“Azərbaycan” qəzetində
parlament hesabatları və şərhlər
Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi qarşısında
(Əvvəli
ötən şənbə sayımızda)
I cild
(noyabr 1918 - aprel 1920)
Araşdırıb
toplayanı, ərəb əlifbasından latın
əlifbasına çevirəni, ön sözün müəllifi,
lüğətin tərtibçisi: Şirməmməd
Hüseynov
Transliterasiya
redaktorları: professor
Şamil Vəliyev, elmi işçi Samir
Xalidoğlu (Mirzəyev)
Dəmiryolları birinci olaraq əskəri ehtiyacata xidmət
etməli idi.
Türklər burada olanda dəmiryol ələlümdə
əskər üçün işliyor idi. Bunu da deməliyiz ki, əskəri işlər bir dəqiqə
belə ləngə düşməyibdir.
Dəmiryol
əskəri ehtiyaca münhəsir olduğuna görə sərnişin
və yük qatarı üçün
çox az vaqon və paravoz qalmış idi. Əhali
ehtiyacı üçün ancaq bir neçə vaqon və
paravoz işliyor idi. Biz ümidvar idik ki,
türklər buradan gedəndə apardıqları
vaqonları azad edərlər, hərəkət də bir
qaydaya düşər. Amma ümidimiz
doğru çıxmadı. Vaqon və paravozumuzun
çox hissəsi Poyluya getdi, azı qaldı, gedənlərin
də az bir qismi
qaytarılmışdır, qalanı Batumda və
Gürcüstanda qalmışdır. Qayıdan
vaqonların da bir qismi yenə xarabdır, digər qismi də
ingilislərin əlindədir, onların əskəri işlərinə
sərf olunur. Biz ingilislər ilə dost olduğumuz
üçün onların əskəri ehtiyaclarını
ödəməliyik, bir də şikayətlər var idi ki,
stansiyonlarda bir çox mallar yığılıb
qalmışdır. Doğrudur, stansiyonlarda əhval
o qədər fəna idi ki, hər mövqifdə üç
yüz vaqon yük var ikən ancaq bir vaqon qəbul edilə
bilirdi. Amma imdi böylə degildir. Vaqon paravoz çoxalır, işlər düzəlməkdədir.
Yük qatarı artmışdır. Həştad-doxsan yük vaqonu işləyir.
Sərnişin
hərəkəti məsələsi daha bədtərdir, bizə
ən azı Tiflis ilə Bakı arasında işləmək
üçün 3 qatar lazımdır. Bir qatar bu işi görüb qurtaramaz. Biz çox istərdik ki, sərnişin
qatarını da artıraq. Amma nə qədər vaqon cəm
edirsək gah əskər ehtiyacına, gah ingilislərə
lazım olur, ümid edirik ki, bu yaxınlarda Tiflis ilə
Bakı arasında 3 qatar buraxa bilək. Bu
günlərdə Tiflisə bir sürət qatarı
buraxılacaqdır. Bundan əlavə həftədə bir və
ya iki dəfə də sərnişin qatarı
əlavə buraxılacaqdır. Sərnişin hərəkətini
asanlaşdırmaq lazımdır, köhnə qaydalar ola bilməz.
Əvvəl Zaqafqasiya dəmiryollarında 600 paravoz və
15 min vaqon işliyordu. Bunların bir çoxunu eşalonlar
Rusiyaya aparmış. Bunların da
qaytarılacağına ümid yoxdur. Fəqət
hər halda ümid ediyoruz ki, işlər düzəlsin.
Bu bəyanatı ondan ötrü verirəm ki, məlumunuz
olsun.
Komissiya yolumuzun mədaxilinin artmasına
çalışır. Yolumuz onsuz da çox mədaxillidir.
Mal çoxdur. Sərnişin
hərəkəti yaxşıdır. Ancaq
vəsaili-nəqliyyə azdır. Əgər
vaqonumuz, paravozumuz və sair ləvazimatımız lazımi
miqdarda olsa mədaxilimiz çox olar. Hərçəndi
bu işlərin həpsini düzəltmək
müşküldür. Amma düzəlməsinə
çalışırıq, düzələcəkdir də.
2-ci məsələ təarif məsələsidir. Hökumətin
nəzəri budur ki, fəhləyə artıq məvacib vermək
əlbəttə lazımdır. Fəqət
yolun mədaxili bir təhərə salınmadıqca
şübhəsizdir ki, məvacibləri də artırmaq
qeyri-mümkündür. Diyorlar ki, təarif
artsa hər şey bahalanacaqdır. Amma
söz burasındadır ki, təarifin artması öylə
bir şey degil ki, bazar məzənnəsinə təsir eləsin.
