Böyük yolun zəfər zəngləri
- Dördüncü məqalə
Unudulmaz həmkarlar, dostlar,
tanışlar...
Azərbaycan Televiziyasında işlədiyim 35 ildə nəsil-nəsil
söz-sənət adamlarının bu böyük milli mədəniyyət
yolunda çoxsaylı uğurlarına şəhid oldum,
sevindim, bir sıra həmkarlarımın dünyadan gedişlərinə
kədərləndim.
Bu sevinc və kədər vaxtaşırı ürək
yazılarına, məqalələrə, esselərə
döndü, daha çox “Ekran-efir” qəzetində çap
edildi.
Böyük
şairimiz Nəbi Xəzri ilə bağlı “Sözün Nəbisi,
şeirin Xəzrisi”, ağsaqqal rejissorumuz Bünyad Məmmədov
haqqında “İşıqlı adam”, böyük redaktor Həbibə
Məmmədxanlı haqqında “Buz heykəlin bacısı”,
şairə-redaktor Həqiqətin soyuq dünyasına üz
tutan “Kədərin təbəssümü”, şükür
Allaha ki, bu gün sağ-salamat olan Nahid Hacızadə
(“Şair təbiətli yazıçı”), İntiqam Mehdizadə
(“Təsəlli”nin təsəllisi”), ssenari müəllifi Rahib
Qəribin, rejissor-operator Seyidağa Mövsümlünün,
aparıcı Şəmistan Əlizamanlının
hazırladığı “And” verilişiylə bağlı
(“And”ın andı”) məqalələr, başqa neçə-neçə
yazılar vaxtında respublika mətbuatında çap olundu,
bütövlükdə Azərbaycan Teleradiosunun sənət
uğurları haqqında zamanın sözünü dedi.
Azərbaycan
Radiosunun 90, Azərbaycan Televiziyasının 60 illiyinə həsr
etdiyim “Böyük yolun zəfər zəngləri” silsiləsində
unudulmaz həmkarlarımın xatirələri
qarşısında baş əyir, ayrıca bir məqalə
ilə onlardan kiçik bir hissəsinin - yeddi sənətkarın
portret cizgilərini təqdim edirəm. Yeddi folklorumuzda,
xalqın söz yaddaşında çoxluq rəmzidir; bəli,
haqqında söz deyiləsi həmkarlarım, dostlar,
tanışlar çoxdur... İlk olaraq Azərbaycan
Teleradiosunun Naxçıvan budağında uzun illər fədakarlıqla
çalışan, təxminən, 10 il
Naxçıvan Teleradiosunun sədri olan unudulmaz dostum, vətənpərvər
şair-publisist Elman Həbibi yada salıram.
Bir ovuc
torpağın poeziyası
Kiçik
Qafqazın ən uca zirvəsinə, Qapıcıq
dağına, Gəmiqayaya söykənən Tivi kəndi; min
illərin könül körpüsündən keçib gələn
ovuc-ovuc can yığını torpaq-xatirələrin,
yorğun yaddaş yollarının yadigar yurd yeri...
Zaman o zaman idi ki, bu yurdun balaca bir uşağı atasının
dağları əyninə necə geyinməyini
düşünür və heyrətlənirdi. Həbib kişi
Qapıcıq dağındakı Molibden mədənində fəhlə
işləyirdi və hər dəfə dağın içərilərinə
uzanan qaranlıq tunelə girəndə uşağa elə gəlirdi
ki, atası dağı qara yapıncı kimi çiyninə
salır, işdən qayıdıb tuneldən çıxanda
yapıncını çiyinlərindən atıb öz yerinə
qoyurdu...
Bu, gələcək
şairin heyrətdən yaranan ilk poetik yaşantıları,
duyğularda dil açan şeiriyyətin ilk
çağırış səsləriydi...
Sonra sirli sühbün, sevdalı səhərin səmalarında
sünbül-sünbül ilk misralar gülümsədi. Duyğular elə
böyük idi ki, dağlar bir ovuc torpağa
oxşayırdı...
Sonra on
iki yaşlı uşağın “Yeni Ordubad” qəzetində
“Bir lövhə” adlı ilk şeiri işıq üzü
gördü. Duyğular elə duru idi ki, yaz səhərinə
bənzəyirdi.
