Azərbaycan mühacirət ədəbiyyatının
təşəkkülü, problemləri və şəxsiyyətləri
- I məqalə
"Azərbaycan mühacirət ədəbiyyatı"
Beynəlxalq simpoziumunun (Bakı, 25-29 mart 1991) 25 illiyinə
Ötən əsrin 80-ci illərinin sonlarından
başlayaraq siyasi hadisələr fonunda mühacirət ədəbiyyatına
böyük maraq yarandı; Azərbaycan mühacirətinin
nümayəndələrinin yaradıcılığı
haqqında məqalələr yazıldı, intensiv
araşdırmalar aparıldı.
Həm
zamanın diqtəsi, həm də Nizami adına
Ədəbiyyat İnstitutunun direktoru, professor Yaşar Qarayevin
təşəbbüsü ilə "Azərbaycan mühacirət
ədəbiyyatı" (Bakı, 25-29 mart) beynəlxalq
simpoziumu çağırıldı. Simpoziumda dinlənilən
Azərbaycan və Türkiyənin görkəmli elm adamlarının siyasi
və ədəbi mühacirətlə bağlı məruzələrində
ilk dəfə olaraq adı yalnız tədqiqatçılara
məlum olan mühacirət nümayəndələrinin
yaradıcılığı və əsərləri təhlil
edildi. Həmin vaxtdan keçən iyirmi beş ildə Azərbaycan
mühacirətinin görkəmli nümayəndələri
M.Ə.Rəsulzadə, M.B.Məhəmmədzadə,
Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Gültəkin,
A.İldırım, T.Atəşli, A.Dağlı, C.Hacıbəyli,
Ü.Banin, Ə.Yurdsevər, Ə.Cəfəroğlu,
B.E.Ağaoğlu, M.Əsəd bəy və b.
yaradıcılığı təhlil edilmiş, əsərləri
dərc edilmişdir. Lakin mühacirət ədəbiyyatı
və onun nümayəndələrinin ədəbi-bədii
irsi tam olaraq nəşr edilmədiyi kimi,
yaradıcılığı da elmi-nəzəri cəhətdən
əsaslı şəkildə tədqiq edilməmişdir.
Mühacirət ədəbi-bədii irsinin zənginliyi
və müxtəlifliyi hər zaman problemi
aktuallaşdırır. Elə buna görə də
Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik,
millət vəkili İsa Həbibbəylinin təşəbbüsü
ilə "Azərbaycan mühacirət ədəbiyyatı"
simpoziumunun 25 illiyi münasibətilə ikinci bir beynəlxalq
elmi simpoziumun bu ilin oktyabrın 10-11-də keçirilməsi nəzərdə
tutulmuşdur.
Birinci simpoziumdan keçən müddətdə totalitar
sovet rejiminin ideoloji buxovundan kənarda yaranan, milli
düşüncə və iradəni fərqli şəkildə,
fərqli siyasi prizmadan təsvir edən mühacirət ədəbi,
bədii düşüncəsi çağdaş ədəbi-nəzəri
fikrin əsas tədqiqat obyektlərindən oldu. Çox az
bir zamanda mühacirət ədəbiyyatı nümayəndələrinin
əsərləri vətəndə yenidən çap olundu,
onların barəsində məqalələr, monoqrafiyalar
yazıldı, dissertasiyalar müdafiə olundu. Tədqiqatçılardan
M.Əliyev, Elçin, Ə.Mirəhmədov, K.Talıbzadə,
B.Nəbiyev, V.Quliyev,
V.Sultanlı, X.İbrahimli, M.Süleymanlı, A.Tahirli,
A.Rüstəmli, Ə.Şamil, N.Atəşi, R.Məcid,
A.Turan, Ş.Hümmətova və b. məqalə və
monoqrafiyalarında mühacirət ədəbiyyatı və məsələləri
geniş təhlil olunmuşdur. Bununla belə, arxada qalan bu mərhələdə dərc
edilən ədəbi, bədii əsərlər, tədqiqatlar
mühacirət ədəbiyyatı probleminə yenidən nəzər
salmağı, elmi-nəzəri cəhətdən fundamental
araşdırmanı şərtləndirir. Məhz bu kontekstdən Azərbaycan mühacirət ədəbiyyatının
təşəkkülü problemlərini araşdırmaq
çağdaş ədəbiyyatşünaslığımızın
əsas vəzifələrindəndir. Çünki
hələ də mühacirət ədəbiyyatının təşəkkülü,
formalaşması, mərhələləri, xarakteri və
yanaşma meyilləri ilə bağlı problemlər həll
edilməmiş qalır. İndi mühacirət
ədəbiyyatının araşdırılmasının
yeni mərhələsi gəlmişdir; necə deyərlər,
təsvirçilik və məftunluq mərhələsi arxada
qalmış, fundamental araşdırma və nəzəri təhlil
dövrü çatmışdır.
Mühacirət ədəbiyyatı yalnız Azərbaycan
bədii düşüncəsinə məxsus olmayıb,
dünya xalqlarının bir çoxunun ədəbiyyatının
əsas xüsusiyyətlərindəndir. Almaniya,
Avstriya, Portuqaliya, Polşa, Macarıstan, Hollandiya,
Yunanıstan, Çin, Suriya, Livan, Əfqanıstan, Argentina,
Uruqvay və b. ölkələrdə mühacirət bu və
ya digər şəkildə baş vermişdir. Bir sözlə, mühacirət hadisəsindən yan
keçən xalq və onun ədəbiyyatını tapmaq
çox çətindir. Yalnız Amerika və
ingilis ədəbyyatında mühacirətin olması ilə
bağlı materiallara rast gəlmək olmur. Bununla belə, düşünürük ki,
mühacirət bu ölkələrdən də yan keçməmişdir.
