Bitməyən nur yolunda yeni bir işıq

 

 

Hələ 90-cı illərin əvvəlində Naxçıvanda “Azərtac”ın xüsusi müxbiri kimi çalışdığım vaxtlarda onun imzasını muxtar respublikanın dövrü mətbuatının səhifələrində ara-sıra görərdim.

 

“Şərq qapısı” qəzetinin ədəbiyyat və incəsənət şöbəsinin müdiri mərhum Cəlil Vəzirov Elman Həbibdən, Asim Yadigardan, Rafiq Babayevdən və başqalarından ürəkdolusu danışdıqca ara-sıra gəncliyin, o cümlədən, Sona xanımın kövrək və duyğulu şeirlərindən də danışmağı unutmazdı. Hər dəfə də böyük bir inam hissi ilə bildirərdi ki, zaman gələcək bu kövrək duyğuların müəllifini bütün Azərbaycan tanıyacaq, bu şeirlər çoxlarımızın stolüstü kitablarında yer alacaq...

 

Bu söhbətlərdən xeyli sonra, səhv etmirəmsə, ilk dəfə “Çəhrayı rəngli dünyam”, bir az sonrasa “Arazbarı” deyilənləri artıqlaması ilə təsdiq etdi. Ədəbi mühitdə sevilən bu şeir kitabları çoxlarımızın stolustu kitabı oldu, çünki Sona xanım ürəyimizdən keçənləri söyləməklə sanki bizləri- arzu və talelərimizi yazmışdı. Yerindən, məkanından asılı olmayaraq “gilas ağacı” təkcə onların Şərurdakı kəndində yox, hər birimizin Tovuzdakı, Zərdabdakı, Ağdamdakı, Şamaxıdakı həyətimizdə bitmişdi... Yaxud valideynlərimiz yarı ciddi, yarı zarafat hər birimizi “şəhərli balam” deyə əzizləyib çağırdığı anları unutmaq olarmı?! Bunları bizlərdən fərqli olaraq sözə çevirib söyləmək xoşbəxtliyi isə Sona xanıma nəsib olmuşdu. Bəlkə buna görədir ki, az qala bütün ailə məclislərində təkcə Məmməd Arazdan yox, Sona xanımdan da mütləq bir şeir söyləyən bir duyğusal qohumum onun haqqında hər dəfə danışanda deyir ki, ötən illər ömrümüzdə çox şeyləri dəyişdi, çoxlarını ədalandırdı, çoxlarını... Amma Sona xanımın fitrən gələn sadəliyinə, səmimiyyətinə və ilhamına zərrə qədər də dəyə bilmədi.

 

Bu sadəlik və ilhamla Sona xanım “Zaman xəbərsiz ötdü” kimi daha sanballı bir kitab da ortaya qoydu. Bu müəllifin müəyyən bir dövrdən sonra oxucular üçün növbəti hesabatı olsa da, zəngin və kövrək duyğuların hakimi olan incə ruhlu bir şair və publisistlə yanaşı, həm də bizə azərbaycançılıq ideyalarını bayraq edən bir alimi də bir daha tanıtdı. Maraqlıdır ki, ədəbi tənqid də bunlara biganə qalmadı və haqlı olaraq mətbuat səhifələrində geniş polemika yarada bildi. Bütün bunlardan sonra Sona xanımın estetik-məfkurəvi imkanlarını yüksək qiymətləndirən elitar oxucu müəllifdən bədii-publisistik düşüncənin və elmi-nəzəri təfəkkürün bəhrəsi olan epoxal bir əsər gözləməkdə haqlı idi.

 

Belə bir məqamda Sona Vəliyevanın uzun, gərgin axtarışlarının, ağır yaradıcılıq zəhmətinin nəticəsi olan “İşığa gedən yol” irihəcmli romanı (768 səhifə) ədəbi-elmi ictimaiyyətin gözləntisini düşünüldüyündən də artıq cavablandırdı. Bu fundamental ədəbi nəşrin ərsəyə gəlməsi jurnalistikanın çiyninə götürdüyü müqəddəs və böyük missiyanı yerinə yetirmək ənənəsinə sadiqliyinin yeni ifadəsi oldu. Azərbaycançılığı ulu bir məfkurə kimi ictimai fikrə gətirmiş görkəmli mütəfəkkirlərin, istiqlal mücahidlərinin mənəvi atası sayılan Həsən bəy Zərdabi barədə tarixi və elmi qaynaqlara əsaslanan bu irihəcmli bədii əsər ədəbi-mədəni aləmdə ciddi və sevindirici hadisə kimi qəbul olundu.

