub gedir:
düz on il idi ki, bu qəbirstanlıqda xadiməlik edirdi. Bu on
ilin son yeddi ili Qiyas müəllimin rəhbərliyi ilə
keçmişdi, ona qədər “Qarğa qondu qəbirstanlığına”
az qala ayda bir müdir gəlib gedirdi, ancaq yeddi il idi ki, Qiyas
müəllimin müdirliyi davam edirdi və heç kimin
azacıq da olsun, şübhəsi yox idi ki, Qiyas müəllim
ömrünün sonuna kimi də burda müdir olacaq.
Fasilə
zamanı - Qiyas müəllim dəqiqəbədəqiqə nəzarət
edirdi: saat bir tamamla iki tamam arası - xadimələr
süpürgələri, şvabraları səliqə ilə
dar dəhlizin divarına söykəyib, nahara başlayanda - kim evdən nə gətirmişdisə, elektrik
sobasında qızdırıb qoyurdu öz qabağına - və
Ziba xala deyirdi: “- Bu köpəkoğlunu (yəni ki, Qiyas
müəllimi) öləndə də burda basdıracaqlar.”
Şölü zarafatla: “- Ziba xala,-
deyirdi.- Səni Qiyas müəllimlə
barışdıracam.” Ziba xala: “- Pax!..
Allah vurmuşdu onu! Yoxsa ki, elə sənin qədrini
də çox bilir? Səhərdən axşamacan
canını qoyursan burda! O qəbiri təmizlə, buranı
sil-süpür!.. Bir xoş
söz eşitmisən onnan? Ay eşitdin a!..
Mən öləndə də heç yasıma gəlməyəcək!.. Cəhənnəmə gəlsin! Onunku odu ki,- Ziba xala Qiyas müəllimi
yamsılayırdı.- “Suleymanova, az-z-z, buranı bir də
sil! Xanukova, az-z-z, bir də geciksən, daha işə gəlmə!..” Elə sənin başunçun!..”
Xanukova (Qiyas müəllim işçiləri ancaq famili
ilə çağırırdı) Ziba xalanın famili idi,
yaşı da yetmişi haqlamışdı və buna görə
idi, ya nəyə görəydisə, tez-tez ölümdən
danışırdı. Bir oğlu vardı, Semyon (Ziba xala tez-tez onun adını çəkirdi:
“- Mənə nə lazımdı? Heç nə! Syomanın
canı sağ olsun!”), ailəsi ilə İzrailə
köçmüşdü, deyilənə görə
oradakı böyük restoranlardan birində aşbaz işləyirdi və onun
bişirdiyi Azərbaycan xörəklərindən - plovdan,
dolmadan, xaşdan, çığırtmadan, düşbərə-qutabdan
ötrü o restoranın qabağına həmişə
növbə düzülürdü. Ziba xalanın qızı
isə bir amerikalı zənciyə ərə getmişdi,
Pelsinvaliyada yaşayırdı - qız da, Semyon da Ziba
xalanı yanına çağırırdı, ancaq Ziba xala
heç hara getmirdi, “- Mən Azərbaycansız yaşaya bilmərəm!”-
deyirdi və heç kimin şəkk-şübhəsi
yox idi ki, o, bu sözləri sidq-ürəkdən, cani-dildən
deyir. Semyon istəmirdi ki, Ziba xala qəbirstanlıqda xadimə
işləsin, amma Ziba xala deyirdi ki, mən bura öyrəşmişəm
və o, bu sözləri deyəndə Şölüyə elə
gəlirdi ki, Ziba xalanın ürəyində bir nisgil var ki,
onu burada, yəni “Qarğa qondu qəbirstanlığında” dəfn
etməyəcəklər - şəhərdə yəhudilərin öz qəbirstanlığı var
idi, müsəlmanların öz qəbirstanlığı,
xaçpərəstlərin də öz qəbirstanlığı
- hətta bütün dinlərin qəddar düşməni
Sovet hökuməti də yetmiş il nə qədər
çalışdısa da, belə bir qəbirstanlıq
ayrı-seçkiliyinin öhdəsindən gələ bilmədi.
