Xətadır qeyri-eşq...
“Lüğət
kitabımda tək isim: Allah!”
N.F.Qısakürək.
“Virdimdir
Allah, Seyid Nigari,
Seyid
Nigari, virdimdir Allah!”
“Ey
Füzuli, nə əmək qılsan, xətadır
qeyri-eşq!”
Ya
Hu!-yalnız O! (Allah!)
İlk
Tanrı sevgisi daha çox miflərdə, əsatirlərdə
və nağıllardadı: “Biri var idi, biri yox idi, Allahdan
başqa heç kəs yox idi”.
B. e. əvvəl VI-V əsrlərdə yaranmış
daosizm fəlsəfəsinə görə “Allahını
bulmayan, Ona sığınmayan insan hələ də yolunu
tapmış birisi, yəni yolçu sayılmır”.
...Nəmrud
İbrahim peyğəmbəri oda atıb yandırmaq istəyəndə
Cəbrayıl gəlib soruşdu:
-Bir şeyə
ehtiyacın varmı?
İbrahim
dedi:
-Var, amma
sənə yox!
Cəbrayıl
dedi:
-Onda mədəd
istə Ondan ki, Ona möhtacsan!
Və İbrahim o dar məqamda Allahdan başqa heç
kimdən nicat ummadı.
Məhəmməd
peyğəmbər deyirdi ki, üç cür ibadət var:
1)İnsan arzusuyla bağlı; 2) Cəhənnəm qorxusuyla
bağlı; 3) Allah sevgisiylə bağlı. Bacarın, həmişə
Allah eşqinə dua edin!
Bunlardan
yaxşı xəbəri olduğu üçün Nizami
deyirmiş: “İlahi, Səndən başqa nə varsa, yaddan
çıxsa yaxşıdır”.
Osmanlı
dövlətinin qurucusu Osman Qaziyə qaynatası və
mürşidi Şeyx Ədəbalının öyüdlərindən
biri beləymiş:
“Allah
buyruğundan başqa iş görməyəsən!”
İmam
Hüseynin üzüyünün qaşında isə belə
yazılıbmış: “Mənə Allah kifayətdir!”
Məşhur
islam alimi, mücahidi İmam Qəzali illər
sonrası öz səhvini bu cür etiraf etmişdir: “Mən
insanlara bilik vermək istəyimin niyyətini xatırladım
və anladım ki, bunu Allah yolunda yox, özümə
şöhrət, ad-san qazanmaqdan ötrü edirəmmiş. Onda anladım ki, uçurumun kənarındayam.
Əgər düşdüyüm bu vəziyyətimi dəyişə
bilməsəm, yerim cəhənnəmdi...”
Bu
reallıq, bu həqiqət Allah eşqiylə bağlı
ilahilərdən birində öz təsdiqini belə tapıb:
Allah deyən
insan olur,
Hər
müşkülü asan olur!
Məşhur fransız maarifpərvər
yazıçısı Volterə elə gəlirdi ki, “Allah
olmasaydı da, insanlar onu uydurmağa məcbur olacaqdılar”.
Qəribədir, uydurmanı həqiqət kimi qəbul edənlər
bir-birini aldada-aldada niyə həqiqəti uydurma sanmağa cəhd
etməliydilər ki?!
Hətta
bir az da yollarını azıb “irəli” gedənlər
Nitsşenin diliylə Allahı öldürməyə
çalışacaq və “Allah öldü” deyəcəkdilər...
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, “Zərdüşt
belə dedi” əsərində guya Nitsşe “Allah öldü”
demişdir. Bu, əslində şeytanın vəsvəsə
yaradaraq Zərdüşə dediyi sözdür. Onu yolundan etmək, azdırmaq üçün.
O
sözü Nitsşe demiş olsaydı, bəs həmin əsərində
o, “İndi yalnız Allahı sevirəm. İnsanları sevmirəm
“ sözlərini necə deyə bilərdi?
Allahı
sevənlərin və Allahın sevdiklərinin ilahi eşqlə
bağlı fikirlərini nəzərdən keçirdikcə
Cəlaləddin Ruminin dahiyanə sədası eşidilir:
“Eşqi seç-seçilərsən.
Bütün eşqlər ilahi eşqə
körpüdür.
Mən o eşqi qısaca söylədim, tamamilə
çatdırmadım. Əgər anlatsam, həm dodaqlar yanar, həm
də dil.”
Sinan
Yağmurun Veysəl Qərani haqda yazdığı “Eşqə
səfər” romanında oxuyuruq:
“Səhradan qayıdırdım.
-Hardan gəlirsən?-deyə
bir qonşum soruşdu.
