Müstəqillik dövründə folklor
və qanunvericilik məsələsinə bir nəzər
Folklor bu
anın, bundan əvvəlki zamanların, xalqların,
yaşamın səsini toplayan, özündə saxlayan,
özünə hopduran membran olmaqla yanaşı, həm də
bundan sonrakı həyatın, yaşamın,
anlayışların düzənini saxlayan, insanları bu həyata
kökləyən kamerton rolunu oynayır.
Düzgün
köklənməmiş ən adi musiqi aləti həm sənətkarın
istedadına, həm də orkestrın sinxron,
uzlaşmış işinə xələl gətirdiyi kimi,
düzgün, vahid, əsaslı anlayışlara,
düşüncə və yaşam idealına və metoduna
malik olmayan cəmiyyət, xalq da vahid ortama gəlib
böyük hədəflərə köklənə bilməz.
Cəmiyyətin kamertonu folklordur. Milli-mənəvi,
etno-psixoloji, mistik- kosmoqonik dəyər və
anlayışları özündə əks etdirən, bir
çox sirlərin və anlaşılmazlıqların
açarı olan folklorla bağlı münasibətlərin
hüquqi tənzimlənməsi sözsüz ki, tam mənada
mümkün deyildir.
Müasir folklorşünaslıq bizim adət etdiyimiz
antroposentrizmin hüdudunu aşmaqda, daha geniş məna və
mahiyyət ifadə etməkdədir. Folklora belə
münasibət ənənəvi elmi qəliblərlə bir
araya sığmır, yeni baxış, yeni metodika, yeni təfəkkür
tərzi tələb edir.
Folklorun milli-mənəvi dəyərlər sisteminin
formalaşmasında yerinin və rolunun artdığı,
etno-psixologiyanın fəal öyrənilməsi və dövlət
idarəçiliyində tətbiqinə ciddi əhəmiyyət
verildiyi indiki müstəqillik zamanında bu sahənin
xüsusi önəm daşıdığı hamı tərəfindən
qəbul olunan faktdır. Azərbaycan Respublikasının öz müstəqilliyini
qazandıqdan sonra milli folkloruna sahib çıxmasının
bariz nümunəsi kimi əvvəla, AMEA Nizami adına
Ədəbiyyat İnstitutunun nəzdində 1993-cü ildə
"Folklor Sarayı" yaradılmış, daha sonra
2003-cü ildə Folklor İnstitutu təsis edilmişdir.
Eləcə də, müasir dünyaya inteqrasiya prosesində
bizim bir xalq, cəmiyyət kimi dünya mədəniyyət
süfrəsinə verə biləcəyimiz, dünya mədəni
mühitini bəzəyəcək ən önəmli hədiyyəmiz,
xidmətimiz, payımız, min illərlə
yaşatdığımız, yaratdığımız folklor
nümunələrimizdir. Müstəqillik dövründə
Azərbaycan muğamı, Azərbaycan aşıq sənəti,
Novruz bayramı, ənənəvi Azərbaycan
xalçaçılıq sənəti, tar və onun
ifaçılıq sənəti, Azərbaycan
Respublikasında çovqan ənənəvi Qarabağ
atüstü oyunu, ənənəvi kəlağayı sənəti
və simvolizmi, qadın ipək baş örtüklərinin
hazırlanması və istifadə olunması, Lahıcın
misgərlik sənətinin YUNESKO tərəfindən bəşəriyyətin
yaradıcı şah əsərləri sırasına daxil edilməsi
bunun gözəl nümunəsidir.
Yüksək elmi təfəkkürə, özünəməxsus
dünyabaxışa, mənəvi dəyərə və həyat
idealına malik olan xalqımızın yaratdığı
gözəl nümunələr, ortaya qoyduğu folklor sərvəti
digər xalqlar, dövlətlər üçün cəlbedicidir,
cəlbedici olubdur. Ondan bəhrələnmək, öz həyatlarında
istifadə etməklə kifayətlənməyib onu
özününküləşdirməyə də cəhd
ediblər. Bu təbiidir, çünki hər
kəs yaxşının onun olmasını istəyər.
Ancaq əldə etdiyi bu sərvətin mahiyyətini,
təyinatını, onu yaradan düşüncə və
duyğunu anlamayanlar ondan həqiqi mənada istifadə edə
bilməzlər.