Şölünün
də yaşı az deyildi, bu il əlli tamam olacaqdı və
Şölü də Ziba xala kimi tək yaşayırdı
(ümumiyyətlə, bu qəbirstanlıq, elə bil, tək
insanlar məmləkəti idi), - oğlu Rusiyada, Barnaul şəhərində
polis nəfəri işləyirdi, bir rus arvadla evlənmişdi,
iki uşağı var idi, bundan başqa, Şölü
artıq bilirdi ki, o arvadın əvvəlki ərindən də
iki uşağı var, ancaq Şölü hələ ki, nəvələri
görməmişdi - oğlu nə gəlirdi, nə də
yanına çağırırdı, təkcə elə məktub
yazırdı: necəsən, Novruzda gələcəyəm,
ancaq hər Novruz bayramında özü gəlib
çıxmırdı, hədiyyə göndərirdi: ya bir
yaylıq olurdu, ya bir kofta, ya da bir yun jempir və hər dəfə
də Şölüyə elə gəlirdi ki, oğlu il boyu
arvadından gizlin pul yığır, eləcə gizlin-gizlin
də hədiyyə alıb ona göndərir.
Qızının
işləri pis deyildi, ibtidai sinif müəllimi idi, yeddi il
bundan qabaq Pedaqoji Universiteti bitirib rayona təyinat
almışdı, orda da bir baytar həkimə - yaxşı
adam idi - ərə getmişdi, onun da iki uşağı var
idi və Şölü onları ildə iki-üç kərə
görürdü: bazar günü növbətçi
olmadığı vaxtlar Qiyas müəllimdən bir gün
icazə alırdı, çantasına əvvəldən tədarükünü
gördüyü konfet, peçenye, Moskva kolbasası və
başqa şəhər nemətlərindən yığaraq,
şənbə sübh tezdən avtobusa minib rayona - beş
saatlıq yol idi, - rayonda da başqa bir maşın tapıb,
onların yaşadığı kəndə gedirdi, bir gecə
qalıb, bazar günü axşam təzədən yola
düşürdü, gecə Bakıya gəlib
çıxırdı, səhər saat doqquzda da qəbirstanlıqda
işə başlayırdı.
- Ay
qız, Süleymanova, harda qaldın?
- Gəldim
də, Qiyas məllim... Gəldim... - Yoxuşu tələsik
qalxan Şölü bir əlində şvabra, o biri əlində
də yarımçıq su doldurduğu vedrə, təngnəfəs
Qiyas müəllimlə üzbəüz dayandı.
-
Eşitmirsən, az-z-z, Qiyas müəllim
çağırır səni?- Bunu
barmaqları arasında daima siqaret olan Qiyas müəllim dedi -
həmişə özü haqqında üçüncü
şəxs kimi danışırdı.
Şölü:
- Muxtar
kişinin tozunu alırdım...- dedi.
Qiyas
müəllim ətli-qanlı bədəni olan
Şölünün tələsə-tələsə gəldiyi
üçün qıpqırmızı pörtmüş
dolu və hamar yanaqlarına baxa-baxa:
- Səninki
də elə Muxtar kişi olsun...- dedi və
bir-iki dəfə udqundu - udqunduqca da nazik və dərisi
qırışıq boğazının iri və ucu iti
hülqumu qalxdı-endi.
Qiyas müəllim bu boyda qəbirstanlıqdakı qəbirlərin
demək olar ki, hamısını bir-bir tanıyırdı və
hansı qəbrin hansı cərgədə, hətta hansı
qəbirlərin arasında olduğunu da bilirdi. Adətən, Muxtar
kişinin adı çəkiləndə qəbirstanlıq
işçilərinin sifətində bir təbəssüm
yaranırdı, ancaq Qiyas müəllimin heç
dodağı da qaçmırdı və bu dəfə də
həmişəki quruluğu ilə sümükləri
görünən uzun barmağını
qarşı-qarşıya durduğu qəbrə tərəf
uzadıb:
- Az-z-z, -
dedi.- Sən görmürsən zeytunun
budağı nətər uzanıb?
Bu, əlli
yaşında - elə Şölü yaşında,
Şölu kimi də ətli-qanlı - dünyasını dəyişmiş
yazıq Səkinə Nofəl qızının qəbri idi və
qəbrin kənarındakı zeytun ağacının təzə
bir budağı Səkinə Nofəl qızının
başdaşının qabağına uzanmışdı, kənardan
baxanda rəhmətliyin adı oxunmurdu. Qiyas müəllim bu dəfə
də sümükləri görünən uzun barmağı
ilə o təzə budağı göstərə-göstərə
və ösgürə-ösgürə - bu, həmişəki
siqaret ösgürəyinə oxşamırdı, deyəsən
soyuqlamışdı - xırıldamağa
başlamış cır səsiylə:
- Bunun bu
badağını niyə kəsmirsən, az-z-z?..-
soruşdu.
