Yazan belə yazıbmış...
Bir qayda
olaraq biz - Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarixi
etnoqrafiya şöbəsinin alimləri baharın oğlan
çağında, gül əyyamında, yayın
qızmarında, qızılı payızın
bağlı-bağatlı, toylu-büsatlı vaxtında vətənin
dilbər guşələrinə səfər edir, təbiətə
pənah aparır, həm dincəlir, havamızı dəyişir,
həm də ölkəmizi daha yaxından tanımağa, bilməyə
çalışırıq.
Təkrarsız, bənzərsiz ana təbiətin qoynunda
duyğulanır, mənən daha da saflaşır,
durulaşır, dümağ, bəmbəyaz oluruq. Xəyallar aləmində
qanadlanır, pərvazlanırıq. Şairlənir,
şeirlənir, sazlanır, sözlənirik...
Səhərin gözü açılar-açılmaz,
dan yeri sökülər-sökülməz, günəş
haləsini göstərər-göstərməz
Altıağaca yol aldıq. Çox keçmədən
maşınımız el yolundan sola döndü. Boz çılpaq dağlar könlümü
oxşamadı. Pərişanlandım, bir
qədər də küskünləşdim. Bu anda dahi Cəfər
Cabbarlını, böyük şairimiz, unudulmaz Mikayıl
Müşfiqi, dost-mehribanım, Xalq şairi Cabir Novruzu, daha
kimlər-kimləri yetirən, aləmə işıq
saçan, nur ələyən məgər bu torpaqdı? -
dedim.
Pərişanlığım çox çəkmədi. Xızı
şəhərinin bir ayrı gözəlliyi qarşımda
canlandı. Sanki "bir gəl" dedi, "gəl
gör" dedi. Bu gözəllikdən
xoşhal olduq. Qurub, yaradanlara eşq olsun
söylədim. Yenidən
maşınımız yuxarıdan dərəyə endi, xeyli
yol getdik. Bənzərsizliklər qəlbimə
hakim kəsildi. Sıx ormanın dərinliyində
maşınımız sağa buruldu, dayandı. Bizi mehribanlıqla qarşıladılar, xoşgəldiniz
elədilər. Yaşıl talanın
yanındakı yanları açıq, üstü
örtülü, uzun bir köşkə dəvət olunduq.
Meşədəki quşların xoş nəşidəsi,
al-əlvan bülbülün gülə həsrət
yanıqlı səsi aydın eşidilirdi.
Hər şeyi unutmuş kimi bu əsrarəngiz təbiəti,
dağları seyr edirdik. Ayıl-mayıl olmuşduq. Başı bəyaz çalmalı dağlar,
güllü-çiçəkli yamaclar, durna gözlü
bulaqların zümzüməsi, gözəlin zülfünü
xatırladan dağ çaylarının mahnısı, şərqisi
göz oxşayır, könül xoşlayır. Bu behişt misallı dağlara, cənnətməkana
baxdıqca baxmaq, qucub bağrına basmaq istəyirsən.
Və deyirsən: "Belə bir torpaq həqiqətən elə
dahilər, dühalar yetişdirər".
Gözəl çay dəstgahı düzəlmişdi. Kəklikotulu samovar
çayından tutmuş səliqəli süfrədə nə
yoxdu: Özlərinin hazırladıqları cürbəcür
şirniyyat, növbənöv mürəbbələr, daha nələr,
nələr. Sonra talada gəzintiyə
çıxdıq, gözəlliklər aləminə valeh
olduğumuzu, ilk baxışdan bu yerlərə qəlbən
vurulduğumuzu hər addım başı bildirirdik.
Qəfildən göyün qaşı qaraldı, aləmə
zülmət çökdü. Günəşin haləsi
görünməz oldu. Lap uzaqlarda göy
gurladı, ildırım çaxdı. Şimşək
qızılı qılıncıyla yeri-göyü dilimlədi,
doğradı, gürşad oynadı. Qatar
buludlar göz yaşını ələdi. Yağış tökdü, nə tökdü.
