ZAVALLI TÜRK

 

Zavallı Türk, bəxtsiz gəldin dünyaya,

Sənin də iqbalın düşdü dəryaya.

 

Keçmişdən deməyim, qəlbim qan ağlar,

Tarixi açmayım, ürəklər dağlar!

 

Yağı əlinəmi keçdi sarayın?

Qaraldı nur saçan ulduzun, ayın.

 

Ərəbdi, əcəmdi yalançı dostun,

Neyçün bu yarışda onlarla qoşdun?

 

Müsəllət olubdur düşmən canına,

Cümlə yerikləyib şirin qanına.

 

Paşalar, ağalar, baylar, bayanlar,

Bu bir sürü sərxoş səni nə anlar?

 

Yolundan etdilər, qaçdın elindən,

Dilini aldılar bir gün əlindən.

 

Cahilsən, özünü anlamadın sən,

Halını görüb də ağlamadın sən!

 

Nadansan! Hər zaman içini yedin,

Ətinlə, qanınla düşmən bəslədin.

 

Yabançı əliylə vuruldun daim,

Yabançı taxtına quruldun daim!

 

Sənin də var idi atadan qalan

Qurulu bir dilin – zirehli qalxan!

 

Bu altı yüz ildə təkcə qış gördün,

Zülmətlər içində atını sürdün.

 

Osmanlı dövləti! Nə yalan bir söz!

Niyə əyri gördü hər şeyi o göz?

 

Sənin-mal dövlətin, ey zavallı Türk,

Yüz illərlə oldu əzab, qan və çirk!

 

Gün gələr, de sən də oyanarmısan?

Öz doğma dilinə dayanarmısan?

 

Qaraman çobanı, adsız Yörüklər,

Sınmayan kişilər, o əsl Türklər!

 

Bir gün qalxarlarmı qurtuluş deyib,

Türk tək qürur duyub, “Türkəm!” söyləyib?

 

Mənim tək səni də sarmış qaranlıq,

Gün batır, qar yağır, hər yan toranlıq...

 

Kəbədə Quranı özgəsi çalıb,

Peyğəmbər bir dərin yuxuya dalıb...

 

Camin toz içində, hörümçək dolu,

Minbərin olubdur qurd-quşun yolu.

 

Rumlu tarixini yazır uzaqda,

“Vəhşi Tatar” sözü dildə, dodaqda...

 

Ovçular üzündə mənhus bir sevinc,

Vəhşilər önündə dayanmısan dinc.

 

Bir mənəm uzaqda davanı edən,

İqbalın uğrunda ölümə gedən.

 

Bir mənəm əlimi göylərə açan,

“Umid ölməz!” deyib sabaha qoşan.

 

Bir mənəm ağlayan payız, qış, bahar,

Bir mənəm hay salan, mənəm – pis Tatar!

 

Budapeşt, 30 yanvar, 1919-cu il

 

Tokay şərabı

 

Macarıstandakı qan, dil və qafiyə qardaşlarıma

 

Yenə də qanırdım taleyin qolun,

Yenə də çevirdim günlərin yolun.

Yenə də şən nəğməm yayıldı düzə,

Bir macar gözəli şərabım süzə...

Tünd Tokay şərabı... altmış yaşında!

Köpürə, qaynaya, daşa qarşımda.

Bir qusar doldurmuş onu çəlləyə,

Az qalır ətrafa alov ələyə!

O qusar azadlıq cənginə getdi,

Düşmənin səfinə özün ilətdi.

Cəngdə şəhid oldu, alaraq yara

Şərab qismət oldu yanıq tatara!

 

Mən qismətlə gəldim, yelkənim açıb,

Hər macar qəlbinə sevgimi saçıb.

Şərab rica etdim, verdilər badə,

Bir macar gözəli durdu amadə.

Mən o qusara heç borclu qalmaram,

İgidin malını müftə almaram.

Çoban  şeirinə tünd şərab qatar

İçənin canına igidlik çatar!

Mey Tatar qəmindən olsa da acı,

Var bir az ümidi, bir az əlacı...

Buraxım, şeirim yüz illər dursun,

Yarımın göz yaşı onla qurusun.

Söylənsin hər gələn  nəslə bu sözlər,

İçilsin Dvindən Kaşqara qədər!

