Dost haqqında haşiyəli xatirə-oçerk

 

 

 

 

Dostum və tanınmış şərqşünas həmkarım, professor Elxan Əzizovun 70 yaşı münasibətilə (25 oktyabr 1946-cı ildə Ağdaş şəhərində doğulub) əl ilə toxunan, astarı üzündən oxunan zərif ipək misalı xatirə-oçerk yazmaq üçün uyğun ovqata köklənmək çətin olmadı.

 

Gecənin gec saatlarında kompüterin qarşısında oturub, həssas və güclü musiqi duyumlu, əfsunlu nəğmələri ürəklərə yol tapan, xoş əhval-ruhiyyə oyadan bəstəkar Kamalın nəğməkar şair Baba Vəziroğlunun dərin poetik tutumlu sözlərinə bəstələdiyi həzin “Xatirədir” mahnısını görkəmli xanəndəmiz Alim Qasımovun ecazkar səsində dinləyirəm:

 

Xəyaldı, yoxsa yalan,

Gəlib keçdi nə zaman?

Sevginin ömrü bir an,

Qalanı xatirədir.

 

İlahi, 42 il nə tez gəlib keçdi?! Sanki “yanıb külü qalacaq ocağın olanı”, “yaşıl yarpaqların solanı”, “sevgi adasının hər yanı”, nəhayət, “bu dünyanın gerçəyi və yalanı” xatirələr musiqi diliylə fəryad edir. İllər öncə yazdığım və bu mahnının sözlərilə səsləşən bir şeirdə dilə gətirdiyim kimi, xatirələr dənizinə dalan qəvvas üçün liman, yalnız bir anın başqa bir anla müqayisəsində ortaya çıxan əlahəzrət Zaman üçün sahil olmurmuş. Əslində, saat təqvim gününün xatirələrə dilimlənmiş zamanından başqa bir şey deyilmiş. Təqvimin özü isə ömrün zaman tunelində xatirələrin dondurulmuş anları imiş. Əllərim qeyri-ixtiyari klaviaturaya uzanır, hərflər pianonun dilləri kimi enib qalxaraq ilk sətirləri vərəq üzərinə düzməyə başlayır...

 

Elxan müəllimlə ilk dəfə görüşüb söhbət edəndə mən 20, o 28 yaşındaydıq. Mən Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Şərqşünaslıq fakültəsi türk şöbəsinin IV kurs tələbəsi, fakültənin komsomol təşkilatının katibi və Elmi Şurasının üzvü idim. O, Azərbaycan EA Yaxın və Orta Şərq Xalqları İnstitutunun (indiki Şərqşünaslıq İnstitutunun) aspiranturasındakı təhsilini (1970-1973) bitirmiş, “IX əsr ərəb poeziyasında xürrəmilər hərəkatının əksi  mövzusunda dissertasiya müdafiə edərək elmlər  namizədi alimlik dərəcəsi almışdı (1974). Tanış olduğumuz ərəfədə o, 1964-1970-ci illərdə təhsil aldığı və fəqlənmə diplomu ilə məzun olduğu doğma fakültəmizdə, tanınmış ərəbşünas-pedaqoq Ələsgər Məmmədovun müdiri olduğu Ərəb dili kafedrasında müəllim kimi işə başlamağa hazırlaşırdı.

 