-Səhraya
getmişdim. Eşq yağmış, yerlər
islanmışdı. İnsanın ayağı necə
palçığa batarsa, mənim də ayağım eşqə
elə batırdı...
-Nə
eşqdi? Yoxsa bir qıza vurulmusan? -deyə soruşdu.
-Allah
eşqi!-dedim. O var, başqa bir şey yalandır!”
Nəsimiyə “Eşq şəhidi”, “Eşq Günəşi”
deyənlər yanılmayıblar.”Qismət paylananda mənim payıma
eşq düşdü” deyən dahi sənətkar təsadüfi
olmayaraq yazırdı ki:
Eynü
(E), Şinü (Ş) Kafə (K) düşdü
könlümüz,
Sanki Kuhi-Qafə düşdü könlümüz.
...Mənzilə
çatmaq dilərsən,
Eşqi yoldaş eyləgil.
... Əzəldə eşqin ilə əhd eyləmişəm.
...Yazayım zərrəcə
eşqin sirrini.
Nəsimi
peyğəmbərimizin və peyğəmbərlərin
eşq yolçusu olduğunu deməklə işini bitmiş
hesab etmirdi.Bəşər övladlarını bu yola dəvət
edir,bu yoldan başqa yol görmürdü:
...Eşq
ilə gəldi cəmiyi-ənbiya.
...Mənzili-Mahmud
imiş ali məqam,
Ol məqamı istə haqdan, vəssalam.
...
İxlas ilə canımı canana yetirdim,
Düşmənləri
bu həsrət ilə cana yetirdim.
Tarix göstərir ki, ən böyük bəla əhli
olanlar və səadətə çatanlar Allahına və
peyğəmbərinə itaət edənlər olmuşdur. “Hər kəs Allaha və
peyğəmbərinə itaət etsə böyük bir səadətə
nail olur” (Qurani-Kərimdən)
Ən
böyük sənətkarların ən böyük fikirləri
ilahi eşq haqqındadır:
Eşqdir
məhvəri uca göylərin,
Eşqsiz
ey dünya , nədir dəyərin! (Nizami)
...Eşq
feyzilə yetib mətləbə, xoşbəxt olduq.
... Eşq imiş hər nə varsa aləmdə.
... Eşq dərdinə tutulandan dünyadan qurtuldum.
...Ey
Füzuli, eşqdə sabit qədəmsən, heç zaman
dönmədim yoldan.
...Eşq
qapısını Mövlana açınca mənə dəydi.
(Ə.Yəcəvi)
...Dörd
kitabın mənasın
Oxudum,
hasil etdim,
Eşqə
gəlincə gördüm
Ən
uzun heca imiş (Y.İmrə)
...Mən
eşqin səhrası... qəlbin
qibləsi yoluna üz qoydum (Xəqani)
...Eşqin
darvazası elə qurulmuş,
Girdinmi, qayıdıb çıxmaq çətindir. (Aşıq Alı)
Misal gətirilən bütün şeirlərdə
söhbət ilahi eşqdən gedir. Füzuli düz deyir:Xətadır
qeyri-eşq!
İmtahan
eylərlər könül şəhrini,
Eşqi-haqdan
başqa talanıb gedər( Misgin Abdal)
İlahi eşq yolçusu olanlar dünyanın ən
böyük yolçularındandır. Eşqə
tapınanlar Allaha tapınanlardır. Mehmet Akif də
düz deyirmiş:”Allaha dayan! Hikmətə
ram ol!”
“And olsun
pak eşqinə!” sözlərinin müəllifi Həllac Mənsurdur
desəm, yəqin ki, heç kim təəccüblənməz.
Hamı sevib-sevilə bilər. Amma hamı ilahi eşq yolçusu ola bilməz. Bunun
üçün Füzuli demişkən, Məcnun kimi
“Eşq nüsxəsi” olmaq gərəkdir. Məcnun və məcnunların eşqi ilahi eşq
idi. O, Eşqdi ki, “Ölün! Ölün! Bu eşqin yolunda ölün!” “Eşq
elə bir şölədir ki, parladıqca sevgilisindən
(Allahdan) başqa nə varsa yandırıb yaxar”.
“Eşq sandığın qədər yox,
yandığın qədərdi” deyirdi. C. Rumi.
Mövlanaya
borclu olanlar “Biz sənin borcunu necə ödəyək!-deyə
sual edəndə”Allahı sevin, bəsdir.” buyurmuşdu.
