Əmrahsız qalan dağlar
Ağsaqqal
yazıçımız Əli İldırımoğlunun
yeni tamamladığı romanını oxucularımıza təqdim
edirik.
(Əvvəli
ötən şənbə sayımızda)
Təəccüb
doğuran o idi ki, bulaq çəkilişinin ili tamam olan
gün Məşədi Allahverən dünyasını dəyişdi.
Oğlu Məmmədbağır da atasından sonra çox
yaşamadı...
Yüz
illərdir Məşədi Allahverənin adını
daşıyan bulaq gecəli-gündüzlü gur bir səslə
kəndə xoş təranələr yayır. Və
sanki Məşədi Allahverəni
xatırlayıb ona “Ruhun şad olsun!” deyir.
lll
Artıq Əmrah
da o Əmrah deyildi. Yekəlib boy-buxunlu, ərgən oğlan
olmuşdu. Əvvəlki kimi şıltaqlıq eləmirdi.
Evlənmişdi, ailə-uşaq sahibi idi.
Babası
Məşədi Allahverəndən, atası Məmmədbağırdan
sonra ailənin bütün ağırlığı Əmrahın
boynundaydı. Yaşca özündən xeyli kiçik olan
İldırımın hələ çörək qazanan
vaxtı deyildi. Həyat yoldaşı və iki bacısı ev işləri ilə
məşğul olurdu. İnəkləri sağır,
çatma qurub nehrə, tuluq çalxayır, motal tutur,
çay-çörək hazırlayırdılar.
lll
Qızmar
yay günlərinin birində evin qapısını
bağlayıb, ailəlikcə Çay bağına getdilər.
Doşab bişirməyin əsl vaxtı idi. Tut
ağaclarının dibinə iri, ağ karxanalar sərildi. Kənarda
gur ocaq qalandı, tiyan asıldı. Əmrah tut ağacına
çıxıb budaqları bir-bir silkələyirdi.
Qadınlar qəddini əyib kənara tökülən tutu
bir-bir əvdirib karxanalara atırdı. Çay boyu uzanıb
gedən bağda rəngbərəng quşların nəğməsi,
Bərgüşadın səsi, cırcıramaların
aramsız hay-harayı şən musiqi təsiri
bağışlayır, xoş ovqat yaradırdı.
İldırım qaynamaqda olan iri tiyanların altına odun,
çır-çırpı atır, arabir uzun qulpu olan abgərdənlə
doşabı qarışdırır, kəfini
yığırdı. Əmrah tut ağacının
başından İldırımı səslədi:
-
Çörək səni tutmasın, burdan baxıram, bostanlar
quruyub əldən gedir. Xiyar, pomidor, yemiş-qarpızın
tağı büzüşüb. Əlindəki işi qoy kənara,
yubanmadan get, yuxarı arxdan suyu bağla gəlsin. Mən də
bir-iki qanad qalıb, onları da çırpıb, enirəm
aşağı. Bu gün bostanları suvarmasaq, quruyub əldən
gedər.
Ana arx
çəpər-çəpərə olan qonşu Mərdan
bəyin bağından keçir. Mərdan bəy də ki,
yiyəsini yıxmış atdır. Su üstündə
neçə nəfəri beşaçılanın
ağzına verib o dünyalıq eləmişdi. Ona görə
də hər adam cəsarət eləyib Mərdan bəyin həndəvərinə
belə üzükə bilməzdi. Onun bir sözünü
iki elədin, qurtardı getdi, onda gərək
ölümünü gözünün qabağına gətirəsən.
Qabaqlar bir-iki dəfə Əmrahın atası Məmmədbağıra
hərbə-zorba gəlmişdi. Bağ qonşusunu tez-tez
ölümlə hədələyirdi. Məmmədbağır da ki
fağırın biriydi. Və Mərdan bəyin
gözüqanlı adam olduğunu bildiyi üçün həmişə onunla ehtiyatla
davranırdı. Mərdan bəylə əsla öcəşmirdi.
İldırım
Mərdan bəyin xasiyyətinə bələd olsa da,
qardaşı Əmrahın sözünü yerə
salmadı. Su gətirmək üçün çəkinə-çəkinə
onun bağına addadı. Mərdan bəy armud, alma,
gavalı ağaclarının
arasında dizini yerə qoyub, beşaçılan tüfənglə
çayın o tayındakı ağ qayaları nişan
alıb atırdı. Hər dəfə güllə
açılanda ağ daşlardan toz qalxırdı. Ətrafdakı
quşlar pərən-pərən düşürdü.