Bu mühacirətlərin çoxu XX əsrdə
müharibələr, siyasi sistemlərin dəyişməsi nəticəsində
baş verib. Almaniyada faşizmin əlindən
baş götürüb mühacirət həyatı
yaşayanlar çox olmuşdur. Xüsusilə
keçmiş Sovet siyasi sisteminə daxil olan xalqların hər
birinin bədii düşüncəsində mühacirət
hadisəsi, bu və ya digər şəkildə baş
vermişdir. Burada rus mühacirət ədəbiyyatı
əsas yerlərdən birini tutur. Rus
xalqı ötən əsrdə dörd mühacirət
dalğası yaşayıb; 1917-30-cu illər, 1941-1945-ci illər,
60-cı illərin sonları. Bu mühacirət
nümayəndələrinin bir neçəsi (A.Belıy,
A.Kuprin, M.Svetayeva, A.Zinovyev, A.Soljenitsın və b.) bir müddət
sonra geri-vətənə dönmüşlər. Rus inqilabından sonra M.Qorki də bir müddət
mühacirətdə yaşamış və bu dövr onun
yaradıcılığında mühacirət dövrü
kimi səciyyələnir. Rus mühacirət
ədəbiyyatının nümayəndələrindən
V.Nabokov və A.Soljenitsın Nobel Sülh mükafatına layiq
görülmüşlər. Əgər
rus mühacirət ədəbiyyatının nümayəndələri
Avropa və Amerikaya üz tutmuşlarsa, bəzi avropalı
mühacirlər isə keçmiş Sovetlərə
sığınmışlar. İohennas
Bexer keçmiş Sovetlərə mühacirət etsə də,
bir müddət sonra geri dönmüşdür. Xilda Domin isə Almaniyadan iki dəfə mühacirət
etməsinə rəğmən, sona qədər qərar tuta
bilməmiş, ölkəsinə qayıtmışdır.
Almaniyadan iyirmiyədək məşhur
yazıçı və şairin mühacirətə getməsi,
şübhəsiz, siyasi sistemə etiraz fonunda baş
vermişdi. Maraqlıdır ki, mühacirət
dalğası ən çox Rusiyada (eləcə də
keçmiş Sovetlər İttifaqında), Almaniyada, Kubada və
Polşada baş vermişdir. Avropa və
Amerikada formalaşan rus, Amerikada formalaşan ərəb
mühacir ədəbiyyatı komparativist araşdırma
kontekstində daim tədqiqat obyekti olmuşdur. Burada yaranan mühacirət ədəbiyyatları
milli bədii düşüncəni tamamlayan və
bütövləşdirən bir amil olaraq tədqiqata cəlb
edilmiş, öyrənilmişdir. Son
yüzillik həm də mühacirət ədəbi, bədii
düşüncəsinin araşdırılması
üçün yeni bir mərhələ olmuşdur. Bu mərhələdə
artıq müxtəlif coğrafiyalarda, çeşidli şərtlər
altında yaranan mühacirət irsi (istər siyasi, istərsə
ədəbi, kulturoloji) yenidən mənsub olduğu xalqa (və
vətənə!) dönür. Ötən
əsrin 80-ci illərindən mühacirət ədəbiyyatına
maraq artır. Əgər sovet sistemində
ölkədən xaricdə çap olunan ədəbi-bədii
nümunələr düşmən ədəbiyyatı
adlanaraq onun müəllifi damğalanırdısa, sistemin
çöküşündən sonra mühacirət irsinin
milli irsin bir hissəsi olaraq araşdırılması prosesi
başladı. Doğrudur, bu irsə maraq əvvəlcə
o qədər də isti olmamışdır, hətta
mühacirət irsini öyrənməklə bağlı birmənalı
münasibət yox idi. Belə ki, tənqidçi
Mark Slonim mühacir ədəbiyyatının canlı,
inkişaf edən bir tam kimi mövcud olmasına şübhə
ilə yanaşır, bir qədər də dəqiqləşdirsək,
onu ümumi ədəbiyyatın yalnız bir qolu hesab edirdi.
O, yazırdı: "Ancaq, xoşbəxtlikdən, mühacirət
ədəbiyyatı ümumi gövdə üçün yalnız bir
qoldur. O sağdır, çünki gövdəsi sağdır; o,
onun şirəsi ilə qidalanır, inkişaf edir və əgər
həmin mübadilə varsa doludur və əksinə, əgər
mübadilə dayanırsa onda o, quruyur"(Ñëîíèì Ì. Æèâàÿ ëèòåðàòóðà è
ìåðòâûå êðèòèêè // Ëèòåðàòóðà ðóññêîãî çàðóáåæüÿ. Ò. 1. Êí. 2. Ì., 1990. c. 385) .
Lakin bir çox tədqiqatçılar daha irəli gedərək
mühacirət irsinin xalqın ədəbi düşüncəsinin
bir parçası olması ilə bağlı fikirlər də
səsləndirirdi. Ədəbiyyatşünas Q.Struve yazırdı: "Bu
mühacir rus ədəbiyyatı müvəqqəti olaraq kənarda
qalmış ümumrus ədəbi cərəyanıdır və
zaman gələcək bu cərəyan ümumrus ədəbi
axınına qovuşacaq. Və
bu Rusiyadaxili
cərəyanlardan fərqli olaraq
Rusiyadan kənarda, ayrıca axan çayın suları
ümumi məcranın zəngin
ləşməsinə səbəb olacaq" (Ñòðóâå Ã.Ï. Ðóññêàÿ ëèòåðàòóðà â èçãíàíèè. 3-å èçä., èñïð. è äîï. Ïàðèæ; Ì., 1996, c. 22). Qleb Struvenin sözlərinə
görə “müvəqqəti olaraq ümumrus ədəbi cərəyanına
tərəf
yönələn cərəyan bu cərəyanın
ümumi mənbəyinə” qarışaraq onun sifətini dəyişmişdir.
Ona görə rus
ədəbiyyatını tam formada, zəngin rus mühacir mənəvi
irsini nəzərə almadan təqdim etmək mümkün
deyil. Rusiya mühacirəti fenomeni XX yüzillikdə
baş verən Rusiya üçün faciəvi hadisələrlə
bağlı idi və rus mədəniyyətinin özünəməxsus
qarantı rolunu oynayırdı.
Ayrı-ayrı xalqların mühacirət ədəbiyyatı
haqqında nəzəri araşdırmalardan aydın olur ki,
mühacirət ədəbiyyatı milli ədəbiyyatın
ayrılmaz tərkib hissəsi olmaqla müxtəlif dövrlərdə
və formalarda təzahür etmişdir. Mühacirət
ədəbiyyatının dövründən, zamanından
və şəxsiyyətlərindən,
yazdıqlarının məzmunundan asılı olmayaraq milli ədəbi-bədii
fikri zənginləşdirən və
çoxçeşidli edən faktorlardan biridir.