Onun savadlı ərəbşünas-filoloq və səriştəli mütərcim olduğunu eşitmişdim. 1953-1964-cü illərdə təhsil aldığı Bakıdakı 172 saylı orta məktəbi qızıl medalla bitirmiş, fakültəmizin ərəb şöbəsində o dövr üçün ən yüksək təqaüd olan Lenin təqaüdü ilə oxumuş, hələ tələbə ikən 1968-1969-cu illərdə Misirdə hərbi tərcüməçi işləmişdi. Elmi-pedaqoji fəaliyyətə başlamaq, öz nəzəri bilik və praktiki bacarığını tələbələrə öyrətmək onun ən təbii haqqı idi. Bəzi bürokratik əngəllər aşıldıqdan sonra Elxan Zəkəriyyə oğlu Əzizov fakültənin və Universitet Elmi Şurasının qərarları ilə 1974-cü ildə müəllim kimi işə başladı... Aradan illər keçəcək, Elxan müəllim Ərəb filologiyası kafedrasında baş müəllim, dosent, professor vəzifələrini tutacaq, üç illik qısa fasilə (1999-2002) istisna edilməklə 1991-ci ildən hal-hazıra qədər Şərqşünaslıq fakültəsinin dekanı olacaqdı. Həm də elə bir dekan ki, 17 fakültəsi, 127 kafedrası, 2 Elmi-Tədqiqat İnstitutu, 3 Elmi-Tədqiqat Mərkəzi, 1 Elmi-Tədqiqat Hissəsi və 24 Elmi Tədqiqat Laboratoriyalarında çalışan 3000-dən artıq əməkdaşı olan BDU-nun rəhbərliyi tərəfindən 2015-ci ildə “İlin dekanı” adına layiq görüləcək, bu mükafatı ona Universitetin rektoru, dünya şöhrətli kimyaçı-alim, akademik Abel Məhərrəmov şəxsən təqdim edəcəkdi. Və bu da həqiqətdir ki, insan başqalarını onu sevməyə vadar edə bilməz, yalnız özünü onlara sevdirə bilər. Elxan müəllim böyük-kiçik yeri bilməklə məhz özünü insanlara sevdirə bilən, öz həmkarlarına və tələbələrə qayğıkeş münasibət bəsləyən xeyirxah pedaqoq-təşkilatçı olduğu üçün iyirmi ildən artıqdır ki, dekan vəzifəsini şərəflə daşıyır.

 

“Titanik sindromu” yaxud bunun tam əksi mənasında işlədilən “qayıq sindromu” kimi bəzi “xəstəlik” növləri var ki, onların izahını tibb lüğətlərində axtarmaq əbəsdir. Bu qəbildən frazeoloji birləşmələrin mahiyyəti, mündəricəsi, onlardan dərs alınması, ibrət götürülməsi, qissədən hissə çıxarılması üçündür. Birinci halda, batmaqda olan bir gəminin heç batmayacağını zənn edib, həyatlarına olduğu kimi davam edən insanlar nəzərdə tutulur.  “Qayıq sindromu” ifadəsi isə, əksinə, insanın ömürboyu “mən kiçik bir qayığam, həyat adlı bu nəhəng, təlatümlü dəryada çox tez bataram” qorxu və təlaşı içərisində yaşamasıdır. Zəngin həyat və iş təcrübəsi, dərin elmi-pedaqoji bilik və bacarığı olan Elxan müəllim üçün hər iki hal yaddır. O, dünənini heç bir zaman unutmayan, bu gününün daima fövqündə olan, sabahını aydın şəkildə görən, öz üzərində daim işləyən, təşkilatçılıq və idarəetmə qabiliyyətini müntəzəm təkmilləşdirən, bilmədiklərini öyrənməkdən, bildiklərini başqalarına öyrətməkdən zövq alan insandır.

 

Elxan müəllim BDU-nun fakültələri içərisində xüsusi yeri və çəkisi olan Şərqşünaslıq fakültəsinə rəhbərlik etdiyi uzun illər ərzində minlərlə tələbə ilə yaxın təmasda olub. Yüzlərcəsinə bilavasitə dərs deyib və bu gün də deyir. Fakültənin dörd və Universitetin digər onlarla kafedrasının çoxsaylı professor-müəllim heyəti ilə çiyin-çiyinə işləyir. Fakültə Elmi şurasının sədri, Universitet Elmi şurasının üzvüdür. Universitet dekanları və kafedra müdirlərinin əksəriyyəti ilə çox səmimi dostluq münasibətləri var. Bu günə qədər Elxan müəllimdən inciyən yaxud narazı qalan olmayıb. Bunun bir çox səbəb və hikməti var. Əvvəla, o, dekanlıq işini, tədris proqramı, müəllimlərin dərs yükü, növbəli saat bölgüsü, cədvəl tərtibi, auditoriya seçimi kimi məsələləri mükəmməl bilir, daşıdığı vəzifəyə məsuliyyətlə, üzərinə götürdüyü öhdəliklərə və verilən tapşırıqlara ciddi yanaşır.

