V Bakı Beynəlxalq Humanitar Forumu
dünyanın diqqətində
EMİL HÜSEYNLİ: “PREZİDENT İLHAM ƏLİYEV FORUMUN AÇILIŞ MƏRASİMİNDƏ BEYNƏLXALQ İCTİMAİYYƏTƏ CİDDİ MESAJLAR VERİB”
Xəbər verdiyimiz kimi, sentyabrın 29-da Heydər
Əliyev Mərkəzində V Bakı Beynəlxalq Humanitar
Forumu işə başlayıb.
Bununla
Bakı beşinci dəfə Beynəlxalq Humanitar Foruma ev sahibliyi edir. Bu Forum bəşəriyyətdə
maraq doğuran qlobal xarakterli məsələlərə dair
geniş spektrli dialoqlar, fikir mübadilələri və
müzakirələr aparmaq məqsədilə hər il
tanınmış dövlət xadimlərini, elmin müxtəlif
sahələri üzrə Nobel mükafatı
laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların
rəhbərlərini, o cümlədən, dünyanın
siyasi, elmi və mədəni elitasının görkəmli
nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir.
“Multikulturalizmin
müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə
doğru”, “İnsanların kütləvi yerdəyişməsi
şəraitində insan kapitalının qorunmasının
önəmi davamlı inkişafın əsası kimi”,
“Jurnalistikanın informasiya dövrünə transformasiyası
və onun sivilizasiyalararası dialoqun təmin edilməsində
rolu”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Molekulyar
biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində
kadr hazırlığı məsələləri: innovativ və
etik problemlər” budəfəki Forumun müzakirə
mövzularıdır. Bundan əlavə, “Texnologiyaların
konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin
əsas çağırışları” mövzusu da ekspertlər
tərəfindən müzakirəyə cəlb edilib.
Mötəbər
tədbirin rəsmi açılış mərasimində
iştirak edən prezident İlham Əliyev Forumun əhəmiyyəti
barədə danışaraq qeyd edib ki, builki tədbirdə
80-ə yaxın ölkədən 400-dən çox nümayəndə
iştirak edir: “Bu, özlüyündə bir göstəricidir.
Forum son illər ərzində beynəlxalq aləmdə
böyük hörmət qazanıb. Bu
Forumun beynəlxalq mötəbər tədbirlər
arasında xüsusi yeri var. Azərbaycan beynəlxalq humanitar əməkdaşlığa
həmişə çox böyük diqqət verib. Biz hesab edirik ki, dünyada müsbət meyllər
güclənməlidir. Beynəlxalq əməkdaşlıq
ölkələrarası əlaqələrin inkişafı
üçün xüsusi rol oynayır. Son
illər ərzində biz bu məqsədlə ölkəmizdə
bir çox beynəlxalq tədbirlər keçirmişik.
Onların arasında əlbəttə ki,
Bakı Beynəlxalq Humanitar Forumu xüsusi yer tutur”.
Bundan
başqa prezident Azərbaycanın keçən əsrin son
onilliyində üzləşdiyi problemlər - Ermənistan tərəfindən
torpaqlarımızın 20 faizinin işğal olunması, azərbaycanlıların
zorla öz doğma yurdlarında didərgin salınması
haqda iştirakçılara məlumat verərək, bununla
bağlı nüfuzlu beynəlxalq təşkilatların qəbul
etdiyi qərar və qətnamələrin icra
olunmamasını ikili standartlar siyasəti ilə əlaqələndirib:
“Bütün beynəlxalq təşkilatlar bizim mövqeyimizi
birmənalı şəkildə dəstəkləyir.
Xüsusilə dünyanın birinci və ən ali beynəlxalq qurumu olan BMT, onun Baş Məclisi
dəfələrlə qətnamələr qəbul edib. BMT Təhlükəsizlik Şurası dörd qətnamə
qəbul edib ki, orada erməni silahlı qüvvələrinin
işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal
çıxarılması nəzərdə tutulur. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə
məhəl qoymur və bu qətnamələrin icra edilməsi
mexanizmi yoxdur. Bu da böyük ədalətsizlikdir.
Biz bunu ikili standartlar siyasəti kimi qəbul
edirik. Çünki bəzi hallarda BMT Təhlükəsizlik
Şurasının qətnamələri, - yaxın tarix bunu
göstərir, - günlər ərzində, bəlkə də
saatlar ərzində icra edilir və təcavüzkar cəzalandırılır.
Bizə gəldikdə, bu qətnamələrin
qəbul edilməsindən 20 ildən çox vaxt keçib və
onlar icra edilmir. Bu qətnamələri qəbul
edənlər onların icrasını tələb etmirlər”.
