Mənəvi sərvətimizə müasir yanaşmanı əks etdirən dəyərli
nəşr
Ölkənin ən böyük
və ən zəngin elm xəzinəsi
olan Azərbaycan Milli Kitabxanası hər il çoxlu
sayda biblioqrafik və metodik vəsaitlər, informasiya göstəriciləri, məlumat
nəşrləri hazırlayıb
kitabxana ictimaiyyətinə,
oxucularına təqdim
etməklə onların
mütaliəyə marağının
artırılmasında iştirak
edir və öz sahələri üzrə istiqamətlənmələrində,
axtarışlarının operativləşdirilməsində mühüm rol oynayır.
Azərbaycan Milli Kitabxanası
ölkənin bütün
kitabxanaları üçün
metodik mərkəz funksiyasını həyata
keçirərək respublika
Mərkəzləşdirilmiş Kitabxana Sistemləri üçün hər il çoxlu
sayda metodik vəsaitlər hazırlayır.
Bunlara "Avtomatlaşdırılmış
Kitabxana Sistemlərində
MARC 21 formatının tətbiqi
qaydaları (ixtisarla)",
"Kitabxanalarda biblioqrafik
xidmət: ənənələr
və innovasiyalar",
"Sənədlərin biblioqrafik
təsvirində söz
və sözbirləşmələrinin
ixtisarı", "Fiziki
qüsurlu şəxslərə
kitabxana xidmətinin təşkili" və s. misal göstərmək olar. Bu nəşrlərdən
biri yaxın günlərdə kitabxananın
Xidmət işləri
üzrə direktor müavini, Oxuculara xidmət şöbəsinin
müdiri, Əməkdar
mədəniyyət işçisi
Ədibə İsmayılova
və Kitabxanaların
metodik təminatı şöbəsinin müdiri
Adilə Abdullayeva tərəfindən Azərbaycan
Milli Kitabxanasının
təcrübəsi əsasında
hazırlanmış "Açıq
Kitabxananın fəaliyyətinin
əsas istiqamətləri"
adlı metodik vəsaitdir. Redaktoru Milli Kitabxananın direktoru, professor, Əməkdar
mədəniyyət işçisi
Kərim Tahirov olan bu vəsaitdə
Açıq Kitabxananın
əsas fəaliyyət
istiqamətləri və
onun yeni iş formaları ilə təkmilləşdirilməsi
yolları, reklam işinin təşkili barədə müvafiq təkliflər təqdim edilmiş, "Açıq
Kitabxana"nın fəaliyyətinə
dair təlimat və Milli Kitabxananın
bu layihə üzrə əldə etdiyi təcrübənin respublikanın digər kitabxanalarında tətbiqi
məqsədilə metodik
tövsiyələr verilmişdir.
Həmçinin, bu istiqamətdə yeni və kreativ iş metodlarının kitabxana xidmətinə tətbiqinə dair tövsiyələr də
öz əksini tapmışdır. Vəsaitin tərtibində
əsas məqsəd bu layihə üzrə əldə edilən təcrübənin
digər kitabxanalarda tətbiqinə yardımçı
olmaqdır.
Qısa
müddət ərzində
layihənin bir çox insanları özünə cəlb etməsini, passiv oxucularda belə mütaliə həvəsinin
artmasına səbəb
olmasını nəzərə
alaraq, onun daha da təkmilləşdirilməsi
və Milli Kitabxananın bu layihə üzrə əldə etdiyi təcrübənin digər
kitabxanalarda tətbiq edilməsi məqsədilə
Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyinin Kollegiyası 14 oktyabr
2016-cı il tarixli 7/1
nömrəli qərar
qəbul etmişdir. Bu metodik vəsait
məhz bu qərara müvafiq olaraq və ondan irəli gələn vəzifələrin
icrası məqsədilə
hazırlanaraq kitabxanaçılara
təqdim olunmuşdur.