Artlq hamı tərəfindən qəbul edilmişdir ki, bir
çox hallarda vətənində "düşmən ədəbiyyatı"
kimi qələmə verilən bu ədəbi-bədii irs xalqın ümummilli irsinin ayrılmaz bir hissəsidir.
Mühacirət ədəbiyyatı bir neçə cəhətdən
milli ədəbiyyata zənginlik gətirir:
-birincisi,
milli ədəbi prosesdən kənarda yaranmasına rəğmən,
onu təmsil edir və yaşadır;
-ikincisi,
milli ədəbiyyatın mövzu və problematika
konturlarını, yayılma arealını genişləndirir
və zənginləşdirir;
-üçüncüsü,
milli ədəbiyyatın dünya ədəbiyyatı ilə
bağlılığına geniş imkan yaradır;
-dördüncüsü,
milli ədəbiyyat fərqli dünyagörüşlərin
(siyasi, ədəbi, kulturoloji və s.) sintezi şəklində
meydana çıxır;
-beşincisi,
ədəbi-bədii düşüncənin inteqrasiya proseslərini
gücləndirir;
-altıncısı,
vətəndə yaranan ədəbi-bədii məhsullardan fərqli
səciyyə daşımasına rəğmən, nə
zamansa yenidən vətənə dönür və
özünəqayıdış funksiyasını yerinə
yetirir;
-yeddincisi,
milli ədəbiyyatın dil baryerlərini aşaraq daha da zənginləşdirir;
-səkkizinci, mühacirət ədəbi-nəzəri
irsi vətəndə yaranan ədəbiyyata, hadisələrə
fərqli baxış sərgiləyir; və s.
Əlbəttə, ümumən mühacirət ədəbiyyatına
məxsus bu cür keyfiyyətlərin sayını artırmaq
da olardı, araşdırma boyu bu məsələlərə
yeri gəldikcə qayıdacağıq. Ancaq bir məsələni
xüsusi qeyd etmək gərəkir; Azərbaycan mühacirət
ədəbiyyatıının özünəməxsus
xüsusiyyətləri, formalaşma prinsipləri, mərhələ
və problemləri var. Bu özünəməxsusluqlar
içərisində mühacirət anlayışı da
xüsusi yer tutur. Azərbaycan mühacirət ədəbiyyatının
araşdırma dövriyyəsinə daxil olmasından sonra
(ötən yüzilliyin 80-ci illərinin sonları) belə,
bu anlayışın milli ədəbiyyat tarixçiliyimizdəki
yeri, rolu və mövqeyi hələ də öz həllini
tapmayıb: mühacirət ədəbiyyatı dedikdə nə
nəzərdə tutulur, onun təşəkkülü, mərhələləri,
nümayəndələrinin müəyyənləşməsində
hansı prinsiplər götürülür və s.
Məlumdur ki, mühacirətin tarixi, ictimai-siyasi
şərhi müxtəlif zamanlarda insanların ya toplu,
ya da tək-tək bir yerdən (könüllü, ya məcburi)
başqa yerə köçməsi ilə müəyyən
olunur. Hər şeydən əvvəl, bu
köçü (mühacirəti) doğuran müəyyən
ictimai, siyasi, iqtisadi amillərin olması da əsas
şərtlərdəndir. Çox təəssüf
ki, bizdə mühacirətin yaranma və formalaşma prinsiplərinə,
mərhələlərinə, strukturuna əhəmiyyət
verilmir, mühacirətlə bağlı üzdə olan
bir-iki məsələdən yapışıb onun sərhədlərini
daraldır, daha çox izahlı lüğətdəki
bir-iki cümlə ilə kifayətlənirik. Halbuki mühacirət mürəkkəb struktura və
xarakterə malikdir.
Mühacirət tarixinə baxdıqda
mühacirliyin müxtəlif səbəblərdən
(ictimai, siyasi, dini, könüllü və s.) ortaya
çıxdığı aydın olur. Bugünün
özündə belə mühacirətin müxtəlif
formaları təzahür etməkdədir. İndi dünyanın daha qlobal olması mühacirətin
xarakterini də dəyişib, mühacirətin yeni
formaları yaranıb. İnternet və çap
resursları indi yüz il əvvəlki
imkanlardan yerlə-göy qədər fərqlidir. Mühacirətdə yaşayaraq vətəndə, vətəndə
yaşayaraq mühacirətdə əsərlər də dərc
etdirmək mümkün olur.
Əgər sovet dövründə ölkədən
kənarda yaranan və ölkədə yazılaraq da kənarda
dərc edilən əsərlər mühacirət ədəbiyyatı
hesab olunurdusa, indi fərqli yanaşmalar mövcuddur. 1971-ci ildə Fransanın Strasburq şəhərində
anadan olan diplomat qızı Əlif Şəfəqin
yaşadığı yer həm Türkiyə, həm də
Avropadır. O, istənilən vaxt Türkiyəyə
qayıda bilir, yaxud Türkiyə qəzetlərində
köşə yazısı yazır və mühacir hesab
edilmir. "Çarpələng uçuran"
romanının müəllifi diplomat oğlu Amerikada
yaşayan X.Hüseyni isə mühacirət ədəbiyyatının
nümayəndəsi hesab edildiyindən vətəninə
dönə bilmir. Əgər ötən
yüzilliyin 20-50-ci illərində Sovetlərdə yaşayan
yazıçı və şairlərin xaricdə dərc edilən
əsərləri mühacirət ədəbiyyatı
nümunəsi hesab edilib onun müəllifi
damğalanırdısa, bu gün belə bir problem
yaşanmır. Bütün bunlar onu
göstərir ki, çağdaş dövrdə mühacirətin
forma və məzmunu dəyişmişdir. Belə olan halda biz də mühacirət ədəbiyyatı
anlayışına yenidən baxmalı, onun
konturlarını, sərhədlərini və xarakterini dəqiqləşdirməliyik.
Azərbaycan mühacirəti ədəbiyyatı
tarixinin haradan başlanması ilə bağlı ədəbiyyatşünaslıqdakı
elmi qənaətlər də müxtəlifdir. Prof. Vaqif
Sultanlının mühacirət ədəbiyyatının
tarixini ədəbiyyatımızın tarixi qədər qədim
hesab etməsində də prinsip etibarilə müəyyən
bir qanunauyğunluq var (Sultanlı V. Azərbaycan
mühacirət ədəbiyyatı, B., 1998, s. 9). Görünür, elə buna görədir ki,
prof. V.Sultanlı mühacirətin tarixini qədim ədəbiyyata
aparmaqda tamamilə haqlıdır. Xüsusilə
Nəsiminin mühacirət ədəbiyyatına aid edilməsi
fikrini ən azından inkişaf etdirmək lazımdır.
