Zamanların mozaikası: hadisələr və
şəxsiyyətlər
İnsan dünyanı və yaşadığı cəmiyyəti
dərk etmək üçün onu araşdırmağa, təhlil
etməyə cəhd edir. Bu vaxt o, müqayisə
metodundan istifadə etməklə, keçmişə baş
vurur. Tarixdəki oxşar hadisələrə
nəzər yetirir və onu qayğılandıran suallara cavab
tapdıqda, hətta izah əldə etdiyinə görə,
azacıq da olsa təskinlik tapır. Axı
cəmiyyətin hansısa durumunu təhlil etmək
üçün məlum formul, düstur, metod yoxdur.
Tarix güzgüsündə hər kəs öz
dövrünün, onu əhatə edən insanların,
mühitin xüsusiyyətlərini seyr etməyə
çalışır, tarixə kiçik bir bələdçilik
müasir dünyanı tədqiq etmək vasitəsinə
çevrilir.
Mütəfəkkirlər isə özlərinin
ideal axtarışlarında bəşəriyyətin tarixinə
xüsusi diqqət verirdilər. Tarix
özünün təbiətdəki kimi eniş-yoxuşlu mənzərəsi
ilə geniş müşahidə imkanı yaradır. Qədim
yunanlar düz yol çəkməkdən imtina etməklə,
buna görə onlar belə yollar tikən qədim perslərə
hətta gülürdülər, dərəyə, təpəyə
burulan yolun təbiətin bir hissəsi kimi cazibədar
olduğunu və bu seyrlə yolçunu
yormadığını əsas götürdükləri
kimi, tarixin maraqlı, ziddiyyətləri ilə adamı heyran
edən səhifələrini oxumaqla irəliləyən
mütaliə yolçusu da burada çox şeyi
müşahidə edə, qiymətləndirə bilir.
Təsviri sənət əsərində biz gözəlliyə
valeh olduğumuz, insan portretlərində isə ona məxsus
daxili aləmi açmağa yönəldilmiş yaxmaları,
cizgiləri seyr etdiyimiz kimi, tarixin nümunələrində də
aydın gözə çarpan cəhətlərilə
yanaşı, gizlində qalan çalarları da üzə
çıxarmağa çalışırıq. Bu yolla biz, əslində
tarixi hadisələrə və şəxsiyyətlərə
hərtərəfli, tam əhatəli qaydada qiymət vermək
istəyirik. Üzdə nəzərə
çarpan hissə dərin müşahidənin
yaratdığı öz tamına tabe olur.
Rəngkarlığa
və ya heykəltəraşlığa bələd olmayan, səthi
münasibət bəsləyən adam hansısa bir hissin təsirinə
uyub, mahiyyətdən baş aça bilmədiyi kimi, tarixə
naşılıqla müraciət edənlər də hadisənin
və şəxsiyyətin zahiri, az əhəmiyyətli cəhətlərini
əsas götürür, ona görə də bu biliyi
müasir həyata tətbiq etdikdə əsasən səhv nəticələrə
gəlib çıxır. Ona görə də
tarixin irsinə sadə seyrçi kimi deyil, onu tam və
düzgün dərk etməklə yanaşmaq lazımdır.
Tarix həm də
paradokslarla doludur, bu paradoksları ən görkəmli şəxsiyyətlərin,
həqiqi qəhrəmanların və dahilərin fəaliyyətində,
dünya baxışında da tapmaq mümkündür.
Bizim eradan əvvəl V əsrin
ikinci yarısında baş verən Peloponnes müharibəsində
Afinaya “qızıl dövr” bəxş etmiş strateq Perikl
şəhər-dövlətin əhalisini spartalıların
hücumundan qapalı divarlar vasitəsilə qorumaq istədi. Bu tədbir Perikl strategiyasının zəifliyini,
bir qədər sonra isə tam yararsızlığını
göstərdi, əhaliyə böyük ziyan vurdu. Şəhərdə başlanan taun epidemiyası
sakinlərin, o cümlədən, Periklin özünün həyatlarını
itirmələri ilə nəticələndi. Afinanın
azadlığına, siyasi, iqtisadi və mədəni
inkişafına böyük töhfə vermiş bir adam müharibə sınağından
uğurla çıxmağı bacarmadı. Nisbətən
kiçik sahədə sıx əhali kütləsi taunun
ölüm saçan gücünü daha da artırdı.
