Oyun
(Hekayə-faciə)
Birinci
hissə
İyirmi
birinci əsr dul qalmışdı...
lll
Yaz bu kəndə
dünyanın hər yerində olduğu kimi hər doqquz aydan
bir gəlib çıxırdı. Belə baxanda uzaq yoldu -
doqquz ay yol gələsən...
Dünyanın
hər yerində olduğu kimi bu kənddə doğulan
körpələr də doqquz ay yol gəlir - belə baxanda
uzaq yoldu...
Dünyanın
hər yerində olduğu kimi bəzən yaz tez gəlir və
tez gələn qonaq gec gələn qonaq kimi öz kisəsindən
yeyir, əziyyət çəkir, əziyyət verir...
Dünyanın
hər yerində olduğu kimi bəzən yaz gecikir;
görünür təbiətin də bizə məlum olmayan
öz tıxacları olur. Və tıxaca düşən yaz
ana bətnindən doğulmağa gecikən körpə kimi
ölü doğulur, təbiətin bətnində qeysəriyyə
əməliyyatı aparmaq mümkün deyil axı...
Dünyanın
hər yerində olduğu kimi əksər hallarda körpə
də, yaz da vaxtında-vədəsində gəlir, əziyyət-filan
da çəkmir.
Yeri gəlmişkən,
dünyaya gəlməyə tələsən körpələr
də (elə bilirlər ki, yel əsib, qoz tökülüb)
çox əziyyət çəkirlər; dünyadakı həkimlər
onlar üçün ana bətni şəraiti, mühiti yaratsalar
da, bu, heç vaxt ana bətninin şəraiti, mühiti olmur
- həkim kimdi ki, Allahın yaratdığı ilahi mühitin
oxşarını yarada bilsin, hələ əslini demirəm
(bu yerdə “əsli ilə düzdür”dən söhbət
gedə bilməz). Və körpə əgər iki ay
vaxtından əvvəl dünyaya gəlibsə, təxminən
o qədər şüşə “bətnin” içində
pambığa bükülmüş halda “həbs” olunur,
dustaqxanada olduğu kimi yalnız vaxtı tamam olandan sonra
azadlığa - dünyaya buraxılır...
Əlqərəz...
Vaxtında dünyaya gəlmiş beş-altı yaşlı
uşaqlar, vaxtında-vədəsində gəlmiş yazın
ortasında, güneydə evcik-evcik oynayırdılar - uzaq
keçmişdə; Mirzə Ələkbər Sabirin
qırxı təzə çıxmışdı; bunu nənələrdən
eşitmişəm. Evcik-evcik oynayan uşaqlardan biri də nənəm
olub, hə...
Üzü
üzlər görmüş, qocalmaq bilməyən, həmişəcavan,
Allahın dilindən qopan “Ol” kəlməsiylə ekiztay,
yaşıd olan Yaz da uşaqlara qoşulmuşdu, evcik-evcik
oynayırdı - soyuq ölkələrdə Qış
uşaqlara qoşulub qartopu oynayan kimi...
Dünyanın
ən böyük kəndi elə dünyanın
özüdür. Yaz hava kimi Yerin altı ilə gəlib
dünyanın ən böyük kəndində üzə
çıxmışdı və dünyanın ən
böyük kəndi dünyanın ən pinti rəssamına
oxşayırdı, üstü-başı hamısı rəng
idi.
Uşaqlar
qaranquşlar kimi yeri göy bilib süzürlər - xeyr,
qaranquşlar uşaqlar kimi süzürlər,
sığırçınlar uşaqlar kimi dişləri
dişlərinə dəyə-dəyə, üşüyə-üşüyə
oxuyurlar, bülbüllər uşaqlar kimi cəh-cəh
vururlar. Yaz da qoşulub onlara - uşaqlara, qaranquşlara,
sığırçınlara - süzür, oxuyur və cəh-cəh
vururdu. Və qaranquşlar süzməyi,
sığırçınlar oxumağı, bülbüllər
cəh-cəh vurmağı elə bu uşaqlardan öyrənib
də... elə Yazın özü də...
Beş-altı
yaşlı uşaqlar özlərini elə aparırdılar
ki, elə bil beş-altı əsrdi bu dünyada var-gəl
eliyirlər və dünya dediyimiz bu dayanacağın cikinə-bikinə
də bələddilər.
Oğlanlar
şalvar ciblərini çevirib suyu topuqdan bir-iki qarıc
yuxarı olan çaydan yığdıqları məktəblinin
rezin pozanı boyda hamar, yastı daşları yerə
tökdülər. Ciblərini axırıncı boşaldan
oğlan yastı, hamar daşlara baxıb yer üzünün
beş-altı əsrlik sakini ədasilə dedi:
- Bu
daşlarınan beş-altı ev tikmək olar... çox
daş yığmışıq.
- Onsuz da
kəndimizdə uşaq çoxdu... lazım olacaq, - bunu da
boğazı armud saplağına oxşayan oğlan dedi.
- Cibini
sal içəri, - bunu da göygöz qız cibini
axırıncı boşaldan oğlana dedi; uşaqlar
qaranquş kimi, sığırçın kimi, bülbül
kimi, elə Yazın özü kimi gülüb özlərindən
getdilər. Cibini axırıncı boşaldan oğlan, nədənsə
oğlanlara məhəl qoymadı, qızlara baxdı - pərt
olana oxşayırdı; mən belə
oxşatmışdım, əslində pərt olmuşdu. O,
torbalanmış şalvar ciblərini içəri salana qədər
bu pərtlik də sovuşdu - pərtlik uşaq
paklığını xoşlamır axı...
Göygöz
qız pambıq parçadan tikilmiş, ağzı iplə
büzülüb bağlanan torbanın içindən at
ayağının ləpiri qədər su tutan balaca mis
kasanı çıxardıb oğlanların çaydan dənlədikləri
yastı, hamar daşların böyrünə qoyub alnına
tökülmüş bənövşə kimi
saçlarını sağ əlinin ədasilə
qulağının dibinə keçirəndən sonra dedi:
- Bu da
xına... dünənnən yazmışıq... istağa
qoyduq ki, qurumasın.