Şölü:
- Qiyas məllim,- dedi.- İstədim kəsim, amma fikirləşdim
ki, bunun əri iki gündən bir gəlir, gül gətirir, əvvəlcə
ona deyim, sonra...
Səkinə
Nofəl qızının əri doğrudan da tez-tez gəlirdi,
hər dəfə də qırmızı qızılgüllər
gətirib, səliqə ilə rəhmətliyin sinə
daşına düzürdü və arvadının
başdaşı ilə üzbəüz durub,
başını aşağa salaraq, az qala
yarım saat (bəzən lap çox da olurdu) eləcə
dayanırdı.
Şölünün
sözləri, deyəsən, Qiyas müəllimin
ağlına batdı və o, bir az fikirləşib,
yenə ösgürə-ösgürə:
-
Yaxşı da...- dedi.
Və Şölü təzədən aşağı
endi ki, Muxtar kişinin təmizlik işlərini sona
çatdırsın və keçsin cərgədəki
növbəti qəbirə.
Arxadan yenə
Qiyas müəllimin səsi gəldi:
-
Süleymanova!..
Şölü
ayaq saxlayıb, geri çevrildi:
- Bəli,
Qiyas məllim...
Qiyas
müəllim əvvəlcə bir-iki dəfə udqundu və
onun aralarındakı məsafədən də görünən
iri və ucu iti hülqumu qalxıb endi, sonra:
- Az-z-z,- dedi.- Bax ha, yadından çıxmasın!
Şölü:
-
Arxayın olun, Qiyas məllim.- dedi.
Şölü
gəlib şvabra ilə Muxtar kişinin sinə
daşını silə-silə rəhmətliyin
gülümsəyən şəklinə baxdı və
fikrindən keçirdi ki, sabah, yəni bazar günü
növbətçi olmasaydı, Qiyas müəllimdən bu
günün icazəsini alıb, uşaqların yanına gedərdi
- şənbə günü xəstəxanalarda,
poliklinikalarda olduğu kimi, hələ sovet vaxtından qəbirstanlıqda
da iş günü idi və bu qaydanı Qiyas müəllim
qoymamışdı, ancaq Qiyas müəllim başqa bir qayda
qoymuşdu ki, xadimələr bazar günləri də növbə
ilə işə çıxmalı, sil-süpür etməli,
səliqə-səhman yaratmalıydı. Qəbirstanlığı
başlı-başına buraxmaq olmazdı - insan öləndə
baxmır ki, bazardı, ya hansı gündü və Qiyas
müəllim növbətçi cədvəli düzəltmişdi
- o cədvəl üzrə xadimələr növbə ilə
bazar günləri işə çıxırdı və sabah da Şölünün növbəsi idi.
Dənizdən əsən o yaz mehi birdən-birə gəldiyi
kimi, birdən-birə də keçib getdi və o gözəl
gül-çiçək ətrini də həmişəki
kimi özü ilə apardı. Qəbirlərdə yatan rəhmətliklər
üçün gətirilmiş güllərin ölgün ətri
yenə bir-birinə qarışdı və belə vaxtlarda
olduğu kimi, indi də Şölüyə elə gəldi
ki, artıq tumurcuqlamağa başlamış ağaclar da o
gözəl gül-çiçək ətrinin keçib
getməsindən bikef oldu, elə bil, həmişə -
yay-qış, gecə-gündüz, göyün üzü
açıq olanda da, buludlar topalışanda da qəbirstanlığın
üzərində olan kədərli bir aura aşağı
enib, bu ağacların üstünə çökdü və
onların yaz sevincinə açıq-aşkar bir qüssə
gətirdi.
Bir tərəfdən
də Qiyas müəllimin - deyəsən kişi
möhkəm soyuqlamışdı - ösgürəyi
çoxalmışdı və onun o xırıltılı
ösgürəyi də o qəbirstanlıq qüssəsini,
elə bil, daha da artırırdı; elə bil, Qiyas müəllimin
o öskürəyi buralara hopmuş o qüssənin səsi,
avazı idi.
“Qarğa
qondu qəbirstanlığı”nın işçiləri
dörd xadimədən, ağacları, gülləri sulayan fəhlədən,
bir də müdir Qiyas müəllimdən ibarət idi, ancaq
Ziba xalanın dediyinə görə əvvəllər, yəni
sovet vaxtı buradakı işçilərin sayı çox
olmuşdu və bilmirəm, düzdü, ya yox, amma Ziba xala
and-aman edirdi ki, sovet vaxtı hətta buradakı xadimələrdən
biri - indi rəhmətə gedib - şəhərin deputatı
seçilmişdi.