Vəsaitdə əvvəlcə
həmin qərar verilib və qərarda qeyd olunur ki, Azərbaycan
Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
mütaliənin əhəmiyyətini
və onun insan həyatındakı mühüm rolunu nəzərə alaraq bu istiqamətdə həyata keçirilən
tədbirlərin sistematik
və daha effektiv olması üçün mütaliənin
təbliğini özündə
əks etdirən sosial layihələrin
("Kitab bayramları",
"Nağıl otaqları",
"Səyyar kitabxana",
"Mütaliə həftələri",
"Yay məktəbləri"
və "Açıq
kitabxana") respublika
üzrə reallaşdırılması
üçün bir neçə tədbirlər
planı hazırlanmışdır.
Bunlardan biri də bu ilin
15 iyul tarixində paytaxt sakinləri və şəhərimizin
qonaqları üçün
daha təkmil, fasiləsiz və sərbəst mütaliə
imkanlarının yaradılması
məqsədilə Mədəniyyət
və Turizm Nazirliyinin və Azərbaycan Milli Kitabxanasının birgə
layihəsi əsasında
Milli Kitabxananın nəzdində həftənin
bütün günləri
24 saat ərzində fasiləsiz fəaliyyət
göstərən və
şəhər sakinlərinin,
bütün vətəndaşların,
turistlərin sərbəst
şəkildə kitab
mütaliə etməsinə
şərait yaradan
"Açıq kitabxana"
yaradılmışdır. "Açıq kitabxana"da
"Uşaq guşəsi",
"Dövri mətbuat
bölməsi" və
"Milli musiqi guşəsi" oxucuların
istifadəsinə verilmişdir.
Eyni zamanda bu kitabxanada
oxucular tərəfındən
ən çox bəyənilən və müraciət olunan "Mən oxudum, sən də oxu" devizi altında "Kitabı kitaba dəyişmə"
guşəsi də fəaliyyət göstərir.
Bu xidmət vasitəsilə
hər bir vətəndaş mütaliə
etdiyi öz kitabını guşəyə
təhvil verməklə
oxumadığı yeni
bir kitab əldə edə bilir. Beləliklə, hər bir kəs mütaliə etdiyi və oxuduğu kitabların başqa şəxslər
tərəfindən də
mütaliə olunmasına
şərait yaradır.
Nəticədə insanlar həm
təmənnasız olaraq
yeni kitablar götürüb oxumaq və sonra gətirib
yenisi ilə dəyişmək imkanı
qazanırlar, həm də daha çox
oxunan kitabları müəyyən edə bilirlər.
Vəsaitdə Açıq Kitabxananın
fəaliyyətinə dair Təlimat
tərtib edilmişdir.
Təlimat 4 bölmədən
ibarətdir: 1. Ümumi
müddəalar; 2. Əsas
vəzifələr; 3. İşin məzmunu; 4. İşin təşkili və idarə edilməsi.
Təlimatın "Ümumi müddəalar" bölməsində Açıq Kitabxana bütün vətəndaşlar üçün açıq olan mədəniyyət və informasiya müəssisəsi, asudə vaxtın səmərəli təşkili mərkəzi kimi qeyd edilmiş və bu tip kitabxananın kənd kitabxana filiallarının nəzdində guşələr və səyyar məntəqələr kimi də yaradıla bilməsi, fəaliyyətinin əsasını kitabxana üçün əsas olan vəzifələr - informasiya, təhsil, mədəniyyət, asudə vaxtın təşkili və mütaliə mədəniyyətinin formalaşması, kompüter texnologiyalarından və elektron resurslardan onlayn istifadə funksiyaları və regional prinsiplər təşkil etməsi, MKS-də Mərkəzi Kitabxananın Xidmət şöbəsinin nəzdində bölmə kimi fəaliyyət göstərməsi, ərazidə mövcud olan mədəniyyət, təhsil, informasiya müəssisələri və digər dövlət orqanları ilə yaxından əməkdaşlıq etməsi, fəaliyyətinə nəzarətin rayon (şəhər) MKS-nin Mərkəzi Kitabxanası tərəfindən həyata keçirilməsi ayrı-ayrı bəndlər şəklində verilmişdir.