Əsrin sonunda isə zəifləmiş Afina məğlubiyyətlə
üzləşməli oldu.
Yaxud Böyük Kirdən sonra Persiya imperiyasının
böyüməsində və inkişafında xüsusi xidmətləri
olan I Daranın Avropaya keçib, Yunanıstanı
işğal etmək planları baş tutmadı. B.e.ə.
490-cı ildə Afina yaxınlığında Marafon
döyüşündə pers qoşunları
darmadağın oldu. Herodotun
yazdığına görə, afinalılar dənizə
çatana qədər qaçan persləri təqib edir və
öldürürdülər. Perslər gəmilərlə
dəniz yolu ilə Afinaya çatmaq istədikdə,
afinalılar barbarlardan əvvəl gəlib, şəhəri
müdafiə etməyə tələsdilər. Barbarlar üzüb Asiyaya qayıtdılar. Təəssüf
ki, I Daranın
varisi olan Kserks də on il sonra Afinaya yürüşü
təkrar etməyi qərara aldı. O, Afinanı tutub
Akropoldakı çox sayda sitayiş yerlərini
dağıtdı. Lakin Afina donanması Salamin
adası yanında pers donanmasını məhv etdi, sonrakı
məğlubiyyətlər də Persiya dövlətinin hərbi
gücünü sarsıtdı, çar Kserks artıq
Elladanı fəth etmək arzusundan əl çəkməli
oldu.
Kserks başlanğıcda
yunan torpağına ayaq basan anda Fermopil
keçidində spartalı döyüşçülərin
kiçik dəstəsindən ağır dərs
almışdı. Çar Leonidin
başçılığı altında 300 spartalı
düşmənə qəhrəmancasına müqavimət
göstərib, Kserksin 150 minlik ordusunun qarşısını
kəsdi. Yalnız bir yerli yunanın
satqınlığı hesabına perslər Yunanıstan ərazisinə
keçə bilmişdilər. 300 spartalı düşmənə
igidliklə müqavimət göstərib həlak oldu, lakin
tarixə, bu qəhrəmanlar insanlara öz torpağı
uğrunda ölümə getmək kimi görünməmiş
ali bir mərdlik nümunəsi qoyub getdilər.
I Daranın və Kserksin orduları ağır məğlubiyyətə
düçar oldular, afinalılardan isə Marafon
döyüşündəki qələbə şərəfinin,
on il sonra isə 300 spartalıdan təkrarı olmayan cəsarət
və igidlik triumfunun parlaq xatirəsi qaldı.
Makedoniyalı Böyük Aleksandrın sərkərdəlik
məharəti, üç qitədəki əraziləri
döyüşlə işğal etməsi, mübaliğəsiz
demək lazımdır ki, özünə bənzər digər
bir təkrarını tanımır. Belə bir hərbi
düha heç də qüsurlardan xali deyildi,
ömrünün son illərində o, yaxın
adamlarının, özünün uydurduğu xəyanətindən
şübhələnirdi. Şərqin təzim
qaydalarına uyduğuna görə onu tənqid edən
uşaqlıq dostu, onu Qranik döyüşündə
qaçılmaz ölümdən xilas etmiş Kliti nizə zərbəsi
ilə öldürmüşdü. O, gözəlliyi
qiymətləndirməyi bacarırdı. Babilin
möhtəşəm saraylarına və məbədlərinə
valeh olmuşdu, lakin Persiya paytaxtı Persepolisdəki möhtəşəm
Kserks sarayının yandırılmasına icazə
vermişdi. Aleksandr öz ziyafətində
iştirak edən attikalı qadın Taidanın, Afinanı məhvedici
alovun dillərinə vermiş Persiya çarının
sarayını intiqam cavabı kimi yandırmaq barədə təklifini
bəyənmişdi. Persepolis də Afina
kimi viranedici alovun sərəncamına verildi. İstər
Kserksin, istərsə də Böyük Aleksandrın şəhərləri
mərhəmətsizcəsinə yandırması,
vandalların Romadakı dağıdıcı əməllərindən
çox-çox əvvəl törədilmişdi, sonralar
gözəl abidələri, məgər abidələri,
tikintiləri məhv etmək kimi eybəcər hərəkətdən
meydana gəlmiş termin olan vandalizm ilk nümunələri
deyildimi? Maddi və mədəni abidələri
məhv edənləri öz adı ilə adlandırmaq qəbahət
sayılmalıdırmı?