Birinin şərabdan başı dönsə də,

Gündüz gecə olub dünya çönsə də,

Buna suç deyilməz əzəldən bəri,

Qoy yaddan çıxmasın elin sözləri:

“Müdrik ər tünd şərab sayıla gərək!

Əmrinə hər yerdə uyula gərək!”

Tünd Tokay şərabı, Tatarın şeiri

Dvindən Kaşqara yürüsün əmri!

Dvindən Kaşqara yürüsün əmri!

 

Budapeşt, 31 mart, 1920-ci il

 

Müsəlman balası, islam cocuğu

 

Bütün Şərq sərməstdir, uyquda yatır,

Çubuğun sümürür, tiryəkin atır.

Keçirir həyatın miskin, həvəssiz...

Bir uşaq ağlayır kənarda səssiz

Müsəlman balası, islam cocuğu.

 

Keçmişi yalandır, bu günü umud,

Sabahı nəm çəkmiş taxta bir tabut.

Bütün Şərq gömülür məzara diri.

Bir uşaq ağlayır bayaqdan bəri-

Müsəlman balası, islam cocuğu...

 

Min evin hər axşam tavanı çökür

Ölüm yüz minləri kamına çəkir.

Hamilə analar cocuğun boğur

Amma cocuq yenə gizlində doğur-

Müsəlman balası, islam cocuğu!

 

Ölülər çürüyür, qanlar quruyur,

Türbələr əyilib yerə baş qoyur.

Amma yenə biri yetişir Şərqdən-

Yetişir, əl çəkmir doğrudan, həqqdən

Bir çoban balası, islam cocuğu!

 

Budapeşt, 2 mart, 1920-ci il.

 

Ana dili

 

Mən səni Krımda, Kazanda duydum,

Qəlbim odlananda, qızanda duydum.

Yad eldə üzülüb acı çəkəndə,

Ümidsiz gözümdən yaşlar tökəndə,

Boynuna sarılıb dərdimi dedim,

Bir munis sözündən düzəldi qəddim.

Şeirin olmasa, mahnın olmasa,

Bircə “yurd” kəlmənlə qəlbim dolmasa,

Necə dolaşardım qürbət diyarda?

Tanışsız, bilişsiz yad mahallarda?

Bilmirəm, Türkdür, ya Tatardır adın?

Amma çox şirinsən, Tanrıdan dadın!

Türkü də, Tatar da sənin sözündür,

İkisi də iki cüt məhzun gözündür.

Vyana önündə, kazak içində,

Bərabər səsləndik Hindlərdə, Çində.

Gər anlasa səni düşmən də sevər,

Bir şirin sözünə dünyanı verər.

İstəyirəm səni hər yerdə görüm,

Hər yanda incinlə dastanlar hörüm.

Bütün canlılara öyrədim səni,

Yetimin könlündən sil qəm-qüssəni.

Camiyə, mehraba, saraylara gir,

Uzaq dənizlərdən bir xəbər gətir.

Səninlə düşmənə fərmanlar yazım

Dil anlamazların könlünü qazım!

Qəbrimdə mələklər sorğular sorsa,

Əzrayıl dilimi min yol qoparsa,

“Öz ana dilimdə söylə!” -  deyərəm.

Dilimdə danışıb sonra ölərəm.

Könlümü qayğılar, dərdlər tutanda,

Yurdumun ulduzu qəfil batanda

Öz dilim! Başqa şey gəlmir yadıma.

Yalnız sən çatarsan mənim dadıma!

 

Budapeşt, 1 iyun, 1918-ci il.

 

Dua

 

Tanrım, sormadan bu qulu yaratdın,

Bəslədin, böyütdün, kamala çatdım.

Bilmədən doğuldum, öləndə bilim!

Doğanda ağladım, öləndə gülüm!

 

Allahım, ver mənə bir ölüm – yaxşı!

Əyilsin önümdə düşmənin başı.

Hər səhər, hər axşam budur diləyim –

Cənazəm önündə toplansın elim...

 

Budapeşt, tarixsiz.

 

Budapeşt axşamı

 

Budapeşt axşamı... Buludlu, küskün,

Lampalar közərir, işıldaşaraq

Bir gün də kədərlə yetişir başa

Buludlar səmaya toplayır yükün,

 

Macar şərqiləri gəlir uzaqdan,

Səslər kədərlidir, ürəyi yaxır

Boğazda qaynayır, dodaqdan axır

Durub dinləyirəm onu bayaqdan.

