Soyuq, amma etibarlı dost
Həyatda hər şey axır, hər şey dəyişir. Sonun
tamamında başlanğıc gəlir. Nə
varsa diferensial qaydada bir-birini tamamlayır və əvəz
edir. Xeyir Şərdən törəyir,
ağıl şüursuzluqdan, qəhrəmanlıq qorxudan, əxlaq
əxlaqsızlıqdan, kamillik nadanlıqdan. Bunlar bir-biri üçün güzgüdür.
Bəşəriyyətin
ən saf məhək daşı, əxlaq və mənəviyyat
cövhəri,
hikmət saxlancı isə kitablar, kitabələr,
qədim əlyazma və salnamələrdir... Həyatda,
qeyd etdiyimiz dəyişən və dəyişməyən dəyərlərin
ən böyük toplumu da bu yazılı abidələrdir.
Eləcə, cəsarətlə deyə bilərik
ki, özündə dünyanın bütün elmi, mənəvi-əxlaqi
kəşflərini yaşadan kitabın özü bəşəriyyətin
ən böyük kəşfidir. Kitaba, təsadüfən,
sirrlər xəzinəsi demirlər. Hər
şeyin ilki və sonu kitabdır. Nəsillərin
fantastik-təhtəlşüur, bioloji-genetik və varislik ənənələrindən tutmuş, rasional-irrasional
elmi-praktik bilikləri, vərdişləri, mənəvi-əxlaqi
dəyərlərinədək hər şey kitabla
ötürülür. Kitab siqnaldır, kosmik əlaqədən
tutmuş yerüstü, yeraltı informasiyaların
ötürücüsüdür. Ən nəhayət,
Tanrı ilə insanın ən sıx, munis və etibarlı
ünsiyyət vasitəsidir.
İdealist filosoflar güman edirdilər ki, tale
bütün dünya üzərində kor, şüursuz
qüvvə şəklində süzür. İlahiyyatçılar
isə bunu da əlavə edirdilər ki, bu, hər kəsin gələcəyindən
xəbərdar olan bir xarici qüvvədir və insanı
müəyyən cığırla öz finalına
aparır. Bu yöndə insan aciz və çarəsizdir. Zaman-zaman cahanşümul tarixi
möcüzələrə imza atmış insan, yəni bu qədər
aciz və çarəsiz ola bilərmi? Plutarx
Makedoniyalı İskəndər haqqında demişdi ki, əgər
hakimiyyətin İskəndərə taleyin hədiyyəsi
kimi çatdığını hesab etsək, düzgün
olmaz. Doğrudan da, qüdrətli insanlar
özünütəkmilləşdirmə,
özünüformalaşdırma, özünükamilləşdirmələrlə
öz talelərinin fövqünə qalxa bilirlərsə,
taleyin kor axınını belə, müəyyən məcraya
yönəldirlərsə, belələrinin bəşəri
uğurlarında asan hədiyyə və ucuz ərməğan
axtarmağa dəyərmi?.. Əgər
hakimiyyət, qüdrət və kamil insani sifətlər
İskəndərə taleyin hədiyyəsi kimi verilmişdisə,
onun şəxsi keyfiyyətləri, mərdlikləri,
döyüş və mübarizə ruhu harda qalmış
olsun? Onun ünlü yunan filosoflarından
aldığı dərsi, oxuduğu kitabları hansı hesaba
yazaq?.. İskəndər
qısa ömründə fantastik və qeyri-adi həvəs və
şövqlə bütün biliklərə - fəlsəfə,
nücum, hüquq, tarix elmlərinə yiyələnmiş və
başqa dəyərləri incəliklərinədək əxz
etmişdir. O, döyüşdə, qısa fasilələr
zamanı da kitabdan
ayrılmır, onu əlindən yerə
qoymurmuş. Çünki o, bütün dəyərləri
bu kitablarda tapmışdı.
Yenə kitab, yenə oxumaq və mütaliə. Çünki çıxış
yolları, nicat və xilas kitabların səhifələri
arasındadır. Bəşəriyyət
zaman-zaman öz elmi, mənəvi, əxlaqi təcrübələrini
və biliklərini bir-birinə kitablar vasitəsilə
ötürmüş və bölüşmüşlər.
