Milli və bəşəri
qayğıların poetik təzahürləri Bəxtiyar
Vahabzadə lirikasında
Xalq şairi Bəxtiyar Vahabzadənin zəngin və
çoxşaxəli bədii yaradıcılığında
siyasi mövzuda qələmə aldığı əsərləri
xüsusi yer tutur.
Sovet imperiyasının bütün dünya boyu at
oynatdığı, milli varlığın və
düşüncənin buxovda saxlanıldığı
ağır illərdə ədəbiyyata gələn
şairin yaradıcılıq yolu heç də asan
olmamışdır. Hər cür milli düşüncəyə
qarşı olan hakim rus şovinist ideologiyası Sovet
yazıçısına yalnız "Sovet
qardaşlığı, vahid ölkə" kimi kosmopolit
"gerçəkliyi" təbliğ etməyə və
sosialist realizmi çərçivəsində bədii əsərlər
yaratmağa haqq tanıyırdı. Qəlbi Vətənlə
birgə döyünən gənc şairin erkən
yaradıcılığının qaynar dövrünə təsadüf
etdiyi illər İkinci Cahan Savaşının ağır
sınaqlarından çıxmış nəhəng ölkədə
gedən böyük quruculuq işləri müstəvisində
ədəbiyyata da "geniş meydan verildiyi"
şüarçılığı yalnız sosializm
quruculuğunun "qarşısıalınmaz" təntənəsindən
yazmaq düşüncəsindən çox da irəli
getmirdi.
Öz
xalqının tarixi keçmişini yalnız yaşlı nəslin
xatirələrindən və "qadağan olunmuş"
kitablardan öyrənən milli düşüncə
daşıyıcısı olan gənclik bütövlükdə
Sovet təbliğatının bərbəzəkli
yalanlarına uymur, daha ayıq düşüncə sahibi
olanlar millətin yaşadığı böyük faciəni
dərindən dərk edir, bu ağrılı hisslərini ədəbiyyatın,
sənətin müxtəlif janr və formalarında
yaratdıqları əsərlərdə büruzə verirdi.
Bəxtiyar Vahabzadə hələ erkən
yaradıcılığından doğma vətənin üzləşdiyi
basqıların əsas kökünün onun yerləşdiyi
strateji tarixi-coğrafi ərazisi, tükənməz sərvətləri
və imperiya xəstəliyinə tutulmuş dövlətlərin
yeritdiyi işğalçılıq siyasəti ilə
bağlı olduğunu yaxşı anlayır, xalqın
bütün zamanlarda apardığı mübarizə əzminə
baxmayaraq qüvvələr arasındakı nisbətin qeyri-bərabər
olmasının ona böyük faciələr yaşatdığını
açıq mətnlə dilə gətirirdi. Şair
yaradıcılığı boyu sistemin ideologiyasına zidd
sayılan milli kimlik, milli təəssübkeşlik, ana dilinin
qorunması, bölünmüş vətən niskili kimi həssas
mövzuları daim diqqət mərkəzində saxlayır,
poeziyanın müxtəlif forma və şəkillərində
qələmə aldığı şeirlərdə
xalqın tarixi yaddaşını bərpa etməyə
çalışırdı:
Sən
üzdün başını sisianovların
Yolun yoxuş oldu, dərdin min oldu.
Sənin
öz sərvətin, sənin öz varın
Əsrlər boyunca düşmənin oldu.
