Fəxri Xiyabanda Xalq
yazıçısı İlyas Əfəndiyev yad edilib
Respublikamızın
tanınmış incəsənət və mədəniyyət
xadimləri, ictimaiyyətin nümayəndələri
oktyabrın 3-də Fəxri xiyabana gələrək, görkəmli
sənətkar, XX əsr Azərbaycan ədəbiyyatının
klassiki, Xalq yazıçısı İlyas Əfəndiyevin
xatirəsini ehtiramla anıb, məzarı üstünə əklil
və təzə-tər güllər qoyublar.
AZƏRTAC xəbər verir ki, anım mərasimində ölümündən 20 il ötən qüdrətli söz ustası İlyas Əfəndiyevin öz zəngin bədii yaradıcılığı ilə çoxəsrlik ədəbiyyat xəzinəmizə misilsiz töhfələr bəxş etməsindən danışılıb, görkəmli nasirin bir-birindən maraqlı hekayə, povest, roman və dram əsərlərinin bu gün də geniş oxucu kütləsi tərəfindən sevilə-sevilə oxunmasından söhbət açılıb.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, İlyas Əfəndiyev yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi yer tutur. O, öz əsərləri ilə ədəbiyyatımıza dəyərli töhfələr verib. Onun elə əsərləri var ki, 500 dəfə səhnə həyatı yaşayıb.
Nazir bildirib ki, İlyas Əfəndiyevin əsərləri bəşəri mövzulara həsr olunub. Bu əsərlərdə vətən, milli dəyərlər, insan mənəviyyatı ön planda verilib. Ona görə də yazıçının əsərləri böyük maraqla rus, türk, ingilis, polyak, və digər dillərə tərcümə edilib, Avropanın nüfuzlu teatr səhnələrində tamaşaya qoyulub. İlyas Əfəndiyevin anadan olmasının 100 illik yubileyinin UNESCO-nun mənzil-iqamətgahında təntənəli şəkildə qeyd olunması ədibin əsərlərinin bu gün də Şərq ilə Qərb arasında yaxınlaşmaya verdiyi töhfənin beynəlxalq səviyyədə təsdiqidir.
Xalq şairi Nəriman Həsənzadə yazıçı ilə bağlı xatirələrini bölüşüb. Deyib ki, onda dramaturgiyaya marağı İlyas Əfəndiyev oyadıb. Yazıçının insani keyfiyyətlərindən, yaradıcı gənclərə diqqət və qayğısından söz açan Xalq Şairi, İlyas Əfəndiyevlə hər görüşünün onun üçün unudulmaz olduğunu söyləyib.
“Həyat hadisələrini bütün incəliklərinə qədər tərənnüm edən, onları dərin bədii təhlil süzgəcindən keçirib ümumiləşdirən, səlis, təbii dillə oxuculara çatdıran İlyas Əfəndiyev həm də şairanə ruha, poetik ifadə tərzinə malik sənətkar idi. Onun yazı dili və bədii üslubu ədəbiyyatımızda yeni bir ədəbi məktəb səviyyəsinə yüksəlmişdir”,- deyə Nəriman Həsənzadə vurğulayıb.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib ki, İlyas Əfəndiyev ədəbiyyata gəldiyi gündən ömrünün sonunadək durmadan, böyük şövq və həvəslə yazıb-yaradıb.
İlyas Əfəndiyev bədii yaradıcılığının ədəbi-estetik əhəmiyyəti, əsərlərinin uzunömürlülüyü, populyarlığı baxımından ədəbiyyatımızın ən görkəmli nümayəndələrindən biridir. Xalq, vətən, cəmiyyət, insanlıq qarşısında mənəvi
borca fəal münasibət onun qəhrəmanlarının daxili aləmini müəyyən edir. Ədəbi-ictimai fikir tarixində lirik-psixoloji üslubun inkişafı və böyük uğurları bilavasitə və hamıdan çox İlyas Əfəndiyevin adı və əsərləri ilə bağlıdır. Onun dramaturgiyası Azərbaycan ədəbiyyatında bir hadisədir. Azərbaycan mədəniyyəti tarixinin “İlyas Əfəndiyev mərhələsi” kimi səciyyələndirilən, XX əsr ədəbiyyatımızın klassiki, milli nəsrimizin, dramaturgiyamızın, teatr sənətimizin, ədəbi-tənqidi-ictimai fikrimizin inkişafında əvəzsiz xidmətləri olan, ədəbiyyat tarixində silinməz iz qoymuş görkəmli sənətkar İlyas Əfəndiyev həm Sovet İttifaqı, həm də müstəqillik dövründə Azərbaycan ədəbiyyatının ən görkəmli yazıçılarından biri olub.
Vurğulanıb ki, XX əsr Azərbaycan ədəbiyyatının əvəzolunmaz simalarından biri kimi tarixə düşmüş İlyas Əfəndiyevin zəngin nəsrinə “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan” və digər roman və povestləri, dramaturgiyasına “İşıqlı yollar”, “Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Mənim günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”, “Mahnı dağlarda qaldı”, “Bağlardan gələn səs” və başqaları daxildir. O, pyesləri ilə teatr sənətimizdə yeni bir mərhələ açmış, “İlyas Əfəndiyev teatrı”nı yaradıb. Ədibin qəhrəmanları ülvi məqsədləri, mübarizliyi, xarakterlərinin bütövlüyü, yaşadığı hisslərin, duyğuların təbiiliyi ilə yaddaşlara həkk olunub.
