“Türk dünyası arasındakı əlaqələri daha da gücləndirməliyik”

 

QÜDRƏT BÜLBÜL: “AZƏRBAYCANA HƏR SƏFƏRİMDƏ BAKINI BİR BAŞQA İNKİŞAF NÖQTƏSİNDƏ GÖRÜRƏM”

 

Türkiyə Baş Nazirliyi nəzdində fəaliyyət göstərən Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar Başqanlığı (YTB) Türkiyənin yeni qurumlarından biridir.

 

Qurum yaranmasından az müddət keçməsinə baxmayaraq, Azərbaycan da daxil olmaqla ortaq türk mədəniyyətinin dünyada tanıdılması, tariximizin araşdırılması, türkdilli xalqların bir araya gətirilməsinə xidmət edən müxtəlif layihələr gerçəkləşdirir, həm də önəmli tədbirlərin təşkilatçısı kimi çıxış edir.

 

Müsahibimiz YTB-nin rəhbəri Qüdrət Bülbül qurumun fəaliyyəti, qarşıdakı planları barədə daha ətaflı danışıb.

 

- Qüdrət bəy, YTB-nin türk dünyasının birliyinə töhfəsini necə ifadə edə bilərsiniz?

 

- Yeni Türkiyənin yeni qurumları var: TİKA, Yunus Əmrə Fondu, AFAD və Türk Qızıl Ayı (Qızıl Aypara). Məsələn, AFAD və Qızıl Ayparadan bəhs etsək, bunlar daha çox insani yardım qurumlarıdır. TİKA texniki, Yunus Əmrə isə mədəni yardımlar edir. Bütün bunların arasında YTB intellektual yardım, intellektual işbirliyi və inkişaf nöqtəsində dayanır. Türk dünyası baxımından da bizim bu sahədə gerçəkləşdirdiyimiz fəaliyyətlərimiz son dərəcə əhəmiyyətlidir. Bu ayın 23-də Ankarada türk dünyası düşüncə quruluşlarının tədbirini gerçəkləşdirəcəyik. Bundan başqa, bu il Qazaxıstanda “Avrasiya yaz məktəbi” layihəsini gerçəkləşdirdik. Sözügedən layihənin hər il bir ölkədə keçirilməsini istəyirik. İntellektual sərmayəni inkişaf etdirən layihələr həyata keçiririk. Bu mənada Türkiyə ilə türk dünyası arasında işbirliyini nə qədər genişləndirsək, bir o qədər yaxşıdır. Çünki bu sahədə hələ o qədər də irəli gedə bilməmişik. 100 il öncəyə nəzər salsaq görərik ki, məsələn, İsmayıl Qaspıralının Krımda çıxardığı qəzet İstanbulda çox yaxından izlənirdi. Eyni zamanda İstanbulda çıxan bir dərgi türk dünyasında tanınırdı. Bu sahələri inkişaf etdirməyimiz lazımdır. Yeni Türkiyənin qurumları çox sahələrdə öz fəaliyyətlərini genişləndirirlər. Ona görə ki, bu gün mən də daxil olmaqla bütün məmurları toplayaraq, məsələn, Misirdən bir məmur bürokrat adı deyin, soruşsaq, cavab verəcəklərindən əmin deyiləm. Ankaradakılara Bakıdan üç tanınmış qəzetçi adı soruşsanız, yenə doğru cavab alacağımıza ümid etmirəm. Dövlət və siyasət adamlarımız arasında çox gözəl əlaqə var. Lakin bunu daha da gücləndirmək lazımdır. Biz də fəaliyyətimizdə buna önəm veririk.

 

- Türkdilli ölkələrin müstəqilliklərinin 25 illiyi münasibətilə Türkiyədə bir sıra qurumlar tədbirlər keçirir. Sizin rəhbərlik etdiyiniz qurumda bu məsələdə ön sırada dayanır. Həmin tədbirlər barədə nə deyə bilərsiniz?

 

- Öncə deyim ki, türkdilli respublikaların müstəqilliklərinin 25-ci ildönümünü qeyd etmək çox böyük bir xoşbəxtlikdir. Sanki hər şey dünən olub. Hələ dünən “Bu xalqlar öz müstəqilliklərini nə dərəcədə qoruyub saxlaya biləcəklər” deyə düşünərkən bu gün artıq onların 25 illik müstəqilliyindən danışırıq. Digər tərəfdən, biz bu 25 ili uzun onilliklər gözlədik. Bizim üçün 25-ci ilin başlanğıcı “Gün var, əsrə bərabər” deyiminə bənzəyir. Bu mənada müstəqilliyə qovuşmaq son dərəcə dəyərlidir. Bu müstəqilliyə həyatlarını həsr edən, bunun üçün çalışan və bunu bizə ərməğan edən hər kəsə - can qardaşlarımıza təşəkkürümüzü bildiririk.

