Alim nüfuzu və şöhrətinin
miqyası
GÖRKƏMLİ ƏDƏBİYYATŞÜNAS ƏSGƏR ZEYNALOVUN ÖMÜR VƏ FƏALİYYƏT YOLUNA BİR BAXIŞ
(Əvvəli
ötən sayımızda)
Əsgər Zeynalov 30-dan çox kitabın, 350-dən
çox elmi-publisistik məqalənin müəllifidir.
Bu
kitabların sırasında "Azərbaycan bayatıları
Qafqaz regionunda" (2001), "Altaydan-Altaya" (2002),
"İllərin yol yoldaşı" (2004), "Hara gedir bu
qatar?" (2006), "Orda bir yurd var, uzaqda" (2006), "Dil və
ədəbiyyatın tədrisinə dair düşüncələr"
(2009), "O, bir əsr idi..." (2010), "İrəvan
ziyalıları" (2011), "İrəvan məktəbləri"
(2011), "Viktor Hüqo və Lui Araqon şeirlərinin tərcüməsi" (2012), "Fransız ədəbiyyatının
milyarderi" (2013), "Hüqo" (2014), "İrəvan
xanlığı... gerçəkliyin
aydınlığı" (2016), "Hüqonun Şərq
baxışı" (2016,) müəllifin
yaradıcılıq diapazonunun genişliyi də diqqəti cəlb
edir. Burda onu da xüsusi vurğulamaq lazım gəlir
ki, "Hüqonun Şərq baxışı"nda
fransız yazıçısının İslam dinini qəbul
etməsi faktının üzə
çıxarılmasının da əsərdə öz əksini
tapması və İngiltərədə nəşr
olunmsı Əsgər Zeynalovun böyük cəsarəti idi.
O zaman bu fransız ədibinin İslam dinini qəbul etməsi,
İslama həsr etdiyi şeirləri uzun illər ictimaiyyətdən
gizlədilib. Hüqonun anadan olmasının 100 illiyində
- 1902-ci ildə Fransa dövləti onun İslam dininə həsr
etdiyi şeirlərinin 100 il müddətinə nəşrini
qadağan etmişdir. Əsgər müəllim bu əsərlərlə
("Hicrinin doqquz ili", "Məhəmməd",
"Sidr ağacı") yazıçının
sağlığında, 1859-cu ildə nəşr olunmuş
"Əsrlərin əfsanəsi" kitabından məlumatlı
idi. Yeri gəlmişkən, "Hüqo" əsəri
haqqında olduqca maraqlı olan
çıxışlarının birində professor Cəlil
Nağıyev demişdir ki, bu monoqrafiyada hər şey yenidir,
ancaq Hüqonun İslam dinini qəbul etməsi tamamilə
gözlənilməz idi. Əsgər Zeynalov Azərbaycanda
ən böyük hüqoşünas alimdir.
Zənnimizcə,
burda onu da xatırlatmaq yerinə düşər ki, professor
Əsgər Zeynalovun 10-yaxın kitabı, o cümlədən,
"İrəvan ziyalıları" Sankt-Peterburqda (2011, rus
dilində), "İrəvan ziyalıları" Moskvada
(2013, rus dilində), "Fransız ədəbiyyatının
milyarderi" Fransada (2015, fransız dilində), "İrəvan
ziyalıları" ABŞ-da (2016, ingilis dilində),
"Hüqo" ABŞ-da (2016, ingilis dilində),
"Fransız ədəbiyyatının milyarderi"
Almaniyada (2016, ingilis dilində), "İrəvan
xanlığı... gerçəkliyin
aydınlığı" ABŞ-da (2016, Azərbaycan dilində
- nəzərə çatdıraq ki, kitab dünya azərbaycanlıları
üçün nəzərdə tutulmuşdur Ş.N.),
"Hüqonun Şərq baxışı" İngiltərə,
Londonda (2016, ingilis dilində) nəşr olunmuşdur. Burda belə
bir həqiqəti də deməyi vacib sayırıq ki,
Hüqonun fransız mütəxəssislərindən Andre
Besson, Maks Qallo, Arno Lasterin də beynəlxalq miqyasda bu qədər
monoqrafiyaları çap olunmamışdır.