Güllə hədəfə dəyməyəndə əsəbiləşir
və başını bulayıb öz-özünə
söyüb-söylənirdi. İldırım dalda bir yerdə
dayanıb onun sərrast güllə atmaqda özünü
sınamasına baxırdı. Mərdan bəy beş-on patron
korlayandan sonra beşaçılanın
qayışını çiyninə keçirib
yaxınlıqdakı gavalı ağaclarının arasına
tərəf yönəldi. Qanadları əyib, yetişən
meyvələrdən ləzzətlə yeməyə
başladı. İldırım gördü ki Mərdan bəyin
başı meyvə yeməyə qarışıb, fürsətdən
istifadə edib xəlvəti bir yerdən ana arxa tərəf
getmək istədi. Ancaq Mərdan bəyin gözündən
yayına bilmədi. Mərdan bəy İldırımı
görəndə hövsələdən çıxdı. Və
barmağını enli kəmərinə keçirib təkəbbürlə:
- Ə,
qancıq oğlu qancıq, buralarda nə veyillənirsən?!
İldırım
udquna-udquna:
- Mərdan
əmi, bostanımız susuzluqdan yanır, - dedi, - gedirəm
yuxarıdan arxın bərələrini açım, su gəlsin.
- Su yerinə
gəl bunu... apar,-deyib əlini şalvarının
qabağına qoydu, - Rədd ol burdan, səni gözüm
görməsin. Bir də buralara hərlənsən, təpənə
bir güllə vurub, səni it kimi gəbərdərəm.
İldırım
Mərdan bəyin qırımını görüb,
kor-peşman geri döndü.
Əmrah
hələ tutu çırpıb qurtarmamışdı,
yuxarıda bir-iki qanad qalmışdı. Qardaşını
görəndə hökmran bir səslə:
-
İldırım, suyu bağladın?!
İldırım
böyük qardaşının dediyini
yarıtmadığına, əlavə, Mərdan bəyin onu
söyüb, biədəb sözlərlə təhqir etdiyinə
görə kövrəldi. Dillənə bilmədi.
Əmrah
ikinci dəfə soruşdu:
- Ə,
niyə dillənmirsən, lalsan?!
İldırım:
- Mərdan
bəy!... Mərdan bəy! - deyib özünü saxlaya bilmədi.
Qəhər onu boğdu.
Əmrah
məsələnin nə yerdə olduğunu hiss eləyib
hündür ağacdan tələsik enməyə
başladı. Lakin hövsələsi çatmadı. Hirsindən
özünü hündür qanadların birindən yerə
tullayıb, Mərdan bəyin bağına tərəf cumdu.
Bacıları Əmrahın ayaqları altına
düşüb yalvardılar ki, bostan yanır, cəhənnəmə
yansın. Ondan ötrü yaxanı aparıb Əzrayılın
əlinə vermə. Sən bilmirsən ki Mərdan bəy
neçəsinin başını yeyib?!
Əmrah
necə hirslənmişdisə, deyilənləri eşitmirdi.
Bacılarının, həyat yoldaşının
yalvarışını saya salmadan əliyalın çəpərdən
sıçrayıb, bir göz qırpımında Mərdan bəyin
bağına addadı. Qardaş-bacıları
saçlarını yola-yola Əmrahın arxasınca
düşdülər.
Mərdan
bəyin tüfəngi ortasından sındırılıb,
çaxmağı kol-kosluğa atılmışdı.
Bağın yuxarı tərəfindən boğuq səs gəlirdi.
Əmrah sol əli ilə Mərdan bəyin qat-qat ət
bağlamış yoğun peysərindən yapışıb
arx boyu sürüyür və sağ əli ilə bərələri
bir-bir açıb, suyu öz bağına döndərirdi. Əmrahın
bacı-qardaşı yalvarıb-yaxarıb, birtəhər Mərdan
bəyi onun əlindən aldılar. Mərdan bəy
bataqlıqdan çıxan camış kimi suyu süzülə-süzülə
sürünüb, arxasına baxmadan aradan çıxdı.
O gündən
sonra Əmrahın hənirtisi gələndə Mərdan bəy
başını soxmağa yer axtarırdı. Və
çalışırdı ki, bir də Əmrahla
üz-üzə gəlməsin.
Əmrahın
hirsi hələ də soyumamışdı. O,
töyşüyə-töyşüyə qayıdıb yenidən
ağaca çıxdı. Çırpılmamış
qanadları axıra qədər silkələyib tutunu
tökdü.
Bacıları
tökülən tutu yerbəyer eləyirdi. İri tiyanlarda
buğlanan doşabı abgərdənlə saxsı küplərə
doldururdular. Sonra da ağır karxanaları çayın
qırağında suya salıb, şirəsini yuyub-təmizləyir,
qurumaq üçün gündöyən yerlərə sərirdilər.
Əmrah əlində
bel, bağ-bostana baş çəkdi. Bu gün-sabah meyvələri
yığılacaq ağacları nəzərdən
keçirdi. Arvad-uşaq işlərini yerbəyer elədilər.
Qaş qaralanda ulaqları yükləyib, bağdan
çıxdılar.
lll
Bol suyu, münbit torpağı,
bolluca barı-bəhrəsi olan bağ Bərgüşadın
sol sahili boyunca uzanıb gedən ensiz düzənlikdə yerləşir.
Ona görə bura Çay bağları adlanır. Bu
bağların əksəriyyətinin sahibi adlı-sanlı bəylərdi.