Belə olmasaydı, bir bölgənin, etnosun,
yaxud müəyyən bir dini görüşlər toplumunun əqidəsini
əks etdirən kitablar məhəlli çərçivədən
çıxıb, bütün xalqların sərvətinə
çevrilməzdi. Məgər
vaxtilə lokal bir dünyanın konkret tarixini əks etdirən
Homerin “Odisseya”sı və “İliada”sı sonralar bütün
xalqların mübarizə simvolu kimi tarixdə
qalmamışdımı?.. Yaxud bir etnosun
arzularının, yaşam tərzinin, mübarizə və
mücadilə təcrübəsinin təntənəsini
yaşadan “Dədə Qorqud”, “Manas” dastanı, yaxud almanların igid Ziqfrid
haqqında yarıməfsanəvi qəhrəmanlıq eposu
sonradan bütün bəşəriyyətin ümumi mənəvi
əmlakına çevrilmədimi?.. Başqa bir misal: konkret
bir dini hərəkatın ideoloji, əxlaqi və ruhi toplumu
olan “Avesta”, “Tövrat”, “İncil”, “Qurani-Kərim” zaman-zaman bəşəri
bir mahiyyət kəsb edib hamının mənəvi-ruhi
istinad nöqtəsi olmadımı?.. Bəli, bütün bunlar kitab möcüzəsidir.
Dünyanın inkişafı
kitabdan keçir, insanın kamilliyi isə mütaliədən.
Görünür, həyatda heç nə təsadüfən
baş vermir.
Həyatın axarından və daxili nüvəsindən
qaynaqlanan motivitasiya, görünür, bir ölçü də
ola bilər. Hər şeyin motivi,
qaynağı, yaranma səbəbi olduğu kimi, yekunu və nəticəsi
də var. Nəsə nəyisə doğurur, görürsən,
hansısa bir adi duyğu coşğun bir yüksəlişin
başlanğıc nöqtəsinə çevrilir,
aşırı bir fikir, düşüncə dərin bir elmi
araşdırmanın təməl prinsipini təşkil edir. Nəyəsə həvəs, təşviq, stimul da
beləcə formalaşır.
Və fikirdən fikir doğur, arzudan arzu, hərəkətdən
hərəkət...
Mən kitabı, mütaliəni sevir və yorulmadan,
usanmadan oxuyuram. Düşünürəm ki, bundan
böyük həzz mənbəyi yoxdur. Kitab
oxuduqca, mütaliə etdikcə, dünyaya, həyata daha
çox bağlanıram, insanları daha çox sevirəm. Belədə,
yaşamaq gözəl və dadlı olur. Bundan gözəl
hiss, bundan zərif
duyğu?.. Bəlkə sözlərimdə pafos da yetərincədir...
Sevdiyin şey haqqında, məgər, pafossuz danışmaq
mümkündürmü?.. Məhəbbət,
sevgi özü elə pafos deyilmi?.. Üstəlik, mən həqiqətdən
danışıram. Pafosa bürünsə
də həqiqətdir. (Əslində hər
bir həqiqətin bürüncəyi, başqa sözlə,
mantiyası olmalıdır. Baxmayaraq ki,
çox vaxt həqiqət sözünə bir
“çılpaq” epiteti qoşurlar). İbrahim Nəbioğlu
da Ayna.az saytında bunlardan yazıb: mənim mütaliə
tərzimdən, mütaliə vərdişimdən və oxucu mədəniyyətimdən.
Əslində, mənim oxucularla həmsöhbət
olduğum bu yazının bir səbəbkarı da İbrahim
Nəbioğludur, desəm, bu dəfə pafossuz alınar.
Adətən, nəticəni səbəb
doğurur. Bu dəfə isə başqa
cür oldu. Bütün klassik fəlsəfi
qanunlara rəğmən, bu dəfə səbəb nəticədən
qaynaqlandı. İbrahim, ola bilsin ki,
mənim mütaliə tərzimə bir az rəng qatıb,
boyalı təqdim edib. Hər halda, diqqətinə görə
ona minnətdaram!...
Mən mütaliəni sevirəm. Göründüyü
kimi heç nəyə iddialı deyiləm. Ağlım kəsəndən kitab oxumuşam,
ehtirasla, xüsusi bir şövq və həvəslə.
Nə gözəl ki, kitaba olan sevgim, mütaliəyə
həvəsim bu gün də öz təbii axarındadır.