Uzun illər
onunla bir universitetdə çalışan professor Sevda Vahabova
yazır: "Tale elə qismət etdi ki, mən onunla 2007-ci
ildə Fransanın Bözanson şəhərində Franş
Konte Universitetinin Dil Tətbiqi Mərkəzində təkmilləşmədə
olduq. Səmimi yol yoldaşı olan bu xeyirxah,
milli qeyrətli insanın dəfələrlə öz elmi
mühakimələri ilə bizə dərs deyən
fransız alimlərini necə çətin vəziyyətə
saldığının şahidiyik - mən və səfər
yoldaşlarım. Hətta bir dəfə Əsgər
müəllim fransız ədəbiyyatından elə gözəl
təhlil verdi ki, professor Fransua Mijo cəld
yerindən qalxıb əyləşdiyi stulu göstərərək
dedi: "Gəlin mənim yerimdə əyləşin!" Zalda əyləşənlər müəllimin bu
sözündən sonra Əsgər Zeynalovu
alqışlamağa başladılar. Başqa dövlətin
nümayəndələri dəfələrlə bizə
deyirdilər: "Siz xoşbəxtsiniz. Sizin çox müdrik
bir aliminiz var. Sizin Hüqo yaradıcılığı
üzrə çox gözəl bir mütəxəssisiniz
var..."
Elə
ADU-nun professoru, "Azərbaycanın fransız dili Müəllimlər
Cəmiyyəti"nin sədri Çəmən Babaxanova da
Əsgər müəllimin ədibin vətənində
Hüqonun böyük mütəxəssisi kimi
tanınmasından bəhs edərək yazır: "Professor
Ə.Zeynalov özünü Fransada Hüqonun mütəxəssisi
kimi layiqincə təsdiq etmişdi: Fransanın bir sıra elmi
mərkəzlərində, muzeylərində və şəxsi
kitabxanalarında istifadə olunan əsərləriylə, bu ölkənin
dünya şöhrətli alimlərinin azərbaycanlı həmkarı
və onun yaradıcılığı haqqında yüksək
fikirlərilə, tədqiqatçının bu dövlətdəki
müxtəlif çıxışlarıyla və Fransa mətbuatında
bu zəhmətkeş araşdırıcının
yaradıcılığı ilə bağlı dərc
olunmuş məqalələrlə. Əgər Ə.Zeynalov
fikrimizcə, heç nə yazmasaydı belə,
"Hüqo" və "İrəvan ziyalıları"
əsərlərilə tarixdə yaşamaq hüququ
qazanardı..."
Alman filosofu Volter
Benjamen deyib ki, Paris XIX əsr dünyanın paytaxtıdır.
Görkəmli Meksika yazıçısı,
Nobel mükafatı laureatı Oktavio Pas deyir ki, Paris XX əsr
dünyanın paytaxtıdır. Nobel mükafatı
laureatı Leklüzio: Paris XXI əsr dünyanın
paytaxtıdır, deyir. Əgər 1789-cu il
böyük Fransa inqilabını nəzərə alsaq, Paris
XVIII əsrdə də dünyanın paytaxtı olmuşdur. Neçə əsr dünyanın paytaxtı olan
Paris kimi bir şəhərdə Azərbaycan alimi haqqında
məqalələrin dərc olunması, zənnimizcə hər
bir azərbaycanlıda qürur hissi oyada bilər. Əsgər Zeynalov beynəlxalq miqyasda
tanınmış alimdir.
Əsgər
Zeynalov üç dəfə - 2012, 2014, 2016-cı illərdə
Dövlət mükafatına (2012-ci ildə "İrəvan
ziyalıları", Sankt-Peterburq nəşri (dünya
şöhrətli rus alimi B.Starkovun ön sözü ilə), 2014-də "Hüqo"
monoqrafiyası (onu da qeyd edək ki, "Hüqo"
monoqrafiyası təkcə fransız ədəbiyyatından
deyil, eləcə də dünya ədəbiyyatından təqdim
olunmuş ilk monoqrafiyadır.), 2016-da "İrəvan
xanlığı... gerçəkliyin
aydınlığı", "İrəvan
ziyalıları" ABŞ nəşri. Burda onu da qeyd etməyi
lazım bilirik ki, Əsgər Zeynalovun Amerika Birləşmiş
Ştatlarının Şimali Korelina Ştatının Raleigt
şəhərinin "Lulu" nəşriyyatında
işıq üzü görmüş "İrəvan
xanlığı... gerçəkliyin
aydınlığı" və "İrəvan
ziyalıları" kitablarının təqdim olunması da
bu baxımdan təsadüfi deyildir. Həmin
kitablar Azərbaycan Respublikasının Dövlət
Mükafatına indiyədək təqdim olunmuş xaricdə
nəşr edilən ilk əsərlərdir. Professor Əsgər Zeynalov 2014-cü ildə həm
də AMEA-nın müxbir üzvlüyünə namizəd
olmuşdur.
