Kirayə arzular
Hüseyn
Cavid prospekti
1999-cu ilə kimi
böyük Hüseyn
Cavidlə məni yalnız əsərləri
bağlayırdı. Onu qəhrəmanları
Şeyx Sənan, Topal Teymur, Azər
kimi qəbul edib, bəzənsə İblis bilərək intiqam da almaq
istəyirdim. Amma tələbə
adını alıb Bakıya yollananda əfəndinin yaradıcılığının
yox, adını daşıyan prospektin izinə düşməli
oldum. Çünki
oxuyacağım ali təhsil ocağı həmin ərazidə yerləşdiyindən
Hüseyn Cavidə “sığınmaya” bilməzdim.
Sevdiyin ədibin
prospektində yaşamaq
onun əsərlərini
canına hopdurmaq kimidir. Bunu illər sonra
dərk edəndə artıq gec idi. Düzü, bura ilk dəfə ayaq basanda ünvanın
kimin adına
olduğunu bilmirdim. Həmin günü anamla qaranəfəs instituta gedib sənədlərimi təqdim etdik. Sonra küçələrin canına
rahat düşmək
üçün “Elmlər
Akademiyası” metrosunun
yaxınlığında dincimizi
aldıq, mədəmizi
yada saldıq. Bulka yeyə-yeyə gözüm
qəfil anama sataşanda onun günəş şüasından
yanan üzünə,
qəmli gözlərinə
sevinc qonduğunu gördüm. Anama baxıb
özüm də fərəhləndim. Niyə də
yox?! Zarafat deyil, illərlə
arzuladığım fakültəyə
qəbul olmuşdum.
Jurnalistikanın “hərflərini”
bilməsəm də,
artıq özümü
BBC-nin, CNN-nin, nə bilim, 1-ci kanalın müxbiri kimi hiss edirdim. Buna gözlərim, qulaqlarım deyil, ayaqlarım inanırdı.
Elə ona görə də otaq axtarışına
çıxanda inamla addımladım.
İyirmi metr getməmişdik ki, qarşımıza “qızlar üçün
kirayə otaq var” elanı yapışdırılan paslı
darvaza çıxdı. Qapını
ehtiyatla döyüb ev sahibini
gözlədik. Bığı
burma, hündür,
enli kürək kişi qarşımızda
peyda olanda elə bildim o, nağıllardan yol azıb gələn cəlladdır. Cəllad qalın qaşını düyünləyib əvvəlcə
bizi yuxarıdan
aşağı süzdü,
sonrasa dilinin ucunda nəsə mızıldandı. O, bizi
kələ-kötür yolla,
əyri-üyrü pilləkənlə
otağa aparanda mənə bir anlıq elə gəldi ki, edama yollanırıq. Cəllad cibindən bir topa açar çıxarıb, boyası
qaçmış qapını
açanda səfeh fikirlərim evin tozuna qarışdı.
Bizi yarıqaranlıq
otaqda ilk qarşılayan
qoxu oldu. Bu qoxu mənə tanış
gəlsə də onu haradan xatırladığımı
heç cür tapa bilmədim. Anam da imkan vermədi
ki, iyin izinə düşüb yaxın, uzaq keçmişə baş
vurum. O, itmiş
əşyasını axtarırmış
kimi əvvəlcə
künclərə baxdı,
daha sonra çarpayının, masanın
altını üstünə
çevirdi. Təəccübləndim. Elə cəllad da
domba gözlərini anama zillədi. Anam nəzərini künc-bucaqdan çəkib
ona:
- Otaqda siçan var, - dedi.
Cəllad “nırç” edib, başını sağa-sola
yellədi. Onun “ola bilməz”inə anam inanmadı:
- Mən bu heyvanla
uzun illərdir işdə mübarizə
aparıram, hər cəhətinə bələdəm,
- dedi.
Anamın çalışdığı məktəb kitabxanasından
ayrılmağım heç
üç ay deyildi, artıq otağının
qoxusunu, kitablarını
yeyən gəmiriciləri
unutmuşdum. Görünür, xatirəsi olmayan
qoxu tez yaddan çıxır.
