"Cavid gəlib, aç qoynunu, bas
bağrına, torpaq!.."
BÖYÜK ŞAİR-DRAMATURQUMUZ HÜSEYN CAVİDİN CƏNAZƏSİNİN QALIQLARININ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN İRADƏSİ SAYƏSİNDƏ AZƏRBAYCANA GƏTİRİLMƏSİNDƏN 34 İL KEÇİR
1956-cı ildə bəraət aldıqdan sonra oktyabr
ayı repressiya qurbanı olan görkəmli Azərbaycan
şairi və dramaturqu Hüseyn Cavidin taleyində bir sıra əlamətdar
hadisələrlə yadda qalıb.
Taleyinə
ağrılı-acılı, məşəqqətli bir
ömür yazılmış Hüseyn Cavidin
ölümündən çox-çox sonralar müxtəlif
illərin məhz oktyabr aylarında onun barəsində tarixin ədalətli
hökmləri verilib, böyük sənətkarın xatirəsi
ona layiq şəkildə əbədiləşdirilib. Otuz
dörd il əvvəl - 1982-ci ildə ulu
öndərimiz Heydər Əliyevin təşəbbüsü,
xeyir-duası, qayğısı ilə uzaq Sibirin əlçatmaz
yerlərindən Cavidin cənazəsinin qalıqlarının
doğma yurdu Naxçıvana gətirilməsi də oktyabr
ayına təsadüf edib.
1980-ci illərdə
Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin
katibi vəzifəsində çalışarkən Hüseyn
Cavidin cənazəsinin qalıqlarının Azərbaycana -
şairin doğma yurdu Naxçıvana gətirilməsində
bilavasitə iştirak etmiş Həmid Cəfərov məhz
oktyabr ayına düşən söhbətimizdə o tarixi
günlərə yenidən işıq saldı:
-
Bildiyiniz kimi, ümumbəşəri problemləri humanizm
mövqeyindən işıqlandıran, mənzum faciələri
və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında
yeni bir mərhələ açan böyük sənətkar
Hüseyn Cavidin taleyinə ağrılı-acılı, məşəqqətli
bir ömür yazılmış, zaman, siyasi mühit parlaq zəka
sahibi haqqında haqsız qərarlar qəbul etmiş, onun
ölümündən çox-çox sonralar isə tarix
öz ədalətli hökmlərini vermiş, böyük sənətkarın
xatirəsi ona layiq şəkildə əbədiləşdirilmişdir.
Bu istiqamətdə görülən işlərdə
Hüseyn Cavidin nəşinin qalıqlarının Azərbaycana
gətirilməsi və doğma yurdu Naxçıvanda
torpağa tapşırılması tarixdə nadir hadisələrdən
olaraq qüdrətli
söz ustasına böyük sevgi və ehtiramın təzahürü
idi.
Cavidin məzarının
ucsuz-bucaqsız Sibirdə axtarılıb-tapılması və
nəhayət onun Azərbaycana gətirilməsi
üçün müvafiq icazələrin alınması o
dövrdə asan iş deyildi. Bütün
bunları millətinə bağlı, qəlbində
xalqının tarixi və mədəniyyətinə sonsuz
sevgi hissləri olan rəhbər vəzifədə işləyən
şəxs edə bilərdi. Bu məsələni
həlli etmək üçün SSRİ kimi böyük bir
dövlətin rəhbərliyi yanında yüksək
nüfuza sahib olmaq və onun icazəsini almaq vacib idi. Xoşbəxtlikdən Ulu Tanrı belə bir şəxsiyyəti
Azərbaycana bəxş etmişdi. O, Heydər Əliyev
idi. Ədəbiyyatımızın böyük
qayğıkeşi olan Heydər Əliyev "Bakinski
raboçi" qəzetinə verdiyi müsahibələrin
birində qeyd edirdi ki, o Cavidin cənazəsinin
qalıqlarının uzaq Sibirdən Azərbaycana gətirilməsi
üçün SSRİ kimi nəhəng bir dövlətin
"birinci şəxsinə" - Sov.İKP MK-nın Baş
katibi Brejnevə, həmçinin SSRİ Dövlət Təhlükəsizlik
Komitəsinin sədri Andropova müraciət etmişdir.