“Qarğa
qondu qəbirstanlığı”nda bir ştat da var idi - gözətçi
ştatı və Qiyas müəllim şəhər rəhbərliyi
ilə razılaşdırıb, o gözətçi vəzifəsini
də özünə götürmüşdü, ancaq Qiyas
müəllim müdir maaşından əlavə
aldığı gözətçi maaşını
özünə götürmürdü, qəbirstanlıqda
“Xeyriyyə fondu” yaradıb, həmin maaşı o Fondda
yığırdı, o Fondun rəhbəri də, müsahibi, katibəsi
də özü idi və Yeni ildə, Novruz bayramında, bir də
Respublika günündə işçilərə Fondun hədiyyələrini
verirdi. Qiyas müəllim səliqə-səhmanla bir qalın
“Fond jurnalı” düzəltmişdi və paylanan hədiyyələrin
adlarını da, qiymətlərini də, tarixlərini də bir-bir o “Fond jurnalı”na
yazırdı, işçilər də hədiyyələri
götürəndə jurnala qol çəkirdilər.
Şölü
hərdən Ziba xalanı cırnadırdı: “-
Görürsən, Ziba xala,- deyirdi.-
Kişi öz halal maaşını da bizimçün xərcləyir.
Özü gedib bizim üçün bir-bir hədiyyələr
alır? Buna nə sözün?” Ziba
xala: “- Pax!..- deyirdi.- Mənə
verdiyi duxudan olmaz!.. Sovet vaxtı o duxuları kişi dəlləkləri
işlədirdi...” Şölü də gülə-gülə
fikrindən keçirirdi (amma demirdi) ki, arvadın, deyəsən,
ürəyindən fransız ətri keçir - lap fransız
ətri alıb gətirdi Qiyas məllim, sənin, ay Ziba xala,
day, harana yaraşır fransız ətri?
Qiyas
müəllimin müdirlikdən başqa gecə gözətçisi
olmağının bir səbəbi də, görünür,
onda idi ki, o, elə burda - qəbirstanlıqda
yaşayırdı: qəbirstanlığın sovet
vaxtından qalmış kürsülü kiçik inzibati
binası ensiz bir dəhlizdən və yanyana tikilib
qapıları o ensiz dəhlizə açılan üç
otaqdan ibarət idi - birinci otaq xadimələrin idi, ortadakı
otaq anbar kimi bir şey idi, iş paltarları, vedrə-süpürgə
və s. ora yığılırdı, ondan sonrakı otaq isə
Qiyas müəllimin həm kabineti, həm də evi idi.
Axşam
düz altı tamamda - vaxtı dəqiq yoxlamaq şəxsən
Qiyas müəllimin nəzarətində idi - işçilər
çıxıb gedirdi, Qiyas müəllim isə qəbirstanlıqda
qalırdı və o işçilərdən də heç
kim, hətta Ziba xala da bilmirdi ki, bu adam niyə
belə təkdi, niyə yanına heç kim gəlib-getmir?
Nahar fasiləsində xadimələr mırt vuranda Ziba xala
deyirdi: “- Bilmirsiz ki, çürük taxta mıx
götürməz? Bununku ancaq bizə prikaz verməkdi.
Köpəkoğlu, elə bil, zamministirdi!..”
2.
Şölünün
mənzili qəbirstanlığa yaxın idi - təpənin o
biri tərəfində, dənizdən bir az aralıdakı həyət
evlərindən birində - ancaq
oradan qəbirstanlıq görünmürdü,
görünsəydi əri burda ev tikməzdi, çünki o
rəhmətlik qəbirstanlıqdan, ölüdən və
ölməkdən çox qorxurdu və Şölü həmişə
fikirləşirdi ki, rəhmətlik nə yaxşı xəstələnmədi:
on bir il... yox, daha on bir yox, on iki il bundan əvvəl axşam
həmişəki kimi metro ilə evə gələndə, elə
metroda da qəflətən rəhmətə getmişdi, elə
bil, ölməkdən qoxduğu üçün, Allah ona eləcə
rahat bir ölüm göndərmişdi. Şölüdən
düz on yeddi yaş böyük idi, yaxşı, sakit adam idi rəhmətlik, yaxşı da televizor
ustası idi və qazancı da o vaxtlar üçün pis
deyildi. Eyni kənddən idilər və o, gəlib kənddə
toy eləyib, Şölünü şəhərə aparanda
(yəni bura gətirəndə), Şölünün on səkkiz
yaşı var idi - əvvəlcə kirayədə
yaşadılar, sonra rəhmətlik burda sahə alıb,
özü ev tikdi - əlindən hər
iş gələn zəhmətkeş bir adam idi. O, eləcə
qəflətən haqq dünyasına köçdü, həyatın
da pis üzü, elə bil, pusquda dayanıb onun ölməyini
gözləyirdi...
