Böyük yolun zəfər zəngləri
- Üçüncü məqalə
HƏQİQİ VƏTƏN EŞQİ, TÜKƏNMƏZ AZƏRBAYCAN SEVGİSİYLƏ
1969-cu ilin 14 iyulundan sonra bütün respublikamızda
olduğu kimi Azərbaycan televiziyasının və radiosunun həyatında
da yeni bir inkişaf mərhələsi başlandı.
Həmin tarixdə respublika rəhbəri seçilən
Heydər Əliyev bütün strateji sahələr kimi milli
televiziya və radioya da xüsusi önəm verir,
yaradıcı diqqət və qayğı göstərirdi.
Milli televiziya sistemi maddi-texniki baxımdan təkmilləşir,
yeni nəsil avadanlıqlarla təchiz edilərək zənginləşir,
professional kadrların hazırlanması üçün
kompleks işlər görülür, əyani, praktik
addımlar atılırdı.
1970-ci ildən Azərbaycan Dövlət Universitetinin
Jurnalistika fakültəsində televiziya üçün ədəbi
işçilər, uyğun peşəkar kadrlar
hazırlanmasına başlanıldı.
1971-ci ildə kompleks şəkildə istifadəyə verilən
“Kadr-3” video sistemi keyfiyyətli montaj üçün əlverişli
şərait yaratdı. Bir il sonra Azərbaycan televiziyasında ilk rəngli
televiziya tamaşası göstərildi. Bir qədər sonra isə təkmilləşdirmə
işlərinin miqyası daha da genişləndirildi, respublika
televiziyasında yeni modifikasiyalı “Kadr-3” video-maqnitofonundan
istifadəyə başlandı ki, bu da müxtəlif
yönlü teleməhsulların texniki keyfiyyətini, bədii-estetik səviyyəsinin
texniki əsaslarını, necə deyərlər, forma və
məzmun vəhdətini xeyli yüksəltdi.
1975-80-ci illərdə bir sıra rayonlarda, ilk növbədə
isə İranla həmsərhəd bölgələrdə
radiorele qurğuları tikilir, ardıcıl şəkildə
güclü, texniki rəqabətə davamlı televiziya
ötürücüləri quraşdırılıb istifadəyə
verilirdi. Bakıda 310 metrlik
daha müasir, dünya standartlarına cavab verən televiziya
qülləsi tikilirdi. 1980-ci ildə
televerilişlərin kosmik rabitə vasitəsiylə
yayımlanmasına dair nüfuzlu beynəlxalq konfransın Azərbaycanın
paytaxtında, məhz Bakıda keçirilməsi təsadüfi
deyildi. Bu,
Azərbaycan televiziyasına Heydər Əliyev diqqət və
qayğısının, bu strateji sahənin gələcək
perspektivlərini düşünən həqiqi rəhbər
uzaqgörənliyinin nəticəsi idi. Bu, həm də Azərbaycanı,
onun televiziyasını beynəlxalq tədbir vasitəsi ilə
dünyanın gündəminə gətirmək, diqqət mərkəzinə
çəkmək idi.
Bu gün qətiyyətlə, inamla, fəxrlə deyə
bilərik ki, Azərbaycan televiziyası son on illiklərdəki
inkişafına, uğurlarına görə ümummilli
liderimiz Heydər Əliyevə BORCLUDUR, MİNNƏTDARDIR.
Azərbaycan Televiziyası həm də
Heydər Əliyevin əsəridir, onun xalqımıza bəxş
etdiyi çoxsaylı töhfələrindən biridir.
1969-cu ilin yayından başlayaraq Azərbaycana rəhbərlik
etdiyi bütün dövrlərdə Azərbaycan
televiziyası Heydər Əliyevin təkanverici diqqət və
qayğısı ilə əhatə olunub.