O illərdə
Sovet ideologiya maşını milli müstəmləkələrin
yaşadığı ağır faciələri,
iqtisadi-siyasi, mədəni geriliyi tarixin və çarizmin
üzərinə atır, sözdə özünün də
bu qaydalara qarşı olduğunu sosialist
şüarçılığı ilə beyinlərə
yeridirdi. Reallığa gələndə isə
Sovet rejimi milli müstəmləkələrdə hər
cür milli düşüncəyə, azad fikrə
qarşı çarizmdən də qısqanc və sərt
davranır, azacıq nəzərə çarpan milli meylləri
isə amansızcasına öz beşiyindəcə
boğurdu. Sovet sistemində türk-müsəlman
xalqlarına qarşı münasibət rus imperiyasının
bu xalqlara qarşı yüzillərlə davam etdirdiyi
assimilyasiya siyasəti üzərində qurulmuşdu. Bunlar azmış kimi müstəmləkə
altındakı xalqların, xüsusən də
türk-müsəlman xalqlarının tarixi
bütünlüklə təhrif olunur, onlar öz köklərindən,
doğma dillərindən, dini inanclarından qopardılaraq
milli kimlikləri unutdurulmağa
çalışılırdı.
Müstəmləkə xalqlarına süni tarix və mədəniyyət
"yaradanlar" tarixi faktlara, ortada olan danılmaz dəlillərə
və məxəzlərə deyil, Moskvanın sifarişinə
söykənən absurd ideyalarla düşüncələrdə
dolaşıqlıq yaratmağa
çalışırdılar. Xalqların min illik
folkloru, klassik ədəbiyyat nümunələri də milli
düşüncədən, tarixi reallıqdan
"uzaqlaşdırılaraq" imperiya maraqlarının təbliği
müstəvisində araşdırılıb tədqiq
olunurdu. Gənc şairin
emosiyalarını coşdurub heysiyyatına toxunan, onda
üsyan ruhu alovlandıran da xalqına qarşı həyata
keçirilən bu iyrənc imperiya siyasəti ilə
addımbaşı qarşılaşması idi. Bu məkrli
və antimilli siyasətdən qəzəblənən Bəxtiyar
Vahabzadə müxtəlif illərdə qələmə
aldığı ədəbi nümunələrdə
hansısa üstüörtülü deyimlərdən, bədii
priyomlardan, təşbeh və eyhamlardan da istifadə etmir,
sözü bütün çılpaqlığı ilə
birbaşa hədəfinə ünvanlayaraq müstəmləkəçi
şovinistlərin maskalarını yırtmağa
çalışırdı.
Ey
tarixçi,
Yazırsan
ki, filan kral,
Filan ildə
yağmaladı
ölkəmizi...
Bu tarixmi?
Gəl,
aldatma soyuq-soyuq
rəqəmlərlə
Nə
özünü,
Nə də
bizi...
Sən
yaz görüm, axı niyə
O cəbhəni
biz yarmadıq?
Qolumuzu zəncirləyən,
Varımızı
xəlbirləyən
O
düşmənlə bacarmadıq,
Bacarmadıq?
Lirikanın digər ədəbi janrlardan başlıca fərqi
yığcamlığı, həyatı bu və ya başqa
şəraitin təsiri ilə yazıçı mənəviyyatında
doğan hiss, fikir və həyəcanları göstərmək
yolu ilə əks etdirməsindədir. Siyasi lirikada
isə bu hisslərə cəmiyyətdə və dünyada
baş verən ictimai-siyasi hadisələrlə bağlı
yazıçının siyasi baxışları da əlavə
olunur və bu məqamlar əsəri daha ciddi təhlil
müstəvisinə çıxarır. Bəxtiyar
Vahabzadə siyasi mövzuda qələmə aldığı əsərlərində
demək olar ki, mürəkkəb süjet və
kompozisiyalardan istifadə etmir. Ümumiyyətlə,
sözün sadə deyilişi, fikrin anlaşıqla və
aydın ifadəsi şairin bədii
yaradıcılığına xas olan əsas cəhətlərdəndir.
Bədii sözün gücünü
yaxşı bilən, onun ictimai şüurda
yaratdığı inqilabi dəyişikliyi dərindən dərk
edən ədib əsərlərində müxtəlif bədii
detallardan, mürəkkəb ümumiləşdirmə və
sətiraltı deyimlərdən qaçaraq, bir növ
publisistik dilə üstünlük verərək poeziyanın
gücü ilə maarifçilik işi aparır. O, bu
yolla xalqın milli azadlıq hissinin oyanacağına, onun
özünüdərk istiqamətindəki
axtarışlarının isə sonda milli müstəqilliyə
gətirib çıxaracağına şair fəhmi ilə
inanırdı:
O gizli
nöqtədə:
bir
yadelli şah
Böyük tarixini danmış bu xalqın.