Folklor nümunələrimizin qanunsuz istifadəsi, mənimsənilməsi,
özününküləşdirilməsi cəhdlərinin
qarşısını almaq yönündə dövlətimizin
apardığı siyasət, bu vəzifələrin Müəllif
Hüquqları Agentliyinə həvalə edilməsi çox
faydalı və günümüz üçün
aktualdır.
Bu gün bizim həyata keçirməli olduğumuz əsas
vəzifə elmi-texniki, informasiya, sənayeləşmə və
urbanizasiya dəyirmanında üyünərək,
savadlılıq kürəsində əriyərək yox
olmağa gedən folklor nümunələrimizi, milli yaddaşımızı,
mənəvi dünyamızı yüksək qayğı və
intellektlə toplamaq, arxivləşdirmək, gələcək
nəsillərə saxlamaqdır. O nəsillərə ki, bizim görmədiyimizi
görəcək, bilmədiyimizi biləcək,
anlamadığımızı anlayacaqlar.
Azərbaycan
Respublikası Prezidentinin 23 may 2007-ci il tarixli 2198 saylı Sərəncamı
ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Milli təhlükəsizlik
konsepsiyasının giriş hissəsində göstərildiyi
kimi, Azərbaycan xalqı daha geniş demokratik dəyərlərə
qovuşmaq imkanından istifadə edərək,
özünün milli dövlətçilik ənənələrinə,
tarixi və mədəni irsinə söykənən
müasir, demokratik, hüquqi dövlət quruculuğu yolunu
seçmişdir.
Dövlətçilik ənənələrinə,
tarixi və mədəni irsinə söykənən müasir
dövlət hər şeydən əvvəl özünəməxsusluğunu,
milli dəyər, sistem və strukturunu saxlayan, qoruyan və
inkişaf etdirən, xalqın formalaşdırdığı
dövlətdir.
Məhz
buna görədir ki, 16 may 2003-cü ildə Azərbaycan
Respublikası Prezidenti tərəfindən təsdiq edilən
"Azərbaycan folkloru nümunələrinin hüquqi
qorunması haqqında" Azərbaycan Respublikası Qanununun
preambulasında göstərilir ki, bu Qanun Azərbaycanın mədəni
irsinin tərkib hissəsi olan milli folklor nümunələrinin
əqli mülkiyyətin xüsusi növü kimi hüquqi
qorunması, istifadəsi və müdafiəsinin təminatı
ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.
Qanuna
görə, folklor nümunələri dedikdə Azərbaycan
xalqı, onun ayrı-ayrı fərdləri tərəfindən
yaradılan və qorunub saxlanılan, Azərbaycan
xalqının ənənəvi-bədii dəyərlərini,
dünyagörüşünü, ümid və
arzularını, bədii irsin xarakterik xüsusiyyətlərini
özündə əks etdirən, şifahi şəkildə
yaradılan söz sənəti nümunələri, xalq
musiqisi, oyunları və rəqsləri, xalq sənətkarlığı
və tətbiqi sənət nümunələri (maddi və
qeyri-maddi), eləcə də, digər xalq
yaradıcılığı nümunələri nəzərdə
tutulur. Qanunun məzmunundan aydın olur ki, folklor
nümunələri bədii xalq
yaradıcılığı, xalq sənətkarlığı
və tətbiqi sənət nümunələrindən ibarət
olan maddi və qeyri-maddi irsə aid edilən əsərlərdir.
Belə ki bunlar: Bədii söz sənətinə aid olan əmək,
mərasim və uşaq folkloru nümunələri, miflər,
əfsanələr, rəvayətlər, nağıllar,
dastanlar, lətifələr, xalq dramları, atalar sözləri,
zərbi-məsəllər, tapmacalar, xalq və aşıq
poeziyası nümunələri, bayatılar və başqa
şifahi söz nümunələri; Xalq mahnıları və
rəqs melodiyaları, xalq professional musiqisinə aid
aşıq havaları, muğam dəsgahlar, zərb-muğamlar,
təsniflər, cənglər və başqa folklor musiqisi
nümunələri; Xalq rəqsləri, yallılar, oyunlar, mərasimlər,
bayramlar və başqa hərəkətli nümunələr;
Duyulan tətbiqi sənət və xalq sənətkarlığı
nümunələri, o cümlədən, qrafik sənət -
şəkillər, rəsmlər, silsilə təsvirlər,
kölgə rəsmləri, döymə və oyma işləri,
heykəltəraşlıq, keramika, gil məmulatı, mozaika,
metal üzərində işləmə, mis və
bürünc tökmə məmulatları, ipəkçilik,
xalçaçılıq, misgərlik, zərgərlik,
dabbaqlıq, tikmə, səbəthörmə işləri, gəbələr,
butalar, geyimlər kimi folklor sənəti nümunələri,
ornamentlər, naxışlar, musiqi alətləri,
xarratlıq, memarlıq işləri və bu qəbildən
olan başqa nümunələrdir.
