Professor Şirməmməd Hüseynova
açıq məktub
Hörmətli
Şirməmməd müəllim!
Sizin "Azərbaycan" qəzetində parlament
hesabatları və şərhləri (noyabr 1918- aprel
1920)" kitabınızın nəşr olunmuş hər iki
cildini (Bakı, 2015- 2016) əvvəldən sonacan cümləbəcümlə
oxudum. Və əminliklə
deyə bilərəm ki, bu, hər şeydən əvvəl,
kifayət qədər mükəmməl bir mətnşünaslıq
işidir; ikincisi, eyni dərəcədə mükəmməl
bir yazıçı- jurnalist işidir;
üçüncüsü (və ən başlıcası)
isə böyük bir vətəndaşlıq işidir ki, hər cür təqdirə
layiqdir.
"Hesabat və şərhlər"i xeyli müddətdir
"525-ci qəzet"in şənbə nömrələrində
izləyirik. Kitabın nəşri isə çox əhəmiyyətli
oldu.
Əlbəttə, Azərbaycan Xalq Cümhuriyyəti
parlamentinin stenoqrafik hesabatları professor Ataxan Paşayevin rəhbərliyilə
nəşr edilmişdir. Lakin Sizin gördüyünüz işin məzmun-
mündərəcəsi, hətta demək olar ki, metodologiyası tamamilə
başqadır - "Azərbaycan" qəzetinin
hesabatlarına, müvafiq şərhlərinə
əsaslanaraq həm milli parlament
quruculuğu prosesini, həm də həmin mürəkkəb tarixi prosesdə Azərbaycanın istiqlaliyyət uğrunda mübarizəsinin
dinamikasını bütün təfsilatı ilə təqdim
etməkdir ki, buna yalnız mütəxəssislərin deyil,
eyni zamanda geniş oxucu kütləsinin, bütövlükdə ictimai şüurun nə qədər
böyük ehtiyacı olduğunu sübut etmək, yəqin
ki, artıqdır.
Birinci
cildin "Ön söz"ündə Azərbaycan
Cümhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadənin məşhur (və Əli bəy Hüseynzadəyə məxsus)
"türkləşmək, islamlaşmaq və müasirləşmək"
düsturu müqabilində "milliyyət, beynəlmiləliyyət
və müasirlik" təklifini irəli
sürdüyünü aşkarlayıb xüsusi qeyd etməklə,
elə bilirəm ki, kitabınızın (və cümhuriyyət parlamentinin)
ruhunun ideoloji əsaslarını tamamilə aydın (və
düzgün) müəyyən etmisiniz. Doğrudan da,
parlamentdə söhbət "türkləşmək"dən
yox, "milliləşmək"dən";
"islamlaşmaq"dan yox, "beynəlmiləlləşmək"dən
gedir... Və təsadüfi deyil ki, məşhur triadanın
bu təfsiri hətta Cümhuriyyətin süqutundan sonra da bir
müddət populyar olmuş, get- gedə ideya- məzmunca təhrifə
məruz qalsa da,
populyarlığını heç zaman itirməmişdir.
Sizin
kitabınızda hesabatlar və şərhlər elə məharətlə
düzülmüşdür ki, sanki milli istiqlal mövzusunda sənədli
roman-epopeya oxuyursan... Hadisələr, mübahisələr,
münaqişələr bir süjet ətrafında cərəyan edərək
dövrün canlı mənzərəsini yaradır. Müxtəlif firqələr, millət vəkilləri,
hökumət üzvləri barədə yaranan təsəvvürlər
yalnız tarixi yox, həm də bədiidir. Və ona
görə də bu əsər "stenoqrafik hesabat", yaxud
tərtib janrının hüdudlarına qətiyyən
sığmır desəm, görünür, elə də
ciddi səhv etmərəm.
Adətən,
tekstoloq da stenoqraf kimi mətnə
soyuqqanlı, ehtirassız yanaşır, ancaq Sizin
kitabınızda mövzuya dərin, miqyaslı bələdlikdən
irəli gələn (və yüksək ümumiləşdirməyə gətirib çıxaran) milli bir
ehtiras vardır ki, dərhal
oxucuya da sirayət edir.
Azərbaycan
Məclisi- Məbusanının və ya Parlamanının təntənəli
açılışı, böyük arzu- istəklərdən,
ümidlərdən doğan ilk hərarətli nitqlər,
Cümhuriyyətin müxtəlif regionlarından gələn səmimi
təbrik məktubları... Bütün bunları az qala yüz il
keçəndən sonra da hissiyyatsız, həyəcansız
oxumaq, sadəcə olaraq, mümkün deyil...