“İnsanın
bu dünyadakı əsas məqsədi tanrını zikr etməsi
olmalıdır.İnsan bu dünyaya bir iş
üçün gəlmişdir,məqsəd
odur! Əgər onu etmirsə deməli heç bir iş
görmür.”-deyən Rumi öz sözünə
daha sonra belə davam edir:”Peyğəmbərimizin yolu
eşqdir. Bu eşqdən doğulduq, anamız eşqdir”
“Mənsurdan soruşdular ki, Eşq nədir? Dedi: Səbr edin, gözləyin.
Üç gün keçməmiş görəcəksiniz.
Əvvəl qollarını, ayaqlarını kəsdilər.
Hər üzvü eşq dedi. Asdılar bədənini, o yenə
Eşq dedi. Yandırıb külünü
çaya səpələdilər. Hər bir zərrəsi
huşu ilə Ənəl-Eşq (Mən Eşqəm) dedi.(S.Yağmur. “Eşqin göz yaşları”)
Kimdə
ilahi eşqindən zərrəcə bir nişan (İlahi
qüdrətindən bir udum )varsa onda Allaha
iman var, deyirlər.
Ondan ötrü Saqi-Mürşid Qədəh-Dərviş,
əsl şərab-ilahi Eşqdir.
Mövlanaya
görə insanı digər yaranmışlardan, baş mələk
Cəbrayıldan,Nəsimiyə görə
cinlərdən üstün tutmağa əsas verən
başlıca xüsusiyyət eşqdir!
...Qələm
yaza-yaza gəlirdi, eşqə (eşq bəhsinə) çatanda
sındı.
Əql cismə, eşq ruha verilib.
“Eşq” romanının müəllifi Elif Şafaqın
fikrincə, “Eşq özünü Allahda yox etməkdir”.
Beləliklə, Eşq meydana gəlir.
Meydana
Eşq gəlir!
Meydan
Eşq olur!
Belə
bir fikir də mövcuddur:
“Elm Allah eşqidir”.
Görünür ki, bu haqda yetərincə məlumatı
olduğu üçün Aşıq Ələsgər sual
edirdi:”Elmi hardan tapdı cümlə aşıqlar!?”
Yəqin
ki, arif adamlar dərhal bu suala belə cavab verirdilər: “Allah
eşqindən!”.
Aşıq
Ələsgər bu elmin hardan qaynaqlandığını da
doğru-dürüst nişan verirdi.
Ələstü
Birəbbiküm Qalü-Bəladan,
Mərdin mövlasına nökər olmuşam.
Sürtmüşəm
üzümü Xaki-payına,
Elm
tapıb sinədəftər olmuşam!
Yunis İmrə də bu elmdən yaxşı
halıymış. Onunçün də deyirmiş: “Biz talibi elmləriz,
Eşq kitabı oxuruz...”
Süfulik
tarixində belə bir qayda da mövcudmuş: Süfinin
üzünü yerə (torpağa) sürtməsi Allah
qarşısında mütilik rəmzi imiş.
Könül
səcdə qılır dost mehrabında,
Üzün yerə vurub qılır minacat.
(Y.İmrə)
Hindlilərin
“Vasuveda” kitabında Allah eşqinə aid fikir bir mənalı
şəkildə yer tanımışdır: “İnsanın ən
yaxşısı bilgədir. Tanrı onun
sevgilisidir”.
Eşq
“Eşəqə”-sarmaşıq sözündəndir.
Sarmaşıqsa nəyə dolandısa onu
saraltmamış (məhv etməmiş) ondan əl çəkmir.
Hafiz eşq üzündən ən böyük mərtəbəyə
yetdiyindən danışırdı. Deyirdi ki, “Məni dünyada eşqin
badəsi ölməz edib...Getdi Məcnun, mənəm bu
gün aşiq... Hafiz, dayanıb səbr elə, bu eşqin
yolunda, kim verməsə öz canını cananə yetişməz!...”
Hafizə görə göylərin yükünə
qatlaşmaq istəmədiyi, Şeyxiyə görə yerlərin
götürə bilmədiyi Eşqi (əmanəti?!)insan öz üzərinə
götürdü.
M.H.Şəhriyarın
bəşər övladlarına ərmağan etdiyi
öyüdlərdən biri belədir: “Hay verin Allaha, qoyun
şeytan tək qalsın!”
İlahi eşqə gedən yol birdən-birə
yaranmır.
Onun “Leyli və Məcnun”, “Şeyx Sənan” və s. bu kimi əsərlərdə
də bəlirtiləri var.
Belə ki, ilahi eşqdə rühaniyyət var, cismaniyyət
deyilən bir şey yoxdur. Cismanilik olan yerdə
ilahi eşqdən danışmaq günahdır.