Demiş:
"Yer üzündə bir mənəm
Allah!"
Arzusu qəlbində yanmış bu xalqın.
O
xalqı talamış, doymamış yenə;
Sinəsi
üstündə bostan da əkmiş;
Xalqın
adətinə, ənənəsinə,
Dilinə, ruhuna qılınc da çəkmiş.
Bir tarixi həqiqəti danmaq olmaz ki, Stalinin
ölümü, Xruşşovun hakimiyyət başına gəlişi
ilə Sovet sistemində baş verən nəzərə
çarpacaq mülayimləşmə, kütləvi
repressiyaların və qətllərin ortadan
qaldırılması ədəbiyyat və mətbuat üzərindəki
basqıların da bir qədər yumşalmasına zəmin
yaratdı. Yeni ab-hava milli ucqarlara da böyük təsir
göstərdi, yerli ziyalılarda, daha çox ədəbiyyat
adamlarında - yazıçı və şairlərdə
milli hisslərin, dövlətçilik duyğularının,
azadlıq arzularının sürətlə
oyanışında böyük təkan oldu. Artıq
müstəmləkə xalqlarının ziyalılarında
milli kimlik, tarixi varlıq kimi "incə" məsələlərin,
"yabançı" düşüncələrin
axtarışı istiqamətində ciddi oyanış baş
verdi. Bu meyl isə o dövrdə
sistem üçün hələ də çox "təhlükəli"
sayılan əsərlərin yaranmasına gətirib
çıxardı. Təbii ki, Bəxtiyar Vahabzadə də
yeni ideya axtaranların sırasında idi və az
sonra bu meyllər onun yaradıcılığında daha
qabarıq şəkildə ortaya çıxdı.
XX əsr
Azərbaycan ədəbiyyatının ən çox
müraciət etdiyi mövzulardan olan, Bəxtiyar Vahabzadə
yaradıcılığının da əsas qollarından
birini təşkil edən ikiyə bölünmüş Azərbaycan
dərdinin ədəbiyyat müstəvisindəki təqdimatı
şairin yaradıcılığında yeni bir çalarda
özünü göstərdi. Hələ gənc və
perspektivli bir "ədəbiyyat adamı" statusunda olarkən
Bəxtiyar Vahabzadənin özünü gözləyəcək
bütün təhlükələri gözə alaraq, o illərdə
səs-küylü ədəbi-siyasi hadisəyə
çevrilmiş "Gülüstan" poemasını
yazması sistemə qarşı açıq cəbhə
açmasından xəbər verirdi:
Öz
sivri ucuyla bu lələk qələm,
Dəldi sinəsini Azərbaycanın.
Başını
qaldırdı,
Ancaq dəmbədəm
Kəsdilər səsini Azərbaycanın.
On illər boyu Azərbaycanın könüllü şəkildə
Rusiyaya birləşməsi ideologiyasının beyinlərə
yeridildiyi zaman kəsiyində Bəxtiyar Vahabzadənin bu
faktı qanlı bir işğal kimi birbaşa açıq mətnlə
bəyan etməsi təbii ki, hakim rejimin və ideologiyanın
xoşuna gələ bilməzdi. Məhz bu poemanın dərcindən
sonra şair rejimin ağır basqılarına və təqiblərinə
məruz qalaraq uzun müddət fəal ədəbi
yaradıcılıqdan uzaq salınmışdı.
Sistem ideoloqlarını qəzəbləndirən ən
həssas məqamlardan biri də şairin poemada illər boyu
"böyük qardaş və xilaskar" statusunda zehinlərə
yeridilən rus xalqını yad və işğalçı
obrazında təqdim etməsi idi.