 

İkinci səbəb onun özünün şəxsi keyfiyyətləri ilə əlaqədardır. O, genişürəkli, tolerant xislətlidir. Dedi-qodu, qarayaxma kimi naqisliklərdən xalidir. Sözünü açıq deməyi xoşlayır, gördüyü nöqsanları, narazı olduğu məqamları mərd-mərdanə üzə deməkdən çəkinmir. Müəllim və tələbələrə qarşı dərsə davamiyyət, imtahan və yoxlamalar məsələsində onun haqq-ədalət tərəzisi dəqiq işləyir. Mənəviyyatca təmizdir, işində, vəzifə borcunun icrasında təmənnasızdır. Əxlaqı və mənəviyyatı doğub böyüdüyü Zəkəriyyə kişi ilə Nahidə xanım ocağının tərbiyəsindən qidalanır. İmkansız və ehtiyacı olanlarla son loxmasını bölüşəcək qədər əliaçıqdır. Əlbəttə, burada Elxan müəllimin ailəcanlılığını, onu sevən və bütün işlərində dəstəkləyən doğmalarının qayğısı ilə əhatə olunmuşluğunu da xüsusi vurğulamaq lazımdır. Özü kimi BDU-nun əməkdaşları olan ömür-gün yoldaşı dosent Lalə xanım və ilk övladı Ləman müəllimə, xaricdə təhsil alıb gələn və tanınmış bir beynəlxalq şirkətdə məsul vəzifə tutan kiçik qızı Ayla xanım, eləcə də şirin ləhcəli danışığını və böyüklərə məxsus hərəkətlərini dilindən düşürmədiyi, bu il birinci sinifə gedən və məktəbli çantası özündən ağır olan nəvəsi Amaldan ibarət xoşbəxt ailəsi var.

 

Üçüncü səbəb Elxan müəllimin həyat prinsipindən irəli gəlir. Onun yaşam fəlsəfəsi belədir ki, “İnsan pul qazanmaq üçün sağlamlığını qurban verməməlidir, çünki sonradan itirilən sağlamlığını bərpa üçün pulunu qurban verməyə məcbur olacaqdır”. Elxanın təvazökarlığının, quru təkəbbürdən, lovğalıqdan uzaqlığının mayasını məhz bu prinsip təşkil edir. O, “şöhrətin külək kimi olduğunu, həmişə eyni səmtə əsmədiyini” yaxşı bilir. Boğazdan yuxarı deyilən sağlıqlar daxildən gəlmir deyə, heç bir zaman onun içinə sinmir. Qurşaqdan aşağı vurulan zərbələri kişiliyə yaraşdırmır. Tanrı ətəyindən yapışıb, şeytana qulluq edənlərlə işi yoxdur.

 

Dördüncüsü, o, öz dəyərli müəllimlərindən miras aldığı fakültənin ən yaxşı ənənələrinə sadiqdir. Yəqin ki, çoxlarımız iş yerlərimizdə tez-tez eşidirik: “Gedərsən, yerinə başqası gələr, həyatda əvəzedilməz adam yoxdur”. Ehtimal ki, bu ifadədəki “əvəzedilməz”lə nəzərdə tutulan obyekt insanın özü yox, onun icra etdiyi vəzifədir. Mən isə gedənin və gələnin bir olmadığına, bu dünyada hər kəsin öz yerinin olduğuna, kimsənin bir başqasının yerini ala və əvəzləyə bilməyəcəyinə inananlardanam. Çünki hər bir insan tək, təkrarsız və bənzərsizdir. Elxan müəllimdən əvvəl də Şərqşünaslıq fakültəsinin dekanları olub, ondan sonra da olacaq. Onun sələfləri də sırf özləri idilər, şəxsiyyətləri, alimlikləri, müəllimlikləri, dostluqları ilə biri digərinə bənzəmirdi. Fakültəmizin Panteleymon Jüze, Bəkir Çobanzadə, Əziz Qubaydulin kimi ilk məşhur şərqşünas-alim və dekanları haqqında bilgiləri kitablardan oxuyub öyrənmişəm. Sonrakı dekanlar - Məmməd Mübariz Əlizadə, Rəhim Sultanov, Yusif Şirvan Əsgərov, Həsən Mahmudov, Şulan Şirəliyev, Əbdüləli Kərimov, Vasim Məmmədəliyev kimi görkəmli şərqşünaslarla, say-seçmə alimlərlə birlikdə işləmək şərəfi mənə də nəsib olub. Elxan müəllim fakültəni miras aldığı bu sələflərinin ən yaxşı ənənələrini davam etdirməklə yanaşı, yuxarıda sadaladığım məziyyətləri, səriştəli idarəçilik və mahir təşkilatçılıq dəst-xətti ilə layiqli xələf olduğunu sübut edib. Onun rəhbərlik elədiyi fakültədə hal-hazırda 4 kafedra (Ərəb filologiyası, Fars filologiyası, Türk filologiyası, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedraları)  8 şöbə (türk, fars, ərəb, ibri, yapon, urdu, çin və koreya şöbələri) fəaliyyət göstərir. Bu kafedralarda 100-ə yaxın əməkdaş, o cümlədən, 1 akademik, 11 elmlər doktoru, professor, 27 fəlsəfə doktoru, dosent, 50-dən artıq  baş müəllim və müəllim, 10-dan artıq baş laborant və laborant işləyir. Fakültədə Azərbaycan və rus bölmələrində olmaqla təhsil forması bakalavr pilləsində əyani, magistraturada isə əyani və qiyabidir. Bakalavr pilləsində 500-ə yaxın tələbə, magistraturada 30-dan artıq magistrant təhsil alır, 15-ə yaxın aspirant və dissertant elmi-tədqiqat işi aparır.