Qədim
yunan filosoflarından biri bu məqamı belə
açıqlayıb: “Eşq iki qisimdir. Biri
göylərdə Afroditanın qəlbində bəslənir,
o biri yerdə avam arasında dolaşan eşqdir”.
Məryəm oğlu İsa Allaha aşiqdi, ilahi eşq
yolçusuydu.
Məcdəlli Məryəm adlı bir qız isə
İsaya vurulmuşdu və adi eşq sahibiydi.
...İtalyan şairi Petrarka öz səhvini etiraf
etmiş, Lauraya olan məhəbbətini Allah
qarşısında günah saymışdı.
“Qara kəniz olub ayaqlarını yuyardım. Əlacım
olsa dərinə baxıb zövq alardım.” (B.e-dan əvvəl bir misirli şairin dediklərindən.)
...Fransız
filosofu Oqust Kont ibadət edən adamlar kimi ölmüş
qadınının oturduğu kreslonun qarşısında diz
çökərmiş.
Nizaminin Məcnunu deyərmiş ki, kaş əlim bircə
dəfə Leylinin sırğasına dəyəydi.
Hər
üç hadisə sadəcə bir eşq hadisəsidi,bunların İlahi Eşqə dəxli yoxdur.
Lakin elə ki, Leylinin timsalında Məcnun Allahı sevməyə
başlayır, o zaman artıq adi eşqin ilahi eşqə necə
çevrildiyinin şahidi oluruq.
...Bir
gün Məcnun namaz qılan dərvişin önündən
keçdiyini hiss etməz, gözündə allahlaşmış
Leylidən başqasını görməyən gözləri
ilə dərvişi görməz.
Namaz qurtarır. 40 illik həsrət yükünü bilən
dərviş Məcnuna əsəbləşir. Üzr dolu gözləriylə, Leyli kitabı oxuyan
dodaqlarla “Bağışla, dərviş baba, mən Leylinin
eşqindən səni görmədim. Bəs
sən hüzurunda olduğun Mövlanın eşqindən məni
necə gördün?” deyir Məcnun.
...İlahi eşqlə bağlı daha bir maraqlı əhvalat
da danışırlar...
“Allah-təala
İbrahim Əleyhissəlamı dost elan etdiyi zaman mələklər
etiraz etdilər, dedilər ki:-Ey Rəbbimiz, İbrahim sənə
necə dost ola bilər. Onu məşğul
edən nəfsi, övladı və ailəsi vardır.
Allah-Təala
buyurdu:
-Mən bəndəmin
üzünə və malına deyil, qəlbinə və əməllərinə
baxıram. Dostum İbrahimin məndən
başqasına məhəbbəti yoxdur. İstəyirsiz
yoxlayın.
Bu səbəbdən Cəbrayıl əleyhüssəlam
insan cildində Həzrət İbrahimin yanına gəldi. İbrahim (ə.s)
qoyun otarırdı. Qoyunları qorumaq
üçün 12 iti var idi. Hər birinin boynunda
dünya malı olan qızılı təhqir
etmək üçün qızıldan
tökülmüş bir xalta vardı. Cəbrayıl (ə.s)
İbrahimə (ə.s) salam verdi və
soruşdu:
-Ya
İbrahim, bu sürülər kimindir?
-Allahındır,
ancaq mənim əlimdə əmanətdir.
-Mənə
birini satarsanmı?
-Allahı
bir dəfə zikr et, sürünün
üçdə birini al.
Cəbrayıl
“Subbuhun, Quddusun, Rabbunə və Rabbul-Məlakəti vər-ruh”
dedi.
Həzrəti
İbrahim ona sürünün üçdə birini verdi. Sonra dedi:
-İkinci
dəfə Allahı zikr et,
sürünün üçdə birini də al.
Üçüncü dəfə Rəbbimin adını zikr
et, çobanları və itləri ilə birlikdə
sürünün hamısı sənindir... Əgər
dördüncü dəfə Onu zikr edərsən, mən də
sənin kölən olaram.
Bütün
bunlardan sonra Allah-təala buyurdu:
-Ey Cəbrayıl,
dostumun necə bir insan olduğunu gördünmü?
Cəbrayıl
(ə.s) cavab verdi:
-Dostun
çox gözəl bir bəndədir.
...Allah
deyir ki, ey insan, 18 min aləmi səndən ötrü, səni
özümdən ötrü yaratmışam. “
Mən cinləri və insanları yalnız mənə
ibadət etmək üçün yaratdım.” (“Quran”- dan)
...Tufan
zamanı Həzrəti-Nuh oğlu Yamı imana gəlməyə
və gəmiyə minməyə dəvət etmiş,
buyurmuşdu ki,
“Ey oğul, Allah- təalanın mərhəmətindən
başqa sığınacaq yeri yoxdu”.