Tut ucundan, göyün yeddi qatına qalx. Sellər-sular
aşdı-daşdı. Çaylar məcrasına
sığmadı, hər yanı uçurdu,
dağıtdı. Hardasa qəlbimizdə qorxu hissi
baş qaldırdı...
İllərcə xalqşünas alim kimi ayağımda
"kotğu" çarıq, əlimdə əsa vətənimi
qarış-qarış, pay-piyada gəzmişəm. Haralarında
olmamış, nələr görməmişəm. Lakin belə müdhiş hadisəylə heç
vaxt rastlaşmamışam. Elə bil yuxu
görür, möcüzələr, əfsanələr,
nağıllar aləminə düşmüşdüm.
Çox çəkmədi göyün üzü
açıldı. Göy qurşağı bizi kəməndə
saldı. Günəş zərrin şəfəqlərini
üstümüzə ələdi. Hər
yan sakit, heç nə olmamış kimi. Di
gəl, təbiətin şıltaqlığına mat-məəttəl
qalma, heyrətlənmə. Həyatda
görünməmiş bir aləm hökm sürdü. İnanılmaz anlar yaşadıq.
Səliqə-sahmanlı süfrədə nə yoxdu. Quş iliyi,
can dərmanı. Yenicə kəsilmiş
toğlu ətinin kababı, bozartması, kənd beçələrinin
qızartması, təzə bişmiş ətirli təndir
çörəyi, sacda məxsusi hazırlanmış yuxa.
Dulus kuzələrdə cana məlhəm
dağ bulağının suyu, qoyun pendiri, camış
qatığı, daha nələr-nələr, saymaqla qurtaran
ha deyil...
İçki içməsəm də, məclisi
açmaq xatirinə qədəhi qaldırıb bir
sağlıq demək istədim. Xatırlatdım ki, nə
yazıq ki, bu gözəl məclisin gülər üzlü
Nigarı yoxdu. Çox təəssüf
ki, onun həyat yoldaşı, əzizimiz, dost-mehribanımız
Mahmud bəy aramızda deyil. Sağlıq
olsun, gələn dəfə elə burada onların şəninə
uyar bir ayrı məclis, bir ayrı büsat qurarıq. İnşallah.
Gözlərimə inanmadım, elə bil yenə də
yuxu görürdüm. Bu da bir gözlənilməz qəribəlikdi.
Mahmud bəy və Nigar xanım maşından
düşdülər. Təranə
xanım tez qaçıb körpə Əli Rzanı
Nigarın əlindən aldı, bağrına basdı və
"Atın-tutun bu balanı, şəkərə qatın bu
balanı" oxudu. Sonra da:
"Layla
dedim yatasan,
Qızılgülə batasan.
Qızılgülün
ətrində
Şirin
yuxu tapasan"ı zümzümələdi. Şahımız,
sultanımız gəldi. Mahmudu çağırdım:
Türk oğlu türk, gəl, yanımda otur, mən də səndənəm.
Türk köklü, türk qanlı, türk
canlı, türk vicdanlı. Buradakı
bacı-qardaşların da eynən. Məclis
yenidən canlandı, elə bil bu gəlişlə aləm
gözəlliyə qərq olmuş, hər şey təzələnmiş,
məzələnmişdi.
- Ay Mahmud
bəy, bir gün işə getdim, hamımızın
anası sayılan Tamara xanım Nigarla dayanmışdılar.
Otağıma girdim, dabanbasaraq onlar da arxamca gəldilər.
Nigar xanım qəbahət işlətmiş
kimi üzümə baxmır, başını yerə dikirdi.
Tamara xanım gülər üzlə: Sizə bir şad xəbər
demək istəyirəm, Nigar nişanlanıb. Sevindim,
alnından öpdüm. Kimdi, nəçidi-dedim. Yəqin
Ordubadlıdı. Yox. Türkdü,
İstanbuldandı. Nə yaxşı, nə gözəl,
nə şad xəbər! Toylarında yallı
gedərik. Qoşa yarısınlar, qoşa
qarısınlar.