Ciblərini
axırıncı boşaldan oğlan əyilib kasanın
içindəki xınaya zəndinən baxandan sonra dedi:
- Bu
xınaynan beş-altı ev tikmək olar, çox
yazmısınız, halal olsun sizə, - qızlara dedi.
- Onsuz da
gəlinin əlinə də xına qoyacağıq...
qalanını da qızlar öz əllərinə qoyar. - Bunu
da boğazı armud saplağına oxşayan oğlan dedi.
Bu kəndin
xına rəngli güneyində xına daşları bitir; bəli,
daş da bitir - ağac kimi, bənövşə kimi,
böyürtkən kimi, adam kimi... bitir... və bu kənddə
bitən bu qızlar da Yaz günəşinin
işığında çimib cumculuq ola-ola, düz iki
gün, gün çıxandan gün batana kimi tüpürcəkləri
quruyana qədər, təxminən özləri boyda olan
xına daşlarının “üzünə” tüpürə-tüpürə,
əllərindəki rezin məktəbli pozanına oxşayan
xırda hamar daşı xına daşlarının nəm
sifətinə sürtə-sürtə bu qədər xına
yazıblar. Özü də bu xına həftələrnən
bu kəndin qız-gəlinin əlində xına rəngində
alışıb yanardı - hətta Əsgərxan
bulağının suyu da yel olub onun böyründən ötə
bilməzdi. Qız-gəlinin əlində öz rəngində
alışıb yanan bu xına özü sönməsəydi
heç kəs onu sökdürə bilməzdi. Axı o vaxt
dünyanın da xına vaxtları idi - əli xınalı
dünya...
İndiki
halda isə qızların yazdığı xına təyinatı
üzrə deyil, tikinti materialı kimi istifadə
olunacaqdı. Oğlanların ciblərində gətirdiyi
yastı, hamar çay daşlarından gələcək bəylə
gəlin üçün evcik tikiləcəkdi, təzə
cütlük bu evdə yaşayıb oğul-uşaq sahibi
olacaqdılar.
Gombul
oğlan dizini yerə qoyub şəhadət
barmağının ucunu nəm xınaya toxundurdu:
-
Yaxşıdı, - dedi, - ancaq çox qatıdı...
Hamı gəlsin bura.
Uşaqların
hamısı dizlərini yerə qoyub mis kasanın ətrafında
dövrə vurandan sonra Gombul dedi:
- Bir-bir
tüpürün bura, - kasanın içini göstərdi.
Göygöz
qızın yanında diz çökmüş
Sarışın qız etiraz elədi:
- Niyə
tüpürək ee, qoy gedim su gətirim dana.
- Suyunan
olmaz. - Gombul da Sarışının etirazına etiraz elədi.
- Niyə
olmur ee... demirsən qatıdı... su tökək...
Gombul
Sarışının sözünü kəsdi:
-
Xınanı nəynən yazmısan, suyunan?
- Yox...
- Bəs
nəyinən?
-
Tüpürcəyinən.
- Di
tüpürün... özü də lombeynan, - sonra da
üzünü Sarışına çevirdi və az qala Əcəmi
Naxçıvani ədasilə sözünü tamamladı, -
sən elə bilirsən adamın ağzının suyuynan Əsgərxan
bulağının suyu birdi?! Bıy?!
Uşaqlar
növbə ilə kasanın içinə tüpürdülər.
Gombul boğazı armud saplağına oxşayan oğlana
dedi:
- Sən
niyə tüpürmürsən, əə?
- Nə
isə tüpürcəyim gəlmir, quruyub. - İkinci dəfə
pərt oldu.
- Mən
sənin əvəzinə tüpürərəm. - Öz aləmində
onun armud saplağına oxşayan boynuna minnət qoydu.
İkinci dəfə pərt olub bu minnəti götürən
oğlan da dedi ki, sağ ol.
Gombul
şəhadət barmağı ilə xınanı
qarışdırıb öz aləmində hala gətirdi:
- İndi
yaxşı oldu. - Sonra da üzünü qızlara tutdu, - siz
gedin evə, kişilər ev tikən yerdə sizin işiniz
yoxdu.
- Bıy
nağayrırıq ki?.. Baxırıq... qoy baxaq... -
Sarışın dedi.
- Olmaz! -
Gombul iki ayağını bir başmağa dirədi, - gedin...
qutaranda gəlin. - Altı yaşlı kimi kişiləndi, belə
də...
Qızlar
aralananda Sarışın hələ soyumamışdı:
-
Heç xına yazanda demirdilər eee... gedin... pah...
Xına
yazmaq əziyyətli işdi. Əgər qızların, lap elə
oğlanların da ağlına gəlsəydi ki,
xınanın əvəzinə yumurta sarısından -
xına rəngli yumurta sarısından da istifadə eləmək
olar, hərəsi evdən bir qavlama yumurta gətirərdi,
boğazları quruyana qədər də tüpürməzdilər.
Gombul
şəhadət barmağını, qoxusu ilə adamın
huşunu başından alan torpağa dürtüb şagird dəftəri
boyda bünövrə “qazdı” - təxminən dörd
künc. Sonra çaydan dənləyib gətirdikləri hamar,
yastı daşın birini götürüb altına horra kimi
xınadan yaxıb səliqə ilə “evin” bünövrəsinə
qoyan kimi uşaqlar bir ağızdan “Allah xeyir versin!” dedilər.
Qonşunun ərlik qızı, təxminən yüz
addımlıqda qaynayan Əsgərxan bulağından səhəngini
doldurub qayıdana qədər evi tikib qurtardılar, qaldı
üstünü örtmək; üstünü də
oğlanların qabaqcadan kəsdikləri, yonub
hamarladıqları bir qarıc uzunluğunda
qarğıları səliqə ilə yan-yana düzməklə
örtdülər. Elə o yastı, hamar daşların biri
boyda bir pəncərə, yastı, hamar daşların ikisi
hündürlükdə qapı yeri də qoydular. Pəncərəyə
şüşə salmadılar, eləcə açıq
qaldı ki, ev havalı olsun. Qapının yerinə isə
boğazı armud saplağına oxşayan oğlanın
qobudan yığdığı bir dəstə bənövşə
qoydular; içəri girəndə bənövşəni
götür gir içəri, sonra da qaytar qoy yerinə, vəssalam.