Təlimatın II - "Əsas vəzifələr" adlı bölməsində Açıq Kitabxananın aşağıdakı vəzifələri qeyd edilir: 1. Əhaliyə kitabxana-informasiya xidmətinin, asudə vaxtın səmərəli təşkili və əhalinin mədəni-intellektual istirahətinin təmin edilməsi, aktiv mütaliə mədəniyyətinin formalaşdırılmasına köməklik (müxtəlif informasiya daşıyıcılarından ibarət olan fondunun oxucuların sərbəst istifadəsinə təqdim etməsi; oxucuların (istifadəçilərin) informasiya resurslarına və İnternetə, onlayn və lokal şəbəkə resurslarına girişinin təmin edilməsi; innovativ və elektron xidmət növlərindən istifadə edilməsi; oxucular tərəfindən "kitabı kitaba dəyişmə" prinsipi ilə mütaliə etdikləri kitabları yeni kitabla dəyişmək imkanı). 2. Açıq Kitabxana Azərbaycançılığın, dövlətçiliyin, ümummilli lider Heydər Əliyev irsinin; Milli və mədəni-tarixi ənənələrin təbliğinin, əhalinin şifahi xalq yaradıcılığı, mədəni irs və mədəniyyət sərvətlərindən istifadəsini, vətəndaşların milli-mənəvi, vətənpərvərlik ruhunda, ekoloji, etik və estetik tərbiyəsini; sağlam həyat tərzinin, mədəni-intellektual istirahət və əhalidə mütaliə vərdişlərinin formalaşdırılmasının təmin edilməsi üzrə kütləvi tədbirlərin; əhalinin müxtəlif məzmunlu milli və dünya ədəbiyyatı nümunələrinə olan tələbatının operativ, hərtərəfli və dolğun təmin edilməsini həyata keçirir. 3. Açıq Kitabxana kitab təbliği və mütaliə vərdişlərinin formalaşması ilə bağlı mədəni-kütləvi tədbirləri (imzalı görüşlər, kitab təqdimatları, ədəbi-musiqili axşamlar, kitab mütaliəsi ilə bağlı kütləvi aksiyalar, flaşmoblar və s.) həyata keçirir. 4. Açıq Kitabxana ödənişsiz xidmət növləri ilə yanaşı, əlavə pullu xidmətlər də (ölkə daxilində və xaricdən kitab sifarişi, kitab satışı, surətçıxarma və s.) təqdim edir. Pullu xidmətlərin siyahısı müəssisə rəhbəri tərəfindən təsdiq edilmiş "Pullu xidmətlər haqqında əsasnamə"də öz əksini tapır. 5. Şair və yazıçıların ədəbi yaradıcılığına dəstək vermək üçün onların kitablarının satışı məqsədilə Açıq Kitabxanada "Kitab satışı mərkəzi" fəaliyyət göstərə bilər.