Ona görədir ki, təarif mütləq
artmalıdır. Hər bir şey bu vəqtəcən
50-100 faiz bahalanıb, amma təarif ancaq 10 faiz
artırılıbdır. Odur ki, təarifin
artmağının o qədər ağırlığı
yoxdur. Bu barədə hökumətin layihəsi
vardır. Yaxında parlamana idxal ediləcəkdir.
Amma bir məsələ var ki, Gürcüstan ilə
Azərbaycan arasında bağlanmış olan tranzit əhdnaməsinə
görə təarif məsələsini bu iki hökumət
bir-birinin rizası ilə həll etməlidir. Ona görə bu məsələdə
Gürcüstan ilə müzakiratda bulunmalıyız.
3-cü məsələ dəmiryollarında olan xəyanət məsələsidir. Orasını deyim ki, dəmiryolunda xəyanət var idi və yenə də var! Bunu kökündən dəmiryolundan rəf etmək lazımdır. Təriq və məabir nəzarəti bu xüsusda tədbirlər görmüşdür. Əlbəttə çox adam qovulmuş. Çox adam tutulmuş və məhkəməyə verilmişdir. Ancaq bu çarələr ilə xəyanət azalar, amma kökündən kəsilməz. Vaqonlar da indi artmışdır. Əlbəttə bu da xəyanətin əksilməsinə bais olacaqdır. Lakin mən həmişə demişəm ki, cəmaətin özü bu barədə çalışmalıdır. Cəmaət himmət etməzsə hökumətin tədbirilə xəyanət qurtarmaz, azalar amma kəsilməz. Yol cəmaət malıdır. Əhali yola öz yolu kimi baxmalıdır. Dəmiryoluna xəyanət edənlər dövlətə və cəmaətə xəyanət edirlər. Çünki dəmiryolda nə xeyir varsa cəmaətin, nə zərər varsa o da cəmaətindir. Biz cəmaətə yazıb elan eləmişik də ki, cəmaət dəmiryolunda gördükləri əziyyət və xəyanəti yazıb kağız ilə sənədli-sübutlu bildirsinlər. Əlbəttə xain qulluqçu heç vəqt qulluqda qala bilməz.
Dəmiryol əmələ və xidmətçilərinin fəaliyyətinə gəlincə ki, bunlar yaxşı işləsinlər mən deyərəm ki, yollarımız Poyludan Bakıyacan qızdırmalı yerlərdən keçirlər. Stansiyonların bir çoxu dağılmışdır. Ona görə qulluqçuların halı-xəyalı fənadır. Ola bilər ki, bəzi qulluqçular xəstəlikdən yaxşı işləyə bilmirlər. Bu işləri düzəltmək çətindir də, amma yenə tədbirlər görülür. Bu barədə də çalışırız ehtimal ki, bu yaxınlarda düzələr.
Bir iş də var ki, onu da nəzərə almalıyız, o da məmurların barəsindədir. Məlumdur ki, müsəlman cəmaəti bu vəqtədək dəmiryolunda işləməmişlərdir. İndi dəmiryolunda işləyənlərin çoxu və bəlkə hamısı dostumuz ruslardır. Bunlar da azdırlar, tapmaq olmur. İndi məktəblər açılmışdır. Dəmiryol məmurları hazırlayır ki, öz əhalimiz də təlim alıb məmurluğa girsinlər. Tainki gələcəkdə dostlarımız ruslar getsələr özümüzünkülər işləsinlər. Əlbəttə bu da çox asan işlərdən degil. Dəmiryol məmurluğunu bir gündə ögrənmək olmaz. Maşinist olmaq üçün 3-4 il paravozda gəzmək lazımdır. Mövqif naçalniki olmaq üçün bir neçə ay oxumaq və iki il də təcrübə lazımdır.
Xülasə, mən dübarə təvəqqe edirəm ki, komisyonun qətnaməsini parlaman qəbul etsin.
“Azərbaycan”, 6 fevral 1919, ¹107
Təzkar - yada salma, xatırlama
Cəbəl - dağ
İsbati-vücud - iştirak etmə
Məabir - keçidlər, keçiləcək yerlər
Mövqif - stansiya
Himmət - səy
Azərbaycan Məclisi-Məbusanında
(keçən nömrədən mabədi)
Hökumət tərəfindən daxiliyyə naziri Xəlil bəy Xasməmmədov cənabları dəxi izahat veriyor.