Və o
yaz günü düz axşam saat altıda işdən
çıxıb evə gələndə, həyət
qapısını açıb içəri girəndə
Şölünü həmişəki kimi toyuqların
hürkmüş qaqqıltısı qarşıladı -
Şölü həyətdə toyuq-cücə
saxlayırdı - və qara qart toyuq yenə başını
qaldırıb tərs-tərs ona baxdı, o da:
- Ay səfeh,
mənəm də!..- dedi və
güldü.
Doğrudan da yer üzündə toyuqdan səfeh bir məxluqat tapmaq çətin məsələ idi - bu qara qart toyuq cücə vaxtından ömrünü bu həyətdə keçirmişdi, bütün ömrü boyu Şölünün səpdiyi dəni, çörək qırıntılarını yemişdi, amma yenə də Şölünü tanımırdı və hər dəfə də axşam Şölü işdən qayıdanda başını qaldırıb beləcə tərs-tərs ona baxırdı.
Şölü dünən kotlet bişirmişdi, ikisini bu gün işə aparıb naharda yemişdi, ikisini də axşama saxlamışdı, amma o yaz axşamı kotletləri meyli çəkmədi, yemədi, bir az ora-bura vurnuxdu, sonra da hamama girib çimməyə başladı və kisələnə-kisələnə də həmişəlik bir uzaqlıqda qalmış o yamacdakı güllü-çiçəkli gözəl çəmənlik Şölünün yadına düşdü - o gözəl çəmənlik ki, kəndlərindən axan Duruçay o yamacın ətəyindən keçirdi və yay vaxtları 14-15 yaşlı Şölü çayın qırağında oturub ayaqlarını yuyurdu və hərdən gözucu görəndə ki, elə onun yaşıdları olan bir-iki oğlan adda-budda ağacların arxasından gizlincə ona baxır, özünü görməməzliyə vururdu, paltarının ətəyini bir az da yuxarı qaldırırdı, əli ilə baldırına da su çəkirdi və onun ağappaq, dolu və balıq kimi hamar baldırı gün işığında elə o balıq pulları kimi işıldıyırdı.
3.
Sübh vaxtları maşınların, bu tərəfdəki fabrik-zavodların tüstüsü çəkilirdi və Şölü demək olar ki, hər gün - hər halda, mənim xatirəmdə belə qalıb - yerindən qalxan kimi, ilk növbədə otağın arxa tərəfə baxan pəncərəsini açırdı (həyət tərəfdə toyuq-cücə iyi səhərlər də çəkilmirdi) və top kimi iri döşlərini irəli verib, dərindən nəfəs alaraq, dənizin qoxusunu bütün içinə çəkirdi.
Həmin bazar səhəri də Şölü üçün belə açıldı.
O pəncərədən dəniz özü görünmürdü, ancaq gecələr Şölü soyunub yerinə girəndə, gözlərini bərk-bərk qapayıb, heç nə fikirləşməsin-ilan, qurbağa fikrinə dolmasın deyə, hər tərəfi bürümüş sakitlik içində aydınca eşidilən dəniz uğultusuna qulaq asırdı və çox zaman eləcə də yuxuya gedirdi.
Gecələr elə, səhərlər də belə - ilk dəfə 18 yaşında gördüyü dənizin Şölünün həyatında belə bir doğma yeri var idi.
Və o bazar günü Şölü qəbirstanlığın qapısından içəri keçəndə Qiyas müəllim həmişəki kimi qapının qabağında dayanıb saatına baxmırdı (həmişə qapının ağzında dayanıb, saatına baxırdı ki, görsün növbətçi xadimə vaxtında gəlib, yoxsa yox?) və on il burda işləsə də, qəbirstanlığın tamam bir sakitlik içindəki tənhalığı o yaz səhəri Şölünün ürəyində bir xof yaratdı. Tələsik gedib xadimələr otağına girəndə kabinetdən Qiyas müəllimin ösgürəyini eşitdi və Qiyas müəllimin mövcudluğu elə o dəqiqə də Şölünün içindəki o xofu əridib yox elədi-Qiyas müəllim varıydısa, deməli, hər şey qaydasındaydı, qəbirstanlıq tənhalıq içində deyildi və xoflanmaq da lazım deyildi.