Cəlladdan ayrılıb axtarışları
davam edəndə iy burun dəliyimdə
ilişib məni xeyli müddət “məst” etdi.
Şəhərə yeni gələn turistlər kimi dörd tərəfə baxa-baxa həyətləri
ələk-vələk etməyə
başladıq. Bir-birinin qarnında, başında
tikilən otaqlara, rahatxanası hansısa tində yerləşən
evlərə baxanda istədim eynəyimin şüşələrini bir
daha təmizləyəm.
Gözlərimə inana bilmirdim
ki, insanlar quş damından fərqlənməyən evlərdə
necə yaşaya bilər? Suallarım karvan kimi ard-arda düzülsə də, dünyanı başıma uçurtmadım.
Həmişəki kimi özüm-özümə
təsəlli verib sakitləşdim. Düşündüm
ki, axı, mən burda köçəri quşlardan
az fərqlənəcəm...
Görəsən, köçəri quşlar
da kirayə səma axtarırlarmı?..
Alisa, Karlson və mən
Qarşımıza yaşıl rəngə boyanan taxta qapı
çıxanda ümidlərimi
bu həyətə bağladım. Qapını eni-uzunu bilinməyən
qadın açdı.
O, özümüzü təqdim
etmədən bizi qabaqladı. Elə bil “kirayə
otaq axtarırıq” cümləsi alnımıza
yapışmışdı. Qadın əlini xalatının cibinə salanda açarların çıqqıltısı
qulaqlarımızı qıdıqladı.
Qadın
da cəllad kimi bizi təpədən
dırnağa süzəndən
sonra qabağına qatdı. O, taxta pilləkənin yanına çatanda əlindəki
topa açarı anama uzatdı. Çünki pilləkən qadını
qoynuna ala biləcək
gücdə deyildi.
Biz də ehtiyatla yuxarı qalxıb otaqla tanış
olduq. Xırda güllü divar
kağızı saralmış
otaqda dəmir çarpayı, kiçik
yazı masası və şkaf vardı. Divara “hopan” ölgün çiçəklər otağı
payız fəslinə
oxşatdığından hətta
arada canıma bir az üşütmə də
gəldi. Ətrafa göz gəzdirəndə
diqqətimi pəncərənin
önündəki “Oxu
məni” qəzeti çəkdi. Anam otağın
dərmə-deşiyinə, mənsə qəzetə göz atdım. “Qıza dönmüş
oğlanlar” sərlövhəsini
oxuyanda heç nə anlamadım. Anamın sualı məni “igidlərdən” ayırdı:
- Hə, nə deyirsən? Burda qala bilərsən?
- Görəsən, kravatda neçə min tələbə
yatıb? - çarpayının
paslanan dəmirini, skoçla bağlanan ayağını görəndə
özümü min birinci
xırdavat kimi hiss etdim.
- İki milyon. Mən hardan
bilim? Lap rahatdır,
- anam çarpayıda
oturub onu sınaqdan keçirdi.
Hər gün önümə açıla biləcək mənzərəni görmək üçün pərdəni kənara çəkdim. Şap-şaplar, süpürgə, qır vedrəsi, şvabra, daş qıran çəkic və bir də lom yan-yana düzülmüşdü. Məktəbli oğlan yerdə oturub vintaçanla vilosipedinin təkərini qurdalayırdı. Başımı yuxarı qaldırıb otağın tavanına baxdım. Otaq elə hisli idi sanki illərdir gecələrini şamla işıqlandırıb. Düşündüm ki, bəlkə burda gecələr şam işığında şeir yaxud roman yazan ədib yaşayıb? Nədənsə, fikrimə inanmadım. Axı, ilham pərisi daha şam işığına gəlmir. Sonra ağlıma gəldi ki, bəlkə otaq romantik gecələrin sevimli məkanı olub? Bu fikrimi də yola saldım. Həyətdə çəkic, lom olsa da, əmin idim ki, sevgisindən Bisütun dağını yaran Fərhadın daşından heç toz da yox idi. Otaq elə his basmış dam idi, vəssalam! Amma bu, otaqda qalmaq istəyimi əsla əlimdən almadı. Düşündüm ki, mənim damda yaşayan Karlsondan nəyim əskikdi?!