 

YTB olaraq biz də bu 25 ilə böyük önəm veririk. Bunun da bir sıra səbəbləri var. Bizim quruluşumuzun önəmli səbəblərindən biri də türk dünyasıdır. Çünki hələ 90-cı illərdə prezident Turqut Özal türk tələbələri layihəsini başladıqda əsas məqsədi qardaş respublikaların təhsil potensialına töhfə vermək idi. O zaman Türkiyəyə minlərlə tələbə gətirdik. Məsələyə bu kontekstdən yanaşsaq, YTB-nin quruluşunun əsas məqsədlərindən biri və ilk yola çıxış hekayəsi də türk dünyasının təhsil potensialını gücləndirməkdir. Bu mənada qardaş xalqlarımızın müstəqilliyinin 25 illiyinə böyük önəm veririk. Bu yaxınlarda Türkmənistanın Müstəqillik Gününü YTB-də keçirdik. Eyni zamanda da Azərbaycanın Müstəqillik Günü ilə bağlı keçirilən tədbirdə iştirak etdik. Önümüzdəki günlərdə türkdilli respublikaların Ankaradakı səfirlikləri və türk dünyasının böyük qurumları ilə birlikdə 25 illiklə bağlı geniş bir proqram - sərgilər, simpoziumlardan ibarət bir neçə günlük tədbir keçirməyi planlaşdırırıq.

 

-Ötən ilin sonunda YTB olaraq yeni bir layihə ilə bu ili “Kosova ili” elan etdiniz. Artıq il başa çatır. Maraqlıdır, öz hədəfinizə çata bildinizmi və bu layihə davam edəcəkmi?

 

- Bu suala rahat cavab verə bilərəm. Çünki Kosovadan yeni qayıtmışam. Bizim bir çox dünya ölkələrinə yönəlik fəaliyyətimiz var. Çünki ölkə xaricində 8-10 milyon vətəndaşımız var. Vətəndaşlarımız, xaricdə yaşayan qohum topluluqlar baxımından öz hədəflərimizi müəyyən edir, beynəlxalq miqyaslı, bütün dünyanı əhatə edən layihə gerçəkləşdirməyə çalışırıq. Buna baxmayaraq, yenə də elə vacib məsələ var ki, onun üzərində mərkəzləşə və daha dərindən öyrənə bilmirik. Ona görə də “Ölkə ili” elan etmək qərarına gəldik və ilk layihəmiz də “Kosova ili” oldu. Bununla bağlı çox sayda müraciətlər aldıq. Məsələn, bir ölkə ilə bağlı öz layihələrimizlə bərabər o ölkədən aldığımız layihələr də mövzumuza uyğun ola bilər. Bununla da daha böyük məsələlərə toxuna bilirik. Keçən il Türkiyədə “Balkan ölkələri düşüncə quruluşları” layihəsini gerçəkləşdirmişdik. İkincisini də bu yaxınlarda Kosovada keçirdik. Kosova ilə bağlı həyata keçirdiyimiz tədbirlərdən biri də sənədli film oldu. Film qopuz ifaçısı Rasim Salihin həyat və yaradıcılığından bəhs edir. Kosovalı sənətkar Berkant Curinin müəllifi olduğu film YTB-nin dəstəyi ilə çəkildi və eyni zamanda İtaliyanın Milan şəhərində düzənlənən beynəlxalq film festivalında “Ən yaxşı əcnəbi sənədli film” və “Ən yaxşı hekayə” mükafatlarına namizəd oldu. Bu yaxınlarda isə “Kosova ili”nin bağlanış mərasimini keçirəcəyik. Növbəti “Ölkə ili”ni başqa bir coğrafiyadan seçəcəyik. Böyük ehtimalla bu, türk dünyasından olacaq və orada da müxtəlif tədbirlər keçirəcəyik. Beləliklə, sosial, mədəni, təhsil, intellektual sahələrdə daha çox işlər görməyə çalışırıq.