Bu ardıcıl, tələbkar,
yaradıcı diqqət və qayğı nəticəsində
Azərbaycan teleradiosu maddi-texniki, mənəvi-intellektual
baxımdan həqiqətən böyük inkişaf yolu
keçib, müasir yüksək səviyyəsinə
qovuşub.
Ulu
öndər Heydər Əliyevin Azərbaycan teleradiosunun
ünvanına dediyi unudulmaz sözlər bu məqamda yada
düşür, qəlbimizdə haqlı qürur hissi
doğurur, həm də bir sıra nadanlara tarixi cavab kimi səslənərək
ciddi, sağlam düşüncələrə əsas verir:
“Azərbaycan televiziyası və radiosu zəngin və
şərəfli inkişaf yolu keçərək
xalqımızın yüksək əxlaqi dəyərlərinin,
ictimai-siyasi ideallarının, mədəniyyətinin, arzu və
istəklərinin ifadəçisinə çevrilmişdir.
Bu gün Milli televiziya və radiomuz,
sözün əsl mənasında, xalqın
tribunasıdır.
Müstəqilliyimizin əbədiliyinin və milli
dövlət quruculuğu prosesinin dönməzliyinin təbliğində,
müstəqil Azərbaycan dövlətinin indiki dirçəliş
mərhələsində televiziya və radionun fəaliyyəti
əvəzolunmazdır”.
“Müstəqilliyimizin əbədiliyinin və milli
dövlət quruculuğu prosesinin dönməzliyinin təbliği”
sözlərində, əslində, Azərbaycan
televiziyasının əsas strategiyası, bütöv
dövlət fəlsəfəsi əbədiləşib.
80-ci illərin
sonlarında başlayan xalq hərəkatında, meydan hadisələrində
Azərbaycan televiziyası da öz tarixi sözünü
dedi... Qanlı 20
Yanvar hadisələri ərəfəsində Azərbaycan
televiziyasının enerji blokunun partladılması ən əvvəl
bu qurumun qəti xalq mövqeyində dayanmasının,
heç bir xəyanət yoluna dönməyəcəyinin təsdiqi
idi. İmperiya
ağaları və onların yerli qulluqçuları bunu
bilirdilər və ona görə enerji blokunun
partladılmasıyla Azərbaycan televiziyasının tam susdurulmasına qərar
verilmişdi. Beləliklə, Azərbaycan
teleradiosu tarixində ən faciəli hadisə baş verdi - enerji bloku partladıldı. Lakin Azərbaycan televiziyasını,
radiosunu susdurmaq mümkün olmadı.
15 iyun
1993-cü il...
Həmin gün xalqın arzusu, ümidi, təkidli
çağırışı, tarixi ehtiyacıyla yenidən
hakimiyyətə qayıdan dahi siyasətçi Heydər
Əliyev Vətən və xalq naminə, azad, müstəqil,
bütöv Azərbaycan naminə qüdrətli xilaskarlıq
fəaliyyətinə başladı.
Azadlığına yenicə qovuşan Azərbaycan
respublikası daxili və xarici düşmən fitnələriylə,
imperiya maraqları ilə parçalanaraq
bölüşdürülmə faciəsindən xilas edildi.
Heydər Əliyev 1993-cü ilin böhranlı yayında
xilaskar qayıdışıyla milli istiqlal yolumuzun dahi öndəri,
azad, müstəqil, yeni Azərbaycan dövlətinin
BANİSİ, MEMARI OLDU.
Bu
böyük, tarixi dövrün hər günü, hər
ayı, hər ili müdrik rəhbər
hünərinin işığıyla nurlanıb, uzaqgörən
dövlət xadimi Heydər Əliyev dühasının azad,
müstəqil Azərbaycan naminə qazandığı tarixi
uğurlarla yadda qalıb.
Bütün xalqımız, bütün dünya
şahiddir ki, ümummilli lider Heydər Əliyev öz müqəddəs
andına, Azərbaycan uğrunda fədakar mübarizəsinə,
bütün nəsillərə örnək olan Azərbaycan
sevgisinə həmişə sadiq qalıb.