Şölü gödəkçəsini çıxarıb, göy rəngli xalatını əyninə geydi və ikinci otağa keçib, şvabrasını, vedrəsini götürdü. Divarın o tayından Qiyas müəllimin ösgürəyi daha da aydın eşidilirdi - deyəsən, müdir əməlli-başlı xəstələnmişdi, ancaq Şölü Qiyas müəllimin qapısını döyüb, halını soruşmağa ürək eləmədi.
Düzdü, o xof yox olub getmişdi, ancaq Şölünün ürəyi ancaq qəbir daşlarının tozunu ala-ala gəlib Muxtar kişinin şəkli ilə üzbəüz dayananda açıldı və Şölü bərkdən:
- Salam, a
kişi!- dedi.- Kefin yenə sazdı?
Elə o
anda da Şölünün fikrindən keçdi ki, birdən
Muxtar kişi bu sakitlik və tənhalıq
içində həqiqətən göydən ona cavab verər,
- Şölünün tükü ürpəşdi - onda neyləyər?
- qaçar, ya da
çığırıb Qiyas müəllimi
çağırar?
Şölü
daha artıq bir cidd-cəhdlə Muxtar kişinin onsuz da təmiz
olan sinə daşını şvabranın ucundakı nəm əski ilə silməyə
başladı və Şölü indicə ağlına gələn
bu fikirdən hürkmüşdü-nəydisə,
çalışırdı ki, Muxtar kişinin o gülümsəyən
sifətinə baxmasın, hətta gözlənilməz bir
iş də o oldu ki, bu on ildə ilk dəfə
Şölünün ağlından belə bir fikir də
keçdi: “Bu Muxtar kişi də arsızın biridi...”
Bu qəfil
fikirdən Şölünün özünün özünə
acığı tutdu, hətta onun içində bir
nigarançılıq da yarandı ki, əgər doğrudan
da ruh deyilən bir şey varsa, yəqin adamın ürəyindən
keçəni də bilir, amma Şölü heç istəməzdi
ki, Muxtar kişi ondan incisin və öz-özünə: “- A
Muxtar kişi, bu da bir zarafat idi...”- dedi. Sonra da
öz-özünə deyinməyə başladı ki, bax də,
bazar günü gəlib burda boş-boş şeylər fikirləşir,
amma Ziba xala indi yəqin skaypla (bu sözü Ziba xaladan öyrənmişdi)
Semyonla danışır və sən Semyon kimi oğula bax ki,
gəlib Ziba xalaya kompüter alıb, skaypla
danışmağı da ona öyrədib. Arvadın yüz
doxsan yaşı var, amma kompüterin cikini də bilir, bikini də,
Şölü isə Allahın mobil telefonunu düz-əməlli
işlədə bilmir və birdən Şölü
özünü gülməkdən güclə saxladı:
Ziba xala xəbər tutsaydı ki, Şölü fikrində
onun yaşını yüz doxsana qaldırıb,
ömür-billah Şölünü dindirməzdi və
Şölü ilə elə bir intiriqaya başlayardı ki,
Qiyas müəllim yalan olardı.
Şölünün ürəyindən keçdi ki,
yenə dəniz tərəfdən bir meh əsib gələydi,
özüylə o gözəl gül-çiçək ətrini
də gətirəydi, tumurcuqlamağa başlamış bu
ağacları da sevindirəydi, - ancaq adamın ürəyindən
keçəni çin eləyən hardaydı? Elə bir
varlıq, elə bir güc vardımı? - və Qiyas müəllim siqaret dalınca siqaret
çəkə-çəkə qəbirlərin arasında
dolaşmadığı üçün, elə bil,
“Qarğa qondu qəbirstanlığı”nda bir-birinə
qarışmış o ölgün gül qoxusunu daha da
ağırlaşdırmışdı.