Göründüyü
kimi, hüdudsuz zamana, geniş, bütöv Azərbaycan arealına
yayılmış müxtəlif çeşidli,
çoxsaylı sərvət, maddi və qeyri-maddi milli irs
nümunələri milli təfəkkürün, həyat tərzinin
və yaradıcılıq təxəyyülünün
göstəricisi kimi hüdudsuzdur, zəngindir.
Qanunda folklor nümunələrinin hüquqi qorunması
sahəsində dövlət siyasətinin əsas istiqamətləri
müəyyənləşmişdir. Bu Qanun müasir
folklorşünaslığın çərçivəsini
genişləndirməklə yanaşı folklor nümunələrinin
hüquqi qorunmasını daha mükəmməl təmin edərək
gələcək qanunvericilik bazasının yaranmasına da təkan
verir.
Folklor nümunələrinin hüquqi qorunması dedikdə,
folklor nümunələrinin hər hansı qeyri-qanuni istifadədən
və onlara zərər vuran hərəkətlərdən
qorunması başa düşülməlidir.
Açığı, Qanunun bir çox müddəaları
müasir milli folklorşünaslığın inkişaf səviyyəsindən
öndə durur.
"Azərbaycan folkloru nümunələrinin hüquqi
qorunması haqqında" Qanun qəbul edildikdən sonra o,
bir çox digər məcəllə və qanunlarda, proqram və
strategiyalarda da öz ifadəsini tapdı, onun normativ
gücü artdı.
Azərbaycan Respublikası Konstitusiyasında göstərilir
ki, hər kəsin mədəni həyatda iştirak etmək,
mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən
istifadə etmək hüququ vardır. Hər kəs
tarixi, mədəni və mənəvi irsə hörmətlə
yanaşmalı, ona qayğı göstərməli, tarix və
mədəniyyət abidələrini qorumalıdır (Maddə
40. Mədəniyyət hüququ). Eyni zamanda, hər kəsin milli mənsubiyyətini
qoruyub saxlamaq hüququ vardır. Heç kəs
milli mənsubiyyətini dəyişdirməyə məcbur
edilə bilməz (Maddə 44. Milli mənsubiyyət
hüququ).
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
Folklor nümunələrindən istifadə tələblərinin
pozulması adlı 165-2. maddəsinə görə, Folklor
nümunələrindən istifadə tələblərinin
pozulması, əgər bu əməllər nəticəsində
xeyli miqdarda ziyan vurulmuşsa, əmlakı müsadirə
olunmaqla yüz əlli manatdan
beş yüz manatadək miqdarda cərimə və ya yüz
altmış saatdan iki yüz qırx saatadək ictimai işlər
ilə cəzalandırılır. Eyni əməllər: təkrar
törədildikdə; qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil
dəstə tərəfindən törədildikdə - əmlakı
müsadirə olunmaqla şərti maliyyə vahidinin beş
yüz mislindən min mislinədək miqdarda cərimə və
ya üç ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır. Qeyd: Bu maddədə
"xeyli miqdar" dedikdə, min manatdan artıq olan məbləğ
başa düşülür.
Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin
50-2-ci, Folklor nümunələrindən istifadə tələblərinin
pozulması adlı maddəsinə görə isə, Folklor
nümunələrindən istifadə tələblərinin
pozulmasına görə, bu, az miqdarda ziyan vurduqda - folklor
nümunələrinin istifadəsinə qoyulan tələblərin
pozulması ilə istehsal olunmuş və ya
yayılmış folklor obyekti nüsxələri (pirat
nüsxələr) müsadirə edilməklə, fiziki şəxslər
on beş manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli
şəxslər otuz manatdan əlli manatadək miqdarda,
hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək
miqdarda cərimə edilir.