 

Kilsələrin zəngi çalınır bu dəm –

Sanki min illərin kədərin saçır.

Nənə də yalvarır, göyə əl  açır

Mən isə elə bil Xızrı görürəm.

 

Əski bir şərqidir fikrimə hakim

Oxşayan, yalvaran, inləyən bir səs...

Kədərli nəğməni çoxları sevməz

Dolub ürəyimə qüssə limhalim.

 

Budapeşt axşamı... Üç illik tanış,

Həsrətimin dostu! Səni sevirəm.

Qarşında dayanıb başım əyirəm,

Budapeşt axşamı... Üç illik tanış!

 

Könlüm min ümidlə, sevdayla dolu

Al, qızıl, qaralı axşama oxşar

Axşamlar oyanar, axşamlar yaşar

Axşamlar göstərər səmaya yolu!

 

Budapeşt, 10 mart, 1919.

 

Keçmiş günahlarımız

 

Biri açıb kitabını “Lənət!” deyir,

Hülakiyə, Batı xana, Temirə.

Biri yazıb tarixini “barbar” deyir,

Bir zamanlar baş əydiyi əmirə.

“Tatar xalqı”, “Tatar xanı” fısıldar,

Kafir, mömin, bütün dünya dilləri.

“Tatar xanı sinəmizə çəkib dağ,

Atəşlərə bürünsün qoy elləri!”

Fəqir Tatar atdan enib, şaşırıb,

Üzün örtür, səsin qısır,  gizlənir.

“Çingiz, Temir, Batını tanımıram,

Mən onları heç görmədim!”-söylənir.

Düşmənləri “Sənsən!” deyib hayqırır:

“İzin, rəsmin tarixlərdə boyaboy!

Səndin Cingiz ordusuyla yürüyən,

Sarı üzlü, yastıburun,  alçaq boy”

“Mən deyiləm”,-deyə fəqir zarıyır.

Çingiz, Batı nəslimdə heç olmadı.

Atam, anam şərəfli bir seyiddi,

Yaxınlarım ya qazı, ya molladı”.

Buraxın o fəqir  xalqı, suçu yox,

Suçludursa, bədəlini ödəyər.

Mənəm Çingiz, Temir xanın nəvəsi!

Mənəm onlar gedən yolu gedən ər!

Götürürəm günahları üstümə,

Bizlər yaxdıq Şamı, Bəsrə - Bağdadı

Biz dağıtdıq sarayların Romanın,

Biz qaldırdıq ərşə ahı, fəryadı.

Gəl bir soruş! Biz verərik hesabın

Dalmatiyanın, Macarların, Kazağın,

Hindistanın, Ağ dənizin, Azağın.

Gəl bir soruş barbarlığın əsbabın.

Qılıncım yox, köhlənim yox, yayayam,

Ürəyimdə oddan atəş qalanıb,

Boynum bəxtin qollarında burulub,

Evim, ölkəm – nəyim varsa talanıb!

Ey Avropa! Ey alimlər! Biliniz

Çıxmasanız yalanın sehrindən

Sabah mən də olacağam bir Çingiz

Qüvvət alıb millətimin qəhrindən!

Kitabını Dəclələrə ataram,

Sarayına od vuraram, yaxaram.

Bütün nəslin atəşlərdə yanınca,

Yenə gedib səhralarda yataram.

Əzilmişəm, qoy yüklənim suçların,

Böyük xanın, böyük xalqın birbəbir,

Qoy yüklənim babaların günahın –

Amma bir gün bitəcəkdir bu səbir!

                                       Budapeşt, 13 fevral 1920-ci il

 

               Bir əsirin baş daşına

 

Soyuq demə, uyu dostum, yad torpaqda

Öz yurdun yox! Olsa da lap, lap uzaqda.

Uyu, yadın toy səsinə baş qaldırma.

Baharına, bülbülünə heç aldırma!

 

Bir gün gəlsə, bu dumanlar ayasıza,

Səmalardan hər tərəfə səs yayılsa,

Sən də oyan “Allah! Allah!” sədasına,

Mələklərin xoş səsinə, nəvasına.

 

Sil gözünü, igidlərtək at min, qurşan!

Ulduzlardan anla artıq - açılıb dan.