Lakin oğlu peyğəmbər atasını eşitməmişdi,
sularda qərq olmuşdu.
İmam Qəzali oğluna yazdığı
öyüd-məktubunda bildirirdi ki, “Allah insan qəbrə
qoyulandan sonra ona 40 sual verir. Suallardan biri budur: “Ey bəndəm,
uzun illərdən bəri sən insanların
qarşısında yaxşı görünməyə
çalışmısan və bircə saat belə sərf
etmisənmi ki, mənim qarşımda yaxşı
görünəsən?”
İmam Qəzali
insanın Allahdan uzaq düşmə səbəbini də
dahiyanə şəkildə
açıqlamışdır:”Allahın öz bəndəsindən
imtina etməsinə sübut-bəndəsinin onun
üçün əhəmiyyətsiz işlərlə məşğul
olmasıdır. Həqiqətən də bir
saat belə sitayişdə keçirməyən insan (halbuki
o, bu dünyaya bundan ötrü gəlib) ömrünü kədər
və iztirab içində keçirməyə layiqdir.”
...Hicrinin
9-cu ilində (miladi 632) Məhəmməd peyğəmbər
özünün son vida ibadətinə gedirdi. Müqəddəs
əraziyə yönələndə Məhəmməd ehram
ayinini yerinə yetirdi. İlk həcci icra
eləmiş İbrahimin söylədiyi sözləri təkrarladı.
Bu sözlər insanları Allaha itaət etməyə, onun əmrindən
çıxmamağa çağırırdı:”Gəlmişəm,
ey mənim Allahım, gəlmişəm ki, sənə baş
əyib, itaətimi bildirəm.
Mən ancaq və ancaq sənə səcdə və
sitayiş edirəm” (Bilgəz Ələddin.” Məhəmməd
peyğəmbərin həyatı” kitabından).
İnsan Allah qarşısında əyildikcə
ucalır. Ölümə deyil, Eşqə (İlahi eşqə)
təslim olur. Özünün və bəşəriyyətin
ömrünü uzadır.
Məşhur
İslam mütəfəkkiri S.N.Nasr çox doğru olaraq
yazmışdır:
“Bir hədisə görə Yer üzündə
tanrının adını anan və Allah, Allah, - deyə
yalvaran insanlar olduğu müddətcə dünya yox
olmayacaq”.
“3 səs
Allaha xoş gəlir: 1.Xoruz banı; 2.Quran oxuyanın
avazı; 3.Günahkarın yalvarış səsi”.
(İmam
Qəzali)
Zaman-zaman bütün yollar içində dönə-dönə
təsdiq olunmuş yol, Lev Tolstoyun təbirincə desək,
yalnız budur:”Allah üçün yaşamaq
lazımdır”.
“Quran”in
114-cü surəsini bir daha ehtiramla xatırlamağımız
məncə, kifayətdir:
“Rəhman və Rəhim Allahın adıyla.
1.De ki,
sığınıram İnsanların Rəbbinə.
2.İnsanların malikinə.
3.İnsanların ilahına.
4-5. İnsanların qəlbinə vəsvəsə verənlərin
şərindən.
6.Cindən və insanlardan olan şeytanların şərindən.
Nəsimi bəlkə də bu üzdən deyirmiş ki,
kimin ki, canında sənin eşqin deyil, onun cismindəki can
deyil, cindi.
N.F.Qısakürək deyir ki, özündə olmaq
küfrdür.
Allahla olmaq gərək. Allahnan olmaq gərək!
“Gərəkirsə
söylənəcək söz: “Allah və Rəsulu. Başqa hər şey heç və batil!”
“Ğeyrəl-məhbub Leysə Fiddar” (Evdə
(dünyada) sevgilidən (Allahdan) başqası yoxdur.”)
“Lə məhbubə illəllah!” (Allahdan
başqa sevgili yoxdur.) Şəms Təbrizi də bunu
deyirdi:
“Allah nə gözəl sevgilidir. Rə bbim, mən
sənə aşiqəm.”
...Mövlana
ilk dəfə Mədinə şəhərini görüncə
ona doğru qaçmağa başlayıb. Soruşanda
ki, niyə belə edirsən?
Deyib:
-Rəsulallahın
məqamına gəzə-gəzə gəlmək olmaz!
...Onda
burdan belə məlum olur ki, insanın ruhu nəyə görə
Allah məqamına uça-uça gedirmiş...
Barat VÜSAL
525-ci qəzet.- 2016.- 8 oktyabr.-
S.10;12.