Əmrahsız qalan dağlar
Roman
Ağsaqqal yazıçımız Əli
İldırımoğlunun yeni yazıb tamamladığı romanını
oxucularımıza təqdim
edirik.
Naxır örüşdən təzəcə qayıtmışdı. Kəndə yavaş-yavaş toran çökürdü. Yaxın-uzaq dağlar, təpələr, yalçın qayalar gecənin qara örpəyinə bürünüb hiss olunmadan gözdən itirdi. Təzə boğulub miniyə öyrənən Qəmər at ayağında buxov, kənddən çox da uzaq olmayan Böyükdüzün qurtaracağında sakit-sakit otlayırdı. Əmrah, hələ də xamlıq eləyən kəhər atı çətinliklə yalmanlayıb, cilovu başına keçirtdi. Və buxovunu açıb atın çılpaq belinə aşırıldı.
Əmrah cilovun ucu ilə atın sağrısına bir-iki dəfə çəkib, başını buraxdı. Böyükdüzün yaşıl otundan bəs deyincə yeyib səmrimiş Qəmər at yorğa yerişə qalxanda qadın qışqırtısı eşidildi:
- Buraxın məni! Namussuzlar! Qeyrətsizlər! Buraxın məni!
Sarışın sifətinə hələ ülgüc dəyməyən pəhləvan cüssəli Əmrah əsəbiləşib hövsələdən çıxdı. Və cilovu təkqanad edib, atın başını səs gələn tərəfə yönəltdi.
Bulaq başında dalaşmaydı. Əmrahın tanımadığı üç nəfər orta yaşlı cantaraq adam, çiynində su dolu mis səhəng olan cavan gəlinin yaylığından yapışıb özlərinə tərəf çəkirdi. Qadın isə əlindəki ala çatını dəstələyib, qışqıra-qışqıra yad adamların baş-gözünə çırpır və onlara bac vermirdi.
Yad adamlar Əmrahı görəndə gəlindən əl çəkib üz qoydular qaçmağa. Əmrah Qəmər atı dördnala çapıb onların arxasınca düşdü. Naməlum adamlar, irəlidəki sısqa su axan dərədən adlayıb yoxuşa dirənəndə Əmrah onları haqladı. Qadını zorlamaq istəyən yad adamlar onların arxasınca gələnin on dörd-on beş yaşında cavan oğlan olduğunu görüb ürəkləndilər. Və atlarını geri döndərib, Əmrahı araya aldılar. Əmrah əlindəki buxovla ona yaxınlaşmaq istəyən hündür boylu atlını vurub yəhərdən aşırdı. İkincisinin yaxasından yapışıb mamır basmış alçaq bir daşa çırpdı. Yad adamlar uşaq hesab etdikləri cavan oğlanın qabağında duruş gətirə bilməyəcəklərini hiss edib, birtəhər Əmrahın əlindən qurtardılar və üz qoydular qaçmağa.
Əmrah üst-başının toz-torpağını çırpdı, əlbəyaxa olduğu yad adamları hədələyə-hədələyə Qəmər atın belinə aşırıldı və kəndə tərəf qayıtdı.
lll
Toran düşsə də Əmrah çiyni səhəngli gəlini tanıdı, lakin bir söz demədi. Sakitcə onun yanından ötüb keçəndə, ağlına, yaşına uymayan belə bir fikir gəldi: “Bu biabırçı məsələni açıb-ağartmayım. Bilinsə, rüsvayçılıq olar. Gəlin xəcalətindən el arasına çıxa bilməz. Düzdür, ona bir şey olmasa da, eşidib-bilənin hərəsi buna bir cür don geyindirər. Ərinin qulağına çatsa, it dəymiş ayran kimi evdən qovar, ailə dağılar, uşaqlar başsız qalar. Qohumlar arasında qanlıçılıq yaranar. Kəndimizin də adına əskiklik gətirər. Ona görə bu xoşagəlməz əhvalatı əsla bildirmək olmaz”.
Gəlin də xısın-xısın ağlayıb, qəlbində Allaha yalvarırdı ki, onun başına gələnləri Əmrah heç yerdə deməsin. Desə, gərək özümü asıb öldürəm.
Əmrah atın başını geri döndərib ona yaxınlaşaraq:
- Bacı...-dedi.
Qadın başını yuxarı qaldırmadan, xəcalət çəkə-çəkə:
- Eşidirəm, Əmrah qardaş,-cavab verdi.