- Bu hara
getdi? - Gombul boğazı armud saplağına oxşayan
oğlanı soruşdu.
- Odey gəlir...
- Cibini axırıncı boşaldan oğlan dedi.
Boğazı
armud saplağına oxşayan oğlan qaça-qaça gəlib
sağ əli ilə arxasında gizlətdiyi,
qapılarındakı Tut ağacından
qırdığı çoxdan tumurcuqlamış bir
qarıc hündürlüyündə olan körpəcə
budağı Gombulun təzə tikib qurtardığı evin
qabağında torpağa sancıb dedi:
- Bu da
bunların tut ağacı, doşab bişirərlər...
Gombulun
xoşuna gəlsə də özünü o yerə
qoymadı, ancaq gərək qoyaydı. Əvəzində
qızlara əl elədi:
- Gəlin!..
Qızlar
qaçaraq gəldi. Evi bəyəndilər. Gombul da bunu hiss
eləyib məmnun olan kimi dedi:
- Bu
gün gəlin kim olacaq? - Bir-bir hamısının
üzünə baxdı.
İnanın
inandığınıza; bu beş-altı yaşlı
qız uşaqları ərlik qızlar kimi oğlan
yaşıdlarına baxıb utandılar, utanandan sonra
qızardılar, utanıb-qızarandan sonra da əridilər -
əriyəsən səni...
- Mən
bilirəm... bilirəm gəlin kim olacaq, - Gombul qızları
süzüb dedi, - bəs bəy kim olacaq, - növbə ilə
gözünü oğlanlara zillədi. Bu beş-altı
yaşlı oğlan uşaqları, əsgərliyini çəkib
gəlmiş oğlanlar kimi qız yaşıdlarına
baxıb utandılar, utanandan sonra qızardılar, utanıb-qızarandan
sonra isə ərimədilər, elə canları bir balaca
isindi və bu, Günəş istisi deyildi; ömrü də
uzun olmadı, heç bənövşə ömrü qədər
də olmadı - şimşək ömrü qədər...
Oğlanların
hamısının ürəyindən bəy olmaq
keçirdi, ancaq heç kəs büruzə vermirdi, özlərini
samballı aparırdılar.
Qızların
hamısının ürəyindən gəlin olmaq
keçirdi, ancaq heç kəs büruzə vermirdi, özlərini
sanballı aparırdılar. Kənddə-kəsəkdə
ağbirçəklərdən eşitmişdilər ki,
qız qaldıqca qızıla dönər. Ancaq bu, o vaxtlar eləydi,
indi qız qaldıqca zibili çıxırdı.
Göygöz
qız evlərindən gətirdiyi kələğayını
ədəb-ərkanla, əzizləyə-əzizləyə
cır səsli qızın başına örtüb bir
addım geri çəkiləndən sonra dedi:
-
Yarıyanlardan olasan... oğullu-qızlı olasan, - o, bu
sözləri keçən il böyük bacısı gəlin
köçəndə nənəsindən eşitmişdi. Nənəsi
bu sözləri deyəndən sonra böyük
bacısının alnından öpmüşdü -
Göygöz də cır səsli qızın alnından
öpdü.
-
Yaylıq canıyanmışa nə qəşəng
yaraşır... - Bunu Sarışın dedi və bu sözdən
sonra oğlanlar birinci dəfə görürmüş kimi
ilk dəfə “gəlin” olan qızın tamaşasına
durub, yaşlarına uyğun olaraq necə
bacarırdılarsa, eləcə də hayıl-mayıl
oldular. Cır səsli qız da bunların hamısını
canında hiss elədikcə əriyirdi. Qız elə bil ki,
birdən-birə yaşıdlarının gözünün
qabağındaca böyüyüb həddi-buluğa
çatmışdı - bu, kələğayının
möcüzəsi idi...
Boğazı
armud saplağına oxşayan oğlan gəlinin
qabağına yeriyib cibindən çıxartdığı
güllü yaylıqla onun belini bağlaya-bağlaya
üyüdüb tökdü:
- Anam,
bacım, qız gəlin,
Əl-ayağı
düz gəlin,
Yeddi
oğul istərəm,
Bircə
dənə qız, gəlin.
Boğazı
armud saplağına oxşayan oğlan ikinci dəfə belə
xeyir-dua verirdi. İlk xeyir-duasını keçən
payız qardaşı evlənəndə gəlinin belini elə
həmin bu güllü yaylıqla bağlayanda vermişdi. O,
qardaşının yeganə qardaşı idi və adətə
görə gəlinin belini o bağlayıb yuxarıdakı
kimi xeyir-dua verməli idi - yük onun boynuna
düşmüşdü, şeiri də o əzbərləməli
idi. Nənəsi bu xeyir-duanı ona əzbərlətdirmək
üçün günlərlə onunla məşq eləmişdi.
Nənəsi, elə hamı da elə bilirdi ki, əgər gəlinin
belini o bağlayıb xeyir-dua verməsə bu işin
axırı olmayacaq. İndi gecənin tən yarısı
boğazı armud saplağına oxşayan oğlanı
oyadıb desən ki, o şeiri de, bülbül kimi cəh-cəh
vuracaq.
- Bəyinən-gəlin
oynasın! - Göygöz dedi.
-
Oynasınnar! - Hamısı bir ağızdan dedi.
-
Aşıq bunnarın havasın çal!
-
Heyvagülü!
-
Heyvagülü!
-
Çal aşıq!
Aşıq,
yəni indiki halda Göygöz dilində bir “Heyvagülü”
çalmağa başladı ki, bəyinən gəlinin
sümüyünə düşdü. Bəyinən gəlin
düşdülər ortalığa. Sarışın
qız evlərindən gətirdiyi bir kasa tut qurusunu onların
başından tökdü - şirinlik; o vaxt bu uşaqlar
konfetti heç yuxuda da görməmişdilər. Hə...
yaxşı yadıma düşdü - bəy rolunda Gombul
özü idi, bu, onun beşinci bəyliyi idi, Allah
axırın xeyir eləsin...