Dövlətimizin
milli təhlükəsizlik siyasətinin həyata keçirilməsində
elmin rolunun artırılması, xalqımıza məxsus
milli-mənəvi dəyərlərlə bağlı istiqamətlərdə
bir çox məsələlərin yenidən azərbaycançılıq
məfkurəsi mövqeyindən araşdırılması,
milli-mənəvi dəyərlərin, Azərbaycan mədəniyyəti
və tarixinin obyektiv, konseptual və kompleks şəkildə
araşdırılması, ictimai və humanitar elm sahələrində
keçmiş sovet metodologiyası ənənələrinin
milli maraqlara uyğun yanaşmalarla əvəzlənməsi və
s. kimi şərtləri folklorşünasların fəaliyyətini
genişləndirmiş, məsuliyyətini
artırmışdır.
Müstəqil dövlət kimi Azərbaycan
Respublikası milli-mənəvi dəyərlərinə sahib
çıxmaq, Azərbaycanda yaşayan bütün
xalqların folklor sərvətini qorumaq yönündə
ardıcıl siyasi iradə ifadə edir. Cəmiyyətimizin
inkişafı, qloballaşan dünyada Azərbaycan
xalqının öz layiqli yerini tutması, folklorumuzun
qorunması, elmi əsaslarla öyrənilməsi bu sahədə
yeni, daha güclü mənəvi və elmi bazaya malik olan normativ
hüquqi aktların qəbul edilməsini
aktuallaşdırır.
Folklor və onun konsentrasiya etdiyi milli-mənəvi dəyərlər
sistemi azad xalq və müstəqil dövlət kimi bizim
dünya sivilizasiyasına inteqrasiya prosesinə verə biləcəyimiz
ən böyük töhvə, eləcə də, bu qloballaşan
dünyada milli varlığımızı qoruyub saxlamaq
üçün özünümüdafiə mexanizmimiz, imkan
və vasitəmizdir.
Folklorun elmi əsaslandırılmış, mahiyyətinə
varılmaqla təşkil olunmuş təbliği təkcə
pedaqoji - psixoloji fəaliyyət olmaqla bitmir, o, dünəninə
baxmaq, bu gününü qiymətləndirmək,
sabahını qurmaq üçün toplumun birləşməsi,
bütövləşməsi, ictimai-siyasi, milli-mənəvi
proseslərdə həmmüəlliflik, həmiştirakçılıq
imkanı yaratmaq deməkdir.
Folkor materialları varlığın - şəxsin, nəslin,
tayfanın, xalqın, millətin, cəmiyyətin, dövlətin
mövcudluğu, varlığı və mahiyyəti ilə
bağlı bu və ya digər konsepsiya haqda informasiya mənbəyi
olmaqla yanaşı özünün və ətraf
dünyanın dərk edilməsi üçün yeni forma və
metodların tapılmasına da təkan verir. Daha
doğrusu, yaxşı, dərindən unudulmuş köhnələrin
xatırlanmasına kömək edir.
Xüsusi olaraq qeyd edilməlidir ki, folklor təkcə
milli qanunvericiliyin deyil, eyni zamanda beynəlxalq hüququn və
beynəlxalq münasibətlərin də predmetinə
çevrilir.
YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması ilə
bağlı qəbul etdiyi sənədlər, bəşəriyyət
üçün vacib olan qeyri-maddi mədəni irs sərvətlərinin qorunması istiqamətindəki
fəaliyyətləri folklor nümunələrinə diqqəti
artırmış, dövlətlərin bu yöndəki
işinə təkan vermişdir.