Lakin bəzi dəqiqləşdirmələrə
ehtiyac vardır; bəzən qürbət, köç,
qaçqın, sürgün ədəbiyyatını da
mühacirətin tərkibinə daxil etmək meyillərinə
rast gəlinir. Ancaq deməliyik ki, burada bəzi
səsləşmələr olsa da, bu nümunələr
bütünlüklə mühacirət
anlayışını ifadə etmir.
İnsafən prof. V.Sultanlı prinsip etibarilə
doğru yoldadır, mühacirət ədəbiyyatının
tarixi ilə bağlı müəyyən elmi qənaətləri
tamamilə doğrudur. Ancaq sonrakı mühacirətşünaslıq
bunları inkişaf etdirmək, üzərində bir qədər
geniş dayanmaqdansa, bu konsepsiyanı heç bir arqument
göstərmədən rədd etməklə məşğuldur.
Fikrimcə, burada bir yanlışlıq
vardır; belə ki, tədqiqatçılar Azərbaycan
mühacirətinin tarixini XX əsrdən başlayarkən ya
rus mühacirət ədəbiyyatının başlanma
tarixini mexaniki olaraq götürmüşlər, ya da Azərbaycan
ədəbiyyatınıın qədim dövrünü nəzərə
almamışlar. Mühacirətlə
bağlı başqa tədqiqatalardan da elə
görünür ki, mühacirət dedikdə biz yalnız
siyasi səbəblər üzündən ölkədən
gedənləri nəzərdə tuturuq, halbuki
könüllü, yaxud iqtisadi səbəblərdən də
gedənlər də mühacirət anlayışına daxil
olur. Yaxud siyasi səbəblərdən
ölkəni tərk edənlər yalnız XX əsrəmi
aiddir? Doğrudanmı, siyasi səbəblər
üzündən Azərbaycanı tərk edərək
mühacirətdə yaşayanların yaratdıqları milli ədəbiyyatın
tarixi XX əsrdən başlayır? Doğrudanmı,
mühacirət ədəbiyyatının nümayəndəsi
olmaq üçün mütləq şəkildə
mühacir vəsiqəsinin olması lazım gəlir? Mühacirət ədəbiyyatı nümunələrinin
məzmununda mütləq şəkildə siyasi
düşüncə özünə yer etməlidirmi?
Elə isə təhsil üçün İstanbula gedən
Gültəkinin (Əmin Abid) 20-ci illərdə Türkiyədə Azərbaycan
mühacirət mətbuatında dərc edilən siyasi ruhlu
şeirlərini hara aid edək?! Vətəndə
yaranmayıb, mühacirətdə yaranan və mühacirət
mətbuatında dərc edilən əsərlərə
müchacirət ədəbiyyatı adı verməkdən
başqa çarə qalmır. Üstəlik, Gültəkinin
şeirləri siyasi və ədəbi mühacirətin
özünə belə təsir göstərmişdir! Rəsmi, ya siyasi olaraq mühacir olmayanların
yaradıcılığını mühacirət ədəbiyyatına
aid etmək mümkündürmü? Və
ya əksinə rəsmi olaraq mühacirətə gedən,
lakin yaradıcılığında mühacirlik məzmununu
özündə daşımayan əsərləri mühacirət
kontekstində öyrənməliyikmi? Nədən
siyasi səbəblər üzündən Azərbaycandan
Türkiyəyə, Fransaya, Almaniyaya və b. yerlərə gedənlərin
yaradıcılığını mühacirət, eyni səbəblər
üzündən Ruma, Hələbə mühacirət
etmiş İ.Nəsiminin yaradıcılığını
milli arealda yaranmış ədəbiyyat kontekstində öyənirik?!
Hansı əsasla, meyarla və prinsiplə?!
Türkiyəyə köç edən və orada
yaşadığı müddətdə bir neçə dəfə
Azərbaycana gəlib-gedən Ə.Ağaoğlunun,
Ə.Hüseynzadənin və b.
yaradıcılığını mühacirətə daxil ediriksə, nədən Hələbdə
qətlə yetirilən Nəsimini bura aid etməkdə tərəddüd
edirik? Bu cür suallar çoxdur!..
Əslində isə minillik yazılı ədəbiyyat
tariximizə nəzər saldıqda mühacirət ədəbiyyatının
tarixinin daha qədimlərə gedib
çıxdığını aydın görmək olar. Çünki
köç, ya mühacirlik Azərbaycan siyasi həyatında
yalnız XX əsrin siyasi hadisəsi olmayıb daha qədimlərə
gedib çıxır. Məsələyə akademik
İsa Həbibbəyli də məhz bu kontekstdən
yanaşır: "Müxtəlif səbəblərdən Azərbaycandan
Şərqə və Qərbə mühacirət etməli
olanlar orta əsrlərdə və sonrakı dövrlərdə
də mövcud idi" (Azərbaycan mühacirət ədəbiyyatı;
reallıqlar, problemlər, vəzifələr. II
Beynəlxalq elmi konfransının materialları. B., 2016,
s. 6). VII-XI əsrlərdə Azərbaycandan
Ərəbistana köçürülərək "məvali"
(gəlmə) şairlər adı verilən bir çox
şairlərimiz (Musa Şəhavat, İsmayıl ibn Yəssar
və b.) mühacirət statusuna daha çox
yaxınlaşır. "Məvali"
(azad əsir) adı isə islamın ilk dövrlərində əsir
tutularaq müsəlmanlığı qəbul etmiş, yaxud da
könüllü surətdə yeni dinin bayrağı
altına keçənlərə verilirdi. Burada Azərbaycan ədəbi mühitində deyil,
mühacirətdə yaşayaraq ərəb dilində yazan
şairlər nəzərdə tutulur. Şərqşünas
alim M.Mahmudov bu şairlərin yaradıcılığında
azərbaycanlı ruhunun yaşamasını nəzərdə
tutaraq yazırdı: "Azərbaycanlı ruhu, azərbaycanlı
təfəkkürü, azərbaycanlı zövqü ərəbdilli
ədəbiyyata daxil olaraq bu ədəbiyyatın mövzuca
genişlənməsinin əsas amillərindən birinə
çevrilmişdir" (M.Mahmudov. VII-XII əsrlərdə
ərəbcə yazmış Azərbaycan şairləri.
b., 1983, s. 76). Görəsən, bu şairləri
mühacirət ədəbiyyatı kontekstində öyrənməyimizə
nə mane olur? Bu şairlərin
yaradıcılığını mühacirət ədəbiyyatı
kontekstində öyrənmək həm də ona görə
yaxşı olar ki, yazılı ədəbiyyatımız
birbaşa ərəbdilli ədəbi nümunələrlə
başlamaz və illərdi ədəbiyyat tariximizdə
mövcud olan bu qüsuru aradan qaldırmış olarıq.