Razılaşdım. Elə anamın da könlü otağa qonduğundan sahibədən hamamın, rahatxananın harada yerləşdiyini soruşdu. Qadın dilinin kilidini, qaşlarının düyününü açıb bizi həyətin başına apardı. O, əlinin ucu ilə boz taxta qapını itələyib bizi rahatxana aləminə götürdü. Deyim ki, o eyni zamanda vanna otağı funksiyasını yerinə yetirirdi. Burada gözümə ilk olaraq trap sataşdı. Əgər Allah eləməmiş ayağım sabuna ilişib sürüşəsi olsaydı, Alisa kimi “möcüzələr adasına” düşmək şansım vardı. Kanalizasiyanın iyi beynimə hakim olanda özümü bayıra atdım. Anam çevrilib mənə baxanda burnunun yerində dinc dayanmadığını gördüm. O, havanın tezliklə qaralacağını bəhanə edib məni cücə kimi qabağına qatdı...
Görəsən, kanalizasiyadan xatirə yazan varmı?..
“Dalan” sözünün sorağında
Maklersiz babat otaq tapmaq samanlıqda iynə axtarmaq kimi idi. Ona görə də axtarışın səhəri günü vaxt itirməmək üçün darvazaları, qapıları döyəndən sonra daha kiminsə qarşılayacağını gözləmirdik. İçəri keçib ümumi həyətin labirint yolları ilə dərinliyə kimi baş vururduq. Beş-altı cəhddən sonra növbəti rəngi getmiş taxta qapını döydük. Əlində dəmir aftafa tutan yaşlı qadın bizə yaxınlaşdı. O, gözlərini qıyıb elə baxdı, sanki bizə yarım deyil, yüz metr məsafədən seyr edirdi. Gözünə güclə görünsək də, bizi dinləmədən “otaq yoxdur” dedi. Mən təəssüf hissimi ərşə qaldırında qadını elə bil cərəyan vurdu, əlindəki dəmir aftafanı yerə saldı. Əyilib onu götürdüm. Uşaqlıqda olduğu kimi bu dəfə də gücüm dəmir sutökənə çatmadı. Qarı aftafanı diplomat kimi əlində tutub:
- Bax, o gördüyünüz qapının yanındakı dalanda üçüncü qapıya yaxınlaşın. Boş otaq olmalıdır, - dedi.
Anam qadına təşəkkür edəndə beynimdə “dalan” sözünün mənasını axtarmağa başladım. Oxuduğum kitablarda bu ifadəyə rast gəlməmişdim. Deyəsən, anam da dalanın leksik mənasını anlamadı. Axı, haradan biləydik? Yaşadığımız şəhərdə belə bir coğrafi termin yoxdur.
Qadının söylədiyi üçüncü qapıdakı otaq bir gün öncə kirayə verildiyindən prospektdəki mağazalardan birinə getdik. Dükanda sərgilənən eksponatlara baxanda anam satıcıya:
- Buralarda xudmani, münasib qiymətə otaq verən yoxdur?- soruşdu.
Satıcı qız elə bil sualı çoxdan gözləyirdi:
- Bilirəm. Elə mağazanın yanında. 43 ünvanında... Keçin içəri, düz axıra kimi gedin, sol tərəfdəki qapı... Çox sakit, tərbiyəli ailədi.
Bunu eşidəndə özümü darvazaya, sevincimi isə göyün yeddinci qatına göndərdim.
Görəcən, göy
üzündən yerin kədəri necə
görünür?..
Ülviyyə HEYDƏROVA
525-ci qəzet.- 2016.- 1 oktyabr.- S.9.