Demək artıqdır ki, mənim də
özümə görə kitabxanam var. Elə kitablar var ki,
ondan bir neçə nüsxədir və zövqünə,
savadına, istedadına inandığım dostlarıma hədiyyə
edirəm. Bu da mənim bir növ, kitab qarşısında
missiyamdır. Nə bilim, bunu mənəvi, həm
də əxlaqi bir borc hesab edirəm.
Kitabı uşaqlıqdan sevmişəm. Müəllim
ailəsində dünyaya göz açmışam. Anam müəllimə olub, ziyalı bir mühitdə
böyümüşəm. Atam gecə-gündüz
yazır, yazır, hey yazırdı. Təbii ki, o vaxtlar mən
onun yazdıqlarını oxuya bilməzdim. Amma
anam, mənim gözəl, qayğıkeş anam daim nəzərlərini
mənim üstümdən əskik etmirdi. Oxumaq, yazmaq öyrədirdi, şeir əzbərlətdirirdi,
məni mütaliəyə həvəsləndirirdi.
Qeyd etdiyim kimi kitaba, mütaliəyə həvəs
anamdan gəlib. A.Linkoln nə gözəl deyib: “...oxuduğum ən qiymətli
kitab anamdır.” Naxçıvandakı evimizin
yaxınlığında Mərkəzi kitabxana yerləşirdi.
Günümün çoxu orda keçirdi, desəm
yanılmaram. Cefersonun fikridir: “Kitab olmayan ev
ölüdür”. Bu yerdə oxuduğum bir əhvalat
yadıma düşdü. Məşhur bir türk
yazıçısı uzun müddət Fransada, Parisdə
birotaqlı, darısqal mənzildə yaşamaq məcburiyyətində
qalır. Kitablarla işləyən bu adamın
otağı başdan-başa kitablarla dolu olur. Yatanda da kitabların arasında yatır. Təsəvvür edin, insan kitablarla yatıb-durur,
kitablarla nəfəs alır. Gecələr
yatanda kitablarla xudahafizləşir, səhərlər duranda
ilk gördüyü və salamladığı kitablar olur.
İstər-istəməz baxışlarıyla kitabları oxşayır, əllərini
sürtərək nəvazişlə onlara toxunur. Nə qədər
isti, doğma, munis bir aura... Sonralar mənzili dəyişməli
olur, daha geniş, üçotaqlıya keçir. Və qəribə bir hadisə baş verir. Gecələr yata bilmir, yuxusu sanki, ərşə
çəkilir. Həkimlərin yanında
olur, psixoloqlarla söhbət edir. Nəhayət,
psixoloqlardan biri ondan həyat şəraiti, yaşam tərzi,
məişəti, vərdişləri barədə
soruşur, həyatındakı dəyişikliklərdən
söz açır. Məlum olur ki,
yazıçı bu yaxınlarda mənzilini dəyişib,
yeni evə köçüb. Demə
açar, sirr bundaymış. Həkim
ondan köhnə mənzili barədə soruşur, onu təsvir
etməyi, oradakı şərait, əşyalar, onların
düzümü ilə maraqlanır. Hər
şeyi öyrənəndən sonra deyir ki, kitabları yataq
otağına qaytar, yatacaqsan. Belə də
olur. Borxes cənnəti böyük bir
kitabxana kimi təsəvvür etdiyini yazır. Bu, elə,
o deyilmi?..
Mən kitaba canlı kimi baxıram, onu məhəbbətlə sevə-sevə oxuyuram. İnsan sevgisinə xəyanət edə bilərmi?.. Kitab oxumadığım gün yoxdur. Norma qoymamışam. Bəzən bu, saatlarla çəkir. Özü də, paralel olaraq bir neçə kitabı eyni vaxtda oxuyuram. Görünür, bu da ovqat məsələsidr. İnsan ruhi təbaddülatlarla bağlı fərqli vəziyyətlərə düşür, qəlbin, ürəyin arzusu, tələbi dəyişir. Onda bax, hər kitab insan üçün həmsöhbətə çevrilir, qəlbin məlhəmi olur. Bəs etibarlı dost necə olur?.. Oxuduğum kitablar yataq otağımda mənim yanımda olur. Mən onlarla nəfəs alıram. Bilmirəm yaxşıdı, pisdi, belə qəbul edirəm. Bu, təkcə həyat tərzim deyil, həm də yaşam kredosudur!
