Türkiyənin mədəniyyət və
turizm naziri,
yazıçı Nəbi Avcı ilə görüş
Sentyabrın 27-də Mirzə Fətəli
Axundzadə adına
Milli Kitabxanada Türkiyənin Mədəniyyət
və turizm naziri professor Nəbi Avcı ilə Azərbaycan alimləri və ədiblərinin görüşü planlaşdırılırdı.
Hər tədbirə xüsusi həssaslıqla yanaşan
kitabxana direktoru Kərim müəllimin budəfəki görüşə
də necə diqqətlə
hazırlaşması, həm
də təbii həyəcanı gözümüzdən
yayınmadı. Milli Kitabxananın bu dəyirmi konfrans zalında,
az qala, hər həftə müxtəlif tədbirlər,
görüşlər keçirilir.
İştirak etdiyim məclislərdə
(həmçinin də
öz kitabımın
təqdimatında) müşahidə
etdiyim əsas məsələ Kərim müəllim başda olmaqla kitabxana işçilərinin bu görüşlərə necə
həvəslə, şövqlə
yanaşmaları, məmnuniyyətlə
iştirak etmələridi.
Və elə bu məqamda
kiçik bir haşiyəyə çıxıb
qeyd etmək istəyirəm ki, Milli Kitabxananın kollektivi təkcə tədbirlərin təşkilatında,
yəni göz önündə olan məsələlərdə yox,
hər bir işdə bu cür peşəkarlıq
göstərir. Dissertasiya
üzərində işlədiyim
müddətdə kitabxananın,
az qala,
bütün oxucu zallarından istifadə edən adam kimi bunun dəfələrlə
şahidi olur və hətta tez-tez yaxşı mənada təəccüblənirdim...
Amma bu, ayrıca bir yazının mövzusudu.
Budəfəki görüşün istər Milli Kitabxana, istərsə də tədbirə qatılan alimlər, yazıçılar,
jurnalistlər, oxucular
üçün xüsusi
əhəmiyyəti var. Qardaş
ölkənin Mədəniyyət
naziri ilə söhbətdən gözləntilərlə,
bu görüşün
ölkələrimiz arasındakı
mədəni əlaqələrin
dərinləşməsinə kömək edəcəyinə
ümidlərlə yanaşı,
qonağımızın - professor, doktor Nəbi Avcının həm də bir qələm
adamı olması tədbirə xüsusi rəng, ovqat qatırdı.
Tədbiri Milli Kitabxananın
direktoru Kərim Tahirov açaraq qonağı salamlayır və
giriş sözü üçün, düşüncələrini
iştirakçılarla bölüşmək
üçün sözü
qonağa verir. Uzun illər Təhsil naziri, bu ildən isə
Mədəniyyət və
turizm naziri vəzifəsini tutan və bu yerə
çətinliklə, pillə-pillə
gəlib çatan Nəbi bəy qısa, lakonik çıxışında Türkiyə
Azərbaycan mədəni
əlaqələrində yaranan
fasilənin törətdiyi
fəsadlardan, ədəbiyyatlarımızın
kifayət qədər
təbliğ olunmamasından
danışır: “Azərbaycanın
Türkiyə ilə qardaşlığı mövzu
deyil. Dilimizin, ədəbiyyatımızın
bir olması, eyni olması heç kəs üçün sirr deyil. Lakin tarixin axarında
müəyyən zaman
kəsiyində bağlarımız,
əlaqələrimiz qırıldığına,
ayrı qaldığımıza
görə bəzi problemlər yox deyildir. Təəssüf ki, Azərbaycanda
Türkiyə ədəbiyyatı,
Türkiyədə Azərbaycan
ədəbiyyatı haqq
edildiyi qədər tanınmır, oxunmur.
Bu problemlərin çözülməsi üçün
konkret addımlar atılmaqdadır”.
Azərbaycanda Atatürk Mərkəzinin
direktoru, millət vəkili, AMEA-nın müxbir üzvü Nizami Cəfərov da çıxış edərək nazirin söylədiyi məsələlərin
həlli üçün
təkliflərini verir:
“Ümumtürk ensiklopediyası
hazırlanmalıdır. Ümumtürk tarixi, ədəbiyyatı
kitabları yazılmalı
və türkdilli ölkə məktəblərində
tədris olunmalıdır”
- söyləyir. Əslində elə Nizami müəllimin də söylədiyi kimi bu məsələ dəfələrlə deyilib
və hətta illər öncə bu işə başlanılıb da, sadəcə nəticə
çox da uğurlu olmadığı
üçün davam
etdirilməyib.