Sonra böyük ədəbiyyata doğru gedən
böyük yollar başladı. Duyğular elə döyüşkən
idi ki, Elman Həbibə kitab-kitab qələbələr gətirirdi...
Və 60 yaşını 30 kitabla qarşıladı
Əməkdar incəsənət xadimi, “Şöhrət”
ordenli şair Elman Həbib.
Günlərin
bir günü atasını itirən Elman Həbibin həyatında
elə bir möcüzə baş verdi ki,
illər, on illər ötsə də, adiləşmədi,
sirr, sehr işığı azalmadı. Atası payızda vəfat
etmişdi və həyətlərindəki alma
ağacı həmin payızda qəfildən çiçəklədi,
bəhər verdi. Artıq 30 ildən çoxdur ki, o alma ağacı həm yazda, həm də
payızda çiçəkləyir, bol məhsulu ilə ailəni
sevindirir, heyrətləndirir...
1981-ci ildə “Günəş qatarı” adlı ilk
şeirlər kitabı çap olunanda Elman Həbibin 32
yaşı vardı. Cəmi 45 şeirdən ibarət olan bu
ilk kitab uzun illərin həsrətinə, ağrısına
son qoydu, sanki günəşli duyğular qaynayan
bulağın gözünü açdı. Və
dağların qoynunda qaynayan dumduru bulaq düzlərin sinəsində
qarşısıalınmaz duyğular çayına, ümidlər
ümmanına çevrildi...
1966-cı
ildə Azərbaycan Pedaqoji İnstitutunun Filologiya fakültəsinə
daxil olan, bu ali məktəbi fərqlənmə
diplomu ilə bitirən Elman Həbib düz 31 il
Naxçıvan televiziyasında çalışdı;
rejissor assistenti, kiçik redaktor, böyük redaktor,
şöbə müdiri, baş redaktor, nəhayət, 10 il
komitə sədri oldu. Naxçıvan Muxtar
Respublikasının Əməkdar İncəsənət
xadimi, sonra Azərbaycan Respublikasının Əməkdar
İncəsənət xadimi fəxri adlarına, “Şöhrət”
ordeninə layiq görüldü. Bir
müddət Naxçıvan Muxtar Respublikası Həmkarlar
İttifaqları Şurasının sədri oldu. Bütün bu illər ərzində ədəbiyyatsız,
poeziyasız bircə gün də yaşamadı Elman Həbib.
Ədəbi düşüncə onun əbədi yol
yoldaşı, daimi dostu oldu...
Onun poeziyası təbiətin səslərindən, ahənglərindən
başlayır, Vətənin neçə min illik yaddaş
yollarından keçir, tarixin həlledici, taleyüklü məqamlarında
düşünür və zamanın sözünü
sözün zamanında deməyə tələsir. Poetik nəfəs
səslərin, sözlərin texniki gözəlliyindən,
deyimin bədii ustalığından daha çox mənaların,
həqiqətlərin aydınlığına,
aşkarlığına köklənir. Ona
görə Elman Həbibin poeziyasından haqqın, həqiqətin,
adilikdəki qeyri-adiliklərin, aşkar gizlinlərin səsi gəlir.
Bu məqamda unudulmaz Xalq şairi Məmməd Arazın həqiqətə
şam yandıran sözlərini xatırlamaq yerinə
düşər:
“...söz xalqın dərdini xalqa deməlidir; bu söz əsl
həqiqətə söykənəndə daha güclü
olur. Elmanın sözü eşidiləndir. O,
torpağa söykənən poetik səsdir...
Elman sakit, qışqırıqsız, hay-küysüz
danışan, çoxlarının eşidə bilmədiyini
eşidə bilən, görmədiyini görə bilən
şairdir”.
Bir vaxtlar
“Şərq qapısı” qəzetində “Poeziya sizin
üçün nə deməkdir?” sualına Elman Həbib belə
cavab verib:
“Poeziya mənə görə sərbəst
düşünmək və azad yaşamaq yoludur. Poeziya əsl
şeir adamının yerlə göy arası hərəkət
xətti və çarpışmasıdır. Nə vaxt uçuşda olduğunu bilməyən
bir qəlbin adamların qulağına
pıçıldadığı müqəddəs sözlərdir.
Poeziya məhəbbətsiz yaşaya bilməməkdir”.
Bu sözlərlə Elman Həbib öz poeziya
dünyasının qırxıncı qapısını
açır, o sirli qapının arxasındakı
görünməz həqiqətləri göstərir.