Qiyas
müəllimin nəsə yediyini, xörək bişirdiyini,
ya paltar yuduğunu, hətta çay içdiyini də
“Qarğa qondu qəbirstanlığı”nda heç kim
görməmişdi, fasilə olanda da Qiyas müəllim
öz otağına keçib, qapını
bağlayırdı və belə məlum olurdu ki, o,
bütün işlərini-filanı ya səhər saat
doqquzacan, ya da axşam saat altıdan sonra görür və həmin
bazar günü Şölü Muxtar kişinin sinə
daşının tozunu alandan sonra bir-bir o biri qəbirlərə
keçirdi, ancaq Qiyas müəllimin görünməməyi
qəbirstanlığı açıq-aşkar kimsəsiz,
sahibsiz və baxımsız etmişdi.
Şölü qəbirlərin cərgəsindən
çıxıb, inzibati binanın arxa tərəfinə
keçdi və müdirin kabinetinin pəncərəsinə tərəf
boylandı, ancaq o pəncərə də pərdə ilə
elə kip örtülmüşdü ki, heç nə
görünmürdü.
Qiyas
müəllim hər nə idi, yaxşı idi, pis idi - özü
bilər, ancaq insan idi və Şölü binanın ön tərəfinə
keçib, içi yarsınacan suyla dolu vedrəni yerə
qoydu, şvabranı binanın divarına söykəyərək
içəri keçib, dar dəhlizdə dayandı: Qiyas
müəllim sinəsindən gələn bir
xırıltıyla ösgürdü, sonra öskürəyi
kəsdi və o inzibati binaya Şölünün heç
xoşuna gəlməyən bir sükut çökdü. Şölü bir-iki addım irəliyib kabinetin
qapısı ağzında dayandı və Qiyas müəllimin
sinədən gələn xırıltılı ösgürəyi
yenə o sükutu pozdu.
Hamı
sakitcə metroda ölmürdü ki...
Və o
anlarda Şölünün bədənini qəfil bir həyəcan
bürüdü, heç özü də bilmədi ki, qapını
necə tıqqıldatdı:
- Qiyas məllim!.. Qiyas məllim!..
Qiyas müəllimdən səs çıxmadı.
Şölü
daha artıq bir həyəcan və hürkü ilə:
- Qiyas məllim!.. - dedi.- Mənəm,
Şölüdü...
Qiyas müəllimdən yenə səs
çıxmadı.
Və Şölü bu dəfə tamam bir qorxu
içində qapını itələdi və qapı da
arxadan kilitlənmədiyi üçün,
cırıldaya-cırıldaya açıldı.
Əynində
yalnız mayka-trusik olan Qiyas müəllim, çarpayı kimi
istifadə etdiyi köhnə divanın kənarında oturub,
sümükləri görünən barmaqlarının
arasındakı siqareti sümürtləyir, elə həmin əlinin
ovucu ilə də gözünün, burnunun bir-birinə
qarışmış suyunu silirdi və siqaret
tüstüsü otağı elə doldurmuşdu ki,
Şölüyə elə gəldi, elə bil, duman
içində hansısa naməlum bir məkandadı,
gözü ilə gördükləri də həyatda yox, elə
o naməlum məkanda baş verir.
Və
Qiyas müəllimin səsi də, “Qarğa qondu qəbirstanlığı”ndan
yox, elə o naməlum məkandan gəldi:
-
Şölü...
İlk dəfə
idi ki, Qiyas müəllim Şölünü adıyla
çağırırdı və Qiyas müəllimin bu yeddi
ildə ilk dəfə onun adını çəkməsi,
Şölünü o naməlum məkandan çəkib
özünə qaytardı - cəld addımlarla irəliləyib,
pəncərənin örtüyünü yana çəkdi,
dəstəyindən tutub dartdı və o pəncərə
tayı da cırıldaya-cırıldaya bu yeddi ildə, bəlkə
də, ilk dəfə açıldı.
Şölü
Qiyas müəllimin qabağında dayanıb, hələ də
keçib getməyən o həyəcan və hürkü ilə:
- Nolub, ay
Qiyas məllim?- soruşdu.
Qiyas
müəllim otağın get-gedə çəkilən
dumanı içində nəmi işıldayan gözlərini
Şölüyə zilləmişdi və həyəcan
Şölünü bürümüşdü ki, birdən həyətdəki
qara qart toyuğun baxışları onun gözlərinin
qabağına gəldi, amma Qiyas müəllimin
baxışlarında tərslik deyən bir şey yox idi, əksinə,
aşkar bir yazıqlıq var idi.