Ə.Xaqaninin
Şirvanşahlar sarayından siyasi səbəblər
üzündən Təbrizə getməsi də mühacirətin
təzahür formasıdır (vətəndən vətənə
də mühacirət olur, üstəlik başqa-başqa
siyasi hakimiyyətlər olub). Yaxud Gəncədə
anadan olmuş Məhsəti Gəncəvinin Orta Asiyaya
mühacirət etməsi faktını yada salaq. Beyləqanlı Mücirəddin Beyləqaninin Atabəylər
sarayından Təbrizə gedərək orada qətlə
yetirilməsində də mühacirlik statusu yox deyil. Azərbaycandan uzaqda yaşayıb-yaratmağa məcbur
olmuş, hurufi fikirlərinə görə Hələbdə
qətl edilmiş İ.Nəsiminin
yaradıcılığı mühacirət ədəbiyyatı
anlayışına nəzəri və praktik cəhətdən
daha çox uyğun gəlir.
Azərbaycanda anadan olmuş, hurufiliyin təhlükədə
olduğu zaman Murad xan Qazinin dövründə Ruma getmiş,
orada da qala bilməyərək Hələbə getmişdir.
Hurufilərin gizli fəaliyyətə keçməsindən
sonra mühacirət dalğasının yaşanması
İ.Nəsimini də mühacirətə aid etməyimizə
tamamilə imkan verir.
Tarix boyu Azərbaycan alimlərinin, şairlərinin
müəyyən işğallar nəticəsində səsləri
Ərəbistandan, Hindistandan və dünyanın
müxtəlif yerlərindən gəlmişdir.
Həbibinin
yaradıcılığının böyük bir hissəsini
Türkiyədə keçirməsinə rəğmən, nədən
onun, heç olmasa, mühacirətdəki
yaradıcılığını bu kontekstdə öyrənmirik?!
Ömrünün bir hissəsini Azərbaycanda
yaşamış Ə.Hüseynzadə, Ə.Ağaoğlu,
A.İldırım və b.
yaradıcılığını mühacirətə aid
edir, ancaq eyni aqibəti yaşayan Həbibini, Zülalini,
Sürurini və b. kənarda qoyuruq. Problemə
hansı kriteriya və prinsiplə yanaşmamızı dəqiqləşdirməliyik.
Qədim dövrdə Azərbaycan ərazilərindən
kənarda (Hindistanda, İraqda, Suriyada və s.) yaşayıb
yaradan şairlərin yaradıcılığını
hansı prinsiplər əsasında öyrənməyin, tədqiq
etməyin zamanı gəlmişdir. Qəbul
edək ki,"Azərbaycan ədəbiyyatı tarixi"
anlayışının və buraya daxil olan nümayəndələrinin
yaradıcılığının hansı prinsiplərlə
öyrənilməsi məsələsinin özü də hələ
tam olaraq formalaşmayıb. Lakin bu problem haqda sonra...
Araşdırmalar göstərir ki, ədəbi
mühacirət XX əsr hadisəsi olmayıb, daha əvvəllərə
gedib çıxır. Azərbaycan ədəbiyyatının qədim
və orta əsrlər dövründə mühacirət ədəbiyyatı
anlayışına uyğun gələn nümunələr
çoxdur. Ona görə də ədəbiyyat
tarixçiliyimizdə bu problemə yenidən baxmaq lazım gəlir. Azərbaycan siyasi və
ədəbi mühitində zaman-zaman bir yerdən digər yerlərə
mühacirlik baş vermişdir. Ancaq bizdə
nədənsə mühacirət dedikdə daha çox siyasi
səbəblər baxımından ölkəni tərk edən
mühacirlərin yaradıcılığına müraciət
edilir. Halbuki mühacirliyin yalnız siyasi məsələlərdən
deyil, iqtisadi problemlərdən də yaranması ilə
bağlı faktlar vardır. Hətta tamamilə səbəbsiz
və könüllü olaraq bir yerdən başqa yerə
köç edərək yazıb-yaradan ədəbi şəxsiyyətlər
də az olmamışdır. Bütün
bunlara rəğmən, Azərbaycan ədəbiyyatşünaslığında
mühacirət ədəbiyyatı dedikdə daha çox XX
yüzilin əvvəllərindən sonrakı dövr nəzərdə
tutulur. Doğrudan da, Azərbaycan siyasi və ədəbi
mühacirəti məhz bu dövrdən başlayaraq intensiv
şəkildə təşəkkül tapır və yeni mərhələ
olaraq formalaşır. Lakin bu o demək
deyil ki, mühacirət ədəbiyyatını yalnız bu
dövrlə məhdudlaşdırmaq lazımdır. XX əsrə qədər mühacirliklə
bağlı (tarixi, ictimai-siyasi, ədəbi-bədii
rakurslarda) əgər müəyyən faktlar və
nümunələrin olması ilə bağlı yeni faktlar,
araşdırmalar bu problemə yenidən nəzər
salmağımızı şərtləndirir. Xüsusilə, XIV əsrdən başlayaraq (İ.Nəsimi
də bura daxil olmaqla!) bir çox Azərbaycan şairlərinin
Türkiyəyə köç etdiyini görmək olar.
Ötən
yüzilliyin 20-ci illərində Azərbaycan ədəbiyyatı
tarixçiliyi istiqamətində fundamental araşdırmalar
aparan İsmayıl Hikmət ölkədən kənarda (oxu:
mühacirətdə) yaşayan şair, ədib və alimlər
içərisində Hamidi, Xəlili, Həbibi, Haşimi,
Süruri, Bəsiri, Matəmi, Kişvəri, Bidari, Səhabi,
Pənahi, Şahi, Acem Niyazi, Şah Qasım, Nami, Məsum,
Füzuli, Saib, Qövsi, Məsihi və b. adlarını
çəkir (İ.Hikmet. Azerbaycan edebiyatı
tarihi. Ankara, "Akçağ",2013,
s. 223).