O böyük sevginin tarixləşən faktlarına,
Heydər Əliyev töhfələrinə bütün
respublikamızın hər guşəsində rast gəlmək
olar.
Xalqa, Vətənə,
Azərbaycana sədaqət Heydər Əliyev
ömrünün ən böyük mənası, ilahi qismətidir. Bəli, onun
ömrü azad, müstəqil Azərbaycan naminə
yaşanıb, Azərbaycan uğrunda mübarizəyə həsr
olunub.
Bu tarixi mübarizədə Heydər Əliyev
ideyaları ƏBƏDİ XİLASKAR, ƏBƏDİ
QALİBDİR.
Bütün
bu tarixi hadisələrdə Azərbaycan Televiziyası və
Radiosu şərəfli xidmətiylə müstəqil
dövlətimizi və dövlətçiliyimizi müdafiə
etdi, həmişə ulu öndər, ümummilli liderimiz Heydər
Əliyevin yanında oldu, onun xilaskar ideyalarına böyük
sədaqət, əyilməz mərdanəliklə səs
verdi. Bu müqəddəs
yolda bir sıra həmkarlarımız canlarını qurban
verdilər, şəhidlik zirvəsinə ucalaraq and yerimizə
döndülər. Azərbaycan
Teleradiosunun həyətində yaradılan Şəhidlər
memarlıq kompleksini hər gün qürurla ziyarət edir,
şəhidlərimizin ruhuna Allahdan rəhmət diləyirik...
“Azərbaycan
Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin
kollektivi on illər boyu yaradılan silsilə sənədli
ekran əsərləriylə - dahi dövlət və siyasət
xadimi Heydər Əliyevin qeyri-adi, fədakar, fenomenal fəaliyyətindən
bəhs edən çoxsaylı verilişlər, silsilə
televiziya filmləri ilə haqlı olaraq fəxr edir. Bunlar
bütünlüklə Azərbaycana həsr olunan, Azərbaycan
və Azərbaycançılıq naminə yaşanılan
böyük ömrün anları, xalqın öz
xilaskarına hüdudsuz sevgisinin, hörmət və
ehtiramının əbədiləşən ekran həqiqətləridir.
lll
Adları Azərbaycan teleradiosunun tarixinə əbədilik
yazılan söz, sənət adamları, görkəmli
ziyalılar çox olub. Azərbaycan
mədəniyyətinin neçə-neçə nəsli bu
doğma ünvanda işləyib.
Dahi bəstəkarlarımız
Üzeyir Hacıbəyov və Müslüm Maqomayev,
böyük yazıçılarımız Məmməd Səid
Ordubadi və Cəfər Cabbarlı, unudulmaz elm və sənət,
söz və mədəniyyət adamlarımız Mehdi
Hüseyn, Lətif Kərimov, Cəfər Xəndan, Məmməd
Rahim, Nəsir İmanquliyev, Adil Əfəndiyev, Məmməd
Arif, Hüseyn Natiq, Zeynal Xəlil, Səid Rüstəmov, Arif
Babayev, Rauf Kazımovski, Ənvər Əlibəyli, Tofiq
Bayram, Mirvarid Dilbazi, Nəbi Xəzri, Əzizə Cəfərzadə,
Anar, Qabil, Fikrət Qoca, Teymur Əliyev, Elşad Quliyev, Fuad
Tarıverdiyev, Məmməd İsmayıl, Aqşin Babayev,
Nahid Hacızadə, Nazim Abbas, Həbibə Məmmədxanlı,
Gəray Fəzli, Firudin Ağayev, Cəlal Bərgüşad,
Hafiz Baxış, Eldar Baxış, Bünyad Məmmədov,
İbrahim Göyçaylı, Mailə Muradxanlı, Afaq Məsud,
Vaqif Əlixanlı, Məmməd Oruc, Rafiq Səməndər,
Ağalar Mirzə, Kərim Kərimov, Rəhman Babaxanlı,Səyavuş
Məmmədov, Ramiz Həsənoğlu, Məhərrəm Bədirzadə,
Nəriman Şıxəliyev, Telli Pənahqızı, Rafiq
Savalan, İntiqam Mehdizadə, Şəfəq Sultan
Əlixanlı, Camal Yusifzadə, Ələmdar Quluzadə, Bəxtiyar
Qaraca, Tahir Talıblı, Əhməd Oğuz, Avdı
Qoşqar, neçə-neçə başqaları müxtəlif
vaxtlarda Azərbaycan Teleradio Verilişləri Qapalı Səhmdar
Cəmiyyətinin əməkdaşı olublar və
çoxları (Allah ömürlərini uzun eləsin. - S.E.) bu gün də bu mədəniyyət
məbədində çalışırlar.