“Heyvagülü”
soluxcayan kimi bəy-gəlin bardaş qurub yerdən oturdu,
uşaqlar da onların başına yığışdı.
Göygöz
bir üzü qız, bir üzü gəlin cır səsli
qıza dedi:
- Bəs
uşağın hanı?
Təzə
gəlin dik qalxdı, atasının toxunma yun corabının
bir tayından düzəltdiyi “uşağı” göstərib
dedi:
- Budeey...
- Bəs
uşağın üstündə niyə oturmusan?
- Axı
uşağım olmayıb hələ... dedim heç kim
görməsin...
- Ölər
ee... bir də üstündə oturma. Bəri bax,
uşağın adı nədi?
- Adı
yoxdu hələ... uşaqdı...
-
Oğlandı, qızdı?
- Hələ
bilmirik... - Gombulun üzünə baxdı.
Gombul
“arvadının” qulağına pıçıldadı:
- Dədənin
corabının o biri tayı hardadı?
- Evdədi...
- Arvadı da onun qulağına pıçıldadı.
Gombul
üzünü Göygözə tutsa da ortalığa dedi:
-
Oğlan uşaqlarıdı, ikisi olub... o birisi oğlan dədəsigildədi
- ekizdilər.
Göygöz
soruşdu:
-
Addarı nədi?
- Birinin
adı Fəmil, o birisi də Şəmil.
Hər
şey əvvəldən razılaşdıqları kimi getsə
də mərasim boyu əlavələr də olurdu. Gombul
uşaq canına hopmuş əda ilə arvadına kişiləndi:
- Nə
gözünü döyürsən, qonaqlara bişmiş bişirmisən?
- Mən
quymax bişirmişəm. - Sarışın dedi.
- Səni
demirəm, - Gombul arvadını göstərdi, - bunu deyirəm.
- Hə...
bişmişim hazırdı...
- Nə
bişirmisən?
- Yumurta
qaynatmışam...
-
Neçəsin?
-
Altısın... bir dənə də təndir çörəyi...
- Duz var?
- Hə...
Nənəm kirkirada çəkib.
Əvvəlcə
yumurtaları döyüşdürdülər; Gombulun
yumurtası hamısından bərk çıxdı - sonra da
başladılar yeyib-içməyə.
Gombulun
arvadı aradabir səsi buraları başına götürən
uşağını qucağına alıb ovudurdu. Bir-iki dəfə
də abır-həya timsalı kimi üzünü o tərəfə
çöndərdi, oğlunu döşünə salıb əmizdirdi
də...
Bu minvalla
evcik-evcik oyunu get-gedə daha ciddi şəkil alırdı,
çünki uşaqlar bu məsələyə barmaqarası
baxmırdılar. Əgər Gombulun arvadı
uşağını əmizdirəndə mənim yanımda
olsaydınız, siz də öz gözlərinizlə görsəydiniz
inanardınız ki, doğurdan da qucağındakı körpəni
altı yaşlı qızın özü doğub. Əgər
görsəydiniz ki, Gombulun arvadı uşağını əmizdirəndə
necə sinəsinə sıxırdı, sinəsinə
sıxanda necə gözlərini yumurdu, gözlərini yumanda
əkə-bükə analar kimi necə oturduğu yerdə
yırğalanırdı. Bəs hiss eləmədiniz ki, mən
də artıq “cır səsli qız” yox, Gombulun arvadı
yazıram; inanmasam heç elə yazardım? Mən gözlərimə
inanıb yazmışam. Siz də gördünüz axı,
siz də ordaydınız, indi yadıma düşür ki, mən
sizi “evcik-evcik” oynayan uşaqların yanında öz gözlərimlə
görmüşəm və Siz də bunu dana bilmərsiniz, yəqin
heç istəməzsiniz də... Yadımdan
çıxmamış onu da deyim ki, mən heç kəsin
üzünə durub nəyisə adamların boynuna qoyanlardan
deyiləm ha... Siz ki, məni azdan-çoxdan
tanıyırsınız... Əlqərəz, mən getdim
uşaqların yanına...
Hər il
Yaz toxum olub bu yerlərə səpiləndə uşaqlar
evcik-evcik oynayır, buna bir oyun kimi baxsalar da, özləri də
bilmədən ev olmaq, ailə olmaq, övlad əkib-doğmaq,
bir sözlə, yaşamaq üçün məşq eləyirdilər.
İndi bu kənddə ev-eşik sahibi, övlad yiyəsi
olanların hamısı evciklərdən çıxıb gəliblər.
Evcik-evcik
də bir oyundu... Ancaq oyun olsa da gözəldi, uşaqların
özləri qədər pakdı - oyun olmayan nəsə
varmı?!
Bu kənddə
hal-hazırda yaşayan doxsan-yüz yaşlı nənələr-babalar
da vaxtilə evcik-evcik oynayıblar. Bu ahıl adamların da
evcik-evcik oynadıqlarını fikirləşəndə
adamın inanmağı gəlmir. Ancaq adamın
inanmağı gəlsə də, gəlməsə də
oynayıblar axı...
Görəsən
doxsan-yüz yaşlı nənələr-babalar bu gün də
yığışıb evcik-evcik oynamaq istəyərlərmi,
bunu bacararlarmı? Ancaq istəsəydilər, bacarsaydılar nə
yaxşı olardı... Ən böyük kənd - Dünya
uşaqlaşardı - paka çıxardı...
Həmişə
adamları şeytan yoldan çıxardıb - bunu hamı
bilir. Gəlin hamımız birlikdə elə eləyək ki,
bu dəfə mələk doxsan-yüz yaşlı nənə-babalardan
beş-altısını yoldan çıxartsın (bəlkə
də yola gətirsin), onlar da böyük kəndin
ortalığında, Yaz toxum olub bu yerlərə səpiləndə
başlasınlar evcik-evcik oynamağa. Müşkül olsa da,
bir anlıq təsəvvür edin də, noolar, dünya
dağılmaz ki?!