Böyük Pyotr hakimiyyətə gəldikdə
elə də böyük bir ərazisi olmayan rus dövlətini
qəbul edib, ölkədə Rusiya imperiyasını qoyub
getmişdi. O, ölkəsində elmin, iqtisadiyyatın, hərb
sənətinin və dənizçiliyin inkişafına
böyük təkan vermiş, Sankt-Peterburq şəhərini
salıb, onu paytaxta çevirmişdi. Lakin onun qəddarlığı
da hədd tanımırdı, yaxın silahdaşı
Menşikovu əsası ilə döyürdü, oğlu
Alekseyi edam etdirmişdi. Böyük xərclərin öhdəsindən
gəlmək üçün hər cür yeni vergi mənbələrindən
istifadə edilirdi, hətta
adamlar saqqal saxlamağa görə vergi ödəyirdilər. Karl Marksın dediyi kimi, o, Rusiyada
“barbarlığı barbar metodlarla çıxarırdı”.
Prussiyanın,
sonra isə birləşdirilməsinə nail olduğu
Almaniyanın uzun müddət kansleri olan Otto fon
Birsmark öz vətəninə böyük xidmətlər
göstərmişdi, bununla yanaşı, militarizmi də
ön plana çəkmişdi. Dünyanı
qan dənizinə döndərməyə çalışan
Hitler kimi caninin cəhdləri yoluna o, özünə məxsus
qaydada daş döşəmişdi.
1868-ci il Meyci inqilabı Yaponiyanın iqtisadi, hərbi,
siyasi inkişafında mühüm rol oynamışdı. Gənc imperator (mikado) Mutsihito ölkəsinin Avropa təcrübəsindən
geniş istifadə etməsilə, feodalizmdən
uzaqlaşıb, kapitalizmə keçməsinə, müasirləşməsinə
şərait yaratmışdı. Bununla
yanaşı, o, militarist Yaponiyasının təşəkkül
tapmasının təməlini qoymuşdu. Bunun bəhrəsi kimi, Yaponiya 1941-ci ilin sonunda
ABŞ-ın Pyörl-Harbör hərbi bazasına dəhşətli
hücumla İkinci Dünya müharibəsinə daxil
olmuşdu. 1945-ci ildə isə tarixdə
yadellilərə tabeliyin nə olduğunu bilməyən
Yaponiya ilk dəfə və ölkəni viran qoyan bir məğlubiyyətlə
üzləşməli oldu.
ABŞ parlamenti Franklin Delano Ruzvelt ölkənin
Böyük Depressiyadan çıxması sahəsində
özünün “Yeni kursu” ilə böyük rol
oynamışdı. O, yeganə şəxsdir ki, dörd dəfə ölkə
prezidenti seçilmiş, İkinci Dünya müharibəsində
alman natsizmi və militarist Yaponiyası üzərində qələbəyə
sanballı töhfə vermişdi. Birləşmiş
Ştatlar bu müharibədən ən yüksək
iqtisadiyyata malik olan ölkə kimi çıxmış,
fövqəldövlətə çevrilmişdi. Belə bir görkəmli siyasi xadim əxlaq məsələlərində
ümumi qaydalara o qədər də əhəmiyyət
vermirdi, fiziki cəhətdən zəif olmaqla yanaşı,
eşq macəralarından heç də imtina etmirdi.