Xəlil bəy - Möhtərəm məbuslar! Sorğuya cavab vermədən əvvəl bir neçə kəlmə söz söyləmək istərəm. Əvvəla, bunu nəzərə almalısınız ki, sorğu parlaman əlində böyük bir ixtiyardır. Sorğu ixtiyarı parlaman üçün bir kontrol, təftişdir. Sorğu öylə böyük bir şeydir ki, onun vasitəsilə hökumətin məcməi işlərini bilə bilərsiniz, böylə də olmalıdır. Xüsusən o yerlərdə ki, parlamentarizm üsulu ilə idarə olunurlar. Hər nazir özünü borclu biliyor varid olan sorğuya cavab versin. Bən daxiliyyə naziri və bütün hökumət o fikirdəyik ki, hökumət düz, doğru və qanuni olsun gərək və hər sorğu barəsində doğru cavab versin və sizin fikrinizi bilsin. Bunların həpsi məmləkətin səlaməti və xeyri üçündür.
Siz görüyorsunuz sorğu nə qədər böyük işdir ki, həm parlaman və həm hökumət buna əhəmiyyət veriyor.
Siz biliyorsunuz ki, sorğunun qaydası nədir, nə cür verilə bilər. Əvvəla, sorğu o vəqt verilir ki, qanunsuzluq ola, xəyanət ola, saniyən, daxili və siyasi işlərdə nazirlərin fəaliyyətindən məmləkətə zərər yetişə, üçüncü, sorğu o vəqt olar ki, məmurlar xəyanət işləyələr, nəzarət onun müqabilinə çarə görməyə, işlər basdırılıb gedə. Bu nöqteyi-nəzərdən baxılsa sorğunun da böyük xeyri olar. Bu ümumi bir qaydadır. Ancaq bizim parlamanımızın nizamnaməsi olmadığından hər sorğu qanuni hesab edilərək cavab veriyoruz. Halbuki adətən öylə sorğular olur ki, sorğu dairəsindən çıxır. Böylələrinə hökumət əlüladə cavab vermiyor. Siz soruyorsınız ki, Azərbaycan daxilində buğda yığılıb dağıldığı və hökumət məmurların da iştirak etdikləri məlumdurmu?
Azərbaycanın hökuməti heç öylə bir qanun verməmişdir ki, əhalidən bir dən də yığılsın. Siz biliyorsunuz ki, buğda yığılıb türk komandanlığı dövründə əskər ehtiyacı üçün və bu işdə hökumətin əli olmamışdır. Ola bilər ki, bu işdə daxiliyyə nəzarəti məmurları komandanlığa kömək etmiş olalar. Amma təkrar ediyoram Azərbaycan hökuməti əhalidən üşr yığmamışdır. Bu işlər türklər gedənədək davam etmiş və bu xüsus tamamilə onların öz əllərində olmuşdur. Sonra türk ordusu gedəndə hökumət o işlərin mövcud olduğunu bildikdən komandanlığa müraciətlə şeylərin bizim məmləkətdən yığılmış və binaənileyh bizə məxsus olduğunu bəyanla təvəqqe elədi ki, hər nə varsa kağız və siyahı ilə bizə təhvil versinlər. Fəqət rəsmi cavab gəldi ki, türk ordusu getməyəcəkdir, ona görə də heç şey verilmiyəcəkdir. İş bu mərkəzdə qalmışdı. Biz də məcburən almağı özümüzə rəva görmədik. Bir vəqt eşitdik ki, ordu gediyor. Əskərlər hər şeyi atıb gedirlər.
Şeylər idarəsiz, başına qalır. Azuqədən əlavə ləvazimi-əskəriyyəyi də buraxıb gediyorlardı. Bunu eşidərək daxiliyyə nəzarəti qubernatorlara əmr etdi ki, o şeyləri mühafizə etsinlər ki, talan olmasın. Ancaq hökumət heç bilmiyordu ki, harada nə qədər, nə şey var. Bununla bərabər mühafizəsi üçün tədbir görüldü. Deyə bilərəm ki, türklər buraxdıqları əşyanın çoxu əlimizə çatdı. Bir qismi hərbiyyə, digər qismi ərzaq nəzarətinə verilmiş. Bəzi yerlərdə də bir qədər qalmışdır. Onu daxiliyyə nəzarəti saxlıyor. Bu, arpa və buğdadır ki, mühafizəsi üçün tədbir görülür.