Azərbaycan
Respublikası beynəlxalq səviyyədə qəbul
edilmiş Ümumdünya mədəni
və təbii irsinin qorunması haqqında 16 noyabr 1972-ci il
Konvensiyası (1993); Müəlliflik hüququ haqqında 6
sentyabr 1952-ci il Ümumdünya Konvensiyası (1997); Mədəni
dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi,
ölkədən çıxarılması və mülkiyyət
hüququnun qanunsuz olaraq başqasına verilməsinin
qadağan olunması və qarşısının
alınmasına yönəldilmiş tədbirlər
haqqında 14 noyabr 1970-ci il Konvensiyası (1997); Beynəlxalq
xüsusi hüququ unifikasiya institutunun (YUNİDRUA)
oğurlanmış, yaxud qanunsuz çıxarılmış
mədəni dəyərlər haqqında 1995-ci il
Konvensiyası (2003); Qeyri-maddi mədəni irsin qorunması
haqqında 17 oktyabr 2003-cü il tarixli Konvensiyası (2006); Mədəni
özünüifadə müxtəlifliyinin qorunması və
təşviqi haqqında 20 oktyabr 2005-ci il Konvensiyasına
(2010) qoşulmuşdur. Konvensiyaların əksəriyyəti
müstəqillik dövründən əvvəl qəbul edilsə
də, məhz müstəqillik illərində ratifikasiya edilməsi
milli-mənəvi dəyərlərimizin müstəqil
dövlətimiz üçün daşıdığı
önəmin bariz göstəricisidir. Eyni
zamanda, xatırlatmaq istərdim ki, Azərbaycanın maddi-mənəvi
sərvətləri məhz müstəqillik dövründə
YUNESKO-nun qərarı ilə dünya xalqlarının
qeyri-maddi mədəni irsi sırasına daxil edilmişdir.
Belə ki, Azərbaycanın 7 qeyri-maddi mədəni irs
nümunəsi YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə
Reprezentativ Siyahısına, 1 irs nümunəsi Təcili
Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs
Siyahısına daxil edilmişdir. 1. "Azərbaycan
Muğamı" 7 noyabr 2003-cü il
tarixində Azərbaycan muğamı YUNESKO tərəfindən
bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri
elan olunmuşdur. 2008-ci ildə Azərbaycan
muğamları YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin
Reprezentativ Siyahısına daxil edilmişdir. 2. "Azərbaycan
Aşıq Sənəti" 28 Sentyabr - 2 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb
Əmirliklərinin Abu-Dabi şəhərində
keçirilmiş YUNESKO-nun Qeyri - maddi Mədəni İrs
üzrə Hökümətlərarası Komitəsinin
4-cü Sessiyası çərçivəsində qəbul
edilmiş qərara əsasən, Azərbaycan Aşıq Sənəti
YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ
Siyahısına daxil edilmişdir. 3. "Novruz" 28 Sentyabr -
2 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb
Əmirliklərinin Abu-Dabi şəhərində
keçirilmiş YUNESKO-nun Qeyri - maddi Mədəni İrs
üzrə Hökümətlərarası Komitəsinin
4-cü Sessiyası çərçivəsində qəbul
edilmiş qərara əsasən, Novruz çoxmillətli
nominasiya (Azərbaycan, Hindistan, İran,
Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan)
kimi YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ
Siyahısına daxil edilmişdir. 4."Ənənəvi Azərbaycan
Xalçaçılıq Sənəti" 15-19 noyabr 2010-cu il tarixində
Keniyanın Nayrobi şəhərində keçirilən
YUNESKO-nun Qeyri - maddi Mədəni İrs üzrə
Hökümətlərarası Komitəsinin 5-ci Sessiyası
çərçivəsində qəbul edilmiş qərara əsasən,
YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ
Siyahısına daxil edilmişdir. 5."Tar və Onun
İfaçılıq Sənəti" 3-7 Dekabr 2012-ci il tarixində
Parisdə keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni
İrs üzrə Hökümətlərarası Komitəsinin
7-ci Sessiyası çərçivəsində qəbul
edilmiş qərara əsasən, "Tar və onun
ifaçılıq sənəti" YUNESKO-nun Qeyri-maddi Mədəni
İrsin Reprezentativ Siyahısına daxil edilmişdir. 6."Azərbaycan
Respublikasında Çovqan Ənənəvi Qarabağ
Atüstü Oyunu" 2-8 dekabr 2013-cü ildə Bakıda
keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrs
üzrə Hökümətlərarası Komitəsinin 8-ci
Sessiyası çərçivəsində qəbul
edilmiş qərara əsasən, "Azərbaycan
Respublikasında Çovqan ənənəvi Qarabağ
atüstü oyunu" YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı
olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil
edilmişdir. 7. "Ənənəvi Kəlağayı sənəti
və simvolizmi, qadın ipək baş örtüklərinin
hazırlanması və istifadə olunması" 24-28 noyabr
2014-cü il tarixində Parisdə
keçirilən Qeyri-maddi mədəni irsin qorunması
üzrə Hökumətlərarası Komitəsinin 9-cu
sessiyasında YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə
Reprezentativ Siyahısına daxil edilmişdir. 8.