Təsəvvürünüzə
gətirdiniz? Lap yaxşı. Deməli, doxsan-yüz
yaşlı nənə-babalar böyük kəndin
ortalığında evcik-evcik oynayırlar və doxsan-yüz
yaşlı nənə-babaların övladları, nəvə-nəticələri,
kötükcələri də xəcalətindən gizlənməyə
siçan deşiyi axtardıqları yerdə böyük kəndin
adamları yığışıb doxsan-yüz yaşlı
nənə-babaları hoydu-hoyduya götürür, axırda
da bu nəticəyə gəlirlər ki, evcik-evcik oynayan
doxsan-yüz yaşlı nənə-babalar havalanıblar...
Nəticəyə
baxın, də... Böyük kənddə yaşayan
milyardların gün-güzəranında, taleyində-tarixində
saysız-hesabsız naxışdan uzaq yanlışlar olub;
ancaq bu yanlışdan heç vaxt olmayıb və olası da
deyil. Çünki böyük kənddə yaşayan
milyardların buna vaxtı çatmayacaq ki, başqa bir
yanlışa da yol versinlər...
Təbii
ki, doxsan-yüz yaşında evcik-evcik oynayan nənə-babaların
nəvə-nəticələri, kötükcələri xəcalətindən
gizlənməyə siçan deyişi axtarsalar da tapa bilmədilər;
lap tapsaydılar da bir belə adam ora yerləşməzdi
axı... Onlar gərək xəcalətdən gizlənmək
üçün siçan deşiyi yox, ayı mağarası
axtaraydılar - bax bu, yanlışdı, yanlış belə
olar...
Təkcə
mənim doğulduğum kənddə beş-altı
yaşlı uşaqların evcik-evcik oynaya-oynaya tikdiyi “evlər”
mal-heyvanın ayağının altında qalıb
dağılmasaydı, bəlkə də bizim kənddə,
indiki dillə desək, böyük bir mikrorayon
salınmışdı - uşaq mikrorayonu... Böyük kəndin
də heyvanları uşaqlarından çox...
...Mən
uşaqların yanına çatanda onlar evlərinə
dağılmışdılar. Uşaqların tikdiyi ev kiminsə
ayağının altında qalıb dağılmışdı.
Rezin şagird pozanına oxşayan yastı, hamar
daşların bir-ikisi gözə dəyirdi; bir də taxta
qapı əvəzi qobudan yığılmış bir dəstə
bənövşə...
Heyf...
Gecikdim... O qədər çərənlədim ki...
Uşaqlar burda olsaydı onlara deyərdim ki, sabah günorta gəlin
mən də sizinən evcik-evcik oynamaq istəyirəm...
Birdən
razılaşdılar, özüm də bəy olmaq istəyirəm;
bəs mən özümə bab arvadı hardan tapacam?
İçimdə əyri bitən bu sual işarəsinə də
müdrikanə çarə tapdım:
- Öz
dost-doğma arvadımınan gələrəm... Siz necə
baxırsınız bu məsələyə, hə?
- A
kişi, deyəsən sənin işin-gücün qurtarıb
ee, niyə gedib öz yaşına uyğun bir işin qulpundan
yapışmırsan, hə?!
Və mən
getdim... Getdim ki, öz yaşıma uyğun bir iş tapıb
qulpundan yapışım - üzüyola adamam axı...
Ancaq mən
tərsliyimə salıb beş-altı yaşlı
uşaqlarınan evcik-evcik oynasaydım, mənim də
övladlarım, nəvə-nəticələrim xəcalətindən
gizlənməyə ayı mağarası əvəzinə
siçan deşiyi axtaracaqdılar ki, babamız havalanıb...
İkinci
hissə
-
Qalxın, hakim gəlir!
Qara
geymiş hakim qoltuğundakı qara qovluğu qara pərdəli
stolun üstünə qoyub qara eynəyini çıxarandan
sonra adamlara nəzər salıb dedi:
-
Xahiş edirəm əl telefonlarınızı söndürəsiniz.
Hakimin
enli kürəyinə, dolu bədəninə, boy-buxununa
yaraşmayan cır səsi adamlarda gülüş doğurdu
və onun sifətinə dünya kosmetikasının son
uğurları ilə çəkilən pərtliyin cır
qızartısı tez də keçib getdi. Mən hakimin
cır səsini Mirzə Ələkbər Sabirin qırxı
çıxandan sonra yığışıb evcik-evcik oynayan
uşaqlardan birinin səsinə oxşatdım və yanılmamışdım;
sonradan öyrəndim ki, necə deyərlər, möhtərəm
hakim həmin o cır səsli qızın törəmələrindən
biridi... Yəni cır səsli qız möhtərəm
hakimin ulu nənəsidi, yad deyil...
İddiaçının
vəkili qəşəng geyinmişdi - elə bil toya gəlmişdi,
ya da burdan çıxıb birbaşa toya gedəcəkdi.
Özü də qəşəng oğlan idi. İri, göy
gözləri ona yaraşan xüsusi bir cazibədarlıq
vermişdi, özü də uzun müddətə...
Vəkil
iddiaçının ərizəsini aramla oxumağa
başlasa da, getdikcə sürəti artırırdı.
İddia ərizəsindən məlum oldu ki, xasiyyətləri
tutmur və mütləq boşanmalıdırlar -
çıxış yolu yoxdur.
Mən də
məhkəmədə idim, bir qıraqda dayanıb tamaşa
eləyirdim, əlim ağzımda qalmışdı,
sancılanmışdım - elə bil qara əlcəkli birisi
içimi doğrayırdı. Zalda gedən söhbətləri
eşitmirdim. Fikrim vəkilin yanında qalmışdı, mən
onu harda görmüşdüm, hardan tanıyırdım... Sən
onu nə görmüsən, nə də tanıyırsan.
Axı, sən məhkəmələrə getməmisən
heç vaxt, həmişə qıraqdan baxmısan. Ancaq
göz yaddaşımın, fəhmimin gücü
gözümü çıxarırdı, məni
buraxmırdı.