..Qoyulan
şərtlərlə razıyıq deyə,
Tərəflər
qol çəkdi müahidəyə...
Tərəflər
kim idi?
Hər
ikisi yad!
Yadlarmı edəcək bu xalqa imdad?!
O illərdə
imperiya ağalarını daha çox özündən
çıxaran nəhəng ölkənin bütün mətbuat
və təbliğat vasitələrində "bölünməz
vətən, xoşbəxt Sovet insanı"
şüarının təbliğ olunduğu zaman müstəvisində
Bəxtiyar Vahabzadənin qəflətən
"Gülüstan" poeması ilə sükutu pozması,
sistemi sarsıdan qorxunc fikirləri açıq şəkildə
dilə gətirməsi idi. Şairin millətinin işğala
və işğalçılara qarşı bu qədər
dözüm göstərməsini xalqın öz
günahı sayması, azadlığın qan bahasına
qazanıldığını onun yadına salıb xalqı
zülmə boyun əyməməyə, milli mücadiləyə
çağırması təbii ki, şairə
bağışlanıla bilməzdi:
Min ləkə
vurdular şərəfimizə
Verdik,
sahibimiz yenə "ver" - dedi.
Lap
yaxşı eyləyib doğrudan, bizə
Biri
"baran" dedi, biri "xər" - dedi.
Bizi həm
yedilər, həm də mindilər,
Amma arxamızca gileyləndilər.
Ədəbiyyatdan partiyalılıq, sosialist realizmi
prinsiplərinin tələb olunduğu müstəvidə Bəxtiyar
Vahabzadənin "Gülüstan"ı o zaman sistemə
qarşı açıq üsyan idi. Çünki o poemada xalqın
tarixinin üzərinə çəkilmiş qara pərdəni
qaldırmaqla millətin zülmətə
düçar edilmiş beyninə işıq salaraq
imperiyanın on illər boyu apardığı yalan təbliğatını
darmadağın edirdi. Qədim bir xalqın paramparça edilməsinin
bir günahını da haqlı olaraq xalqın özündə
görürdü:
Hanı?...
Sormadılar - bəs yarı canın?
Niyə ucaltmırsan üsyan səsini?
Hələ
görməmişik Azərbaycanın
Bir yerdə,
biz bütöv xəritəsini...
Vətəni
iki yerə bölənlərin, qardaşın qardaşa salam verməsini belə bu xalqa çox görənlərin
ünvanını dəqiq göstərən şair bu
gün yadellilərin bizə təhqiramiz ayamalar
qoşmalarının günahkarının da
özümüzün bu təhqirlərə göstərdiyimiz
sonsuz dözümdə görürdü:
Arazın
bu
tayı Vətənim,
o
tayı Vətənim.
Vətəni
görməyə amanım
yox mənim.
Bu necə vətəndir?
Görmədim
üzünü
Çatsam
da bu yaşa
Ömründə bir dəfə.
Bəs salam verməzmi
Qardaş da qardaşa?
Bəxtiyar
Vahabzadəni həyəcanlandıran, onun qəlbində
üsyan atəşi qalayan Azərbaycanın zəngin
var-dövlətinin yadellilər tərəfindən
yağmalandığını, bu sərvətin özgələrə
xoşbəxtlik gətirməsi müqabilində özünə
göz dağı, vətən övladının öz evində
qul olduğunun şahidi olmasıydı ki, şair bu acı həqiqəti
bir vətəndaş yanğısı ilə dilə gətirirdi:
Yadlar
geyindikcə, lüt qaldın özün,
Sərvətin, dövlətin göz dağın oldu.
Gəlmələr
evində şişdi günbəgün,
Evinin sahibi qonağın oldu.