Ümumiyyətlə, cəsarətlə demək olar ki, Azərbaycan ədəbiyyatı, bütövlükdə milli mədəniyyətimiz Azərbaycan Teleradiosunun inkişafına böyük töhfələr vermişdir.
90 yaşlı Azərbaycan Radiosu və 60 yaşlı Azərbaycan Televiziyası yarandıqları gündən Azərbaycan ədəbiyyatı ilə çiyin-çiyinə, nəfəs-nəfəsə yaşayıb, ədəbi sözün əbədi ucalığına sığınıb. Milli ədəbiyyatımız - poeziya və nəsrimiz, dramaturgiya və folklorumuz, ədəbi tənqid və bədii publisistikamız milli televiziya və radiomuzun ən sədaqətli, etibarlı yol yoldaşı, ən doğma müsahibi olub.
Təsadüfi deyil ki, artıq dediyim kimi, ədəbiyyatımızın bir sıra görkəmli şəxsiyyətləri, böyük sənətkarlarımız müxtəlif vaxtlarda milli teleradiomuzda işləmiş, bu misilsiz yaradıcılıq dünyasına öz layiqli töhfələrini vermişlər.
1930-cu ildə məhz ədəbiyyat adamının - böyük yazıçı Məmməd Səid Ordubadinin rəhbərliyi ilə Azərbaycan radiosunda “Ədəbi-dram verilişləri” redaksiyası yaradılmışdır. İstər klassik, istər müasir ədəbiyyatımızın ən uğurlu nümunələri zaman-zaman milli teleradiomuzun bədii-estetik təkmilləşməsinə, zənginləşməsinə kömək göstərmiş, təkan vermiş, bütövlükdə Azərbaycan Televiziyası və Radiosu tarixində mühüm, taleyüklü rol oynamışdır. Bu, milli teleradio tariximizin ən önəmli faktlarından,bədii-estetik sənətkarlıq məziyyətlərindən biridir. M.S.Ordubadi “Qovorit SSSR” jurnalının 1935-ci il mart buraxılışında yazırdı: “Bakı radiosunun neçə illərdən bəridir ki, maraqlı proqramlar hazırlayan Dram redaksiyası... Azərbaycan Böyük Akademik Teatrının ən yaxşı tamaşalarını efirə verməyə başlamışdır. “Hamlet”, “Boris Qodunov”, “1905-ci ildə”, “Özgə uşağı”, “Yaşar”, “Sevil”, “Hacı Qara”, “Dağılan tifaq” və s.tamaşalar artıq mikrofon qarşısında səslənmişdir”.