Ölkə
başçısı vurğulayıb ki, bu problemə
baxmayaraq, ölkəmiz inamla inkişaf edir: “Biz güclənirik.
Biz fəxr edirik ki, 25 il müstəqil
dövlət kimi yaşayırıq, öz hesabımıza
yaşayırıq, heç kimə borclu deyilik, heç kimdən
asılı deyilik, müstəqilliyi hər şeydən
üstün tuturuq, xalqımız azaddır, taleyimiz öz əlimizdədir.
Gözəl ölkə qurmuşuq və bundan
da gözəl olacaq”.
Bakıda
keçirilən mötəbər tədbirlə bağlı
fikirlərini bildirən “Düşüncə” İctimai
Birliyinin sədri, siyasi ekspert
Emil Hüseynli hesab edir ki, Beşinci Bakı Beynəlxalq
Humanitar Forumuna olan diqqət, dünyanın nüfuzlu
ictimai-siyasi xadimlərin iştirakı bir daha onu göstərir
ki, Azərbaycan düşünülmüş, uzaqgörən,
proqmatik siyasət yürüdür: “Dünyanı balaca
ölkədə yığmaq, “düşünən beyin”lərlə
bəşəriyyətdə maraq doğuran qlobal məsələləri
müzakirə etmək Azərbaycanın nüfuzunun göstəricisidir.
Hər il tanınmış dövlət
xadimlərini, Nobel mükafatı laureatlarını,
nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini,
o cümlədən, dünyanın siyasi, elmi və mədəni
elitasını bir araya toplamaq heç də
düşünüldüyü qədər asan məsələ
deyil. Bu cür təbəqəni bir araya toplaya
bilmək üçün dünyada nümunəvi, cəsarətli
mövqe tutmaq, böyük nüfuz sahibi olmaq zəruridir”.
Ekspert
qeyd edib ki, Forumda 80-ə yaxın ölkədən 400-dən
çox nümayəndənin iştirakının özü
ciddi göstəricidir, Azərbaycanın etibarlı tərəfdaşa
çevrildiyinin bariz nümunəsidir: “Bakı dünyaya
siyasi mədəniyyət ixrac edən şəhərə
çevrilib. Azərbaycan mental dəyərləri
qorumaqla, həm də dünyəvi proseslərdə
yaxından iştirak etməkdə maraqlı olduğunu bəyan
edir. Bu cür Forumlardan həm Azərbaycan,
həm də dünya birliyi qazanır”.
Bu gün dünyada yeni münaqişə
ocaqlarının yarandığını deyən
E.Hüseynli belə bir şəraitdə insan
kapitalını qorumağın olduqca çətin
olduğunu, nəticə etibarilə sosial
partlayışların baş verdiyini bildirib. Onun sözlərinə
görə, dünya ölkələri çox yaxşı
anlayırlar ki, bu cür problemlərin geniş vüsət
alması hər kəsə təsir edəcək: “Necə ki,
biz iqtisadi böhranın, Yaxın Şərqdə baş verən
olayların dünya ölkələrinin münasibətlərinə
necə təsir etdiyinin şahidi oluruq. Bu
baxımdan bu cür forumların keçirilməsi olduqca
önəmlidir”.
QHT sədri
söyləyib ki, Azərbaycan üçün daha əhəmiyyətlisi
ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
həqiqətləri Forum vasitəsilə dünya elitasına
çatdırmaqdır: “Forum Azərbaycana əlavə bir
tribuna verir ki, Ermənistanın işğalçılıq
siyasətini müzakirəyə çıxara bilsin. Məhz bu mənada, Azərbaycan Prezidenti İlham
Əliyevin çıxışındakı istiqamətlərdən
biri Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı olub. Forumun panel iclaslarında
Dağlıq Qarabağa dair çağırışlar
edilib, Ermənistanın işğalçılıq siyasəti
pislənilib. Azərbaycan, həmçinin forum vasitəsilə
bəyan dib ki, dilindən, dinindən, etnik mənsubiyyətindən
asılı olmayaraq insan hüquq və
azadlıqlarının təminatı, o cümlədən,
ölkədə sabitlik, əmin-amanlıq və vətəndaş
həmrəyliyi Azərbaycanda həyata keçirilən
dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Bunun üçün ölkəmizdə
siyasi-hüquqi şərait yaradılıb”.