"İşin məzmunu" adlı III bölmədə qeyd edilir ki, Açıq Kitabxana müxtəlif qrup oxuculara (istifadəçilərə) - uşaqlara, gənclərə, yaşlılara, fiziki qüsurlulara, əlillərə və b. kitab və digər informasiya resursları ilə xidmətin təşkili; Oxucu (istifadəçi) kontingentinin günbəgün artmaqda olan maraq və tələbatlarının sistemli öyrənilməsi; Oxucularla iş: əhalinin açıq kitabxanadan istifadəyə cəlb edilməsi və kütləvi tədbirlərdə iştirakının təmin edilməsi; oxucu sorğularının həm Açıq Kitabxananın fondu, həm onlayn resurslar, həm də onlayn kitab sifarişi sistemi vasitəsilə ödənilməsi; maraqlar üzrə oxucu qruplarının formalaşması və onlara fərqli xidmətin təşkili, uşaqların mütaliə vərdişlərinə yiyələnməsinə kömək məqsədilə ailələrlə, valideynlərlə əməkdaşlıq; oxucuların kitabxanadan sərbəst istifadəsi üçün əlverişli və rahat şəraitin təmin edilməsi; sürətli və fasiləsiz İnternet, Wi-Fi zonaların yaradılması, Mərkəzi Kitabxananın elektron kataloq və elektron kitabxanadan istifadənin təşkili; oxucularda mütaliə marağının doğru istiqamətlənməsi və mütaliə mədəniyyətinin formalaşması; əhalidə mütaliə marağının aktivləşdirilməsi məqsədilə müxtəlif aksiyaların keçirilməsi; əhaliyə pullu xidmətin təşkili; Açıq Kitabxana, onun fəaliyyəti, burada həyata keçirilən layihələr barədə informasiyanın KİV, kitabxananın saytı, sosial şəbəkələr vasitəsilə təqdim edilməsi; Oxuculara xidmət üzrə işin - sənədlərin qeydiyyatı, istifadəsi (kitab verilişi) və dövriyyəsi göstəricilərinin təhlili və planlaşdırılması. Açıq Kitabxananın reklam və nəşriyyat fəaliyyətinin təmin edilməsi; Açıq Kitabxananın fondu ilə iş: kitab fondunun daim yeni və daha çox oxunan nəşrlərlə komplektləşdirilməsi; bir çox dövri nəşrlərə abunə yazılışının həyata keçirilməsi; Açıq Kitabxana əhalinin asudə vaxtını səmərəli təşkil edir: diyarşünaslıq haqqında oxular, virtual ekskursiya, informasiya masası hazırlayır, müxtəlif iş üsullarından istifadə edərək öz diyarının (ölkə, rayon, kənd) tarixini yaxından öyrənməyə köməklik edir; kitabxanada müxtəlif maraq klubları: "Vətənimizi (rayon, şəhər, qəsəbə və s.) tanıyaq", "Gənc diyarşünas" diyarşünaslıq klubu, "Gəlin birlikdə oxuyaq", "Oxudun, danış" maraq klubu təşkil edir; yay aylarında uşaqların və yeniyetmələrin asudə vaxtlarını səmərəli keçirmələrinə yardım edir; müxtəlif maarifləndirici tədbirlər, şair və yazıçılarla, görkəmli elm və mədəniyyət xadimləri ilə görüşlər, yeni kitabların təqdimatlarını təşkil edir; Respublika (şəhər, rayon) əhəmiyyətli layihə və proqramlar üzrə işləri həyata keçirir, sosial-mədəni aksiyalarda iştirak edir ("Hər qapıya kitab ataq", "Hər evin öz kitabı", "Mən oxudum, sən də oxu"); Beynəlxalq və yerli kitab sifarişini həyata keçirir.
"İşin təşkili və idarə edilməsi" adlı sonuncu, IV bölmədə isə Açıq Kitabxananın fəaliyyət istiqamətlərinin MKS-in nizamnaməsi və əsasnaməsi ilə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Kollegiyasının 14 oktyabr 2016-cı il tarixli 7/1 nömrəli qərarı ilə, digər müvafiq normativ-hüquqi aktlarla, Mədəniyyət və Turizm şöbəsinin və MKS direktorunun müvafiq əmrləri ilə müəyyən edildiyi vurğulanır, Açıq Kitabxananın işinə rəhbərliyin MKS direktorunun əmri ilə işə təyin edilən və azad edilən bölmə müdiri tərəfindən həyata keçirildiyi; Açıq Kitabxananın əməkdaşlarının MKS direktoru tərəfindən işə qəbul edildiyi; Açıq Kitabxananın öz fəaliyyəti barədə aylıq və illik mətn və statistik hesabatlar hazırlaması; Açıq Kitabxananın hər bir işçisinin yerinə yetirdiyi vəzifələrin əmək müqaviləsi və MKS işçilərinin vəzifə təlimatı ilə müəyyən edildiyi; Açıq Kitabxanaların bir qayda olaraq, həftənin bütün günləri (istirahət və bayram günləri də daxil olmaqla) fasiləsiz fəaliyyət göstərdikləri; Açıq Kitabxanalarda (guşələrdə) ehtiyac olduqda uşaq guşəsi, dövri mətbuat və musiqi guşələrinin də təşkil oluna bilməsi; Açıq Kitabxananın iş rejiminin kütləvi kitabxanalardan istifadə qaydaları və daxili intizam qaydaları ilə müəyyən edildiyi və MKS direktoru tərəfindən təsdiq edildiyi qeyd edilir.