Uzun
çək-çevirdən sonra yadıma Mirzə Ələkbər
Sabirin qırxı çıxandan sonra
yığışıb evcik-evcik oynayan uşaqlardan birinin -
Göygözün gözləri düşdü. Bəlkə
Göygöz də bu vəkilin ulu nənəsidi, hə? Yox,
deyəsən lap ağ elədim. Yazmaq olar ee, ancaq camaat inanmaz
axı. Olsun, bir söz demirəm... ancaq kim nə deyir desin,
Göygöz də vəkilin ulu nənəsidi - mənim zəndim
yalançı deyil axı...
Mən
yaraşıqlı, göygöz vəkilin hansı qoldan
olduğunu müəyyənləşdirənə qədər
iddiaçı qız danışıb qurtarmışdı
və onun dediklərindən birini də eşitməmişdim.
Ani olaraq bircə onu gördüm ki, göygöz vəkil kimi
o da, üzündən oxuyurdu, vəssalam.
Hakim qara
pərdəli stolun üstündən kağızı
götürüb üzündən oxudu:
- Ay
xanım, siz bilirsiniz ki, indi ailəniz dağılır?
- Möhtərəm
hakim, bilirəm. - Xanım da əlindəki vərəqdən
oxudu öz cavabını.
Hakim yenə
əlindəki kağıza nəzər saldı:
- Siz
bilirsiniz ki, təkbaşına iki uşaq böyütmək nə
qədər çətindi?
- Bilirəm...
- Cavab yenə vərəqdən gəldi və hakimlə
iddiaçı xanımın sual-cavabı sona qədər belə
davam elədi: hakim sualını kağızdan oxuyurdu,
iddiaçı xanım da möhtərəm hakim kimi vərəqdən
cavab verirdi.
Bayaqdan
ağzımda qalan əlim indi donub ağzıma
yapışmışdı - donu nə vaxt
açıla-açıla...
Bayaqdan məni
ağrıdıb içimi doğrayan sancı indi göynədirdi,
elə bil içimdəki işlək qara əlcəklər
çoxalıb dörd olmuşdu. Elə bil bu qara əlcəklərin
içindəki Səttar Bəhlulzadənin əlləri idi və
içimdəki sancının mənzərəsini yaradıb
abıra salırdı...
Dünyanın
neçənci möcüzəsi olmasından (neçənci
olmaq vacib deyil) asılı olmayaraq bu əsl möcüzə
idi. Bu möcüzə gözlərini gözümün
qarasına elə zilləmişdi ki, baxışlarımı
qoparda bilmirdim və böyrümdə dünya
dağılsaydı görməzdim - iddiaçı
xanımın uzun boğazı elə özünün nazik
biləyi yoğunluqda olardı; keçmişdə, Mirzə Ələkbər
Sabirin qırxı təzəcə çıxan vaxtlarda bu
cür adamlara, cinsindən asılı olmayaraq boğazı
armud saplağına oxşayan adam deyərdilər. Dəqiq
inansam da, bilsəm də, belə deyəcəm: Çox
güman ki, deyəsən, mənə elə gəlir ki (sizin
qorxunuzdan belə yazıram), iddiaçı xanım Mirzə Ələkbər
Sabirin qırxı çıxandan sonra
yığışıb evcik-evcik oynayan uşaqlardan birinin -
boğazı armud saplağına oxşayan beş-altı
yaşlı oğlanın nəticəsidir; yəni
boğazı armud saplağına oxşayan beş-altı
yaşlı oğlan boşanmaq istəyən xanımın
ulu babasıdır.
Və sizə
söz verirəm ki, bir də heç kəsi, heç kəsə
oxşatmayacam, bu oxşatmalarla sizi bezdirməyəcəm -
kişi kimi söz verirəm, sözümün üstündə
duracam, özü də buz üstə dayanan dana kimi yox...
...Sonra
boşanan xanımın əri, qaynatası, anası,
qaynanası da danışdı; danışdı deyəndə
ki, hamısı möhtərəm hakim, vəkil,
iddiaçı xanım kimi üzündən oxudular. İstəsəydim
onları da tanıyardım, ancaq söz vermişdim axı... Əslinə
qalan yerdə hamısını tanıdım, özü də
kefin istəyən kimi, ancaq tanışlıq vermədim, vəssalam.
Hakim
sağında-solunda oturan
sağdışına-soldışına nə isə
pıçıldadı, bu dəfə insafən üzündən
oxumadı, daha doğrusu üzündən
pıçıldamadı və onlar da başlarını
silkələyib razılaşan kimi müşavirəyə
getdilər.
Onlar
qayıdana qədər vaxtımız var və bir az da dərdləşsək
pis olmazdı.
Rəhmətlik
nənəm danışardı ki, evcik-evcik oynayan
oğlan-qızların bəziləri sonradan bir-birinə qismət
olurdu; buna ilahi qisməti söylədiyimiz kimi, evcik-evcik qisməti
də demək olar.
Adəm əmi
ilə Həvva xalanın vaxtından bu günə qədər
Yer üzündə nəfəs alan, mövcud olan,
sürünən, elə-belə görünən və
yaşayan adamlar çox oyunlar görüb, oynayıb, bu
günə də oynaya-oynaya gəlib çıxıblar. Əgər
Adəm əmi ilə Həvva xalanın vaxtında, onlardan
yüz il, beş yüz bizə tərəf adamlar beş-on
cür oyun tanıyırdılarsa, bu gün Yer üzündəki
(etiraf olunmuş oyun növlərindən başqa) adamların
sayı qədər oyun var və hər kəs öz oyununu
oynayır. Bu oyunda udanların sayı uduzanlardan qat-qat
artıqdır. Evcik-evcik oyunu bəşəriyyətin fikirləşdiyi
(bəşəriyyət deyəndə ki, bizim fikirləşdiyimiz)
yeganə oyundur ki, burda uduzan tərəf olmur. Futbolun vətəni
İngiltərə olduğu kimi, bu oyunun da vətəni Mirzə
Ələkbər Sabirin qırxı çıxıb
tiyanı sahibsiz qalan ölkədi. Evcik-evcik oyunu, oyun
üstündə qurulmuş bir məktəb idi - ailə məktəbi.