Bu misallar
onu göstərir ki, ən böyük şəxsiyyətləri
belə ideal insan səviyyəsinə qaldırmaq
düzgün deyildir, onlar da bəşər övladına məxsus
olan qüsurlardan heç də tamamilə azad ola
bilmirlər. Bu qüsurlar onların böyük
əməllərinə kölgə salmasa da, şöhrətlərinə
heç də əlavə parıltı vermir. Belə paradoksları çox sayda sadalamaq olar.
Qədim
Romada qəbirlər, onlar heç də bizim təsəvvürümüzdəkilərə
bənzəmir, yandırılmış cəsədlərin külü doldurulmuş
qabların saxlandığı çox mərtəbəli
taxçalar idi, “kolumbari” - “göyərçin yuvası”
adlanırdı. Çox sayda böyük şəxsiyyətlər
sağlığında qartal, quzğun qiyafəsində
olduqları halda, həyatdan getdikdən az
sonra xırda göyərçinlərə, lap elə sərçələrə
çevrilirlər. Onların əvvəlki heybətliliyinin
azacıq xatirəsi də qalmır.Təlqin etdiləri qorxu,
xof hesabına heybətli adlananların dəhşətdən
xəbər verən şöhrəti, özləri o
dünyaya köçdükdən sonra şaqren dərisi kimi
qısalmağa, kiçilməyə, əslində yoxa
çıxmağa başlayır.
Tarix
insanları öz misallarından öyrənməyə
çağırsa da, çox vaxt buna nail
ola bilmir. Böyük ingilis
yazıçısı Bernard Şou isə məsləhət
görürdü ki, tarixin dərslərindən dərs almaq
lazımdır. Lakin bir həqiqəti də inkar etmək olmaz ki,
tarix öyrədə bilməsə də, ən azı,
öyrənmək istəməyənləri cəzalandırmağı
bacarır. Böyük Aleksandrın
üç qitədə yaratdığı imperiya,
yaradıcısının ölümü ilə
parçalandı, ayrı-ayrı dövlətlərin meydana
gəlməsinə səbəb oldu. İşğallara
imza atanların çoxunun aqibəti belə olur, onların
imperiyasından əsər-əlamət qalmır. Napoleon özünün böyük hərbi istedadına,
sərkərdəlik bacarığına arxayın olub,
növbəti qələbəsinə də şübhə
etmədən Rusiyanı da işğal etmək istədi və
nəhəng şöhrət qazanmış Böyük
Ordusunu da itirməklə ən ağır məğlubiyyətə
düçar oldu. Lakin Napoleon kimi hərb
dühasından sonra da Avropanı, dünyanı qanlı
müharibələrə cəlb edənlər heç
olmazsa, onun başına gələnlərdən dərs
götürmədilər.
Mütləq
sağlam insan bədəni olmadığı kimi, diaqnostika elə
inkişaf etmişdir ki, ən sağlam adamda da hansısa xəstəlik
əlamətlərini tapmaq mümkündür, mələyə
bənzər bəşər övladı da yoxdur,
çünki insan onu əhatə edən mühitin, ən
başlıcası sotsiumun təsiri altında dəyişir,
onun xarakterində və psixikasında, davranışında təkamülün
nəticəsi özünü büruzə verir. Mələklər
isə heç vaxt dəyişmirlər, birdəfəlik malik
olduqları təbiət heç vaxt onları tərk etmir, hətta
mələyə bənzədilən insanlar isə şəraitin
təsiri altında
güclü dəyişikliyə məruz qalır,
onun vaxtilə cazibədar görünən xüsusiyyətləri
də çox keçməmiş yoxa çıxır. Yazıçı E. M. Remark adamların
şüurunu inqrediyetlərlə dondurulmuş kolbasaya bənzədirdi,
onlar beyinlərinə doldurulmuş fikirlərin, mülahizələrin
daşıyıcısı rolunu oynayırlar. Şərait,
mühit onların şüurunu, psixikasını istədiyi
qaydada deformasiyaya uğradır, ona görə də yalnız
az sayda adamlar şəraitin tabeliyindən
uzaqlaşmağı bacarırlar.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2016.- 1 oktyabr.- S.22.