 

Elxan müəllim mahir ərəb dili tərcüməçisidir. Keçmiş SSRİ-nin müxtəlif ərəb ölkələrindəki hərbi və mülki obyektlərinin tikintisi və istismarında şifahi rus-ərəb dillərindən qarşılıqlı tərcüməçi işləməklə, necə deyərlər, dilmanclıq eləməklə yanaşı, mütərcim kimi də xeyli kitabın tərcüməsinə imza atmışdır. Məsələn, 1978-1982-ci illərdə Kuveyt Dövlətində baş mütərcim işləyərkən onun tərcüməsi ilə İran körfəzinin balıqçılıq təsərrüfatına dair ərəb dilində iki kitabı nəşr edilmişdir.

 

Elxan müəllim sözün geniş mənasında filoloqdur. O, həm dilçi, həm də ədəbiyyatşünas kimi bir çox kitaba və sanballı elmi əsərə imza atıb. Hələ 70-ci illərdə keçmiş SSRİ məkanında ərəb dilçiliyi və ədəbiyyatşünaslığının ən çətin sahələrindən sayılan klassik ərəb poeziyasının qrammatik məsələlərinə dair (bədii-sintaktik fiqurlar, fonetik və qrammatik qaydaların pozulması və s.) məqalələrlə çıxış edib, orijinal elmi-nəzəri fikirlər irəli sürüb.

 

Elxan müəllimin bu günə qədər “İbn Hişamın  “Əs-Sira ən-nəbəviyyə” kitabı ədəbi qaynaq kimi”, “Misir ədəbiyyatı Azərbaycanda” (ərəb dilində, Qahirə), “IX əsr ərəb poeziyasında xürrəmilər hərəkatının əksi”, “Mənalı ömrün anları (dünya şöhrətli şərqşünas və ilahiyyatçı alim, akademik Vasim Məmmədəliyev haqqında), “Yaxşılığa yamanlıq” (təmsillər və yumoristik hekayələr), “Fars körfəzində köpək balıqları” (ərəb dilində), “Kuveytdə balıq sərvətinin qorunmasının və balıqçılığın təşkilinin əsasları” (ərəb dilində) kimi 10-a yaxın kitab və monoqrafiyası, metodik vəsaiti, “Ərəb ədəbiyyatşünaslığının tarixi və metodologiyası”, “Mənbəşünaslıq” və “Ərəb filologiyasına giriş” fənləri üzrə dərs proqramları işıq üzü görmüşdür. O, 50-dən artıq elmi məqalə və tezisin müəllifidir. Elxan müəllim onlarla bakalavrın buraxılış, magistrin dissertasiya işlərinə elmi rəhbərlik etmiş, fəlsəfə doktoru yetişdirmişdir. O, bir çox dissertasiya işinin rəsmi opponenti olmuşdur.

 

Elxan müəllim səriştəli pedaqoqdur, şərqşünas kadrların hazırlanmasında böyük xidmətləri vardır. O, fakültənin bakalavr və magistratura pillələrində təhsil alan tələbələrə “ərəb ədəbiyyatı”, “mənbəsünaslıq”, “ərəb ədəbiyyatşünaslığının tarixi və metodologiyası”,  “ərəb filologiyasına giriş” kimi fənlərdən mühazirələr oxuyur, praktiki dərslər aparır. Elxan Əzizov 2006-cı ildə uzun müddət səmərəli elmi-pedagoji fəaliyyətinə görə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmiş, 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Əməkdar Müəllim” fəxri adına layiq görülmüşdür.