Əmrah:
-Bacı,-dedi,-məsləhət görürəm, bu əhvalatı kənddə qonum-qonşuya danışma. Mənim də ağzımdan çıxmaz. Bir daş altdan, bir daş üstdən. Mən tərəfdən də ürəyin buz kimi olsun.
Əmrah ona qayğıkeşliyini bildirib təsəlli verdikdən sonra, çiynində səhəng olan gəlinin avazımış, nəmli çöhrəsi duruldu. Və qəlbində Məmmədbağır oğlunun bu alicənablığına görə ona ürəkdən dönə-dönə alqış etdi:
- Ömrün uzun, kölgən qalın olsun,-dedi.
lll
Orda-burda danışırdılar ki, Əmrahın bu cür güclü, qoluqüvvətli olması, yəqin ki, anadangəlmədir, nəslində-kökündə kiməsə çəkib. Tay-tuşu ilə zarafatyana tutuşanda, üç-dörd nəfər birləşib onun dizini qatlaya, kürəyini yerə vura bilmirdi. Yaşca özündən böyük olan və mənəm-mənəm deyən cahıl oğlanlara dov gəlirdi. Mülayim də xasiyyəti vardı. Ona dəyib-dolaşan, sataşan olmasa, heç kəsə əl qaldırmazdı. Lakin biri ilə sözü çəp gələndə və ya kimsə ona durduğu yerdə sataşanda, şil-küt eləyərdi. Hələ bu yaşacan Əmrahın qolunu qatlayan olmamışdı.
lll
Əmrahın bu cür ötkəmliyi babası Məşədi Allahverənin heç xoşuna gəlmirdi. Hərdən oğlu Məmmədbağırı danlayıb-dansıyıb deyirdi ki, Əmrah hələ uşaqdı, onun nə yaşı var?! Yekələndə qabağını ala bilməzsən. Başa sal ki, gücünə güvənib onnan-bunnan öcəşməsin. Su sənəyi suda sınar. Dünya xali deyil, özü kimi bir dəliqanlıya rast gələr, onda vay halına... Qol-qabırğasını qırıb, meyitini yerə sərər. Ondan sonra ha başına döy...
lll
Əmrah evə çatanda sağrısından tər axan Qəmər atdan düşüb, belinə yüngülvari çul vurdu və içərisində arpa-saman olan torbanı atın başına keçirib, geniş həyətin bir küncündə bağladı.
Əmrahın əynindəki paltarın cırıq yerləri və üzündəki çapıqlar babası Məşədi Allahverənin diqqətindən yayınmadı. Lakin həmişə boyuna sevindiyi nəvəsinə hələlik bir söz demədi. Ancaq ona həmişəki kimi xoş üz də göstərmədi.
Tut ağacının dibindəki köhnə palıd kötüyünün üstündə yanpörtü oturdu. Yer hanasında toxunmuş uzun çuxasının cibindən ovulmuş tənbəki çıxarıb, gümüşlə işlənmiş qədimdənqalma demisini doldurdu və çaxmaqqabla alışdırdı.
Qara tənbəkinin acı tüstüsü Məşədi Allahverənin dolaşıq fikirlərinə qarışıb yavaş-yavaş çözələnirdi. Məşədi Allahverən öz-özünə fikirləşirdi:
- Gədə əvvəl-axır bir xata çıxartmasa yaxşıdır. Gündə-günaşırı biri ilə yaxalaşır. Nəslimizə-nəcabətimizə yaraşmayan hərəkət edir, adımızı batırır.
Məşədi Allahverən Əmrahın şıltaqlığı barədə düşündükcə, sanki palıd kötüyünün üstündə balacalaşırdı. Onun enli alnındakı qırışlar sıxlaşır, gözləri qıyılır, dərin-dərin fikirlərə dalırdı. O, təəccüb dolu baxışlarını sakit-sakit gövşək vuran camışlara zilləyib başını buladı: “Qırışmal görəsən bu gün yenə kiminlə yaxalaşıb?! Üz-gözü çapıq-çapıqdır. Atasının bir həftə bundan qabaq aldığı təzə paltar cırıq-cırıq olub... Bizi istəməyənlər də dalda-bucaqda danışır ki, Məmmədbağırın gədəsi kənddə mənəm-mənəmlik eləyir; yetənə yetir, yetməyənə bir daş atır. Hamı da məni qınayır. Orda-burda danışıb gileylənirlər ki, Allahverən də adını Məşədi qoyub. Özünü Allaha yaxın bilir. Di gəl ki, nəvəsinin ipini yığa bilmir. Əmrahın atası, babası ona örüş-örkən verməsə, o, bu cür qələtləri eləyə bilməz... Haqq sözə nə deyəsən?! Düzdür, “Cahılın beyni qan olar”-deyiblər. Ancaq mənim bu nəvəm əndazəni aşıb. Bunun qabağını vaxtında almasaq, sonra peşmançılığını çəkərik”.