 

Əslində, böyük Həsən bəyin vəfalı həyat yoldaşı və silahdaşı Hənifə xanım Abayeva-Məlikovanın, qızı Qəribsoltan Məlikovanın, kürəkəni Əlimərdan bəy Topçubaşovun xatirələrində, Zərdabinin ilk bioqrafı Fərhad Ağazadə (Şərqli), filosoflardan Heydər Hüseynov, Ziyəddin Göyüşov, İzzət Rüstəmov, filoloqlar Abbas Zamanov, Əziz Mirəhmədov, Cəlal Məmmədov, Vilayət Quliyev, mətbuat tarixçiləri Şirməmməd Hüseynov, Vəli Məmmədov, Teymur Əhmədov, bioloq Mirəli Axundovun, yer quruluşçusu Eldəniz Həsənov kimi zərdabişünasların tədqiqatlarında Zərdabinin həyat və fəaliyyətinin bir çox yönləri geniş araşdırılsa da milli istiqlalçılar nəslinin müəlliminin mükəmməl bioqrafiyasının yaradılmasında və misilsiz irsinin çağdaş nəsillərə tam çatdırılmasında bəzi boşluqların qalması narahatlıq doğurmaqda idi. Tədqiqatçı jurnalistlər Səttar Zərdablı, Şəmistan Nəzirli, Vasif Quliyev, Abid Tahirli, Tahir Aydınoğlu, İsaməddin Əhmədovun müstəqillik illərdə bu sahədə ardıcıl çalışmaları da Həsən bəy Zərdabinin yetərli bədii obrazının yaradılması üçün faktoloji zəmini xeyli qüvvətləndirmişdir.

 

Bu baxımdan “İşığa gedən yol” bütün jurnalistikanın çiyninə götürdüyü müqəddəs və böyük missiyanı yerinə yetirmək cəhdinə sahiblik etməklə, həm də bu müqəddəs və böyük missiyanın öhdəsindən məzmunlu bir şəkildə gəlməyi də bacardı. Düzü, mən buna müqəddəs və böyük missiya ona görə deyirəm ki, Zərdabini sevmək, ona ruhən bağlı olmaq, onun yaşayıb-mübarizə apardığı dövrün tələb və ziddiyyətlərini, inkişaf meyllərini mükəmməl bilmək belə bir əsəri yazmaq üçün kifayət etməzdi. Həsən bəy Zərdabi kimi zamanı qabaqlamış, çoxcəhətli fəaliyyəti ilə milli tərəqqiyə yön və məzmun vermiş bir şəxsiyyət barədə ilk irihəcmli romanı qələmə almaq nə qədər gərəkli və məsul bir vəzifə idisə, onu gerçəkləşdirmək üçün elmi-tarixi bələdlik və ədəbi- bədii səriştə ilə yanaşı, İlahi bir dəstək-- ruhi-mənəvi enerji də tələb olunurdu. Elə kitabla tanışlığımın ilk anındaca yadıma Çanaqqala qəhrəmanı - 275 kq ağırlığında bir mərmini “uf” demədən qaldıran Seyid Onbaşının məşhur qəhrəmanlığı düşdü. Hətta sonralar şəkil çəkdirmək üçün bu mərmini götürməyə cəhd edən, amma yerindən belə tərpədə bilməyən Seyidin bu qəhrəmanlığı, həm də bir Allah işi idi!        