Onların Altıağaca gəlişindən dağlar
da, göylər də sevinirdi. Artıq gecdi,
Bakıya qayıtmalıydıq. Şər
qarışar-qarışmazdı. Günəş
tənbəl-tənbəl dağın arxasındakı
yatağına girhagirdəydi. Təkəmseyrək
ulduzlar sayrışırdı, gah sönür, gah
yanırdı. Nə xoş gündü, nə təkrarsız
anlardı...
Eh, sən
saydığını say, gör fələk nə sayır.
Bu şənlikdən, bu sevincdən az vaxt
keçdi. Pərişan çöhrəli
Tamara xanım vay xəbər söylədi. Teymur müəllim, axşam sizə xəbər vermək
istəmədim. Nigarın bəxti qara
geyib, taleyi daşa-qayaya çırpılıb. Türkiyədə son hadisələrin gedişində
Mahmud bəy İstanbulda şəhid olub.
Bu gözlənilməz, müdhiş xəbər məni
üşütdü. Dinməz-danışmaz qaldım.
Sarsıldım, ürəyimdən qara qanlar axdı...
Bir qayda olaraq Türkiyədə Ramazan bayramını
daha rövnəqli, daha şən keçirirlər. Bu münasibətlə
Mahmud bəy ailəsiylə birlikdə Bakıdan İstanbula
gedir. Çox keçmir Türkiyədə
ağlasığmaz, xəyalagəlməz dəhşət
baş verir. Türkiyə yerindən tərpənir,
silkələnir. Az qala kökündən
qopacaq, məhvərindən çıxacaq, yox olacaqdı. Səmasını qara buludlar örtür, aləmə
zülmət çökür. Qara
qüvvələr dövlət çevrilişi törətmək
üçün ölkəni qana, qırğına
çalxalayırlar.
Mahmud bəy iyul ayının 15-də qətiləşdi,
getməyə hazırlaşdı. Bacılar onun boynuna
sarıldılar, ağladılar. Anası
yalvardı. Qucağımda körpə
yalvardım mən də. Atayla oğul
qarşı-qarşıya, göz-gözə dayandılar.
Hamı sükuta qərq oldu. Mahmud halallaşdı, getdi. Qolları sinəsində
çarpazlaşan Əli Rza kişi
oğlunun arxasınca baxdı, baxdı. Mahmud bəy
silaha sarılaraq özünü odun, alovun içinə
atdı. Şəhid oldu Türkiyənin
uğrunda.
Türkiyə vətən üçün
doğulanların, vətən yolunda canlarından keçənlərindir. Yenilməz
türklərin başlarının üstə Allahları,
ürəklərinin başında vətənləri. Onlar "Torpaq əgər uğrunda ölən
varsa, vətəndir" inamı ilə yaşayırlar.
Bu inamı, bu əqidəni bir daha dünyaya car
elədilər. Nələrə qadir
olduqlarını sübuta yetirdilər. Ya vətən,
ya ölüm hünərini yaşadılar...
Eşitdim ki, Nigar xanım Türkiyədən
qayıdıb.
Mahmud bəylə bağlı onunla
görüşmək üçün zəng
çaldım. Ertəsi günü Akademiyanın
binasının qarşısındakı seyrangahda gözləyirdim.
Fəvvarə gümüşü
muncuqlarını göyə atıb tuturdu. Göyərçinlər fəvvarənin ətrafında
yem axtarır, səkir, süzürdülər. Hərdən insanlardan qorxurmuş kimi göyə
qalxır, qıy vurur, bir ayrı tamaşa qururdular. Gəldi, görüşdük.