Yaxşı olardı özümüzdən müştəbeh
biz böyüklər, uşaqların təsis elədiyi bu
ibtidai ailə məktəbini, orta məktəb səviyyəsinə
qaldıraydıq, Universitet yaradaydıq - evcik-evcik
universiteti...
Evcik-evcik
oyununu fikirləşib tapan, kəşf eliyən,
tay-tuşlarını başına yığıb ilk dəfə
oynayan, bizim torpağımızda doğulan o bizim uşaq, atom
bombasını kəşf eliyən adamdan min dəfə tərsinədi,
böyükdü, bəşər tarixinin bir nömrəli,
yeganə dahisidi! Ancaq adını bilmirik. Görəsən,
onun adını kim tapa bilər? Kimdən soruşaq? Hə?!
Kim tapa bilər? İnsanlığın bir nömrəli
dahisinin adını tapmaq üçün Məhəmməd
Hadinin qəbrini tapa bilməyənlərə müraciət
etməyimiz pis olmazdı...
Bir təklifim
də var: Məhəmməd Hadinin qəbrini tapa bilməyənlər
o uşağın - dahinin adını tapan kimi onun
adını əbədiləşdirək, bütün
var-yoxumuzdan keçmək hesabına olsa belə; özü də
küçə, zavod, qəbristanlıq, qəsəbə-filan
olmasın ha... Mən təklif eləyirəm ki... Yer
üzündə yaşayan kövrəklərin
hamısını bir yerə yığıb
qarşılarında diz çökürəm və onlardan
xahiş edirəm, yalvarıram ki, mənim təklifimi dəstəkləsinlər
və iyirmi ildən artıqdır ki, “JEK” səviyyəsinə
enmiş Birləşmiş Millətlər Təşkilatı
bu amalla ona ünvanlanmış milyardlarla teleqramın
altında itib-batsın və itib-batdığı yerdən də
qərar qəbul eləsin. Qərar qəbul eləsin ki:
- Avropa
qitəsinin adı dəyişdirilsin və bu tarixdən etibarən
o qitəyə dünyanın ən kiçik yaşlı bir
nömrəli dahisinin adı verilsin. Müvafiq olaraq Avropa
ölkələrinin paytaxtlarına isə dünyanın ən
kiçik yaşlı bir nömrəli dahisi ilə ilk dəfə
evcik-evcik oynamış uşaqların adı verilsin...
Baxdığım
bəzi filmlərdən mənə məlumdur ki, cinayətkarlar
izi itirmək üçün çox vaxt adlarını dəyişirlər...
Bu
cümlə hardan düşdü bura? Hardan
düşür-düşsün, mənlik deyil... Ancaq qoy
qalsın, pozma...
Dünən
dəhşətli bir hadisə ilə, metronun eskalatorunda
aşağı düşənlə yuxarı qalxan necə
üz-üzə gəlirsə, bax eləcə
qarşılaşdım. Mən yetmiş il, beş ay, on bir
günlük ömrümdə belə şey...
-
Qalxın hakim gəlir!
Bunlar nə
tez qayıtdılar, eh...
Hamı mənim
kimi ayaq üstə idi. Hakim qərarı üzünə oxudu
və bu dəfə üzünə oxumaq yerinə
düşdü və bu dəfə onun boy-buxununa
yaraşmayan cır səsi gülüş doğurmadı -
elə bu da yerinə düşdü. Hakimin qərarı ilə
boşanmaq istəyən gənc ailəyə fikirləşmək
üçün üç ay vaxt verildi ki, gedin ağlınızı
yığın başınıza.
Hakim qərarını
elan eliyən kimi sağında-solunda oturanlarla
qucaqlaşdı, vəkil, iddiaçı xanım, onun əri,
qaynatası, atası, məndən başqa hamı onlara
qoşulub qışqırırdı, sevinirdi,
atılıb-düşürdü. Onların səsi
buraları başına götürmüşdü. Hamısı
bir-birini təbrik edir, qucaqlaşır, xoş söz deyirdilər:
-
Alındı!
- Əla!
- Super!
Super!
-
Alındı!
-
Alındı!
Hakim
soruşdu:
- Çəkə
bildin?
- Əla
çəkmişəm.
- Onun
telefonu ən bahalı telefondu, - kimsə hakimi arxayın salmaq
üçün dilləndi:
- Axşam
gəlin bizə... bir ye
rdə
baxaq, - bunu da hakimi arxayın salmaq istəyən dedi.
- Yox...
bizə yığışırıq. - Bunu da məhkəmə
prosesini bahalı telefonu ilə çəkən dedi.
-
Yaxşı sizdə yığışırıq... - Kimsə
dedi.
Razılaşan
kimi də çıxıb getdilər.
İndi təkəm,
həm də sakitlikdi, sizə deyə bilərəm bu, nə
həngamə idi.
Əvvəla
onu deyim ki, evcik-evcik oyunundan fərqli olaraq birlikdə
iştirakçısı olduğumuz bu məhkəmə bu
günlərdə, yəni Səməd Vurğun rəhmətə
gedəndən altmış il, Markes bu dünyada həmişəlik
yorulandan bir-iki ay sonra baş tutdu. Özünüz də
gördünüz ki, bu, bir oyun idi;
iştirakçıların da hamısı orta məktəbin
beşinci-altıncı sinif şagirdləri idilər. Bilmirəm
uşaqlar özləri bu oyunu necə adlandırırlar, gərək
orda onların birinə yaxınlaşıb soruşaydım; ancaq
mən buna “Boşanma-boşanma” deyərdim. Bilmirəm.
Heç nə bilmirəm. Bu oyunu kimin fikirləşdiyini, kəşf
etdiyini də bilmirəm. Bayaq sizə demişdim axı, əlim
ağzımda qalıb: adam dünyadan əli üzüləndə
tutmağa yer axtarır - əl hardansa tutmalıdı axı.
