Xalq şairi Qabilin 90 illiyi qeyd edildi
Sentyabrın 29-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında
poeziyamızın görkəmli
nümayəndəsi, Xalq
şairi Qabilin 90 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, respublikanın
tanınmış elm, mədəniyyət
və incəsənət
xadimlərinin iştirak
etdiyi gecə Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşıb.
Əvvəlcə tədbir iştirakçıları
unudulmaz şairin şeir kitablarının nümayiş olunduğu sərgi ilə tanış olublar. Daha sonra şairin
keçdiyi ömür
yolunu əks etdirən fotoslayd təqdim edilib.
Tədbirdə mədəniyyət və
turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək
Qabilin həyat və yaradıcılığından
söz açıb.
Qeyd olunub ki, Qabilin lirik,
epik şeirləri və poemaları geniş oxucu marağına səbəb
olub. Şairin şeirləri həmişə
aktualdır, bu səbəbdən də oxunur, əzbərlənir,
ən mötəbər
tədbirlərdə qiraət
ustaları tərəfindən
şövqlə səsləndirilir.
Nazir müavini
vurğulayıb ki, Qabilin yaradıcılıq
yolu həmişə şəxsiyyəti ilə
həmahəng olub. Həyatda mehriban,
səmimi və duzlu zarafatları ilə yanaşı, onun haqqında yaradılan maraqlı lətifələr də xalqa çoxdan bəllidir. Bu, əlbəttə, şair
üçün ən
böyük səadətdir.
Bildirilib ki, daim poetik duyğularla
qəlbində Vətəninə,
millətinə tükənməz
məhəbbəti olan
Qabil böyük ictimai hisslər, duyğularla, gərgin zəhməti və yaradıcılıq axtarışları,
canlı həyat müşahidələri ilə
vicdanla xalqına xidmət edib.
Qeyd edilib ki, Bakıda anadan olan şairin
müxtəlif vaxtlarda
“Azərbaycan jurnalı”
redaksiyasında şeir
üzrə ədəbi
işçi, baş redaktorun müavini vəzifələrində çalışıb. Şair
yazdığı “Səhv
düşəndə yerimiz”,
“Bakılı”, “Çörək”,
“Təmizlik”, “Gülləbaran
eylədilər”, “Nəsimi
bazarında”, “Dağlar”,
“Azərbaycan torpağı”,
“Göy göl”, “Mübarəkdir Qız qalası”, “Məhəbbət
deyil”, “Küləkli havalarda, “Yağışlı
havalarda”, “Türkün
qəbri”, “Ümid sənədir ancaq”, “Gedən yerim olaydı”, “Əslində”,
“Sənə qurban” kimi qeyri-adi şeirləri və “Nəsimi” kimi fəlsəfi-psixoloji, epik-dramatik,
fundamental poeması ilə
əbədiyyət qazanıb.
O, 2007-ci il aprelin 4-də vəfat edib və Fəxri
Xiyabanda dəfn olunub.
Azərbaycan Yazıçılar Birliyinin
sədri, Xalq yazıçısı Anar
Qabilin Azərbaycan poeziyası tarixindəki xidmətlərindən danışıb. Deyib ki,
o, azad söz sahibi olmaqla yanaşı, hər zaman xalqını, millətini sevib və dərdinə şərik çıxıb.
Şairin həqiqətə, düzgünlüyə, obyektivliyə
üstünlük verdiyini
deyən natiq onun əsl vətəndaş
mövqeli insan olmaqla yanaşı, təəssübkeş olduğunu
da qeyd edib.
Diqqətə çatdırılıb ki,
uzun illər Azərbaycan Yazıçılar
Birliyində Ağsaqqallar
Şurasının sədri
kimi fəaliyyət göstərən Qabilin ədəbi və ictimai fəaliyyəti dövlət tərəfindən
hər zaman yüksək qiymətləndirilib. Görkəmli
şair bir sıra orden və medallara, o cümlədən, Azərbaycan
Respublikasının ali dövlət təltiflərinə - “Şöhrət”
və “İstiqlal” ordenlərinə layiq görülüb.
Gecədə çıxış edən
şairin qələm
dostları onun həyat və yaradıcılığından, Azərbaycan poeziyasına bəxş etdiyi dəyərli töhfələrdən
danışaraq xatirələrini
bölüşüblər.
Tədbir konsert proqramı ilə davam edib. Konsertdə şairin şeirlərinə
bəstələnmiş mahnılar
ifa olunub, şeirləri səsləndirilib.
525-ci qəzet.- 2016.- 1 oktyabr.- S.12.