Körpə quzu beşiyində
mışıl-mışıl yatırdı. Elə bil bizi
görmüş kimi gözlərini açdı. Üzünə təbəssüm qondu. Gülümsədi, qurcalandı. Necə də Mahmud bəyə oxşayırdı,
İlahi. Bu təkrarsız mənzərəyə
dözmədim. Qəhər məni
boğdu, qubar könlüm qubarlandı. Göz
yaşlarım muncuqlandı, yanağımı
yandırdı, sinəmə cığır saldı, ürəyimi
üşütdü. Nigar halımı
görcək pərişanlandı, kövrəldi, doldu,
doluxsundu.
Bil ki, mən
həmişə sənin yanındayam, əziz qızım,
Nigar xanım...
- Teymur müəllim, Mahmud vətəninin bütövlüyü, sarsılmazlığı, Türkiyəsinin uğrunda canını qurban verdi, şəhidlik zirvəsinə ucaldı. "Quranı Kərim"in və aylı-ulduzlu türk bayrağının altında torpağa tapşırıldı, əbədiyyətə qovuşdu. İyunun 29-da Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan şəhid ailələriylə görüşdü. Hamıya başsağlığı verdi, səbr dilədi. "Onlar zəfər, hünər məşəli yandırdılar, ölmədilər, ölməzliyə qovuşdular" dedi. Mahmud bəyin adı əbədiləşdi. İstanbula, yaşadığı küçəyə onun adı verildi. Oxuduğu məktəb indi onun adını daşıyır. Başqa imtiyazlarla yanaşı mənə həmişəlik təqaüd verilməsi qərarlaşdırıldı.
Ona ürək-dirək verdim: - Bəlkə Altıağacda gözə gəldin. İnanmıram. Bəlkə alın yazısıymış. Bəlkəsiz. Görünür, yazan belə yazıbmış. Yəqin. Nigar, sən məni təkcə elmi rəhbər deyil, həm də mənəvi ata sayırsan. Dinlə məni, səbirli ol. Təmkinli davran. Dostdan çox düşmən var. Sən Əli Rzanı böyütməli, ərsəyə gətirməli, kamala yetirməlisən. Çalış, ürəkli böyüsün. Mərdlik, mübarizlik məşəli yandırsın. Bir də, qızım, dissertasiya işin hazırdı. Bir az keçsin, özünü ələ al.
Nigar qəfildən məni unutmuş kimi üzünü uca göylərə tutub, yanğılı bir ah çəkdi: "Allahım, sən verən payımdı, Mahmuddan əvəzsiz yadigardı, əmanətdi. Adını qayınatam Əli Rzanın, atam Əlirzanın şərəfinə qoymuşuq. Ömrümü, günümü atasız balama qurban verəcəm. Onların şərəfinə böyüdəcəm. Böyük komandan, nizami orduya başçı edəcəm. Türkiyəni, Azərbaycanı fitnə-fəsadlardan qoruyan orduya başçı. Mahmudun ruhunu şad eləyən, mənə fərəh gətirən oğul. Allahım, mənə kömək ol. Qol-qanad ver. Diləyim hasil olsun"...
Sağollaşdıq... Düşünürəm. Türkiyədə və Azərbaycanda şəhid oğulları - Əli Rza və Əlirzalar dövlətin və millətin himayəsi altında böyüyəcəklər, millətin gələcəyinə sahib çıxacaqlar.
Bu ağrılı-acılı hadisənin fəlsəfəsi üzərində düşünərkən özlüyümdə bir daha əmin oldum ki, Türkiyə və Azərbaycan üçün müəyyən edilən "Bir millət iki dövlət" qayəsi və inamı əbədidir. 15 iyul və sonrakı hadisələrin həyəcan və ağrılarını Azərbaycanda hər kəs yaşadı və yaşayır. Hər kəs Türkiyə dövlətinin və xalqının yanında oldu və yanındadır. Hər kəs Türkiyənin və nəticə etibarı ilə Azərbaycanın gələcəyini qaranlığa gömməyi hədəfləyən qara qüvvələrə öz nifrətini bildirməkdədir...
Teymur BÜNYADOV
525-ci qəzet.- 2016.- 6 oktyabr.- S.7.