Adamın əli hər yerdən üzüləndə,
heç hara, hətta ağzına da çatmayanda qudurub əlini
yeyir... Məhkəmə qurtarana qədər əlim
ağzımda qalmışdı - bir az uzansaydı bəlkə
mən də... Baxın də, görmürsünüz,
barmaqlarım gömgöy göyərib?!.. Bəşəriyyətə
güvə düşüb...
Evcik-evcik
oyununda hamı udur, boşanma-boşanmada isə hamı uduzur.
-
Hamı?!
- Bəli,
hamı... hamı uduzur bu oyunda.
-
Heç bir nəfər də udmur?!
- Niyə,
udur...
- Kim? Kim
udur?
-
Şeytan!
- Bayaq
dedin ki, evcik-evcik oynunda hamı udur, heç uduzan olmur?
- Niyə,
olur...
- Kim? Kim
uduzur?
-
Şeytan...
- Bu ki, dəhşətdi...
- Dəhşətdi...
Özü də beləsindən olmayıb...
- ...
- ...
- ...
- ...
- Bayaq
dediniz ki, bunlar oyun oynayırdılar, hə?..
- Bəs
görmədiniz ki, iştirakçıların hamısı
üzündən oxuyurdu... Elə bil Milli Dram Teatrında ilk məşqə
çıxmışdılar, əllərində
kağız... Məşq eliyirlər də... Evcik-evcik
oyununda ailə qurmağı məşq eləyirlər, burda
da ailə dağıtmağı... Görün uşaqlar hara
gəlib çıxıb ee? Bunların əlindən tutub bu
yerə gətirənin əli qurusun! Əli heç hara
çatmasın! Mənim kimi əli ağzında qalsın!..
- ...
- ...
- ...
- Bəri
bax, səni hardasa görmüşəm.
- Yox, mən
sizi tanımıram - həmsöhbətim dedi.
-
Özün də hal əhlinə oxşayırsan... Gəl
bir az söhbət eliyək.
- Eliyək
də... - bir az da minnət qoydu.
- Sən
bilən bu işə necə əlac eləmək olar?
- Nə
bilim vallah... - diqqətlə məni süzdü, - yenə sən
yaxşısan, sən bilərsən.
- Mən
bildiyim belədi də... - Onun mənə yenə sən
yaxşısan, sən bilərsən deməsi məni bir az da
ürəkləndirdi, - mən bilən bu yara çox dərinə
işləyib ee, metastaz verib.
- Nə
verib? - O təəccübləndi.
-
Metastaz...
- Metastaz
nə deməkdi?
- O deməkdi
ki, yəni iş işdən keçib.
- Bəs
onda nə təhər olsun? - Onun sifəti hər tərəfdən
burnuna tərəf yığıldı.
- Ancaq
dövlət... dövlət kömək eliyə bilər. Bu,
boşanma-boşanma oyunu uşaqlar arasında geniş
yayılmamış tədbir görülməlidi.
- Nə tədbir?
- Onun hər tərəfdən burnuna tərəf
yığılmış sifəti əvvəlki qaydasında
yerbəyer oldu.
-
Boşanma oyununu uşaqlar arasında qadağan eləsinlər.
- Bu ancaq
uşaqlara aiddi də, böyüklərə şamil
olunmayacaq ki? - Üzümə baxdı.
- Nədi
ki? - Mən şübhələndim.
-
Heeç...
-
Heçə oxşamır axı... - dedim.
-
Heç ee... mənim də xasiyyətim arvadımnan düz gəlmir...
- Boşamaq istəyirsən?
- Hə... - pıçıldadı.
- Bəri
bax, arvad pis yola gedir?
- Nə?
- O, heç nə anlamayan kimi üzümə təəccübləndi.
- Deyirəm
arvadın ayağı sürüşkəndi...
- Yoox...
- Onda
boşama, - dedim, - əsas məsələ
qaydasındadırsa, boşama... Evlənəzsən təzədən...
- Hə...
- Guya
aldığın onnan yaxşı olacaq. Yaxşı arvad
olmur - arvadın biri o birinə baxanda babat olur... başa
düşdün, - baxışlarımla onun üzünə
dikləndim.
-
Düşdüm...
- Bəri
bax, indi hara gedirsən?
- Gedirəm,
- gülümsədi, - arvadı da, uşaqları da
götürüb aparacam parka.
İkimiz
qalmışdıq, mən, bir də özüm.
Həmsöhbətim
gedəndən sonra özümlə darıxdım. Bir də
ürəyimdə bir şey qalmışdı, gərək
ona deyəydim, onda lap kökündən vurmuş olardım. Gərək
ona deyəydim ki... Deyəsən dedim axı... Mən ona dedim
ki, boşanma-boşanma oyununda mən də uduzuram, sən də,
o da, biz də uduzur, siz də uduzursunuz, onlar da? Deyəsən
demişdim axı... Nə isə...
Evcik-evcik
oyunu haqqında yetərincə məlumatlıyam, hətta
özümü mütəxəssis kimi də hesab eliyə
bilərəm. Çünki evcik-evcik yaşında, kəndimizdə
özüm də bu oyunun iştirakçısı, bəzi
hallarda təşkilatçısı da olmuşam. Nənəmin
dedikləri də öz yerində. Bu oyun Allahın da
xoşuna gəlir, ən çox sevdiyi oyundu; mənə elə
gəlir ki, Allah da evcik-evcik oynayıb və elə bu gün də
Yer üzündə yaşayan adamlarla birlikdə evcik-evcik
oynamaqdadır...
Allahın
da bəşəriyyəti başına yığıb
evcik-evcik oynadığına inanandan sonra bir şeyə də
inandım; inandım ki, Gombul oğlan, Göygöz qız,
Sibini axırıncı boşaldan oğlan, Sarışın
qız, Boğazı armud saplağına oxşayan oğlan,
Sır səsli qız aradan yüz il keçsə də hələ
böyüməyiblər, elə o yaşda qalıblar və ən
böyük kənddə evcik-evcik oynayırlar...
Oyunçu
aparsın...
4 oktyabr
2016-cı il
Seyran Səxavət
525-ci qəzet.- 2016.- 8 oktyabr.-
S.14-15;23.