Qiyas
müəllim bir müddət beləcə Şölüyə
baxdı, sonra xırıldayan və bir az
da titrəyən səsi ilə:
-
Şölü...- dedi.- Küçə
itiylə mənim aramda nə fərq var?.. Hı?.. De də, de, nə fərq var?..
Şölü Qiyas müəllimin bu sözlərindən
başını tamam itirdi.
Qiyas
müəllim o xırıltılı və daha əməlli-başlı
titrəyən səsi ilə qırıq-qırıq:
- O
küçə... - deyirdi.- O küçə
iti kimi… yıxılıb... ölsəm, kim xəbər
tutacaq, hı?.. Kim?.. Heç kim...
Və
birdən Qiyas müəllim Şölünün qolundan tutdu
və Şölü dolu və hamar qolunda Qiyas müəllimin
siqaret iyi verən isti nəfəsini hiss etdikcə, elə bil,
bu nəfəs , hansısa başqa bir varlığın
içindən gəlib, o yüngül dəniz mehi kimi, qoluna
dəyib keçirdi.
Qiyas müəllim Şölünü özünə
tərəf çəkdi və Şölü divanda onun
yanında oturdu - Şölünün əndamının
ağırlığından sovet dövründən qalma
divanın dəmir yayları cırıltıyla
aşağı çökdü.
Qiyas müəllim başını
Şölünün dolu və isti döşlərinə
sıxıb, gözlərini yumdu və hələ də onun
barmaqlarının arasında olan siqaretin tüstüsü
Şölünün gözlərini yaşartdı, elə buna
bənd imiş kimi, Şölü özü də kövrəldi.
Qiyas
müəllimin arıq vücudu Şölünün bədəninə
sıxıldıqca, Şölü onun
qabırğalarının arasından ürəyinin necə
döyündüyünü hiss edirdi və bir müddət
beləcə keçdi, sonra sükutu yenə Qiyas müəllimin
xırıltılı, amma daha titrəməyən səsi
pozdu:
-
Şölü...
Şölü:
- Hıy?- soruşdu.
Qiyas
müəllim:
- Sabah...
- dedi.- Sabah zaksa gedək!..
4.
O bazar
günü Şölü evə gələndə gecə
saat ona qalırdı.
Toyuqlar acqarnına hinə girib yatmışdılar,
Şölü həyət qapısını açanda
deyingən bir qaqqıltıyla qaqqıldaşıb, tez də
səslərini kəsdilər.
Şölü həyətdəki krantı açıb əlini isladaraq, sifətinə çəkdi və birdən kəndlərindən axa-axa o gül-çiçəkli yamacın ətəyindən keçən Duruçay Şölünün yadına düşdü, hətta ona elə gəldi ki, sifətinə sığal verdiyi bu su da krant suyu yox, elə o Duruçayın sərin suyudu. Çoxdan idi o gözəl Duruçay Şölünün yadına düşmürdü və o gözəl Duruçay da, onun axıb getdiyi o yamac da, çayın qırağında oturub ayaqlarını suda şappıldadan 14-15 yaşlı Şölü də indi çox uzaqlarda qalıb və Şölünün fikrindən keçdi ki, hə, elədi, ancaq həyatdı də...
Və Şölü bir müddət eləcə ayaq üstə dayandı, sonra evə keçməyib, krantın yanındakı taxta kətildə oturdu.
Göyün üzü tərtəmiz idi, ay çıxmışdı, adda-budda ulduzlar parıldayırdı və o gecə sakitliyində ancaq dənizin uğultusu eşidilirdi.
Şölü iki gündən bir qırmızı qızılgüllər gətirib, səliqə ilə Səkinə Nofəl qızının sinə daşına düzən ərini xatırladı və fikirləşdi ki, sabahda-birigündə Səkinə Nofəl qızının əri yenə o qırmızı qızılgüllərlə gələn kimi, ondan zeytun budağının icazəsini almaq lazımdı.
O ki, qaldı Ziba xalaya, Ziba xala, əlbəttə, dünyanın işlərinə mat qalacaqdı və Ziba xala çox yaşasın, yüz doxsandan da o tərəfə adlasın, ancaq haçansa ölsə, Qiyas onun yasına gedəcəkdi.
Sonra Şölü başını qaldırıb, bir müddət aya, ulduzlara baxdı və birdən-birə ona elə gəldi ki, Muxtar kişi göy üzündən ona baxıb gülümsəyir.
Şölünün də dodağı qaçdı.
2016
ELÇİN
525-ci qəzet.- 2016.- 26 noyabr.- S.14-15-16.