Bənim sözümdən bu çıxmıyor ki, buğdayı, arpayı yığanda hırsızlıq, ya suyi-istemal olmamışdır. Amma hökumət lazımi tədbir görmüşdür. Hankı yerdə nə olduğunu biz bilmiyorduq. Ancaq ən əvvəl bizə xəbər gəldi ki, Quba mahalında yığılan buğdadan bir qismi bizə çatmamışdır. Oraya məmur göndərdik, hal-hazırda təhqiqat icra olunur. Əgər məmurların əli olduğu kəşf edilərsə o halda əlbəttə ki, müqəssirlər məhkəməyə veriləcək və qanuna görə cəzalandırılacaqlardır. İkinci dəfə Göyçaydan xəbər gəldi ki, orada da böylə bir iş olmuşdur. Nəzarət böyük bir komissiya göndərmişdir ki, orada işi təhqiq etsin, görək müqəssir kimdir; kəşfi-həqiqətdən sonra əlbəttə orada da müqəssirlər məhkəmə və məsuliyyətə cəlb edilib cəzalandırılacaqlardır.
Yenə bir xəbər varid oldu ki, Gəncə mövqifində olan malları dağıdıyorlar. O barədə binagüzarlıq edildi ki, Gəncədəki mallar məhəlli ərzaq idarəsinə təhvil verilsin, verilmişdir. Türklər getdikdən sonra heç kəsdən pulsuz-parasız buğda, ya sair mal alınmamışdır. Daxiliyyə nəzarəti bir məmurun suyi-istemalı kəşf etsə dərhal onu cəzalandıracaqdır. Buğda məsələsi bununla qurtarıyor.
Sorğuda çox hekayələr göstəriyorlar. Əzcümlə natiqlər dedilər ki, neft məsələsində də məmurların əli var.
Doğrudan da neft məsələsi böyük bir məsələdir. Burada deyirlər ki, Qazağa külli miqdarda neft aparılmışdır.
Həm Gürcüstanda və həm Ermənistanda
neft qıtlığı var. Onlar da çalışıyorlar Azərbaycandan
neft aparsınlar. Qazaxda bir vəqt çox neft vardı.
Bu miqdardan məmurların əlilə qanundan
xaric olaraq Gürcüstana çox neft
aparılmışdır. Bu işdə
bir neçə məmurun əli olduğu
anlaşılmışdı. Şimdi bu iş təhqiq
edilmiş, müstəntiqə verilmişdir. Və
istintaqdan sonra məhkəmədə baxılacaqdır. Dəmiryolundan başqa Qazağın özündə
də noyabrın əvvəllərində bəzi şeylər
olmuşdur. Söz burasındadır ki,
Qazax mahalına çox neft getmişdir. Neft
alanların da həpsi nefti Ağstafaya aparıyor və orada
böyük pula satıyorlar. Oradan da
çalışıb nefti araba, dəvə ilə, yainki
dallarında Gürcüstana və Ermənistana aparıyorlar.
Orada bu iş ətrafında böyük ehtikar dəxi
olmuşdur. Böylə ki, daxiliyyə və bəzi
sair nəzarətlər məmurları və türk
komandanlığı iştirakilə böyük bir komissiya əmələ
gətirərək neft aparanlardan puda 20 manat naloq kibi pul
almışlardır.
Məzkur pulların nərəyə getdigini sual etdikdə
cavab vermişlər ki, Qazaxdakı qışlalara xərc
edilmişdir.
Daxiliyyə nəzarəti bu əhvalatı bilər-bilməz
dərhal binagüzarlıq etdi ki, heç kəsdən pul
alınmasın və şimdi artıq alınmır. Müqəssirlər
ilə də əlbəttə məmləkətin qanununa
müvafiq rəftar ediləcəkdir. Sorğuda
daha başqa bir şey yoxdur. Bir neçə
söz də deyəyim. Bən sizin
hüzurunuzda deyirəm qüsurlarımız var. Nəzarətin
hər bir işi düzdür, demiyoram. Ancaq
işlərin həpsini bu üç-dörd ayda düzəltmək
mümkün olmamışdır. Böyük
müşkülat vardır. Nəzarət
ixtiyarında olan bütün vəsilə və qüvvə
ilə bunları düzəltməyə
çalışmağa borcludur. Nəzarət
çalışıyor ki, o qüsurları rəf olana və
idarəyi öylə yola qoyaq ki, cəmaət razı, məmləkət
səlamətdə qalsın.
“Azərbaycan”, 7 fevral 1919, ¹108
(Ardı var)
Şirməmməd
HÜSEYNOV
525-ci qəzet.- 2016.- 1 oktyabr.- S.21