Bayaqdan bəri əlində kürək, çalğı olan Məmmədbağır tövləni təmizləyib, ovxurlara yem doldurub, mal-heyvanı yerbəyer eləyəndən sonra üst-başının toz-torpağını çırpıb yorğun-yorğun atasına yaxınlaşdı. Məşədi Allahverən oğlunun hənirtisini eşidib bayaqdan bəri qərq olduğu fikir dünyasından ayrıldı. Və başını yuxarı qaldırmadan kinayə ilə:
- O Əmrahın əyin-başını, üz-gözünü gördün?
Məmmədbağır xəcalət çəkə-çəkə:
- Gördüm. Üzünə də itin sözünü dedim. Hətta dəmir yabanın altına salmaq istədim. Anası araya girdi, qoymadı.
- Əvvəla, sən ortalıqda ola-ola mən çox şeyə baş qoşmuram. İkincisi də, Əmrahla aramızda olan nəvə-baba pərdəsini götürmək istəmirəm. Məni o qədər də ürəyiyumşaq hesab eləmə. Sən özün uşaq yaşında olanda əlimin duzunu çox görmüsən. Ancaq hiss eləyirəm ki, Əmrahın özünü qoçu kimi aparmasından xoşhal olursan. Amma nahaq yerə... Onun gələcəyini görmürsən. Vaxt gələr, sənin də, mənim də bu gədənin üstündə başımız ağrıyar.
Məşədi Allahverən oğluna bu sözləri deyəndən sonra onların arasına dərin sükut çökdü. Bir qədər susduqdan sonra:
- Bu gün kiminləsə yenə dəyənək davasına çıxıb.-Məşədi Allahverən sükutu pozdu.-Döyüb, döyülüb, bilmirəm, ancaq üz-gözündə salamat yer yoxdur. Əynindəki paltarda istahat qalmayıb. Onun başına ağıl qoymasan, sonrakı peşmançılıq fayda verməz.
Məmmədbağır atasını diqqətlə dinlədikdən sonra:
- Ata, bu dediklərinin hamısı düzdür, - dedi. - Ancaq bugünkü dalaşmasının başqa səbəbi var. Bulaq başında...
Məmmədbağır bu axşam bulaq başında üç nəfər xırsız adamın cavan bir gəlinə əl atmasını və Əmrahın onlarla əlbəyaxa olmasını artırıb-əskiltmədən, olduğu kimi atasına danışdı.
Məşədi Allahverən oğlunun dediklərini eşidəndə, elə bil təpəsindən tüstü qalxdı. O, demisinin ucu ilə papağının qabağını yuxarı qaldırıb ayağa qalxdı və qəzəblə:
- O gəlin kim imiş?
- soruşdu.
- Mən soruşdum, ancaq Əmrah demədi.
- Elə deməsə yaxşıdı, qoy bu biabırçı məsələ örtülü qalsın. Bilinsə, sonrası pis olar. Ancaq yadında saxla ki, meşə çaqqalsız olmaz. Dədəsindən xəbəri olmayan gədə-güdənin biri bu gün başqasının arvad-uşağına dəyib-dolaşanda, sabah bizim namusumuza sataşar. Əmrah gərək o oğraşların üçünün də meyitini yerə səreydi. Onda Əmraha bir “sağ ol” da deyərdim.-Məşədi Allahverən bunu deyib, sönməkdə olan demisini qurdalayıb közərdə-közərdə:
- Oğul, - dedi, - indi gəl, əyri oturaq, düz danışaq. Əslinə baxsan, günahın çoxu özümüzdədir. Qız-gəlinin bulaqdan su daşımaqdan çiyinləri yağır olub. Qarda-yağışda bulağa gedib-gələnlər cəhənnəm əzabı çəkir. Verst yarımlıqdakı suyu kəndə çəkə bilmirik. Axırda da belə-belə biabırçılıqlar baş verir. Di gəl ki, içi mən qarışıq bu boyda kənddə bir başıpapaqlı irəli çıxıb sinəsini qabağa vermir ki, bulağın suyunu kəndə gətirmək lazımdır. Hərə bir bəhanə ilə yaxasını kənara çəkir.