Vəsaitin sonunda isə Açıq Kitabxananın fəaliyyətinin əsas istiqamətləri (Azərbaycan Milli Kitabxanasının təcrübəsi əsasında) rəngli fotoşəkillər əsasında geniş izah edilmişdir. Burada "Uşaq guşəsi", "Dövri mətbuat bölməsi" və "Milli musiqi guşəsi", "Rəy və təkliflər kitabı" (kitabda təkcə şəhərimizin sakinlərinin deyil, Bakıya gələn çoxlu sayda xarici qonaqların və turistlərin də müsbət rəyləri öz əksini tapmışdır) haqqında məlumat verilmişdir. Həmçinin müəlliflər bir sıra qeyri-ənənəvi kreativ metodlara və texnologiyalara əsaslanan tədbirlərin təşkilini tövsiyə etmişlər. Bunlara valideynlərin, müəllimlərin, uşaqların, gənclərin mütaliəyə cəlb edilməsi, gənclərin hüquqi maarifləndirilməsi, ailə qiraəti, unudulmuş kitabların mütaliəsi, kitabxanalara yeni kitabların alınması və s. ilə əlaqədar "Gəlin Kitab Oxuyaq", "Evlərə kitab ataq" adı ilə təşkil edilə biləcək kütləvi aksiyalar, əhali və geniş ictimaiyyət arasında kitabın təbliği, mütaliə mədəniyyətini formalaşdırmaq və açıq kitabxanaya potensial oxucu cəlb etmək məqsədilə təşkil edilə biləcək "Kitab qiraəti günləri", şagirdləri mütaliəyə sövq edən, bədii yaradıcılığa meylli uşaqları ruhlandıran, gənclərə isə uğur əldə etmək üçün motivasiya verə biləcək yaradıcı adamlarla görüşlərin, kiçikyaşlı oxucuların təşəbbüskarlığına stimul verən və onlara öz yaradıcılığını inkişaf etdirmək imkanı yaradan müxtəlif mövzularda təşkil oluna biləcək ("Oxudun, danış") müsabiqələr, oxunmuş əsərlərin müzakirəsinin təşkili formaları ("Oxudun rəy yaz", "Oxudun, rəsm çək", "buktreyler") haqqında məlumat verilmişdir. İndiyə kimi Açıq Kitabxanada həyata keçirilmiş işlər, imza mərasimi haqqında məlumat verilmişdir.
Yaxın günlərdə maraqlı layihələrin, ədəbi-musiqili axşamların keçiriləcəyi, həmçinin Azərbaycan Milli Kitabxanasının Elektron kataloqundan, Elektron kitabxanasından, "Azərbaycan ədəbiyyatının virtual kitabxanası"ndan və digər elektron kitabxanalardan oxucuların istifadəsi üçün kompüter avadanlıqlarının quraşdırılması, internet şəbəkəsi ilə təminatının da planlaşdırıldığı vurğulanmışdır.
Aygün HACIYEVA
Azərbaycan Milli
Kitabxanası Kitabxanaşünaslıq elmi-tədqiqat
şöbəsinin müdiri
525-ci qəzet.- 2016.- 29 noyabr.- S.6.