Bu gün tam cəsarətlə demək olar ki,60 illik Azərbaycan Televiziyası, 90 yaşlı Azərbaycan Radiosu 1500 illik Türk-Azərbaycan ədəbiyyatının, neçə min illik şifahi xalq ədəbiyyatımızın ən layiqli güzgüsü, ən mükəmməl təqdim və təbliğ vasitəsi, deməli, ən fədakar xidmətçisi olmuşdur. Azərbaycan ədəbiyyatına bu misilsiz tarixi xidmət, əslində, xalqımıza, onun inkişaf və intibahına göstərilən böyük xidməti idi. Sirr deyil ki, hər bir xalqın tarixi yaddaş enerjisi, bədii-estetik fikir yükü, daha çox ona mənsub olan sənət abidələrində, xüsusilə, ədəbiyyatda, ədəbi sözdə toplanır. Və bu toplanan misilsiz mənəvi xəzinənin yenidən xalqa qaytarılmasında, daim diri, canlı şəkildə xalqın həyatında, taleyində, mənəviyyatında yaşamasında doğma teleradiomuz özünəməxsus, əvəzedilməz rol oynayıb və oynamaqdadır. Bu baxımdan Azərbaycan teleradiosunun tarixi ümummilli tariximizin, xüsusilə, ədəbiyyat və mədəniyyət dünyamızın ayrılmaz, şərəfli bir hissəsidir.
60 yaşlı Azərbaycan Televiziyasının tarixində son altmış illik ədəbiyyatımızın ayaq izləri aydın görünür,ürək döyüntüləri aşkar eşidilir. Məşhur ədəbiyyat adamlarının - şair, yazıçı və tənqidçilərin, dilçi və filoloqların milli televiziyamıza verdiyi sənət töhfələri, yaradıcılıq enerjisi danılmaz tarixi faktdır. Təkcə onların adlarını sadalamaq kifayətdir ki, ədəbiyyatımızın Azərbaycan Televiziyasında oynadığı tarixi rol bütün miqyası, möhtəşəmliyi ilə görünsün. Bəli, Azərbaycan Teleradiosu daim ədəbiyyatla, ədəbiyyat adamlarının yaradıcılıq dünyası, bədii-estetik fikir enerjisi ilə nəfəs almış, yaşamış, uğurlar qazanmışdır. Lakin əsası odur ki, bu və digər sənət, ədəbiyyat adamları təkcə özlərinin yaradıcılıq enerjisini yox, daha çox dərəcədə bütöv Azərbaycan ədəbiyyatının, 1500 illik ədəbi-bədii düşüncəmizin yenilməz ruhunu, xilaskar gücünü gətirmişdilər Azərbaycan Televiziya və Radiosuna.
“Avesta” və Orxon-Yenisey abidələri, “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanları, Mahmud Kaşğari və Nizami Gəncəvi, Füzuli və Nəsimi, Xətai və M.F.Axundzadə, Sabir və Cəlil Məmmədquluzadə, Hadi və Hüseyn Cavid, Səməd Vurğun və Rəsul Rza... bütün bu və digər sənət abidələri və sənətkarlar haqqında hazırlanan minlərlə verilişlər, çəkilən çoxsaylı tamaşalar, bədii və sənədli televiziya filmləri televiziyamızın qızıl fondunu təşkil edir. Bu verilişlər, tamaşalar,bədii və sənədli telefilmlər Azərbaycan ədəbiyyatının Azərbaycan televiziyasına sənət töhfələridir. Və bunlar sübut edir ki, 60 yaşlı Azərbaycan Televiziyası öz böyük uğurları, tarixi inkişafı üçün həm də ədəbiyyatımıza, milli mədəniyyətimizə borcludur. Bu baxımdan cəsarətlə, fəxrlə deyə, bir daha vurğulaya bilərik ki, Azərbaycan Televiziyasının və Radiosunun tarixi həm də Azərbaycan ədəbiyyatının tarixidir. Bu, qəlbi VƏTƏN EŞQİ, AZƏRBAYCAN SEVGİSİYLƏ çırpınan, səmalarında ruhumuzun yurd yeri - Azərbaycan bayrağı dalğalanan bütöv, qalib bir dünyadır. Bu, Azərbaycan xalqına,dövlətinə həqiqi xidmət, halal sevgi və sədaqət dünyasıdır...
Sadıq
ELCANLI
525-ci qəzet.- 2016.- 1 oktyabr.- S.18-19