Tədbirdə çıxış edən Xalq artistləri Azərpaşa Nemətov, Amaliya Pənahova və Cənnət Səlimova yazıçının bənzərsiz sənət dünyasından, xüsusilə də onun dramaturgiyasından söz açıblar.
Bildirilib ki, İlyas Əfəndiyev ömrü boyu hər cür siyasi konyunkturadan uzaq olmaqla, yalnız ədəbiyyatın əzəli və əbədi qanunlarına istinad edib, hələ sovet dövründə Azərbaycanın bu günü ilə səsləşən dəyərli əsərlər yaradıb. Bu böyük şəxsiyyət milli nəsrin və teatr sənətinin inkişafında xüsusi xidmətlər göstərib, “İlyas Əfəndiyev teatrı” isə, bütöv bir aktyor və rejissor nəslinin yetişməsində misilsiz rol oynayıb. Ötən illər ərzində Akademik Milli Dram Teatrında yazıçının demək olar ki, bütün pyesləri tamaşaya qoyulub. 20 ildən çoxdur ki, Akademik Milli Dram Teatrı bütün mövsümlərini “Hökmdar və qızı” tamaşası ilə açır. Azərbaycan ədəbiyyatında heç bir dramaturq İlyas Əfəndiyev qədər teatrla uzunmüddətli fəal yaradıcılıq əlaqəsi qurmayıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan teatr poetikası bədii-estetik dəyərini geniş mənada “İlyas Əfəndiyev teatrı”nda tapıb. Ədib özünün “Mahnı dağlarda qaldı”, “Xurşidbanu Natəvan”, “Şeyx Məhəmməd Xiyabani”, “Hökmdar və qızı” və digər tarixi dramları ilə xalqımızın milli azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizənin, istiqlal məfkurəsinin, azadlıq hərəkatının, milli birliyin və müstəqilliyin bədii tərənnümçüsünə çevrilib.
Qeyd edilib ki, 1990-cı ildə İstanbul və Ankara səhnələrində “Bizim qəribə taleyimiz” və “Sevgililərin cəhənnəmdə vüsalı” müvəffəqiyyətlə oynanılıb, bu əsərlər haqqında Türkiyə mətbuatında onlarla sanballı məqalə verilib.
Bildirilib ki, sənətkarın yaradıcılığında Qarabağ mövzusu da əsas yer tutub. O, namərd qonşularımızın ötən əsrin 90-cı illərindən başlayan xəyanətkarlıqlarını, işğalçılıq hərəkətlərini dərin narahatlıq, vətəndaş yanğısı ilə izləyib, əsərlərində Qarabağın qədim tarixini əks etdirib.
Böyük sənətkarın oğlu, Xalq yazıçısı Elçin deyib: “20 il elə bil bir göz qırpımında keçdi, sürətlə keçdi. Ancaq bu 20 ildə sanki İlyas Əfəndiyevin ikinci ömrü başladı. Sovet İttifaqı böyük, nəhəng bir imperiya idi. Güclü bir ideologiyası vardı. Çox təəssüflər olsun ki, Sovet İttifaqı ilə birlikdə bir çox yazıçılar da öz ordenləri, medalları, əsərləri ilə birlikdə getdilər. Ancaq elə yazıçılar da oldu ki, onlar yaşadılar. Epoxalar bir-birini əvəz elədi, amma İlyas Əfəndiyev elə bil ki bu epoxanın yazıçısıdır, elə bil ki bu dövrün, yeni bir dövrün, tamamilə əks qütblü dövrün yazıçısıdır”.
İlyas Əfəndiyevin ölümündən ötən illər ərzində ona olan ümumxalq məhəbbətinin günbəgün daha da artdığını söyləyən natiq deyib ki, onun əsərləri öz orijinallığını itirməyib. Ümummilli lider Heydər Əliyevin xüsusi Sərəncamı ilə ədibin “Seçilmiş əsərləri”nin 7, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 3 cildliyi nəşr edilib. Ədibin əsərləri son illər müxtəlif dillərdə dəfələrlə çap olunub, yaradıcılığı haqqında monoqrafiyalar, doktorluq, namizədlik dissertasiyaları yazılıb. Bu 20 ildə İlyas Əfəndiyevin pyesləri nəinki Azərbaycanın, o cümlədən bir çox xarici ölkələrin teatrlarda tamaşaya qoyulub.
Xalq yazıçısı deyib ki, Prezident İlham Əliyev İlyas Əfəndiyevin 90 və 100 illik yubileyləri ilə bağlı sərəncamlar imzalayıb. İlyas Əfəndiyevin 100 illiyi böyük bir ədəbiyyat bayramına çevrilib, ölkənin hər yerində silsilə tədbirlər keçirilib. Ədibin yubiley UNESCO-da, TÜRKSOY-da və bir çox nüfuzlu qurumlarda təntənəli şəkildə qeyd olunub. Braziliya və Vyetnamda kitabları çap edilib, əsərləri səhnəyə qoyulub. O, yazıçının yaradıcılığına verilən yüksək qiymətə görə Azərbaycan Prezidentinə dərin təşəkkürünü bildirib.
Sonra tanınmış
aktyorların ifasında yazıçının əsərlərindən
parçalar səsləndirilib.
525-ci qəzet.- 2016.- 4 oktyabr.- S.7.