Deməli ki, bu yanaşma, əslində, ədəbiyyat
tarixçiliyinin ilkin formalaşma dövründə zəif də
olsa olmuşdur. Ədəbiyyatşünasın bu
şairlər haqqında yazdığı oçerklərdə
onların vətəni tərk etmələrinin nədənləri
tamamilə mühacirət anlamına uyğun gəlir. Həbibinin mühacirətə getməsini təsdiqləmək
üçün M.F.Köprülüzadəyə istinad etməsi
bu şairləri mühacirət çətiri altında
araşdırdığını bir daha göstərir.
Həbibinin Səfəvi sarayından ayrılması ilə
bağlı M.F.Köprülüzadə yazırdı:
"Yalnız Həbibi kibi meliküş-şüəralıqla
təkərrüm edilən bir şairin Səfəvi
sarayındakı parlaq mövqeyini buraxaraq İstanbula gəlməsi
bir az manidardır. Həbibinin vəfatından epey sonra
yazılmış olan təzkirələrimizin bunun əsbabı
haqqında bir
şey söyləməməsi təbii olsa belə, Sam Mirzə
kimi bu hadisəni çox yaxşı bilməsi bir müəllifin
bu mühacirət hadisəsi haqqında bütünlüklə
səssiz qalması bunun xüsusi və mühüm səbəbdən
gəldiyini göstərir" (Yenə orada, s. 257).
İlk Azərbaycan ədəbiyyatı
tarixçilərindən biri İ.Hikmətin bu şairlərdən
bəhs edərkən onların vətəndən getmə səsbəblərini
siyasi, iqtisadi səbəblərə bağlaması mühacirət
anlayışını içinə alır. Təsadüfi deyil ki, bu şairləri yerli təzkirəçilər
"əcəm"i olaraq görür və təhlil edirdilər.
Akademik Həmid Araslı da hələ sovet dövründə
Osmanlı ədəbiyyatına təsir göstərən
mühacir Azərbaycan şairləri haqqında vaxtilə həyəcan
təbili çalaraq yazırdı: "Bu şairlərdən
çoxunun əsərləri itib batmış, bir hissəsi
başqa şairlərə istinad edilmiş, yalnız xatirələri
təzkirələrdə saxlanmışdır"
(H.Araslı. Böyük Azərbaycan şairi
Füzuli. B., 1958, s.47).
H.Araslı onların mühacirətdə olduğunu nəzərdə
tutmuş və o kontekstdə qiymət verməyə
çalışmışdır. Əlbəttə, o
dövrdə H.Araslının Türkiyə arxivlərində
araşdırma aparmağa imkanı yox idi. Ancaq
mühacirətdə yaşayan prof. Ə.Cəfəroğlu
bu dövrdə Azərbaycandan Osmanlıya gedən bu şairləri
açıq şəkildə və çox doğru olaraq
mühacirət nümayəndələri hesab edirdi:
"XV-XVI əsrlərdə Azərbaycandakı siyasi və
ictimai həyat şərtləri nəticəsində
mühacirətə yollanan bir sıra şair və alimlərə
də təsadüf etmək mümkündür. Belələrindən Türkiyəyə (əslində
Osmanlı olmalıdır, lakin məqalənin
yazıldığı dövrdə Türkiyə
adlanırdı-B.Ə.) köçən şair və alimlər
yeni vətənlərində yaradıcılıq fəaliyyətlərini
uğurla davam etdirmişdilər. XV əsrdə
Türkiyəyə mühacirət edən şairlərdən
Hamidinin və Haşiminin adlarını ayrıca xatırlamaq
istərdik. XVI əsrdə mühacirətə
yollanan sənətkarların sayı daha da
artmışdı. Süruri, Şahi, Tüfeyli, Həbibi,
Xəlili, Matəmi, Arifi, qasımi, Bidari, Şəhabi, Pənahi,
Hafizi, Xəlifə, Məsihi, Xəzani, Həsiri, Məşəbi,
Anka, Bəsiri, Mir Qədri, Mühiddin Məhəmməd, Yusif
bin Məhəmməd, Məhəmməd Şəhidi və
b. həmin dövr ədəbi mühacirətinin nümayəndələri
sayıla bilərlər"( Ə.Cəfəroğlu. Seçilmiş əsərləri. B., 2008, s.
127).
Şah
İsmayıl Xətai sarayında "məliküşşüəra"
kimi tanınan Həbibi haqqında "...1514-cü ildə
Osmanlı ordularının Təbrizi işğal etmələri
nəticəsində Türkiyəyə mühacirətə gəlmişdi"
fikirləri də göstərir ki, Ə.Cəfəroğlu
bu şairlərin yaradıcılığına tamamilə
doğru olaraq mühacirət ədəbiyyatı kontekstində
yanaşmışdır. Bu şairlər içərisində
görkəmli və bizə tanış
olan şairlərlə yanaşı, tanış olmayan, hələ
də tədqiqatçısını gözləyən
şairlər də vardır. Bunların
içərisində Mövlana Hamidi xüsusi yer tuturdu.
O, 1456-cı ildə doğulduğu İsfahanı tərk edərək
İstanbula getmiş və burada Sultan Məhəmmədin məhəbbətini
qazanmışdır. Hamidinin
yaradıcılığı ilə bağlı ilk tədqiqatlar
müəllifi İ.Hikmət "Azərbaycan ədəbiyyatı
tarixi" kitabında geniş məlumat verir. Ə.Cəfəroğlu
isə Hamidinin şeirlərinin "ədəbi məziyyətlərindən
daha çox dövrün siyasi və ictimai məsələlərini
işıqlandırmaq baxımından maraq doğurur" qənaətinə
gəlirdi
Bu şairlərin bir çoxunun
yaradıcılığında Nəsimi şeir məktəbinin
ənənələrini davam etdirmələri də onu
göstırirdi ki, onlar vətənlərini məhz
ictimai-siyasi nədənlərdən tərk etmiş, şeirlərində
hurufi (oxu: ideoloji, siyasi-ictimai!) təriqətinə meyil
etmişlər. Bizə belə gəlir ki, Xəlili, Süruri, Tüfeyli
və b. yaradıcılığı da bu istiqamətdə
araşdırılmalıdır. Bu həm də
onu göstərir ki, bu şairlərin
yaradıcılığını Nəsimi ədəbi məktəbinin
nümayəndələri olaraq mühacirət ədəbiyyatı
kontekstində öyrənməyimiz daha məntiqi və əhəmiyyətli
olardı. Göründüyü kimi, bu
gün Azərbaycan ədəbiyyatı tarixi (Azərbaycanda
yaranan ədəbiyyat tarixi yox!) çətiri atında
öyrəndiyimiz bir çox şairlər əslində
mühacirət ədəbiyyatının nümayəndələridir.