Yeni
hökumətin təşkil edildiyi iclasda baş nazir Fətəli
xan Xoyski öz məntiqli (və təsirli)
çıxışını belə
yekunlaşdırır: "Sözümü qurtararkən təkrar ediyoram
ki, hökumət
qarşısında duran məsələlərin
ən mühümü istiqlalımızı müdafiə məsələsidir.
Məmləkətin hər guşəsindən, millət
içindən gəlmiş siz məbuslar da bu fikirdəsiniz,
bütün millətin zehnini hamıdan artıq işğal
edən bu məsələdir...
Hökumət isə bu məsələyi
gözlərinin bəbəgi kibi qoruyacaqdır.
(Gurultulu, sürəkli alqış)... Şimdi Allahdan
tövfiq və sizdən kömək istəyərək yeni kabinə
əzasını sizə xəbər veriyoram..."
Həmin
iclasda ilk olaraq söz alan M.Ə.Rəsulzadə ölkədə
həm daxili, həm də xarici vəziyyətin son dərəcə
ağır olduğunu qeyd etdikdən sonra deyir: "Fəqət
biz göz bəbəgi kibi müdafiə olunacaq istiqlaliyyətimizin hər
fitnəyə qarşı müdafiə olunacağını
ümid edəlim. Bu əzmdə yalnız bir hökumət degildir.
Bütün millət bu əzmdədir. Bu
gün bizim istiqlalımızı tanımaq istəməyənlər həqiqi demokrat degildirlər..."
Söhbətə
siyasi- ideoloji döyüşlərin artıq təcrübəli
cəngavəri sayılan Əhməd bəy Ağaoğlu
qarışır: "Möhtərəm əfəndilər!
Bəndən əvvəlki natiq, möhtərəm rəfiqim
hökumət həqqində pək həssas, pək sıcaq bir nitq irad etdi ki,
möhtəviyyatına şərik oluyoram. Fəqət onunla bənim aramızda bir fərq var ki, onun atəşi çox, bənim
atəşim sönmüş, o,
gəncdir, bən ixtiyar. Onun bir az göglərdə gəzməyə
həqqi var. bən isə yeri görməyə məcburam".
Və
sözünə davam edir: "Hökumətin bəyannaməsində
söylədiyi Azərbaycan istiqlalı bizim həpimizin əfzəli-amalımızdır.
Hər bir kəndi şərəfini, kəndi
amalını bilən azərbaycanlı bunu duymalı və
bu yolda olmalıdır. (Alqışlar).
Lakin bu amalın ölməməsi və onun qövldən felə
gəlməsi üçün birinci amil belə hökumət
kəndisidir... Gecə qaranlıq, fırtınalar oluyor, biz də
bir taxta para
kibi fırtına içində yuvarlanıyoruz... Bu taxta paranın üzərində iki milyonluq Azərbaycan,
onun şərəfi, qadınları və cocuqları
bulunuyor. Bunları xilas etməklə böyük bir vəzifə
ifa etmiş
oluyoruz..."
Göründüyü
kimi, Məhəmməd Əminin ümumi istiqlal fəlsəfəsindən
(romantikasından!) fərqli olaraq, təcrübəli "ixtiyar"
diqqəti Azərbaycan əhalisinin hökumətsizlik
ucbatından hərc- mərclik, qaçaq- quldur, aclıq-
susuzluq əlində
qalmış binəva insanların halına cəlb edir.
Əhməd bəy Ağaoğlu bu sözlərində
də haqlıdır ki, "biz istiqlaliyyətimizi Avropaya
tanıtdırmalı idik. Bunu etmədik. Azərbaycan
bir coğrafi isim degil, bu yerin üzərində yaşayan bir
millətin adı olduğunu Avropanın qulağına
yetişdirmədik... Bəndən irəliki rəfiqim bir az
idealist olaraq demokrasi əsaslardan, demokratizmdən bəhs ediyor, böyük
iman bəsliyor. Fəqət heyhat! Zənn ediyoram ki, kəndisini
tanıtdırmayanlar üçün böylə bir nemətin
əldə edilməsi bəiddir, mühaldır..
Avropada vüqu bulan hadisatdan bizim də müqəddəratımız
asılıdır. Avropada nələr olduğunu bilməli,
siyasətimizi də ona münasib və müvafiq bir surətdə
yürütməliyiz..."