 

Təbii ki, ölüm-dirim döyüşü ilə ədəbi yaradıcılıq fərqli qabiliyyət tələb edir və bu fikirlər sonralar da romanı hər dəfə əlimə götürüb oxuduqca beynimdən keçib. Sona xanımın fitri istedadına, təşkilatçılıq qabiliyyətinə nə qədər böyük inamım olsa belə bu fundamental əsərin həm də bir ilahi dəstəyin işi olduğuna zərrə qədər şübhəm belə yoxdur. Ən azı ona görə ki, “İşığa gedən yol” təkcə Zərdabi haqqında roman deyil, həm də Zərdabinin yaşadığı və fəaliyyət göstərdiyi böyük bir tarixi dövrün reallıqlarını mükəmməl bir şəkildə təqdim edən tarixi-bədii bir əsərdir. Eyni zamanda milli jurnalistikamızı yaratmış böyük maarifçi-demokrat Həsən bəy Zərdabinin nəsillərə nümunə olan ömür yoluna, onun milli istiqlal tariximizdəki böyük mübarizəsinə həsr olunmuş ilk irihəcmli roman olmaqla, həm də ədəbi-mədəni tariximizdə bir hadisədir. Necə ki, “Əkinçi” təkcə Azərbaycanda, Qafqazda deyil, bütün Rusiya imperiyasında ilk türk qəzeti olmaqla tarixi bir hadisə olmuşdu...

 

Əsərin hər səhifəsində müəllif təhkiyəsi fakt və hadisələri qəlbinin dərinliyindən gələn sevgiyə o qədər hopdurub ki, cazibəli bir ruhi-mənəvi auradan çıxıb o biri səhifəyə keçmək çətin olur. Birincisi, “İşığa gedən yol” romanını oxuyarkən Həsən bəy Zərdabinin keçdiyi ömür yolunun az qala hər səhifəsini vərəqləmək şansı qazanırsan. Daha doğrusu yazıcı təxəyyülü, ciddi reallıqlara əsaslanan təqdimat, adət-ənənələrə və mühitə dərindən bələdlilik belə bir şans verir. Müəllifin ən xırda detallara belə duyğulu münasibəti, olduqca ağıllı təhkiyəsi hər bir hadisəni anbaan səninlə başbaşa qoyur, bütün hiss və həyəcanlarınla, taleyinlə istəyindən belə asılı olmayaraq bu hadisələrin içində olursan. İkincisi, əsərin elə ilk səhifəsindəcə torpağın, daşın, Kürün qumsallı sahillərinin, burulğanlı sularının da ruhu olduğuna şübhən belə qalmır. Fikirləşirsən ki, insanın nə qədər geniş və dərin intuisiyası olmalıdır ki, torpağın da, daşın da, qumun da, çayın da, ləpənin də - bütövlükdə, daim dəyişmədə olan ətraf mühitin daxili məntiqini anlaya, lal dilini belə məharətlə aça bilsin. Bu bələdlik və səriştənin nəticəsidir ki, adətən ağ və qara rənglərdə bizə gəlib çatan dünənimizin önəmli bir dövrü gözlərimiz önündə bütün təbii rəngləri və çalarları ilə canlanır. Məhz bu baxımdan bəlkə də vaxtilə bir şeirində dediyi kimi “Ürək adlı boxçamla, Qapına gəldim, İlahi!” deyən müəllifi - Sona xanımı seçilmiş adlandırmaq olar. Əslində Zərdabi də seçilmişlərdən idi, bu vergi bir vaxtlar Həsən bəyə də verilmişdi: məhz Vətən eşqi, millət məhəbbəti ilə dolan Zərdabi Azərbaycan dövri mətbuatının əsasını qoydu...

 

 Dövrün tarixi həqiqətlərini hərtərəfli öyrənən müəllif Zərdabinin olduqca mükəmməl obrazını təqdim edir. Maraqlıdır ki, bu təqdimat o qədər əhatəli və dolğundur ki, burada hər bir incəliyi oxucu duyur və yaşayır. Təbii ki, bu deyilənlərin sübutu üçün romanın hər səhifəsində onlarca faktlar var. Böyük Zərdabinin anasının, babasının, nənəsınin, atasının hiss-həyəcanları ilk səhifədə “İyul, 1848-ci il, Kür çayının sahilləri” başlanğıcında nə qədər məsuliyyətlə təqdim edilirsə, eyni bir temp və gərginliklə oxucunu bütün əsər boyu maraqda saxlayır. Qısası iki hissəlik romanın 90-na qədər irili-xırdalı fəsillərində altı yaşla altmış beş yaş arasında keçən bir ömrün hər bir həftəsini, ayını yox, az qala hər gününü yaşadır müəllif bizlərə...