 

Elxan müəllim yaradıcı insandır, bir neçəsi nəğmə və marş kimi bəstələnən gözəl şeirlər, təmsillər və yumoristik hekayələr müəllifidir. Hələ orta məktəb illərində ilk qələm məhsulları “Azərbaycan pioneri”, “Azərbaycan gəncləri”, “Bakı”, “Ədəbiyyat incəsənət” qəzetlərində, “Göyərçin”, “Pioner”, “Kirpi”, “Ulduz” jurnallarında dərc  olunan Elxan Əzizovun “Telefon nömrəsi (uşaq hekayələri)” adlı ilk bədii kitabı 1972-ci ildə Bakıda 22 min tirajla buraxılmışdır. Onun 2007-ci ildə işıq üzü görən “Yaxşılığa yamanlıq” kitabında isə ibratəmiz təmsilləri, duzlu-məzəli yumoristik hekayələri, ərəbcədən tərcümə etdiyi atalar sözləri, xüsusən də “Eşitdiyim məzəli əhvalatlar və abıra saldığım lətifələr  rubrikası altında verilən dadına doyum olmayan orijinal lətifələri toplanıb.

 

Elxan müəllim həm fakültənin, həm də universitetin beynəlxalq əlaqələrinin qurulması və inkişafında yaxından iştirak edir. O, Türkiyə, Rusiya, İran, Misir və Koreyaya gedən rəsmi nümayəndə heyətlərinin tərkibində olmuş, Türkiyənin Egey Universiteti ilə BDU arasında əməkdaşlıq müqaviləsinin imzalanması (İzmir, 1991), İran islam inqilabının ildönümünə həsr olunmuş beynəlxalq simpozium  (Tehran, 1992), Misir-Azərbaycan əlaqələrinə dair seminar (Qahirə, 2002), Boloniya prosesinə həsr olunmuş beynəlxalq konfrans (Sankt-Peterburq, 2004), Koreyanın Pai Chai və Sunlin Universitetləri ilə BDU arasında əməkdaşlıq müqavilələrinin hazırlanması (2007), Tehran Beynəlxalq kitab sərgisi ilə əlaqədar seminar (2008) kimi müxtəlif nüfuzlu tədbirlərdə, mötəbər elmi və elmi-praktik konfranslarda iştirak və çıxış etmişdir.

 

Bir haşiyə. Elxanla tələbə-müəllim tanışlığımızın dostluğa çevrilməsi üçün uzun zamana ehtiyac olmayıb. İlk gündən bir-birimizə ürək qızdırmış, altı il sonra isə həmkar kimi bir yerdə işləməyə başlamışıq. Heç birimizin kitabında “dönük”, “xəyanət” sözləri olmadığı üçün dostluq və həmkarlığımız qırx ildən artıqdır ki, davam edir. Sonuncu cümləni yazarkən qəfildən xatırladım ki, mənim tərəfimdən bir “dönüklük” olub. Təxminən 10 il əvvəl siqaret dostluğumuza “xəyanət” etmiş, papirosu tərgitmişəm. 2007-ci ilin o qarlı fevral günündən bəri hər oturduğumuz məclisdə Elxan müəllim çəkən vaxtlarımda papirosa həsr etdiyim bir şeiri mənə dedirtməyə çalışsa da, hər ikimizin dostu və ağsaqqalı, görkəmli türkoloq Allahşükür Qurbanov şahidim olsun ki, imtina edirdim. İndi “günahımı” yumaq naminə “Çarə” adlı həmin şeirin (“Xilaskarım” adlı möhtəşəm şeirin müəlifi, dostum Rəşad Məcidin qulaqları cingildəsin) təntənəli təqdimatını keçirirəm:

 

Can-ciyər iki dost - siqaret, insan,

Xəyanət bu iki sirdaşa yaddır.

Baş-başa qalanda dərd kədərinlə,

Bir içim papiros sənə imdaddır.

 

Tüstüdə yox olur neçə ah, günah,

Dumanda boğulur neçə şər, qada.

Siqaret tüstüsü üzərlik kimi,

Nəzərdən, nəfsdən qoruyur o da.

 

Yandırıb, astaca dərin qullab al,

Bir az hövsələnə tüstü ver, qadam.

Bəzən  zəhrimar da çarə görünür,

Çarəsiz, naəlac qalanda adam...

 

 

Əsgər RƏSULOV

 

525-ci qəzet.- 2016.- 1 oktyabr.- S.16-17