Hazırda Türkiyədə yaşayan tədqiqatçı
alim Dç.Dr. Vüsalə Musalı isə "Osmanlı təzkirələrində
azərbaycanlı mühacirlər" məqaləsində
orta əsrlər Azərbaycan mühacirlərini ortaya
çıxarmışdır (V.Musalı. Osmanlı təzkirələrində
azərbaycanlı mühacirlər. "Türk
xalqları ədəbiyyatı; mənşəyi, inkişaf mərhələləri
və problemləri". Beynəlxalq
konfransın materialları. Bakı, 1-2 dekabr, 2015, s.
380-385). Tədqiqatçı Türkiyəyə
köçmüş Azərbaycan şairlərinin Osmanlı
dövlətinin mədəni həyatında mühüm rol
oynadığını qeyd edərək yazır:
"Osmanlı təzkirələrinə
baxdığımızda XV əsrdən etibarən bir
çox Azərbaycan şairi, rəssam və alimləri
Türkiyə torpaqlarına köçdüyünü
görürük. Bunların bir hissəsi
öz ölkələrində baş verən siyasi hadisələrlə
razılaşa bilmədiklərindən vətənlərini tərk
edir, bir hissəsi isə zorla köçürülməyə
məcbur edilirdi"(Yenə orada, s. 380). Tədqiqatçı
Türkiyə arxivlərində geniş araşdırmalar
apararaq Osmanlıda yazıb-yaradan 40-dan çox mühacir
şairin olduğunu göstərir. Bunlar arasında
Gülşəni, Qəribi, Xəlili, Niyazi, Həbibi,
Süruri, Bəsiri, Bidari, Cəlili, Dərviş Şəfi,
Eyşi, Əbdi, Hafiz, Hakimi, Xəzani, Məhəmməd
Əmin, Nəbati, Nütqi, Pənahi, Səhabi, Şah
qasım, Şahi, Şəmsi, İzzi, Nsira Dədə, Kamil
İshaqzadə, Kəşfi və b. adlarını xüsusi
qeyd etmək olar. Lakin bir şey aydındır;
bu şairlərin Osmanlıya getməsi sıradan bir səbəblə
olmamış, ciddi siyasi səbəblə bağlı
olmuşdur. Hər halda bu dövrü
siyasi səbəblərdən mühacirət etmiş ilk
köçlərdən biri hesab etməməyimizə
heç bir səbəb yoxdur. Bunlar siyasi,
sosial-iqtisadi üzündən Osmanlıya getmişlər.
Osmanlı təzkirələri üzərində
araşdırmalar aparan Doç.Dr. V.Musalının gəldiyi
qənaət tamamilə yerindədir: "...XV əsrdən
etibarən müxtəlif səbəblərlə Osmanlı
ölkəsinə mühacirət etmiş Azərbaycan
şairlərinin həyat və yaradıcılığının
tədqiqinə və əsərlərinin nəşrinə
ehtiyac vardır. Osmanlı təzkirələrindən
haqlarında ilkin məlumat əldə etdiyimiz 40 şairin
böyük əksəriyyəti Azərbaycan mühacirət ədəbiyyatının
araşdırılmamış səhifəsini təşkil
edir" (Göstərilən məqalə, s. 384).
Tədqiqatçı
Şahbaz Şamıoğlu isə “Borçalıda ədəbiyyat
və ədəbi-mədəni həyat” monoqrafiyasında
(Bakı, Gənclik, 2002) tarixi-siyasi səbəblərdən vətəni tərk edərək, Doğu
Anadoluda məskunlaşan Borçalı türklərinin –
qarapapaqların mühacirətdə bir ədəbi mühit,
bu mühiti yaşadan ardıcıllar yetişdirdiyini
yazmış, XVI əsr qadın şair Bağdad, Bala bəy
(XIX əsr), Xoca İrfani (XVIII-XIX əsrlər), Sadayi (XIX əsr)
və b. adlarını çəkmişdir. Göründüyü
kimi, tədqiqatçı tarixi hadisələr fonunda vətəni
məcburən tərk edənləri məhz mühacir hesab
etmişdir (Göstərilən əsər, s. 41).
Məsələ burasındadır ki, XIX əsrə
qədər əsasən Şərq kontekstində
inkişaf edən Azərbaycan bədii düşüncəsi
bu zamandan başlayaraq fərqli ictimai-siyasi məkanda
formalaşma imkanları qazanır. Rus
işğalından sonra bədii düşüncədə
bu hadisəyə münasibətin ifadə olunma
çalarları artır, bəzi əsərlərdə
bu ilhaq mütərəqqi, bəzən də mənfi
yönlərdən ədəbi dövriyyəyə gətirilir.
XIX yüzilliyin əvvəllərində siyasi
mühacirətlə yanaşı, ədəbi mühacirət
də baş verir. Təəssüf ki,
bizdə hələ də siyasi mühacirət dedikdə XX
yüzilliyin əvvəlləri başa düşülür.
Halbuki məhz ilk rus işğalına
qarşı XIX yüzilliyin əvvəllərində baş
verən siyasi mühacirət həm də mühacirət ədəbiyyatını
formalaşdırmışdır. Eynilə
bolşeviklərin gəlişilə Azərbaycanda milli ruhlu ədəbiyyatı
susdurmaq mümkün olduğu kimi, o zaman da ədəbiyyat bu
işğala zəif də olsa təpki göstərmişdir.
Nəticədə XIX yüzildə Azərbaycandan kənarda bir
mühacirət ədəbiyyatı
formalaşmışdır. Biz burada ölkədən
kənara getmiş tək-tük mühacirlərin
yaradıcılığını yox, mühacirət ədəbi
məktəbinin yaranmasını nəzərdə tuturuq.