 

 Bir az dərindən baxanda isə əsərdə tarixi şəxsiyyətin obrazı diqqət mərkəzində olsa da XIX əsrə məxsus olan ziddiyyətlər- elmə, təhsilə, mədəniyyətə olan maraq, həm də fanatizm və savadsızlıq, insanların mənəvi azadlıq istəyi müxtəlif üsullarla oxucuya təqdim edilir. Biz burda- bu zəngin və qaynar mühitdə kimləri görmürük?! Həsən bəy Tiflisdə təhsil aldığı illərdə Mirzə Fətəli Axundzadənin məclisində Mirzə Hüseyn Qayıbov, İlya Çavçavadze, Mixail Kipiani ilə başbaşadır. Universitetdə təhsil illərində Moskvada rus demokratlarının əhatəsindədir. Təbii ki, bu kimi misalların sayını artırmaq da olar. Amma görünən budur ki, əsər Həsən bəyin parlaq və zəngin bioqrafiyasının yüksək estetik təqdimatı fonunda, onun dövrünün və mübarizəsinin olduqca geniş mənzərəsini oxucuya çatdıra bilir.

 

 Əsərdə “Əkinçi”nin bədiiləşmiş xronikası da geniş yer tutur. Qəzetin işıq üzü görməsindən bağlanışına qədər keçdiyi iki illik yol 100 səhifəyə qədər yer tutur. Bu hissədə müəllif böyük Zərdabinin sevincini də, iztirablarını da, çıxılmaz vəziyyətə düşməsini də milli bəlalar və onların sağaldılması cəhdi kontekstində açıqlayır. Krım türklərinin böyük ziyalısı, “Sözdə, fikirdə, əməldə birlik!” şüarı ilə türkçülük təliminin özül daşlarını qoyanlardan biri İsmayıl Qaspralının özünə ustad saydığı Zərdabiyə etdiyi “Həsən bəy, sizi bütün Krım türkləri tanıyır, dəyərləndirir. Məncə, siz bir ovuc ideya toxumunu “Əkinçi”nin yayıldığı və oxunduğu bütün ərazilərə səpərək, əvəzində maarif, elm, təhsil və tərəqqi adlı məhsul yetişdirdiniz” deyimi yazıçı ideyasının açılması və təsdiqində təsirli köməyini göstərir. Müəllif möhtəşəm “Zərdabi məbədi”ni ucaltmaqda belə qızıl kərpiclərdən yerli-yerində və ustalıqla istifadə edir.

 

 Sonda əsərin axır səhifəsində səslənən müəllif ricətini yada salmaq yerinə düşər. Həsən bəy Zərdabinin son mənzilə yola salınma mərasiminin olduqca təsirli mənzərəsinin ruhunu ifadə edən bu dəyərləndirmə əsrin qayəsini ifadə etdiyindən onun adında da əksini tapıb, həm də bu günümüz üçün rəmzi bir mənası var: “Həsən bəyin ruhundan zühur edən işıq seli, aləmi bürüyən ovliya nuru öz əbədiyyət yolunu davam edirdi. Bu işığın son dayanacağı hələ çox-çox uzaqlarda idi. Tükənməyən, bitməyən nur yolu, işıq seli heç vaxt bitməyəcək, sona çatmayacaq kimi millətin önünə düşərək gələcəyə doğru gedirdi”.

 

Üstündən uzun illər keçsə belə bu gün də “aləmi bürüyən ovliya nuru öz əbədiyyət yolunu” davam etdirməkdədir. Bizlərə bircə bunu əlavə etmək qalır: ümid edək ki, nə vaxtsa “İşığa gedən yol”un təkcə oxucusu yox, həm də böyük ekranlardan izləyicisi və tamaşaçısı olacağımız gün də uzaqda deyil...

 

Namiq ƏHMƏDOV

Əməkdar jurnalist

 

525-ci qəzet.- 2016.- 26 noyabr.- S.10.