Minskdə "Nar
bayramı" - Azərbaycan Mədəniyyəti Günü
Oktyabrın 1-də Minskin Yuxarı şəhər ərazisində
"Nar bayramı" adlı
Azərbaycan Mədəniyyəti
Günü keçirilib.
AZƏRTAC
"Minsk-Novosti" agentliyinə
istinadla xəbər verir ki, Minsk sakinlərini və şəhərin qonaqlarını
Azərbaycan parlamentinin
deputatları, ölkəmizin
Belarusdakı səfirliyinin
əməkdaşları, Minsk Şəhər İcraiyyə
Komitəsinin İdeoloji
İş, Mədəniyyət
və Gənclərin
İşləri üzrə
Baş İdarəsi rəisinin birinci müavini, "Belarusun Azərbaycan İcmaları
Konqresi" Beynəlxalq
İctimai Birliyinin sədri, Belarusun Əməkdar idman ustası Natiq Bağırov və başqa rəsmi şəxslər salamlayıblar.
Tədbirə qatılanları ənənəvi
Azərbaycan nemətlərinin
- min bir dərdin dərmanı nar şirəsinə, paxlavaya
və qoz, qızılgül, zoğal,
heyva, ərik mürəbbələri ilə
ətirli çaya qonaq ediblər. Qonaqlar kababın
və ətirli plovun dadına baxıblar.
Bayramın təşkilatçıları zəngin proqram hazırlayıblar. Qonaqlar maraqlı idman
yarışına - Azərbaycanın
milli idman növü olan güləş üzrə
nümunəvi çıxışlara
tamaşa ediblər, nərd oyunu və milli rəqslər
üzrə ustad dərslərinin iştirakçısı
olublar.
Minsk bələdiyyəsinin divarları qarşısında
satış sərgisi
açılıb. Qonaqlara xalça
və qədim qab-qacaq ekspozisiyası təqdim edilib.
"Nar bayramı"nda Azərbaycan incəsənətini
"Sarı gəlin"
və "Qafqaz əfsanələri" rəqs
kollektivləri təqdim
ediblər. Gənc, amma yetərincə tanınmış ifaçılar
- Günəş Abbasova,
Şir, Saşa Kazımova, Ruslan Aslanov, habelə Hollandiyadan gəlmiş xüsusi qonaq, müğənni və bəstəkar Elcan Rzayev də çıxış ediblər.
Bayramı Azərbaycanın Belarusdakı səfirliyinin
dəstəyi ilə Minsk Şəhər
İcraiyyə Komitəsi, "Belarusun Azərbaycan
İcmaları Konqresi" Beynəlxalq İctimai Birliyi, Respublika Milli Mədəniyyətlər
Mərkəzi təşkil ediblər.
525-ci qəzet.- 2016.- 4 oktyabr.- S.7.