Məhz
ümummilli liderimiz Heydər Əliyevin xeyir-duasından, dəyərli
göstərişlərindən sonra - 1982-ci il oktyabrın
12-də Naxçıvan Vilayət Partiya Komitəsi Hüseyn
Cavidin məzarının tapılması, cənazəsinin
qalıqlarının Azərbaycana gətirilməsi ilə
bağlı tarixi bir qərar qəbul etdi və belə bir
şərəfli işin icrası Naxçıvan Vilayət
Partiya Komitəsinin katibi kimi mənə həvalə olundu.
Naxçıvan
Vilayət Partiya Komitəsinin qərarından sonra muxtar respublikanın daxili
işlər nazirinin sabiq müavini, polkovnik Telman Əliyev və
o zaman SSRİ-nin ən cavan deputatı olan Zakir Nəsirovla Sibirə yollandıq. 1982-ci il oktyabrın 15-də Moskvadan İrkutska
uçduq. Uzaq Sibirdə Cavid soraqlı bir
sıra arxiv sənədləri öyrənildi. Müəyyən
edildi ki, Hüseyn Cavid 1941-ci il dekabrın
5-də İrkutsk vilayəti Tayşet rayonunun əlillər xəstəxanasında
vəfat edib, Şevçenko kəndindəki qəbiristanlıqda
59 saylı qəbirdə torpağa tapşırılıb.
Üç gün sonra isə Sov.İKP İrkutsk Vilayət
Partiya Komitəsində görüş zamanı Cavidin məzarının
yerinin müəyyən edilməsinə, bununla əlaqədar
İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndini,
1940-cı illərdə burada yerləşən 21 saylı
kaloniyanı və əlillər xəstəxanasını
tanıyan adamların tapılmasına sərəncam verildi.
Doğrudur,
Cavidin "sakini olduğu" əlillər evinin 1956-cı
ildə dağıdılması, Sibirin sıx meşələrindəki
Şevçenko kəndinin itib-batması, orada indi heç
kimin yaşamaması haqda məlumatlar bizi sarsıdırdı. Eyni zamanda bildirdilər ki, 30 dərəcə
şaxtada həmin yerlərə getmək həm
mümkünsüzdür, həm də təhlükəlidir.
Lakin bu məlumatlar bizi yolumuzdan döndərə
bilməzdi - Heydər Əliyevin tapşırığı
yerinə yetirilməli idi.
Hüseyn
Cavidin Sibir həyatı ilə bağlı arxiv sənədləri,
digər məlumatlar öyrənildikdən sonra 1982-ci il oktyabrın 21-də Tayşet rayon İcraiyyə
Komitəsi 141 saylı sərəncamını verdi:
"Böyük Azərbaycan dramaturqu və şairi Hüseyn
Cavid Rəsizadənin cənazəsi çıxarılıb
aparıla bilər. Bu işi görmək Həmid
Cəfərov yoldaşın rəhbərlik etdiyi nümayəndə
heyətinə həvalə olunur".
1982-ci il oktyabrın 21-də zirehli maşınlar
yerli əhalinin "gedər-gəlməz"
saydıqları Tayşet şəhərindən 75 kilometr məsafədə
yerləşən Şevçenko kəndinə istiqamət
aldı. Bu səfərə rəsmi olaraq
partiya, hüquq-mühafizə, ədliyyə, səhiyyə
orqanlarının məsul işçiləri
qatılmışdılar. Əslən
Qarabağdan - Ağdamın Qaradağlı kəndindən
olan Azər Musayev və Namiq Rəsulov, bərdəli Qəhrəman
Qurbanov da yüksək vətənpərvərlik
nümayiş etdirərək bizə qoşuldular. Onlar
bu çətin səfərdə Naxçıvandan gələn
həmyerlilərinə kömək edirdilər. Bütün ümidlər isə 1941-ci ildə
Cavidin "həbs evində"- islah-əmək düşərgəsində
keşikçi dəstəsinin rəisi işləmiş 72
yaşlı Darafiy Tradyakola idi. Yol boyu mən
ondan ayrı durmurdum - bu qocanın dilindən eşitdiyim
"Şevçenkoda 40 min insanın dəfn olunduğu qəbiristanlıq
dağılmayıb" sözləri mənə ümid
verirdi.
