Ələkbər Tağıyevin
mahnıları “Mənim dünyam”da
Sentyabrın 29-da Heydər Əliyev Sarayında tanınmış
Azərbaycan bəstəkarı
Ələkbər Tağıyevin
bəstələdiyi mahnılardan
ibarət konsert proqramı təqdim edilib.
AZƏRTAC
xəbər verir ki, “Mənim dünyam” adlı konsert proqramında, respublikamızın sevilən
və populyar sənətkarları Xalq artistləri Flora Kərimova,
Nisə Qasımova, Səkinə İsmayılova,
Mənsum İbrahimov,
Faiq Ağayev, Nazpəri Dostəliyeva, Əməkdar artistlər Mətanət İsgəndərli,
Zöhrə Abdullayeva,
Almaz Orucova, Zakir Əliyev, Bəyimxanım Mirzəyeva,
Yadigar Muradov, tanınmış müğənnilər
Nazim (faytonçu), Tacir Şahmalıoğlu,
Mirkamil Mirkamilov, Könül Məmmədli
və Yaşar Muradov iştirak ediblər.
Müğənniləri səhnədə Nəsib
Məhərrəmovun rəhbərliyi
ilə “Şuşanın
səsi” instrumental ansamblı
müşayiət edib.
Qeyd edək ki, Ələkbər
Tağıyev Azərbaycan musiqi mədəniyyətinə
“Azərbaycanım mənim”, “Şirin arzular”, “Sən gəlməz oldun”,
“Dinə bilmədim”, “Bakı gecələri”, “Qonşu
qız”, “Azərbaycan oğluyam”, “Qəşəngdir”
kimi bir çox sevilən mahnılar bəxş edib. Ələkbər Tağıyev mahnı yaradıcılığı
dövründə görkəmli sənətkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti, dünya
şöhrətli müğənni Zeynəb Xanlarova,
Xalq artistləri Məmmədbağır
Bağırzadə, Nisə Qasımova və digərləri
ilə əməkdaşlıq edib. Ələkbər
Tağıyevin mahnıları bu sənətkarların
yaradıcılığında xüsusi yer tutub. Bəstəkarın
“Sən gəlməz oldun”, “Arzu qızım”, “Sənə qurban”,
“Sədaqətim var” kimi
mahnıları xarici müğənnilərin
repertuarına daxil olub.
525-ci qəzet.- 2016.- 1 oktyabr.- S.13.