Bəlkə də Hüqonun fransız mütəxəssisləri
fransız ədibi haqqında yazdıqları əsərlərini
Azərbaycan alimi qədər dünya miqyasına
çıxara bilməmişlər. Professor Ə.Zeynalov Hüqo
haqqında monoqrafiyaları Bakıda Azərbaycan, fransız,
ingilis dilində nəşr etdirdikdən sonra onları
ABŞ, Fransa, İngiltərədə nəşr etdirməyə
nail olmuşdur. Zənnimizcə, bu son deyil,
yaxın zamanlarda bu işlərin davamı olacaqdır.
Çox zaman namizədlik işini müdafiə edənlər
doktorluğu da bu işin davamı kimi, bir qədər
geniş aspektdə götürürlər. Həm də
axtarış-mənbələr də eyni dildə. Mənim üçün maraqlı olan faktlardan biri
də budur ki, Əsgər Zeynalov namizədlik və doktorluq
işlərini fərqli mövzular üzrə
yazmışdır. Namizədlik işi azərbaycanlı
olaraq varlığımızın, milli kimliyimizin, qədimliyimizin
bir nümunəsi sayılan xalq yaradıcılığı
mövzusunda - "Azərbaycan bayatıları Qafqaz
regionunda" olmuşdur. Doktorluq işi isə
"Fransız ədəbiyyatında Şərq" (Volterin
yaradıcılığı üzrə) olmuşdur.
"Azərbaycanda fransız ədəbiyyatı tarixinin, bu ədəbiyyatın
ayrı-ayrı nümayəndələrinin həyat və
yardıcılığı ilə, eləcə də Azərbaycan-fransız
ədəbi- mədəni əlaqələri sahəsində
peşəkar səviyyədə və sistemli şəkildə
fəaliyyət göstərən istedadlı ədəbiyyatçı,
tərcüməçi və alimlərdən biri"
(prof.C.Nağıyev), zənnimizcə davamlı olaraq, həm
də ən məhsuldar işləyən tədqiqatçı-alimlərindən
öndə olanı proessor Əsgər Zeynalovdur. Əsgər müəllimin elmi pedaqoji fəaliyyəti,
ədəbi, publisistik yaradıcılığı olduqca diqqətəlayiqdir.
Əsgər Zeynalovun monoqrafiyaları ilə tanış olan dünya alimlərinin fikirləri bizdə qürur hissi doğurmaya bilməz. J.B.Qrammon (Fransa), S.Kazımoğlu (Türkiyə), B.A.Starkov (Sankt-Peterburq), R.N.İvanovun (Rusiya)... fikirləri bu mənada diqqətəlayiqdir. "Mən çox böyük maraqla cənab Əsgər Zeynalovun Bakıda azəri türkcəsində 1996-cı ildə nəşr olunmuş "Fransız ədəbiyyatında Şərq" əsərini oxudum. Lazımi şəraitin olmamasına və tədqiqat əsərlərinin çatışmazlığına baxmayaraq, heç vaxt Fransada olmayan fransızdilli bir müəllif belə bir dəyərli əsəri ərsəyə gətirə bilmişdir" (J.B.Qrammon, Fransa); "Fransız ədəbiyyatında Şərq" mövzusunda Rusiyada, Avropanın müxtəlif ölkələrində, Orta Asiyada, Ərəb ölkələrində və Türkiyədə yetərincə əsərlər yazılmış, araşdırmalar aparılmışdır... Amma Əsgər Zeynalova qədər bu mövzuya ümumi Şərq kontekstində baxan ikinci bir araşdırmaçımız yoxdur. Onun bu əsərini əhatə baxımından, mövzuya fərqli yanaşma baxımından yenilik gətirən bir əsər kimi qəbul etmək gərəkdir" (S.Kazımoğlu, Türkiyə); "Əsgər Zeynalov öz dissertasiyasını Volterin Şərq yaradıcılığından müdafiə etsə də, ancaq dahi Viktor Hüqo onun sevimli yazıçısıdır... O, Aleksandr Düma, Balzak, Jorj Sand, Flober, Mopassan yaradıcılığından, Ferney kəndində yaşamış Volterlə bağlı yumorlar danışır, ancaq həmişə yenidən Viktor Hüqonun üzərinə qayıdır" (Daniel Bordür, Fransa); "Əsgər Zeynalovun məruzəsinə 15 dəqiqə ayrıldığı üçün biz utanırıq. Biz onu saatlarla dinləməyə hazırıq" (Professor Nezmi Agil, Türkiyə); "Professor Əsgər Zeynalovun "İrəvan ziyalıları" kitabı ilə tanışlıq müəllifin hər sətirdə doğma torpağına məhəbbətini əyani surətdə təsdiq edir" (B.A.Starkov, Sankt-Peterburq); "Əziz Əsgər! Sizin "İrəvan ziyalıları" kitabı möhtəşəm bir kitabdır. Siz tarixi əhəmiyyətli bir kitab yazmısınız" (R.N.İvanov, Moskva); "Ə.Zeynalovun "İrəvan ziyalıları" kitabı bir daha təsdiq edir ki, İrəvan azərbaycanlıların qədim, əski, köhnə yaşayış məskənlərindəndir. Ə.Zeynalovun bu əsəri İrəvan ziyalılarına bir abidədir" (A.A.Sotniçenko, Sankt-Peterburq)...