E.Hüseynli
bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev forumun
açılış mərasimindəki
çıxışında ciddi mesajlar verib: “Ölkə
başçısı tərəfindən Azərbaycanın
çoxkonfessiyalı, çoxmillətli ölkə
olması, bütün dinlərin, xalqların nümayəndələri
bir ailə kimi yaşaması mesajı verilib. Xoşagəlməz
meyllərin üstünlük təşkil edilməsinin
qarşısının alınması üçün
dünyanın mütərəqqi nümayəndələrinin
səylərini daha da sıx birləşdirilməsinin
vacibliyi vurğulanıb. Azərbaycanın
xarici siyasət uğurlarından tutmuş, sosial layihələrin
həyata keçirilməsinə qədər görülən
işlərin nəticələri barədə qonaqlar məlumatlandırılıb.
Dövlət başçısının
çıxışından gəldiyimiz qənaət o olub
ki, Azərbaycan olduqca qısa zamanda, 25 il ərzində
özünü etibarlı tərəfdaş, müstəqil
xarici siyasətə malik, regional inkişafa, təhlükəsizliyə,
sabitliyə və multikulturalizmə töhfə verən
ölkə kimi təqdim edə bilib. Lakin Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzü dominant
amil olub. Həmin təcavüz ölkəmizin
beynəlxalq səviyyədə tanınmış ərazisinin
bir hissəsinin işğalı ilə nəticələnib.
Dağlıq Qarabağ Azərbaycanın tarixi
parçasıdır, hüquqi baxımdan da bu, belədir.
Azərbaycan BMT-yə üzv olarkən
Dağlıq Qarabağ ölkəmizin tərkib hissəsi kimi
qəbul edilib. Azərbaycan prezidenti
İlham Əliyev açıq şəkildə dünyaya
mesaj verib ki, BMT Təhlükəsizlik Şurasının
iştirakçı ölkələri Dağlıq
Qarabağ problemi ilə bağlı qəbul edilən qətnamələrin
icrası üçün siyasi iradə nümayiş etdirməlidir.
Azərbaycan Prezidenti həm də ölkənin
Ali Baş Komandanıdır. Dünya liderləri
artıq anlamalıdırlar ki, Ali Baş Komandan anti-terror əməliyyatları
çərçivəsində ölkənin ərazi
bütövlüyünün bərpası üçün hər
an göstəriş verə bilər. Ona görə də güc mərkəzləri
Dağlıq Qarabağ probleminin həllində siyasi iradə
nümayiş etdirməlidirlər”.
Milli QHT
Forumunun prezidenti Rauf Zeyni isə bildirib ki, Azərbaycanın
Beynəlxalq Humanitar Foruma ev sahibliyi etməsi
ölkəmizin dünyada böyük nüfuz
qazanmasını, hörmətlə
qarşılanmasını bir daha təsdiq edir: “Bunun nəticəsidir
ki, son illər ölkəmizdə müxtəlif məzmunlu
beynəlxalq tədbirlər həyata keçirilir”.
R.Zeyni
qeyd edib ki, milliliyin inkişafı ilə bağlı müəyyən
proqramlar, konsepsiyalar hazırlansa da, dünyada baş verən
mənfi proseslər - dini, irqi zəmində
qarşıdurmalar müsbət sonluqla öz həllini
tapmır: “Dünyanın üstünü bürüyən
qara buludlardan xilas olmağın yolunu birgə mübarizədə,
dialoqda görən Azərbaycan dövləti bütün bu
problemlərin aradan qaldırılması istiqamətində
real fəaliyyət aparmaqdadır. Belə bir tədbirlərdən
biri də artıq beşinci dəfə Bakının ev sahibliyi etdiyi Beynəlxalq Humanitar Forumdur. Prezident İlham Əliyev mötəbər tədbirin
açılış mərasimində dünyada baş verən
münaqişələrdən xilas olmağın yolları
haqda danışaraq beynəlxalq ictimaiyyətə vacib mesajlar
verib”.
R.Zeyni
söyləyib ki, Azərbaycan bu Forum vasitəsilə
ictimai-siyasi və din xadimləri, eləcə də alimləri
bir araya toplayaraq bu, problemlərdən çıxış
yollarının axtarılması istiqamətində onların
müzakirə aparmaları, maraqlı təkliflər vermələri
üçün şərait yaradıb.
Milli QHT Forumunun prezidentinin sözlərinə görə,
Azərbaycan 25 ildir ki, müstəqilliyini bərpa etməsinə
baxmayaraq artıq mədəniyyət, dialoq, idman mərkəzinə
çevrilməklə yanaşı, həm də
düşüncə mərkəzinə çevrilib.
R.Zeyni hesab edir ki, müasir dünya praktikasında
mövcud olduğu kimi, Azərbaycanda keçirilən bu
cür mötəbər tədbirlərin də internet vasitəsilə
onlayn yayımlanaraq daha geniş kütləyə
çatdırılması aparılan ümumi işin xeyrinə
olar.
Ceyhun ABASOV
525-ci qəzet.- 2016.- 1 oktyabr.- S.7.