Kənd əslində 100 hektarlarla ərazisi olan sərt
Sibir meşəsi idi. Məzarlığa gəldik. Şaxtalı havada qarın altında olan qəbirlərin
arasında 59 saylı qəbri axtarırdıq. İki
saat axtarışdan sonra birdən rayon prokuroru Yelena
Xaritinovanın səsi gəldi: "Tapdım!" Sevinə-sevinə onun yanına qaçdıq və
məzarın başına vurulan taxtanı silib-təmizlədik,
59 rəqəmini gördük. Prokuror Yelena Xaritinova qəbrin
açılması üçün sanksiyanı imzaladı və
Cavidin qəbri qazıldı... Heç nə hədər
getməmişdi, Hüseyn Cavid "59"-da uyuyurdu.
Hüseyn Cavid "tapılmışdı".
Məzar başında 100 yaylım atəşi
açıldı. Cavidi illərlə həbsdə saxlayan
Sibir indi onun 100 illik yubileyini qeyd edirdi. Sonra isə Qəhrəman
Qurbanovun evində Cavidin ruhuna islam dəyərlərinə,
milli adət-ənənələrimizə uyğun şəkildə
ehsan verildi.
1982-ci il oktyabr ayının növbəti günləri
də Hüseyn Cavidin taleyi ilə bağlı əlamətdar
oldu. Hüseyn Cavid Şevçenko-Tayşet -
İrkutsk - Moskva - Yerevan - Naxçıvan marşrutu ilə
doğma yurduna "qayıtmalı" idi. İrkutskdan
Moskvaya uçarkən stüardessa mənə Bakıdan gələn
tapşırığı çatdırdı: "Heydər
Əliyevin göstərişi ilə siz oktyabrın 26-da 861-ci
reyslə Moskvadan birbaşa Bakıya
uçmalısınız".
Azərbaycan rəhbərinin - Heydər Əliyevin bu
tapşırığı ilə marşrut dəyişdirildi. Bu, adi bir
tapşırıq deyildi və bir tale yazısı idi. Cavid Bakıdan getmişdi, Bakıya da
qayıtmalıydı.
1982-ci il oktyabrın 26-da Cavid Bakıya
"uçdu". Həmin günü Bakı
hava limanında respublikanın rəhbər işçiləri,
ədəbiyyat və incəsənət xadimləri, ictimaiyyətin
nümayəndələri və bir də şairin yeganə
yadigarı Turan xanım Cavidi qarşılamağa gəlmişdilər.
1982-ci il oktyabrın 27-də Elmlər Akademiyasında
məsləhətləşmədən sonra Hüseyn Cavidin
Naxçıvanda dəfn olunması qərara alındı. Noyabrın 2-də Respublika Əlyazmalar Fondunun
binasında - ötən əsrin 30-cu illərində Cavidin
yaşadığı evdə Heydər Əliyev başda
olmaqla böyük sənətkarla vida mərasimi oldu.
1982-ci il
noyabrın 3-də böyük söz ustadı Cavidin məzarının
qalıqları
Naxçıvanda - evinin qarşısında
torpağa tapşırıldı.