Əslində bu cür dəfələrlə
həm türk, həm də azərbaycanlı ziyalıların
irəli sürdüyü
məsələlərin, faydalı
təkliflərin bəziləri
həyata keçirilməyib. Uzun illərdən
bəri Azərbaycanda
Türkiyə Mədəniyyət
Mərkəzinin, Türkiyədə
Azərbaycan Mədəniyyət
Mərkəzinin yaradılması
ideyası gerçəkləşməyib.
Amma bununla belə son illərdə mədəni əlaqələrimizin daha
da genişlənməsi,
birgə ədəbi layihələrin həyata
keçirilməsi də
sevindiricidir. Nazirlə
görüşümüzdə çıxış edərkən
bunların bir qismini sadaladım: “Türkiyənin Avrasiya Yazarlar Birliyinin rəhbəri Yaqub Öməroğlunun, ümumiyyətlə,
bu təşkilatın
türkdilli ölkələr,
həmçinin Azərbaycanla
bağlı işləri,
layihələri son dərəcə
uğurlu nəticələr
verir. Hər il keçirilən Dərgilər Konqresləri,
Türk dünyasında
ilin ədəbiyyat adamı ödülünün
verilməsi, iki ildən bir baş tutan Mahmud Kaşğarlı hekayə
yarışması, Haldun
Taner pyes müsabiqəsi, bütün
bunlar ədəbiyyatlarımızın
inkişafına, ədəbi
əlaqələrin möhkəmlənməsinə
səbəb olur”. Müsabiqələrin cəmiyyətin diqqətini
ədəbiyyata yönləndirməsindən
danışdıqda ötən
müddət ərzində
Azərbaycanda Türkiyə
səfirliyinin Mədəniyyət
müşaviri kimi çalışmış Seyid
Əhməd Arslan bəyin də təşəbbüslərini vurğulamaq
yerinə düşər.
Elə çıxışımda
da Çanaqqala zəfərinin yüz illiyi münasibətiylə
keçirilən yarışmadan
danışıram: “Seyid
Əhməd Arslan bəyin ideyası ilə Çanaqqala mövzusunda hekayə, şeir, esse, məqalə müsabiqəsi
keçirildi, qaliblər
Çanaqqalaya səyahətə
göndərildi. Həmçinin Azərbaycan Yazıçılar
Birliyinin sədri Anar, Mətbuat Şurasının sədri
Əflatun Amaşov,
“525-ci qəzet”in baş
redaktoru Rəşad Məcid və başqa media mənsubları
da Çanaqqalaya səfər etdilər.
Heyətin tərkibində
olan bir adam kimi bu
layihənin son dərəcə əhəmiyyətli
olmasını söyləyə
bilərəm. Qısa müddətdə
az qala bütün
Azərbaycan mətbuatı
bu mövzuda yazılar çap edir, yayımlayırdı”.
Millət
vəkili Qənirə
Paşayeva, yazıçı-publisist
Aqil Abbas, Azərbaycanda Türk kitab evinin açılmasını
təklif edir, qarşılıqlı tərcümə
işinin önəmini
vurğulayırlar. Bu mənada
İLESAM təşkilatı ilə Azərbaycan Yazarlar Birliyi arasında imzalanan qarşılıqlı razılıq,
müqavilə örnək
ola bilər.
Bağlanan müqaviləyə
əsasən hər il iki azərbaycanlı müəllifin
kitabı İLESAMın
təşəbbüsü, dəstəyi ilə türk dilinə çevrilərək Türkiyədə
yayımlanmalı, eyni
zamanda iki türk müəllifin kitabları dilimizə çevrilərək burda,
Azərbaycanda işıq
üzü görməlidir.
Ümumiyyətlə, İLESAMın
rəhbəri Məhmət
Nuri Barmaqsızın Azərbaycanla bağlı
layihələrini çıxışımda
vurğulamaqla yanaşı
bu təcrübələrin
davam etdiriləcəyinə
ümidlərimi də
dilə gətirir, eyni zamanda Türkiyə
Azərbaycan gənc rəssamlarının, bəstəkarlarının,
yazıçılarının birgə qatıla biləcəyi, təcrübə
mübadilələri apara
biləcəyi layihələrin
vacibliyini vurğulayıram.
