Sinəsində əsl şair
ürəyi gəzdirirdi...
Filosof, ictimai xadim Aslan
Aslanovun sayca o qədər də çox olmayan şeir kitablarından biri "Nəğməli
günlərim" adlanır
ki, fikrimizcə, bu ifadəyə müəllifin yalnız poeziyasını deyil, ümumən yaradıcılığını,
hətta şəxsiyyətini anlamaq
üçün istinad
etmək olar.
Xüsusilə o mənada ki, Aslan müəllimin fəaliyyəti çoxşaxəli
olsa da, xalqın yaddaşında onun daha çox
nəğməli poeziyası
qalmışdır.
Həm yaşlı, həm də orta nəsil
Aslan Aslanovun "Lalələr"ini sadəcə
xatırlamır... Və
bu misralardakı lirik sehr adamın
bütün bədəninə,
ruhuna yayılır:
Yazın
ortasında Gəncə
çölündə
Çıxıblar yenə də dizə lalələr.
Qıpqırmızı şehli ləçəklərini
Səriblər dərəyə, düzə
lalələr.
...Bulaqlar simavər, ağ daşdan
şəkər,
Oxşayır çəməndə közə
lalələr.
Şairin qələm-fırçası ilə çəkdiyi bu mənzərə-lövhə,
əslində, uydurulmamış,
təbiətdən necə
varsa o cür köçürülmüşdür. Ancaq istedadla, ilhamla, eşqlə köçürülmüşdür...
"Lalələr" sözü
hər təkrar olunduqca elə bil yeni məna-məzmun
verir, mənzərə-tablonun
miqyasını genişləndirir,
rəngi parlaqlaşdırır,
duyumu qatılaşdırır...
Aslan müəllimin lalələrlə
bağlı bir bənzətməsi də
var:
Əgər bütün lalələr
yığılsaydı bir
yerə,
Sahilləri görünməz qızıl
ümman olardı.
Və şair bənövşələrlə
danışanda da yadına lalələr düşür:
Bənövşələr, bənövşələr,
Lalələrin bağrı yara...
Eşqimizdən söhbət açın
Sizi dərən oğlanlara!..
Aslan Aslanovun laləli- bənövşəli, yazlı-
baharlı poeziyasında
güclü həyat
eşqi, yaşamaq enerjisi mövcuddur:
Baharın ətri gəlir
çöllərdən,
Budur, axır
yenə də saf sular.
Bizim pak eşqimizə, sevgilim,
Yenə mahnı oxuyur qumrular.
Estetika nə dərəcədə
Aslan müəllimin elmi tədqiqat- maraq dairəsinə daxil idisə, estetizm
də onun poeziyasının ruhuna həmin dərəcədə hakimdir:
Yadımdan çıxmayır qış
axşamında
Şirin nağılların, şirin
sözlərin.
Yorğun
çağlarımda, yorğun
anımda
Yasdığım olardı sənin dizlərin.
Ana, o zamanlar bu ağ saçların
Qaraydı nə qədər, gözlərin kimi.
Nə tez gəlib keçdi gənclik çağların
O ilk laylaların, sözlərin
kimi.
...Ana, ürəyimin telləri dindi,
Sənsən rahatlığım, sənsən
dincliyim.
Təzədən gələydi deyəcəm
indi
Mənim uşaqlığım, sənin
gəncliyin.
Aslan müəllimdə təbiətin
ən adi hadisə- təzahüründə
dünyanın bütün
gözəlliyini, zənginliyini
görüb dəyərləndirmək istedadı
vardı. Və bu xüsusiyyətin mahiyyətini "Estetika aləmində" kitabının
girişində həm
də nəzəri olaraq formulə etmişdi:
"Astronomun ulduzlar dünyasına nüfuzu, botanikin sonsuz miqdar çiçəklər arasından
həmişə eyni bir çiçəyi götürüb tədqiq
və dərk etməyə çalışmasının
özü onlara "kosmik dünyada", "çiçəklər
aləmində" ifadələrini
işlətmələrinə əsas verir və heç
də onların kainatdakı bütün ulduzların, yer üzündəki
bütün çiçəklərin
idrakını öhdələrinə
götürmələri fikrində
olduqlarını göstərmir.
Estetikanın da vəziyyəti belədir"...
Ancaq elə şeirlərinə
də rast gəlmək mümkündür
ki, bütünlüklə
obraz polifoniyasından
ibarətdir...
M.Y.Lermontova yazdığı nəzirəsində
olduğu kimi:
Dağ başında xaldımı,
qartaldımı o süzən...
Aşağıda cüyürlər məskənidir
gen düzən.
Bu yerdə göz açalı gülən
gördüm yazı mən,
Sevirəm Qafqazı mən!
Kəndlərində bir ildə neçə yol toy vurular,
Bacasından göylərə tüstüləri burular,
Dağdan axan çayları düzənlərdə durular,
Ürəyimlə dinlədim gələn hər avazı mən.
Sevirəm Qafqazı mən.
..."Qafqaz" d eyə gənc ikən mən vuruldum bu ada,
Yüz igidin adı var hər sıldırım qayada.
Hara getdim, bir an
da unutmadım dünyada
Göy Xəzəri, Göygölü,
Kürü mən,
Arazı mən,
Sevirəm Qafqazı mən.
Şeirin
orijinallığı və
ya nəzirədən
əsas fərqi, əgər belə demək mümkünsə,
üstünlüyü ondadır ki, burada Qafqaz
məhz Vətən kimi tərənnüm olunur. O
məqamlara diqqət
yetirilir, o hisslər təqdim edilir ki, böyük rus şairinin, təbii ki, ruhunu coşdura, onu yerindən oynada bilməzdi. Və bəlkə də, Aslan Aslanov məhz
buna görə əlinə qələm almış, məşhur
mövzunun XIX əsr rus poetik interpretasiyasında
çatışmayan motivi ortaya çıxarmağa
ehtiyac duymuşdu.
Aslan müəllim
vətənpərvər şəxsiyyət
olduğu qədər
də vətənpərvər
şair idi. Onun vətən
sevgisi təbiətinin
çox-çox dərin
qatlarından gəlir,
doğulduğu Ağstafadan
başlayıb o taylı
bu taylı bütöv Azərbaycanın
hüdudlarına qədər
yayılırdı. Və
təsadüfi deyil ki, gənc yaşlarında
Təbrizdəki azadlıq
hərəkatından bəhs
edən "Ümid"
poemasını qələmə
almışdı...
İllərlə qəm çəkən
doğma Təbrizim
Oyanıb
qalxmışdı artıq
ayağa,
Mən də sevinmişdim, gülmüşdü üzüm,
Dönmüşdü elə bil ürəyim
dağa.
İşi düz getmirdi ağanın, xanın,
Gülürdü gözündə xalqın
niyyəti.
İgid
oğulları Azərbaycanın
Almışdı əlinə hakimiyyəti.
...Kaş ki, mən
görəydim səninlə
birgə
Böyük günlərini Azərbaycanın.
Aslan müəllimi yaxından tanıyanlar onun emosional,
bir qədər də çılğın
xarakterindən danışardılar
ki, deyilənə görə, bu onun alim təmkini, ictimai xadim rəsmiyyətini
tez- tez pozurmuş... Çünki
sinəsində əsl
şair ürəyi gəzdirirdi...
Nizami CƏFƏROV
525-ci qəzet.- 2016.- 5 oktyabr.- S.3.