Bu gün fəxarətlə qeyd etməliyik ki,
ümummilli liderimiz Heydər Əliyevin dəstəyi ilə
1982-ci ilin oktyabrında Hüseyn Cavidlə bağlı
reallaşdırdığı tədbirlər tarixdə nadir
hadisələrdəndir. Bəli, Hüseyn Cavidin nəşinin
qalıqlarının uzaq Sibirdən gətirilməsi
ictimai-siyasi məna kəsb edirdi. Heydər
Əliyevin SSRİ miqyaslı nüfuzu sayəsində ilk dəfə
olaraq Sibirin caynağından "məzar
qoparılması" sözün həqiqi mənasında ulu
öndərimizin böyük vətənpərvərliyinin məntiqi
nəticəsi idi. Bu əlamətdar hadisə
ilə əlaqədar vətənpərvər şairimiz Xəlil
Rza Ulutürk haqlı olaraq yazırdı ki, "Mən dahi
Hüseyn Cavidimizin cənazə qalıqlarının ən
uzaq məsafədən Bakıya gətirilməsini və təntənəli
biçimdə şairin öz vətənində -
Naxçıvanda torpağa tapşırılmasını
Heydər qəhrəmanlığı anlayışına
daxil edirəm".
Bəli, Cavidin cənazəsinin qalıqlarının Azərbaycana
gətirilməsi bir qəhrəmanlıq nümunəsi idi. Dəfələrlə
cəhd edilməsinə baxmayaraq reallaşmayan bir arzu məhz
Heydər Əliyevin SSRİ miqyasındakı nüfuzu sayəsində
mümkün olmuşdu. Təsadüfi
deyildir ki, bu qəhrəmanlıq görkəmli söz
ustadlarımızın yaradacılığında dəfələrlə
öz əksini tapmışdır.
Hüseyn
Cavidin 100 illik yubileyi ərəfəsində şairə ithaf
etdiyi şeirində Xalq şairimiz Bəxtiyar Vahabzadə Sibir
məşəqqətlərini yaşamış, repressiya
qurbanı olmuş söz xiridarının cənazəsinin
qalıqlarının vətəninə gətirilməsini ədalətin
təntənəsi kimi qiymətləndirmişdi:
...
Üçcə söz dilinin əzbəri oldu:
Həqiqət, məhəbbət, bir də ədalət.
Zaman
dolandıqca, sular duruldu,
Hər şey öz yerini tapdı nəhayət.
Şeirin
sinə gərdi burulğanlara
Ölüb məzarında yüz yaşa doldun.
Vücudun
torpağa dönəndən sonra
Ana torpağa qayıdan oldun.
Həmin
tarixi günlə bağlı Xalq şairi Fikrət Qoca
yazırdı:
Tale, nə
gözəl gündü bu,
sən insafa gəldin.
Qırx
ildi gəlirdin, gəl a Cavid,
səfa
gəldin.
...Torpaq
gözün aydın,
Onu al
bağrına, torpaq!
İtkin
düşən oğlun gəlir,
Yoldan gəlir,
yorğun gəlir,
Ey ulu
torpaq, ana torpaq,
Cavid gəlib,
aç qoynunu, bas bağrına,
torpaq!...
Xalq
şairi Nəriman Həsənzadə ədəbiyyatımızda
nadir olan bu hadisəyə dərin məzmunlu poetik təsvir
vermişdir:
... mən bir tabut görməmişəm,
qaldırsınlar
bayraq kimi.
Mən
yas yeri görməmişəm,
dönüb olsun
el bayramı,
təbrik
etsin bir-birini qəbristanda
gedib
hamı.
Xalq
şairi Mirvarid Dilbazi Cavidin cənazəsinin
qalıqlarının Azərbaycana gətirilməsi ilə
bağlı ümummilli liderimiz Heydər Əliyevə ithaf
etdiyi şeirində yazırdı:
Cavidi Vətənə
gətirən oğul,
Onu öz xalqına yetirən oğul.
Xalqının
misilsiz qayğılarını
Öz
çiyni üstünə götürən oğul,
Var olsun
bu oğul qeyrətin sənin!
Sağ
ol, xalqımızın igidi, mərdi!
Bu bir
şücaətdi, bu bir hünərdi:
Getdi sinəmizdən
Cavidin dərdi,
Unutmaz bu haqqı millətin sənin.
Qələmə
aldı: Hikmət XUDİYEV (CƏMİLZADƏ)
525-ci qəzet.- 2016.- 5 oktyabr.- S..4.