Məmmədbağır atasını diqqətlə dinləyib onun sözünə qüvvət verdi. Məşədi Allahverən səsinin tonunu aşağı salıb asta-asta:
- İndi, oğul, olan olub, keçən keçib, - dedi. - Açığını bilmək istəyirsənsə, Məşhədə gedəndə əhd eləmişdim ki, bir savab iş görüm. Bu gün bulaq başındakı əhvalatdan sonra bu işi yubatmaq olmaz. Yüz fikir bir borcu ödəmir. Gəl dədəli-balalı günü sabahdan özümüz işə girişək. Dünya malı dünyada qalacaq. Bağ-bostandan əlimizə az-çox qəpik-quruş gəlir. Evdəki xalı-xalçadan da bir neçəsini satarıq. Mal-heyvandan da beş-on baş bazara çıxartsaq, bulağın xərcini gen-bol görər. Bərkəbərkdə dədə-babadan qalma xeyli onluq, beşlik var. Qızıl da ki, heç vaxt sahibinə qismət olmayıb. Onu da pul eləyərik. Bulağı tikməyə də nə çoxdur sənətkar. Qonşu şəhərdə elə ustalar var ki, daşdan adam düzəldir. Bu gün papaq eləsəm, sabah onu tökülüb gələr.
...Məşədi Allahverən dediyi kimi də elədi... Bulağın tikintisi üçün hazırlıq işlərini görüb qurtardıqdan sonra, görüb-götürmüş ağsaqqal-qarasaqqallarla məsləhət-məşvərət eləyib, ölçüb-biçib, kəndin tən ortasında bulağın bünövrəsini qoydurdu.
Məşədi Allahverən hər gün erkən yuxudan qalxır, tələm-tələsik çayını içib çörəyini yeyir, uzun çuxasını çiyninə salır və bulağın tikintisi ilə məşğul olan ustaların başının üstünü kəsdirirdi; kənar bir yerdə oturub, demisini tüstülədə-tüstülədə tikintiyə göz qoyurdu. Hərdən daşyonanlara yaxınlaşıb, onlara bəzi məsləhətlər verirdi. Kənar bir adam bircə çarpanaq götürüb ustalara uzatsa, Məşədi Allahverənin acığı tuturdu. Və narazılığını bildirib deyirdi:
- Oğul, bulağın tikintisinə kömək əli uzatmaq istəyirsənsə, çox sağ ol, buna etirazım yoxdur, könlün varsa, gəl işlə, çəkdiyin zəhmətin müqabilində də pulunu artıqlamasınca al. Yoxsa razı ola bilmərəm ki, ustalara havayı yerə daş, qum, çınqıl verib savabıma şərik olasan.
Və beləliklə də Məşədi əlini çuxasının cibinə salıb ustalara daş, çarpanaq verənin haqqını ödəyib yola salırdı. Çox çəkmədi ki, bulağın tağbəndi tikilib başa çatdı. Zərgər dəqiqliyi ilə yonulub düzəldilmiş daşdan bir cüt çarhovuz quraşdırıldı. Hər çarhovuzun üstündə daş çömçələr. Tağbəndin içərisinə də səliqə ilə daş döşəndi... Beləliklə, xeyli aralıdakı dağlardan, təpələrdən süzülüb gələn saf, sərin su daş üzlük çəkilmiş dərin xəndəklə axıdılıb bulağa qoşuldu.
Kənd camaatı Məşədinin bu xeyirxahlığını alqışlayırdı, uşaqlar sevindiyindən atılıb-düşürdü. Qadınlar üzlərini göyə tutub:
- Allah-taala bizim ömrümüzdən kəsib Məşədinin ömrünə calasın. Axır ki canımız əzab-əziyyətdən qurtardı, - deyə səbəbkarın ömrünə dualar oxuyurdular.
Nəhayət, Məşədi Allahverənin əhdi yerini aldı.
(Ardı var)
Əli
İLDIRIMOĞLU
525-ci qəzet.- 2016.- 1 oktyabr.- S.20