Bəxtiyar Vahabzadənin siyasi lirikası təkcə Azərbaycan,
Vətən, ana dili müstəvisində məhdudlaşıb
qalmır. Şair dünyanın bütün məzlum
xalqlarının acı talelərinə ağlayır,
onları zülmə məhkum edənlər, xalqların
azadlıq haqqını əllərindən alıb bəşəriyyətə
məhrumiyyətlər gətirənlər,
insanlığın varlığını təhdid edənlər
şairin kəskin ittihamlarına məruz qalırlar.
Sözdə quşların da nəslini məhv olmaqdan
qorumağa çalışan, reallıqda isə neçə-neçə
xalqı əridərək tarix səhnəsindən silməklə
humanizm donuna girmiş siyasi şarlatanlar, insanlığa qənim
kəsilmiş tiranlar, şahlar, dünyanı qan
çanağına döndərən gizli servislər
şairin öldürücü ittihamlarından yaxa qurtara
bilmirlər:
Gettolar
içində sən bir milləti,
Qoyun sürüsü tək hasara saldın.
Cəllad,
söylə sənin damarlarından
Axan buzlu sumu, yoxsa qanmıdır?
Quşların
nəslini qoruyur insan,
Xalqları əritmək insafdanmıdır?
Bəxtiyar
Vahabzadə yaradıcılığında ana dili təəssübü,
doğma dilə böyük övlad sevgisi, bu dilə xor
baxanlara barışmaz münasibət onun milli
düşüncəsindən doğan vətəndaş
mövqeyidir:
Sən az danışdın,
Dinib alışdın.
Dedin: -
Neyləyim?
Bütövlüyümə
Qıyırlar mənim.
Özümü
parça,
Dilimi ləhcə
Sayırlar
mənim...
Şairin siyasi lirikasında dünyanın məzlum
xalqlarının, o cümlədən, Şərq aləminin,
xüsusilə günümüz üçün daha aktual
olan ərəb dünyasının bu gün
yaşadığı acı reallıq həmişə diqqət
mərkəzində olmuşdur.
İmperialist güclərin tarix boyu müsəlman aləminin, onun əsas parçası olan ərəb dünyasının başına gətirdiyi qanlı olaylar nifrətlə lənətləmişdir:
Ehramların önündə
gündüzlər axşamadək
"Fünf piastr" deyərək,
Öz doğmaca elində
Dilənir ərəb oğlu əcnəbinin
dilində.
Vaxtilə zülmət bataqlığında çabalayan əski dünyanı öz ilahi nuru ilə işıqlandıran, onun çürüməkdə olan siyasi və mənəvi xəritəsini inqilabi bir dəyişikliklə yeniləyən, böyük İslam mədəniyyətinin varisi olaraq şanlı bir tarix yaşamış ərəb dünyasının bugünkü acı durumu, çirkin siyasət müstəvisində öz milli qürurunu miskin bir vəzifə kreslosuna sataraq beynəlxalq güclərin nökərinə çevrilən ərəb liderləri Bəxtiyar Vahabzadənin öldürücü poeziyasında tarixin mühakiməsinə verilir.
Bəxtiyar Vahabzadənin siyasi lirikası bəşəri dəyərlərin daşıyıcısı olaraq, bütün zamanlar və məkanlar üçün aktual və orijinaldır.
Ədəbiyyatın əbədi obyekti və mövzularından olan İnsan və onun fəlsəfi-poetik dərki Bəxtiyar Vahabzadənin bütün yaradıcılığı boyu məşğul olduğu əsas problemlərdən biri olmuşdur. Bu məsələyə fərqli prizmalardan, çox zaman da bir-birinə zidd qütblərdən yanaşan şairin siyasi lirikasında insan obrazı mərkəzi fiqurlardan biri kimi çıxış edir:
- Prometeydən
pay aldığın o od ilə,
axı,
bir gün
Cordanonun yandıran da sən özündün.
Qorxum
budur, o od ilə
Özünü
də yandırasan
Aman,
insan, dayan, insan!
İlham MƏMMƏDLİ
filologiya üzrə
fəlsəfə doktoru
525-ci qəzet.- 2016.- 7 oktyabr.- S..4.