Sadəcə olaraq sovet ədəbiyyatşünaslığı
və çağdaş elmimiz bu problemi
araşdırmadığından ədəbi və siyasi
mühacirətin tarixi XX yüzilliyə çəkilmişdir.
Məsələ burasındadır ki, XIX
yüzilliyin əvvəllərində yaranan mühacirət ədəbiyyatı
ilə bağlı ilk araşdırmanı da Azərbaycan
mühacirətinin görkəmli nümayəndəsi Əhməd
Cəfəroğlu aparmışdır. "Azəri ədəbiyyatında
istiqlal mübarizəsi izləri" adlı dörd məqaləsində
Azərbaycanda istiqlal mübarizəsi ədəbiyyatını
geniş təhlil edən tədqiqatçı XIX
yüzilliyin əvvəllərində rus
işğalını qəbul etməyərək Türkiyəyə
gələn şairlərin əsərlərini məhz
mühacirət ədəbiyyatı nümunəsi olaraq təqdim
edir. Özünün də içində olduğu mühacirət
ədəbiyyatını araşdıran tədqiqatçı
yazır: "Azərbaycandan kənarda Azərbaycan
istiqlalını müdafiə edən Azəri şeir məktəbi
Türkiyə mühitinə o qədər də yeni
görünməməlidir.Vaxtı ilə Amasiyaya mühacirətə
gələn azərilər arasında belə bir milli şeir
məktəbi yaradılmış, lakin bəzi səbəblər
üzündən, təəssüf ki layiqincə inkişaf
etdirilə bilməmişdi" (Ə.Cəfəroğlu. Seçilmiş əsərləri. B., 2008, s.239).
Qeyd edək ki, XIX yüzil siyasi mühacirətindən
sonra Türkiyəyə gedən şairlər haqqında məlumatımız
çox azdır. Bu istiqamətdən yanaşdıqda
mövcud rus ekspansiyasına qarşı mübarizə
aparan və əsərlərində ideloji cəbhə
açan Seyid Nigarini göstərmək olar. Seyid Nigarini XIX yüzillikdə Azərbaycan
mühacirətinin ən görkəmli nümayəndəsi
hesab etmək olar. O, əvvəlcə Amasiyada Şeyx
İsmayıl Siracəddin Şirvaninin müridi olduqdan sonra
Qarabağa dönmüş, bir müddət sonra isə siyasi
səbəblər üzündən yenidən məcburən
Türkiyəyə-Amasiyaya getmiş, orada yaşayıb yaratmışdır.
İsmayıl Şirvani özü də 1820-ci
ildə Şamaxı komendantı erməni Mədətov tərəfindən
vətənindən uzaqlaşdırılmış, əvvəlcə
Ahıskaya, sonra isə Amasiyaya yerləşmişdi. Ə.Cəfəroğlu da yuxarıdakı fikrində
məhz İ.Şirvani və S.Nigarini nəzərdə
tuturdu. Nigarinin şeirlərindəki milli
ruh və mühacir ruhunun yaşadılması onun tamamilə
mühacirət ədəbiyyatı nümayəndəsi hesab
etməyə əsas verir. Ancaq S.Nigari
Amasiyada yaşayıb yaradan tək Azərbaycan şairi
olmamışdır, yoxsa tədqiqatçı professor burada
yaranan ədəbiyyatı Azəri şeir məktəbi hesab
etməzdi. Ə.Cəfəroğlu bu
şairlər içərisində Sadi Qarabaği və Seyid
Nigarinin oğlu Seracinin də adlarını çəkir və
şeirlərindən nümunələr verir. XIX
yüzil mühacirətilə tədqiqatçının
özünün də içində olduğu mühacirət
arasında ideya yaxınlığının olduğunu bildirən
Ə.Cəfəroğlu yazırdı: "Amasiyalı Azəri
şairlərinin ruslara qarşı mücadiləsi son on iki
ildə Türkiyəyə pənah gətirən mühacir Azəri
ziyalıları arasında daha geniş
yayılmışdı. İstanbulda nəşr
edilən Azəri istiqlal mücadiləsi mətbuatı bu ədəbi-siyasi
məktəbə geniş yer verməklə milli mücadilənin
daha da qüvvətlənməsinə xidmət
etmişdir" (Yenə orada, s. 240). Doğrudan da, istər
XIX, istərsə də XX yüzilliklərin başında gələn
ədəbi mühacirət xarakter baxımından bir-birinə
yaxındır və
eyni mahiyyətlidir. İndi qalır mühacirət
mətbuatı səhifələrində Ə.Cəfəroğlunun
dediyi nümunələri tapıb araşdırmaq...
Bu da var ki, mühacirətdə olanların hamısı
əsərlərində vətən idealını
yaşatmamış, bəzən isə
yaradıcılığını davam etdirməmişdir. Şübhəsiz, XX
yüzilə qədər olan mühacirlərin
yaradıcılığında bu xüsusiyyət az inkişaf etmişdir. Yəni
onlar mühacirətdə yaşasalar da, əsərlərində
daha çox qürbətçilik, həsrət motivləri
yer almışdır. Lakin eyni vəziyyətlə
XX əsr mühacirləri arasında da qarşılaşmaq mümkündür.
Azərbaycan mühacirət ədəbiyyatının iki məşhur
nümayəndəsinin yaradıcılığına nəzər
salaq: bunlardan biri Ə.Hüseynzadə əgər Türkiyədə
çox az yazmışsa, digəri
Ə.Ağaoğlu son dərəcə zəngin və məhsuldar
yaradıcılıq yolu keçmişdir. Ancaq
hər ikisinin əsərlərində digər mühacirlərimiz
kimi, Azərbaycan idealı təsvir edilməyib.
Beləliklə, mühacirət ədəbiyyatı
anlayışı və onun təşəkkülü
problemlərinə nəzər salarkən bir çox məsələlərin
hələ də həllini tapmadığını
görürük. Bu məsələləri
araşdırmaq, bütün daşları yerinə qoymaq
mühacirətşünaslığımızın yeni
araşdırma mərhələsinin əsas obyektlərindən
biri olmalı, ədəbiyyat tarixçiliyndəki yeri,
mövqeyi, nümayəndələri, mərhələ və
problemləri fundamental şəkildə yenidən
araşdırılmalıdır.
Bədirxan ƏHMƏDOV
525-ci qəzet.- 2016.- 8 oktyabr.-
S16-17;23.