Şərqə yollan, yurd səmtinə çevir üzün,

Elinə qoş, sürünsən də dizin-dizin!

 

Bizlər burda, yurd sevdası başımızda,

Ətraf dostlar, alçaq düşmən qarşımızda

Bəxt yanlışın düzəltməyə çalışırıq,

Hədər yerə “Haqq!” deyərək bağrışırıq.

 

O zaman da məzarını bəyənməsən,

“İstəyimə yetişmədim, yazıq!”desən.

Yürü döyüş meydanına yaya, atlı,

Bir ölüm seç, öl bir daha dadlı-dadlı!

 

Budapeşt, 24 dekabr, 1917-ci il

 

 “Tatar deyiləm!”deyənlərə

 

Sülün ilinin dördüncü ayında

Macarlar elinin qızmar yayında

Yetişdi Batı xan Dunay boyuna,

İsmarıc göndərdi gavur soyuna

“Xəbərsiz gəldilər” – söyləmə düşman,

Atını yəhərlə, qılınca qurşan!”

Gavurlar – dinləri Tatardan ayrı,

Firəngi, Germanı, mürtəd Macarı

Çaparaq yetirdi gülə, oynaya

Yolda insan seli daşa, qaynaya...

Xaçlarını öpüb boyuna taxdılar,

Sel kimi toplantı yerinə axdılar.

“Barbarlar, bunların savaşı oyun,

Din, bilgi yoluyla kəsərik soyun!”-

Deyirdi arxayın, harın Avropa,

Hələ yeməmişdi Tatardan zopa!

 

Türkü sədasıyla qalxdı Tatarlar,

Parladı havada qılınclar, oxlar

Bir savaş qopdu ki... Ah, əcəm görsə!

Firdovsi bunlardan bir dastan hörsə!

On dəfə hücuma atıldı gavur,

On dəfə qanından yarandı çamur.

Bir Tatarlar vardı bu qorxunc cəngdə-

Onların nəslidir Çingiz də, Ləng də!

Didik-didik oldu əldə bayraqlar,

Hər yana sel kimi qan nəhri axar.

Elə nərə çəkdi igidlərimiz

Avropa bir gündə yıxıldı səssiz!

Yetmiş bir millətin başları endi,

Batı xan düşməni savaşda yendi.

Sonra da başlatdı bol ziyafəti.

O axşam Avropa “Tataram” dedi.

O axşam bir düyün  yaşadı Tatar

O axşam batmışdı göydə ulduzlar.

Əsl Tatarlardı orda savaşan,

Ölümə lağ edən, Türkcə danışan!

Kaş bu gün də ola elə Tatarlar,

Hər kəsə göstərə - dünyada kim var!

“Biz Tatar deyilik!”- söylər dönmələr,

Əlbəttə deyilsən, ey bayquş kölə!

Sən bu gün kimsəsiz, miskin çobansan,

Lap “Tataram!” desən kimdir inanan?

Sənin bu inkarın qorxudan gəlir.

“Mən Tatar deyiləm!” – Avropa gülür...

Azacıq ürəkli olsaydın əgər,

Ya da olsa idin hünərli bir ər,

Tanısan Batını, Çingizi yaxşı,

Axardı üzünə kirli göz  yaşı!

“Tataram!”deyərdin sinənə döyüb,

“Tataram!”deyərdin özünü öyüb.

Sən Tatar deyilsən savaş olmasa,

Bir Batı çıxıb da canlar almasa!

Tatarsan düyündə, taxt-tac eşqində,

Yalnız Çingiz adı eşidiləndə!

Savaş başlamadan hər şeyi inkar,

Savaş bitən kimi - hamısı Tatar!

 

Qırışmış üzündə olmasa əgər,

Qəhrəman soyumdan bir-iki əsər,

Bəzi sözlərində qalmasa izi,

Şanlı tariximin səsi, nəfəsi

Bənzədərdim səni düşmənə, yada.

Çünki sevgin yoxdur qılınca, ata.

Sənə baxıb düşünərdim: “Tatarlar

Çingizlə, Batıyla yoxa çıxdılar!”

                                        

Budapeşt,  31 dekabr, 1919-cu il.

 

Çobanzadə Bəkir

 

Şeirləri Krım türkcəsindən Vilayət Quliyev çevirib

 

525-ci qəzet.- 2016.- 29 noyabr.- S.7.