Kitabları oxumuram, onlarla danışıram. Bu gün qazandıqlarımın hamısı oxuduğum kitabların, mütaliənin, bir də anamın verdiyi tərbiyənin nəticəsidir. Mütaliə eyni zamanda dilimizin gözəlliyini, ecazkar zənginliyini bizə öyrədir. Kitaba sevgim sonsuzdur. Bəlkə bu, atamın yazıçı olmağından, anamın məndə ədəbiyyata sonsuz maraq oyatmasından qaynaqlanır?.. Nəticə budur ki, mən kitabla birlikdəyəm, kitabla boy-boyayam. Kitab elə dostdur ki, heç vaxt səni aldatmır, sənə xəyanət etmir, yarı yolda qoymur. Kitab təmənnasız dostdur. Mənə heç vaxt xəyanət etməyən, məndən üz döndərməyən, sevgisini, məhəbbətini, mərhəmətini, sədaqət və etibarını əsirgəməyən bir dosta necə laqeyd ola bilərəm?.. Məsələ bizim kitaba olan məhəbbətimizlə bitmir. Bu, qarşılıqlıdır. Axı, kitablar da bizi sevir, biz onların munis ağuşunda və aurasında özümüzü təhlükəsiz və xoşbəxt hiss edirik. Kitab bizə həm də düz yol göstərir, sevməyi öyrədir. Deyək ki, “Qurani-Kərim” bizə nə öyrədir, nəyi təlqin edir?.. Ananı sev, atanı sev, torpağını, Vətənini sev, el-obanı sev!.. Biz başa düşməliyik ki, hər şey burdan başlayır: oxumaq, oxumaq, yenə də oxumaq. Sokrat deyir ki, oxumadıqlarımı ayağımın altına yığsaydılar, başım asimana dəyərdi. Lunaçarski isə deyirdi ki, savadlı adam mütaliə etmirsə, təkrar savadsızlığa məhkumdur. Kitab sevgidən başqa, həm də öz eyiblərimizi özümüzə göstərməklə bizi tərbiyə edir. Təsadüfi deyil ki, fransız yazıçısı, Rey Bredberi “Kitablar bizə həyat çöhrəsindəki çapıqları göstərir”, - yazırdı. Digər bir fransız yazıçısı isə “Kitablar az olduqca, axmaqlar çoxalır”- deyə həyəcan təbili çalır. Bəli, dünyamızın nadanlardan və nadanlıqdan qorumağın yeganə bir yolu mütaliədir, oxumaq, oxumaq və oxumaqdır!...
Mən yenə İbrahimə qayıdıram. O, mənim mütaliəmdən söz açır, lakin Hölderleni bizə tanıdan Stefan Sveyqi qeyd etmir. Sveyq mənim üçün dünya korifeyləri arasında, ən ön sıradadır. Şübhəsiz, L.Tolstoy, Dostoyevski, Hüqo, Borxes və sair başqa dünya klassikləri də mənim müntəzəm mütaliə etdiyim korifeylərdir. Amma Sveyq bir başqa aləmdir. Sveyqin psixologizmi və haqqında söhbət açdığı insana məhəbbəti, bir ayrı dünyadır. O, Balzak haqda da avtobioqrafik roman yazıb, həm də özünəməxsus dahiliklə yazıb. Həssas oxucu onun Balzak üzərindəki himayəsini duyur. Sveyq Balzakın şəxsiyyətindəki çatışmazlıqları, bir yazıçı kimi öz böyüklüyü fonunda insani qüsurlarını gizlətməyə çalışır. S.Sveyq, bu bəraətində bəlkə də haqlıdır. Bu da Balzaka olan sevginin böyüklüyündəndir.
S.Sveyqin Hölderlin haqqında qeyri-adi bir povesti var. Mən
onu dilimizə çevirtdirib çap elətdirmək istəyindəyəm. Bu məqsədlə
bir şair və bir alim dostuma ağız açdım.
Yəqin ki, bir xəbər çıxar?!
Mən belə düşünürəm ki, biz dünya
çapında, yalnız ədəbiyyatımızla
mücadilə edə bilərik. Nizami, Füzuli, Sabir, Cəlil Məmmədquluzadə,
Hüseyn Cavid... Bunların hər biri bir məktəb,
bir ədəbi mərhələdir. Klassiklərimizi
oxumağı çox sevirəm. Nizami isə
tamam başqa dünyadır. Nizami haqqında
saysız-hesabsız tədqiqat əsərləri var... Amma onlar Nizami dühasının hələ də zərrələrinə,
belə, gəlib çatmayıblar. Bertels
deyir ki, Nizamini müqayisə eləmək lazım gəlsəydi,
onu yalnız özü ilə müqayisə etmək
olardı. Bu tədqiqatlar içərisində
M.Ə.Rəsulzadənin “Azərbaycan şairi Nizami”
monoqrafiyası çox dəyərli bir nümunədir.