 

- Qurum hər il eyni layihələri həyata keçirir, yoxsa hansısa yeni proqramları da əlavə edirsiniz?

 

- Bununla bağlı iki istiqamətdə çalışırıq: birincisi, öz layihələrimiz olur və YTB olaraq bir ölkə, bir quruluş, bir QHT, universitet, ya da düşüncə quruluşu ilə işbirliyi qura bilirik. İkincisi, Avropa Birliyinin Türkiyədə həyata keçirdiyi tərzdə bəlli bir proqram elan edir və bu çərçivədə layihələr alırıq ki, bu da son dərəcə dəyərlidir. Biz bir elan verdikdə bütün dünyadan müraciətlər ala bilirik və düşünə bilmədiyimiz, planlaşdırmadığımız bir çox layihələrə dəstək veririk. Ötən il 19 proqramımız var idi. Buna bu il həyata keçirdiyimiz “Türkiyə stajları” proqramı da əlavə edildi. Avropada 3-cü, 4-cü nəsil vətəndaşlarımız var və Türkiyədə staj keçmək istədiklərini bildirirlər. Buna görə də, Türkiyənin ictimai peşə təşkilatları ilə birlikdə staj proqramları gerçəkləşdirdik. Çox sayda gəncimiz bu proqramdan faydalandı. İl sonunda isə bu proqramları dəyərləndirərək hansına davam edib, etməyəcəyimizlə bağlı qərar verəcəyik.

 

- Mədəniyyət sahəsində hansı layihələrə önəm verirsiniz?

 

- Mədəniyyət bizim fəaliyyətimizin ikinci mühüm sahəsini təşkil edir. Tarix və əlaqələrimizin dərin olduğu bir coğrafiya və bu coğrafiyada zəngin irsimiz var. Bizim kimliyimizə daha çox dəyər verən ortaq keçmişimiz olub. Bu, istər Türkiyəyə, istərsə də Azərbaycana aiddir. Amma son yüz ildə ortaya bir unutqanlıq çıxır. Bu sahədə ortaq mədəni dəyərləri ortaya çıxaran, təbliğ edən layihələrimiz var. Məsələn, bu il Giresun Universiteti tərəfindən YTB-nin dəstəyi ilə 5-ci “Türk Dünyası Aşıqlar Şöləni”, Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun rəhbərliyi ilə “Türk Dünyası Beynəlxalq Mədəniyyət Konqresi: Dədə Qorqud və Türk Dünyası” layihəsi, Elazığ şəhərində baş tutan 22-ci Beynəlxalq Şeir Axşamları və s. layihələr gerçəkləşdirildi. Bundan başqa, YTB qurulduğu gündən bəri müxtəlif yerlərdə yaşayan türk toplumları ilə bağlı tədbirlərə, aparılan araşdırmalara və nəşrlərə də dəstək verməkdədir.

 

- Sizcə, Azərbaycanla əməkdaşlıq istiqamətində hansı perspektivlər var?

 

- Əvvəlcə onu demək istəyirəm ki, bəzən YTB-ni sadəcə burs (təqaüd) verən qurum kimi də tanıyırlar. Lakin bizim fəaliyyətimizdə üç istiqamət var: birincisi, diaspor fəaliyyəti, ikincisi, soydaş və qohum topluluqlarla iş, üçüncüsü, beynəlxalq abituriyentlərə dövlət təqaüdlərinin verilməsi. Mənim universitetdə təhsil aldığım illərdə belə bir fikir ətrafında diskussiya gedirdi: türk dili elm dili ola bilərmi? Bizim müəllimlər deyirdi ki, ola bilməz. Amma bu gün dünyanın hər tərəfindən minlərlə insan Türkiyəyə gəlmək, təhsillərini türk dilində almaq istəyirlər. Bizim Avropa və Amerikadakı bir çox layihələrimizə türk dünyası ölkələri də müraciət edə bilir. Azərbaycan, Türkmənistan, Qazaxıstan da müraciət edirsə, biz bunları çox müsbət dəyərləndiririk. Azərbaycanla əlaqələrimizə gəlincə, sosial, mədəni, intellektual işbirliyini gücləndirmək əsas məqsədimizdir. Mən özüm işlə bağlı Azərbaycana tez-tez gedirəm. Hər səfərimdə Bakını bir başqa inkişaf  nöqtəsində görürəm.

 

PƏRVANƏ

 

 

525-ci qəzet.- 2016.- 26 noyabr.- S.7.