O,
özünün də etiraf etdiyi kimi, “duyğularının
burulğanlı vədəsində şair, sakitləşən
anında publisist, dramatik anında daha çox dramaturq” olur,
lakin ədəbi sözün əbədi bazarında mizan-tərəzini
daim diqqətdə saxlayır. Elman Həbibin ədəbi təsərrüfatında
janrların asanı, çətini yoxdur; burada bədii
sözün sənətkarlıq məcəlləsi, həqiqət
qanunları işləyir...
İlandağ, Əshabi-Kəhf, Nuhəcir zirvələrinin
qonşuluğunda təzə bir yurd salmışdı Elman Həbib. Evindən, həyətindən
baxanda o müqəddəs zirvələri başının
üstündə görürdü. “Belə
anlarda sanki min illərin ruhuna, yaddaşına qoşuluram, qəfil
dağ selləri kimi qanım qaynayır. Bəlkə
buna görədir ki, bu təzə yurdda ədəbiyyatın əbədiyyət
səslərini daha yaxından eşidirəm...” Tez-tez qonaq gələn
bu duyğularla yanaşı heyrətli bir möcüzəsi də
var bu təzə yurdun; Tivi kəndindən, dədə-baba
yurdundakı qoca alma ağacından kəsilib
bu təzə bağda əkilən cavan pöhrə də ildə
iki dəfə - yazda və payızda çiçəkləyib
məhsul verir.
Və
şair qəlbinin səmalarında ata ruhunun sirli
xeyir-duası, möcüzəli himayəsi gün
işığı kimi gülümsəyir...
Və bir
ovuc torpağın planet boyda möcüzə
yükünü çəkib aparan “Günəş
qatarı” sözün son sahillərində ədəbiyyatın
əbədiyyət yolunu davam etdirir...
Fikirlər
qəbiristanının böyük yazıçısı
O, fantast
idi; öz dövründən didərgin
düşmüşdü. Onun cilovsuz bədii-fantastik
duyumlarında, didərgin, dəlisov düşüncələrində
kağıza-qələmə yatmayan yazıçı qəlbinin
kədərli göz yaşları nə müddətdi leysana
dönmüşdü. “Əlim sözə
baxmır, yaza bilmirəm, ürəyim mövzular qəbristanıdır”
- deyirdi. O qəmli qəbiristanda - doğulmadan ölən
hekayələr, romanlar səltənətində
küskün-küskün, kövrək-kövrək, kədərli-kədərli
dolanırdı Namiq Abdullayev. Elə
küsdürmüşdülər ki, bir qəzet müsahibəsində
“ölmək istəyirəm” deyirdi; elə kövrəltmişdilər
ki, qoca tut ağacı kimi hər an sına bilərdi. Hərdən elə kədərli olurdu ki,
baxışları ruhu dondurur, damarı-iliyi
üşüdürdü. Bir az Don
Kixota, bir az Kefli İskəndərlə Bəhlul Danəndəyə,
bir az Mircavadın miflərinə bənzəyirdi; amma daha
çox özünə, bir də özüylə eyniləşən
kədərə bənzəyirdi Namiq Abdullayev.
O, deyilə
bilməyən sözün, yazıla bilməyən əsərin
canlı heykəliydi. Tale ona böyük istedad,
yazıçı təxəyyülü vermişdi. Amma həmin istedad dəyirmanının, bədii təxəyyül
adlı bərəkətli “buğda qalaqlarının”
yanında çörəksiz, ac-susuz qalmışdı Namiq
Abdullayev. O, öz cəmiyyətinin faciəsiydi. Və hamı o faciənin kədərli səhnələrinə
baxırdı. Yazıçılar
İttifaqının sədr və katibləri də, Azərbaycan
Milli Televiziyasının rəhbərliyi də, bütün
dost-tanışları da. Tale elə gətirmişdi ki,
yaza bilmədiyi kədəri yaşayırdı o. Bir vaxtlar Azərbaycan
Televiziyasının məşhur baş redaktoru olmuşdu,
“Evrika” kimi maraqlı silsilə verilişlər
yaratmışdı...
Sonralar
AzTV-də “İncəsənət” şöbəsinin
müdiri olanda hər ay ona müxtəlif verilişlər,
ssenarilər sifariş edirdim ki, cibləri boş qalmasın;
boş cib yalquzaq kədərlə birləşəndə fəlakət
olur...