Yüz il sonra sorsan ki, o hardadır
Hər
beyiti söyləyər, burda - burdadır!
Bax, Nizami budur.
Müasirlərimizi də məmnuniyyətlə
mütaliə edirəm. Həm də onların əksəriyyətiylə
tanışam, şəxsi münasibətlərim,
dostluğum var. Ruhları şad olsun, Məmməd Araz, Bəxtiyar
Vahabzadə, Nüsrət Kəsəmənli, Şahmar Əkbərzadə
ilə dostluğumuz olub. Ramiz Rövşənlə, Rüstəm
Behrudi ilə
dostluğumuz bu gün də davam edir.
Atamı da müntəzəm mütaliə edirəm. Hələ əlyazma
halında belə,
onun əsərlərini oxuyuram. Təbii, hər bir
yazıçı
özünü yazır, əsərlərində
öz şəxsiyyətini ortaya qoyur. Əslində
də yazıçılıq özünüetirafdır.
Atamın qəhrəmanları özünə bənzəyir
- mərd, qürurlu, dönməz, prinsipial... Əli
İldırımoğlunun həyat hadisələrinə
münasibətində də bir özgürlük var. O, sovet
dövründə yazdığı əsərlərində
belə, zamanın eybəcərliklərini cəsarətlə,
özü də yüksək bədii məziyyətlərlə
qələmə alıb. Bu, məni
sevindirir. Bunun üçün təkcə
“Zorən jurnalist” romanını oxumaq kifayətdir.
Qədim yunan filosofları, sufilər, orta əsr
ortodoksal ideya daşıyıcıları, intibah
dövrünün fikir mücahidlərindən tutmuş,
müasir dövrümüzün mütəfəkkirlərinədək
hər kəs kitaba borcludur. Həyat kitabla
başlayır, kitabla bitir. Mütaliə və
oxumaq insan mənəviyyatının cövhəri, onun əxlaqi
lokomotivi, daxili inkişafın enerji mənbəyi, başqa
sözlə, daim özü-özünü zənginləşdirən
və hərəkətə gətirən nüvəsidir.
İnsanlara mesajım təkcə kitab oxumaq deyil. Kitab oxuyan, mütaliə eləyən, kitabı sevən adam getdikcə kamilləşir. Kitabı sevən həyatı sevər və ömrünü mənasız yaşamaz. Kitab bizim ömür kompasımız, yolgöstərənimiz, bələdçimizdir. Kitab yolu haqq yoludur. Kitab əxlaq, mənəviyyat düsturudur. Bir halda ki, adi ibtidai düşüncə tərzindən tutmuş, ilahi hikmətlərə qədər hər şey kitablarda cəm olub, demək, ona əxlaq kodeksimiz, mənəviyyat düsturumuz deyə bilərik. Deyəsən, Dostoyevski deyir ki, oxuyun, amma yaxşı kitablar oxuyun. “Yaxşı kitab ata kimi sənə doğru yol göstərər”. Bunu da Bəxtiyar Vahabzadə deyib.
Mütaliə həm də həssas bir yazıçı - oxucu münasibəti yaradır, onları qırılmaz tellərlə bir-birinə bağlayır. Biz kitaba dost dedik. Əslində, o dost elə yazıçıların özüdür. Yazıçılıq səmimiyyətdir, ilahi qüdrət və ruhun xüsusi təcallasıdır. Bu məqamda akademik Kamal Abdulla ilə razılaşmamaq olmaz. O, deyir: “Yazıçı olmurlar, yazıçılığı yaşayırlar”. Yaxşı sözdür. Bunu isə hər adam bacarmır. Yaxşı oxucu özü də potensial yazıçıdır. Mütaliə həvəskarı kitab sevdalısı nə vaxtsa əlinə qələm də ala bilər, hiss və duyğularını bölüşmək üçün. Mən də lazım gələndə hiss və duyğularımı dostlarla, tanışlarla, doğmalarla, bir də elə hamıyla bölüşmək üçün yazıram.
30.09.2016
Yusif
İLDIRIMZADƏ
525-ci qəzet.- 2016.- 1 oktyabr.- S.8-9