Nazir Nəbi Avcı kitab mağazaları, birgə layihələr, qarşılıqlı tərcümə
işi, həmçinin
gənc yazarlar, rəssamlar, bəstəkarlar
üçün laboratoriyaların
yaradılması ilə bağlı
ideyalar haqqında müsbət fikirlərini
bildirib, qeydlərini götürdüyünü, bu
söhbətlərin, görüşün
müsbət nəticə
verəcəyini söyləyir.
Bütün deyilən məsələləri
diqqətlə dinləyən,
mövzulara həssaslıqla
yanaşan Nəbi bəyin yaradıcılığından,
əsərlərindən danışınca
isə tamam ayrı, fərqli bir reaksiya görürük.
Məncə, bu, qələm
adamının siyasətdən,
gündəlik işlərdən,
rəsmilikdən yorulmuş
yazıçının ovqatıdı. Doğrusu bu ovqatı,
ədəbiyyat, kitab adamı olmasını
2014-cü ildə Əskişəhərdə
keçirilən Kitab
Fuarının açılış
mərasimində də
müşahidə etmişdim.
O zaman hələ Təhsil naziri olan Nəbi Avcını gənclər,
məktəblilər elə
böyük coşquyla,
sevgiylə qarşılamışdılar
ki, sadəcə heyrət etmişdim. Amma Fuarın açılışından sonra
Nəbi bəy uşaqlara qoşulub sərgini gəzəndə,
Mehmet Niyazinin “Çanaqqala məhşəri”
əsərini şagirdlərə
məsləhət görəndə,
qəzetçilərin ayrı
mövzuda suallarına
“gündəmi kölgələməyək,
fikirləri kitabdan yayındırmayaq” deməsindən
çox şey aydın oldu. Kitab sevdalısı olan bu adamın məktəblilərlə, uşaqlarla
yaxın olması, eyni zamanda onlar
tərəfindən belə
sevilməsi təbiidir.
Həm də axı uzun illərdən
bəri onu narahat edən məsələləri - kütlə
mədəniyyətini, cəmiyyətin
inkişafını, savadlı,
bilikli olmasını əsərlərində, özəlliklə
də “Enformatik cəhalət” əsərində
önə çəkən
müəllifin adamlarla
ayrı cür davranması mümkünsüzdü.
Və mənim istər Nəbi Avcı ilə görüşdən,
istər bioqrafiyasından
oxuyub öyrəndiklərimdən,
eyni zamanda əsərlərindən çıxardığım
nəticə budur ki, bu günki
görəvi uzun illik yolun, mübarizənin
davamıdır.
Çıxışlarımızdan, tədbir iştirakçılarının isti, qonaqpərvər qarşılamasından təsirlənən Nəbi bəy sonda təşəkkürlərini bildirir: “Uzun zamandı ki, özümü yazıçı hiss etməyimi unutmuşdum. Siyasətə, rəsmiyyətə başımız çox qarışır. Sayənizdə bu gün özümü yazıçı hiss etdim. Buna görə təşəkkür edirəm”.
Sonda Kərim müəllim qonağa “Qarabağ xanəndələri” albomunu, “Azərbaycan Milli Kitabxanası. Fotoalbom”u və “Azərbaycan xalçaları. İrəvan qrupu” kitablarını hədiyyə edir. Nəbi Avcı isə Azərbaycan Milli Kitabxanasına nəfis şəkildə çap olunmuş “Fatih divanı və şərhi” kitabını hədiyyə verib: “Sizə arzuladığınız kitabları göndərəcəyik, bu kitab hələlik burda ilk elçimiz olsun” - deyir.
Nəbi Avcı “Enformatik cəhalət” əsərində utopiyalara yetməyin mümkünlüyündən yazır. Yəni insan səbrlə, zamanla, zəhmətlə arzuladığı, xəyal etdiyi məqama, ədalətli cəmiyyətə yetişə, əlçatmaz saydığı nələrisə qazana bilər. Bu gün Azərbaycanın Türkiyə ilə bir olması bu fikrin sübutu ola bilər. Axı illər öncə Türkiyə də Azərbaycan üçün utopiya idi. Elə bunu düşünərək başqa utopiyalarımıza yetişmək, ayrı əlçatmazlıqlara çatmaq arzusu ilə Milli Kitabxanadan ayrılırıq.
PƏRVİN
525-ci qəzet.- 2016.- 1 oktyabr.- S.11.