Hökumətin
bəyənnaməsinə müxtəlif partiyalar öz
razılıqlarını müxtəsər olaraq bildirib etimad göstərirlər.
Lakin bir partiyanın - "İttihad" firqəsinin nümayəndəsi
doktor Qara bəy Qarabəyli, diqqəti cəlb etməyə
bilməz ki, partiyanın mövqeyini belə ərz edir:
"Şimdi biz etimadnaməmizi cibimizə qoyub saxlıyoruz. Nə vəqt hökumət layiqli olduğunu göstərsə,
biz də o vəqt etimadımızı bəyan edəriz".
Hörmətli
Şirməmməd müəllim, Cümhuriyyət parlamentinin
beşinci iclasında gedən mükaliməni oxuduqca mənsub
olduğun xalqın böyük şəxsiyyətlərinin
xarakter, milli mübarizə əzmi, mürəkkəb beynəlxalq
hadisələrdən baş çıxarmaq istedadı ilə
fəxr etməyə bilmirsən... Birinci dünya müharibəsi
bitmiş, müttəfiqlər qalib gəlmiş, Rusiya
imperiyası dağılmış, onun tərkibindəki məzlum
xalqlar "müstəqillik" qazanmışlar...
İngilislər gəlib oturublar Azərbaycanda ki, onun
xalqına cəmiyyət kimi yaşamaq qaydalarını
öyrətsinlər, erməni quldurları
havadarlarının verdiyi fürsətdən istifadə edib
türk- müsəlmanları yurd- yuvalarından didərgin
salırlar... Ümid Dünya Sülh Konfransınadır... O
konfransa ki, orada
qaliblər məğlubları mühakimə etməyəcək, bütün dünya
xalqlarının adam kimi yaşamaq
hüququ təmin ediləcəkdir...
Tarixi ərazisinin yalnız beşdə
birində (və əhalisinin bir hissəsi ilə!)
özünün müstəqil dövlətini elan etmiş Azərbaycan
məsuddur! Çünki dünyada haqqın- ədalətin qələbəsinə
inanır!..
Azərbaycan
Cümhuriyyəti öz Parlamanı, Hökuməti ilə Azərbaycan
milli ictima- siyasi fikir tarixində möhtəşəm bir
Metafora olmuşdur ki, bu günə qədər ruhumuzu- hisslərimizi,
düşüncələrimizi yerindən oynadır...
Hər iclasdan, yaxud bir neçə iclasdan bir dahi Üzeyir Hacıbəylinin şərh- təəssüratları gəlir. Və bunlar məndə parlament- simfoniyanın "nəqarat"ları təsəvvürünü yaratdı. Üzeyir bəyin həmin şərh- təəssüratları bir xalq müdrikinin hadisələrə reaksiyası, "düz yol" göstərmək istəyidir ki, bu həm də "Azərbaycan" qəzetinin məramı olmuşdur.
Mən heç şübhə etmirəm ki, Sizin kitabınızın bir qəhrəmanı Cümhuriyyət Parlamentidirsə, digər qəhrəmanı onun qeyri- rəsmi orqanı "Azərbaycan" qəzetidir. Və bunu kitabınızın ikinci cildinin "Ön söz"ündə özünüz də aydın bir şəkildə göstərmiş, M.Ə.Rəsulzadənin aşağıdakı fikrini xatırlatmısınız:
"Azərbaycan" mühərrirləri böyük bir xülus və safiyyətlə əllərində tutduqları qələm ilə ancaq bir hədəf və bir qayəyi gözlərinin önündə bulundurmuşlardır ki, o da məmləkətin səlaməti, millətin hürriyyəti - siyasiyyəsi, fikri- istiqlaliyyətin qüvvətlənməsidir.
Bu üç şüar bittəb bu gün ümum əfradi- millət arasında söylənib təkrar edilməkdə və mətbuat isə bunu təqviyə eləməkdədir".
Hörmətli Şirməmməd müəllim!
Sizin "Azərbaycan" qəzetində
parlament hesabatları və şərhlər"
kitabınız həm Azərbaycan Cümhuriyyətinin, həm
Azərbaycan Cümhuriyyəti Parlamentinin, həm də "Azərbaycan"
qəzetinin çox yaxında olan yüz illiyinə dəyərli
bir hədiyyədir. Yüz yaşayasınız!..
Nizami
CƏFƏROV
525-ci qəzet.- 2016.- 29 noyabr.- S.4.