"Lahıcın misgərlik sənəti"30 noyabr - 4
dekabr 2015-ci il tarixində Namibiyada
keçirilmiş Qeyri-maddi mədəni irsin qorunması
üzrə Hökumətlərarası Komitəsinin 10-cu
sessiyasında YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə
Reprezentativ Siyahısına daxil edilmişdir.
Bundan başqa, YUNESKO-nun Ümumdünya İrsinin
İlkin Siyahısına 10 abidəmiz
salınmışdır. Bunlar: 1. Suraxanı, Atəşgah
(1998), 2. Naxçıvan
Mavzoleyi (1998), 3. Hirkan Dövlət
Qoruğu (1998), 4. Binəqədi Dördüncü Dövr Fauna və
Flora Ehtiyatı (1998), 5. Lök-Batan Palçıq Vulkanı (1998), 6. Bakı Dağları (1998), 7. Xəzər sahili
mühafizə kostruksiyaları (2001), 8. Şuşa tarix-
memarlıq qoruğu (2001), 9.
Ordubad tarix-memarlıq qoruğu (2001), 10.
Şəki Xan Sarayı (2001).
Azərbaycanın
iki maddi irs nümunəsi YUNESKO-nun Ümumdünya
İrs Siyahısına daxil edilmişdir: "İçəri
Şəhər, Qız Qalası və Şirvanşahlar Saray
Kompleksi" və "Qobustan Qaya Sənəti Mədəni
Landşaftı".
Qeyd: 18-19
dekabr 2013-cü il tarixində
Parisdə YUNESKO-nun Silahlı Münaqişələr
Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə
Komitəsinin 8-ci Sessiyası
çərçivəsində Azərbaycanın hər
iki mədəni irs nümunəsinə "gücləndirilmiş
mühafizə" statusu verilmişdir.
Bütün bunlar müstəqillik dövründə Azərbaycanın
milli-mənəvi sərvətlərinin qorunması və
inkişaf etdirilməsi yönündə dövlətimizin həyata
keçirdiyi siyasətin nəticəsidir.
Qeyd edilməlidir ki, bugün mövcud qanunvericilik folklor
nümunələrinin istifadəsi qaydalarını tənzimləsə
də folklor nümunələrinin toplanması və
qorunması ilə bağlı qaydaların qanunvericilik səviyyəsində
tənzimlənməməsi bir çox problemlər
yaradır. Folklor nümunələrini toplayan, onları sistemləşdirən
və dərc edən çoxsaylı təşkilatlar və
mütəxəssislər üçün ümumrespublika səviyyəli
normativ hüquqi akta ehtiyac vardır.
Məlumdur ki, 2012-ci ildə AMEA Folklor İnstitutuna və
onun əməkdaşlarına qarşı 400 000 manat
iddialı məhkəmə işi
qaldırılmışdır. Mütəxəssislərin,
mətbuatın və hüquqşünasların uzun müddət
gündəmində olmuş məsələnin məğzi
bundan ibarətdir ki, folklor toplayıcısı elmi ənənəyə
sadiq qalaraq söyləyicinin dediklərini olduğu kimi qeyd
etmişdir. İnstitutumuzun mütəxəssislərinin
və hüquqşünasların səyi ilə məhkəmə
Folklor İnstitutuna qarşı yönəlmiş iddianı rədd
etsə də, ictimai fikirdə və mütəxəssislər
arasında bu disskusiya davam etməkdədir. Bu məsələ ilə bağlı məhkəmə
presedenti olsa da normativ tənzimləmə mexanizmi yoxdur.
Nəticə olaraq qeyd etmək istəyirəm ki, müstəqillik dövründə milli dəyərlərimizin, o cümlədən, folklorumuzla bağlı fəaliyyətlərin tənzimlənməsi üçün geniş qanunvericilik bazası yaradılmışdır. Bununla belə, qanunvericiliyin təkmilləşdirilməsi yönündə səylər davam etdirilməlidir.
Sevda AYDIN
KƏRİMOVA
AMEA Folklor
İnstitutunun hüquq məsləhətçisi
525-ci qəzet.- 2016.- 29 noyabr.- S.8.