İndi mənə
çox qəribə gəlir ki, on beş
il tanışlığım ərzində onun bircə bədii
yazısını da oxumamışdım. Deyəsən, onun əsas
bədii yazıları, məşhur verilişləri də
60-70-ci illərdə qalmışdı; mən həmişə
çağdaş ədəbi prosesin bir neçə xəttini
izləməklə kifayətlənmişəm... Lakin onun hər bir söhbəti maraqlı, qeyri-adi
hekayə idi. Bu mənada N.Abdullayevin xeyli
hekayəsini dinləmişəm. O hekayələrdən
böyük yazıçı nəfəsi gəlirdi. O hekayələrdə
Yer planeti çox kiçik idi; N.Abdullayev qalaktikalar, kosmik ənginliklər,
“bu” və “o” dünyalar miqyasında danışmağı
xoşlayırdı. İndi, görəsən, “o dünyada”
bu dünyada danışdıqlarını, klinik ölüm
haqqında dediklərini xatırlayırmı... Və xatırlayırmı ki, yazıçı
taleyi onun qəlbində halal ağac kimi əkilmişdi, bitib
boy atmışdı; lakin o ağacın meyvələrini dərən
olmadı.
Dünya
miqyasına çıxan böyük fantast
yazıçı ola bilərdi, gündəlik
qayğıların qara otağından çıxa bilməyən
talesiz sənətkar - doğulmadan ölən əsərlər
qəbiristanı oldu. Cavan
yazıçıların inadlı tələbi, təkidi ilə
ömrünün son illərində Yazıçılar
İttifaqına qəbul etmişdilər, kiçik bir daxma
vermişdilər. O daxmanın yarımqaranlıq, səbrli
sükutuna, çığıran sirli səslərinə
sığınıb sonunu gözləyirdi. Getdiyi
ən uzaq yer respublika televiziyasının binası, ən
çox gözlədiyi qapı televiziya kassasının
qapısı idi. Ölümündən iki gün əvvəl
həmin qapının ağzında dayanmışdı,
yaxınlaşıb salam verdim, hal-əhval
soruşdum. Başını bulayıb, özündən
ağır bir kədərlə “Daha gözləyə bilmirəm”
dedi. Kədərin soyuğunu ovutmaq üçün isti bir
söz axtarırdım ki, əlavə etdi:
“Gün işığı, yaralı miflər və qan
qoxusu” adlı məqaləni dünən təzədən
oxudum, o qəzeti saxlamışam. Mircavad haqqında
yazdığına paxıllığım tutdu. Öləndən sonra mənim haqqımda da
yazarsan... - Tez də sözünü dəyişdi. -
Görəsən, bu gün pul verəcəklər?.. - Heç nə demədim, daha doğrusu,
deyə bilmədim. Pul adlı hakimin qapısı
ağzında dayanıb gözləyən və bütün
ümidlərini bu gün kassadan alacağı kağızlara
bağlayan yazıçı ilə vidalaşdım...
Deyirdi, bir povest bitirmişəm. Deyirdi, təzə bir
kitab hazırlayıram. Deyirdi, kinostudiyadan
sifariş veriblər, ürəyimə yatan mövzudur. Deyirdi, Siyəzən yaman könlümə
düşüb, nə sirdisə, son günlər doğma
yerlər tilsim kimi kamına çəkir məni. Və deyirdi ki, “ölmək istəyirəm”.
İstəyinə qovuşdu, ölüb Siyəzənə
qayıtdı, ulu bir qəbiristanın əbədi sakini
oldu...
Elə sürətlə qocalmışdı ki, qəlbi
yadından çıxıb uşaqlıqda
qalmışdı. Qoca uşaq idi Namiq Abdullayev. O
uşaq böyüyüb böyük
yazıçı-fantast olmalıydı... Bacarmadı,
ona görə qəfil qocalığıyla barışa
bilmirdi. Dostlarının xatirəsində eləcə
qalacaq - xeyirxah, inadkar, böyümək həvəsli qoca
uşaq kimi, böyük yazıçı-fantast kimi...
(Ardı növbəti sayımızda)
Sadıq ELCANLI
525-ci qəzet.- 2016.- 8 oktyabr.- S.9.