Azərbaycan alimlərindən T.Əhmədov, İ.Həbibbəyli, N.Cəfərov, C.Nağıyev, Ç.Babaxanova, F.Veysəlli, S.Vahabova, F.Əliyev, S.Tağızadə, R.İsmayılov, Ş. Xəlilli, Ş.Zaman, A.Ülvi, Ə.Abdullayev, A.Sabitova və bir çox başqa müəlliflər də Əsgər müəllimin elmi-ədəbi uğurlarından mətbuatda çox dəyərli məqalələrlə çıxış etmişlər.
Araşdırma zamanı bizə məlum oldu ki, İrəvan və onun görkəmli şəxsiyyətləri haqqında yazı hazırlayan 80-dən çox müəllif, bu sıradan T.Talıblı, K.Novruzov, B.Abdullayev, V.Həbiboğlu, İ.Məmmədov Ə.Ələkbərli və başqaları Ə.Zeynalovun əsərlərindən mənbə kimi istifadə ediblər. Eləcə də Azərbaycan televiziyasında bir çox sənədli filmlər çəkilərkən ("Mustafa bəy Topçubaşov, "Uluxanlı - 125", "İrəvan", "Bir şair ömrü" (Əhməd Cəmil haqqında) Əsgər müəllimin məsləhətləri, bilavasitə köməkliyi ilə ərsəyə gəlmişdir. Əsgər müəllimin Azərbaycan radiosunda "Azərbaycan bayatıları erməni qaynaqlarında", "Musiqimizin təsir gücü" verilişləri radiomuzun "Qızıl fondu"nda saxlanılır. Professor söhbətlərində ermənilərin bayatılarımıza, bir çox musiqilərimizə yiyələndiklərini tutarlı faktlarla açıqlamışdır.
Bir maraqlı faktı da nəzərə çatdıraq ki, Əsgər Zeynalovun 2015-ci ildə Fransada fransız yazıçısı Jözef dö Qobinanın "Şamaxı rəqqasəsi" nəsr əsərini əldə edərək ölkəmizə gətirməsi, dövri mətbuatda ("Ədəbiyyat" qəzeti, 3 oktyabr 2015) haqqında geniş məqalə ilə çıxış etməsi alimin Azərbaycan xalqına, onun ədəbiyyatına göstərdiyi xidmətin bir nümunəsidir.
Düşünürəm ki, Əsgər Zeynlovun geniş əhatəli elmi-ədəbi fəaliyyəti haqqında irihəcmli monoqrafiyaların yazılması, yaradıcılıq yolunun geniş aspektdə işıqlandırılması Azərbaycan ədəbiyyatşünaslığında yeni bir səhifə açmış olacaqdır. Bu da öz tədqiqatçısını gözləyir...
Əsgər Zeynalov fəaliyyət göstərdiyi pedaqoji sahədə, müəllim-tələbələr üçün, onu yaxından tanıyan və bütün növ yaradıcılığı ilə diqqətini çəkdiyi elm xadimləri, ziyalılar üçün, ürəyi nisgillə dolu Qərbi azərbaycanlılar üçün ailəsi, dostları üçün tutiya insandır.
Bugünlərdə tamam olan 65 yaşı münasibətilə görkəmli ədəbiyyatşünas alimimizi təbrik edir, ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.
Şəfəq
NASİR
525-ci qəzet.- 2016.- 4 oktyabr.- S.6.