Əmrah yeganə şəxs idi ki, onun bağı bəyzadələrin
arasına düşmüşdü. Və necə
olmuşdusa, bu mülk Məşədi Allahverənə
ata-babadan qalmışdı. Ona görə bəylərin
çoxu Məşədi Allahverənə, oğlu Məmmədbağıra,
indi də Əmraha xor baxır və onları həmişə burunlayırdılar. Xüsusilə
də ötkəm xasiyyətinə görə Əmrahı
gözləri götürmürdü. Və məqsədləri,
məramları da o idi ki, bir qurğu qurub, fürsət
düşən kimi Əmrahı aradan götürsünlər.
Əsas səbəbi də o idi ki, bəylə rəiyyətin
bir yerdə oturub-durmağı onlara çöçün gəlir
və bunu özlərinə əskiklik hesab edirdilər. Əmrah bəylərin
məkrli niyyətini hiss edib başa düşsə də,
bunu büruzə vermirdi. Lakin həmişə sərvaxt gəzib-dolanırdı.
Başını qaldıranın da burnunu ovub, Mərdan bəyin
gününə salıb oturdurdu yerində.
Çay
bağının quruluşu elə idi ki, bütün
bağ-bostanın hamısı Bərgüşaddan ayrılan
bir ana arxdan su içirdi. Ona görə də su üstündə
çoxlu qalmaqal olurdu. Hətta su növbəsinə görə
bəylər bir-birinin üstünə tüfəng çəkib,
neçəsini qətlə yetirmişdilər.
Mərdan bəyin də ki... adı
qulağına dəymişdi. Tanrısına bəndəlik
eləmirdi. Dinənin dilini kəsir, görənin
gözünü tökürdü. Su növbəsi
üstündə bu gün-sabah toy eləyib evlənəcək
cavan bir oğlanı o dünyalıq eləmişdi. Bu gün
ilk dəfəydi ki, Əmrahla qabaq-qabağa gəlmişdi. Əmrah
da onun beşaçılan tüfəngini əlindən
alıb təpəsinə çırpmışdı. Sonra
da ortasından sındırıb kənara atmışdı.
O gündən Mərdan bəy mənəm-mənəmliyini
yerə qoyub, daha onun-bunun üstünə xoruzlanmırdı.
Bunu eşidib-bilən başqa bəylər də gözü
çıxan qardaşı görüb, özlərini
yığışdırmışdı.
lll
Səhər
yenicə açılırdı. Çiyinlərində
çörək dolu yamaqlı torba, əllərində dəyənək
olan naxırçılar qapı-qapı düşüb,
mal-qaranı hay-harayla tor-top eləyib örüşə
aparırdılar. İş adamları ikibir, üçbir ot çalmağa,
zəmi biçməyə, çəltik becərməyə,
yetişdirdikləri mer-meyvəni yığmağa gedirdilər.
Əmrah həyətdən çıxanda Hacı
Misirxanın yamac yerindəki evindən qışqırıq,
tükürpədici ağlaşma səsi eşidib ayaq
saxladı. Qəza polisinin uryadniki Hacı Misirxanı
şallağının altına salıb qəddarcasına
döyürdü. Hökumət nümayəndəsi
olduğundan Hacı Misirxan ona əl qaldıra bilmirdi.
Arvad-uşağı bir-birinə qarışıb
ağlaşırdılar.
Qayda beləydi
ki, kənddə mehmanxana olmadığından gələn
hökumət adamları hər
dəfə bir evə qonaq verilirdi. Belində nazik
qayış, ayağında uzunboğaz çəkmə, əynində
qəlifey şalvar olan, cod və qalın bığları irəliyə
çıxmış uryadnik kəndə dünən gəlmişdi
və Hacı Misirxana qonaq
verilmişdi. Səhər-səhər
Hacı Misirxan qonağın atına xəlbir dolu arpa aparanda,
həyətdə o baş-bu başa var-gəl eləyən
uryadnik arpanın azlığını-çoxluğunı
yoxlayanda qəzəblənir və:
- Bu nə
arpadır mənim atıma verirsən?! - soruşur
Hacı
Misirxan çaşır. Bilmir qonağa nə cavab versin. Qonaq
təkəbbürlə:
- Əvvəla
xəlbiri əməlli-başlı doldurmamısan,-deyir.-Xəsis
oğlu xəsis! İkincisi də, arpanı
yaxşı-yaxşı ələyib təmizləməmisən.
İçində daş, zir-zibil var.
Hacı
Misirxan dillənmək istəyəndə uryadnik hirslənib
şallağı onun başına endirir.
Son dərəcə
abırlı, uşaqla uşaq, böyüklə böyük
kimi davranan Hacı Misirxan nə qədər yalvarıb dil
tökür, yaxasını uryadnikin əlindən qurtara
bilmir. Uryadnik ona şallağı şallaq üstündən
endirir.
Əmrah
uryadnikin bu cür əzazil hərəkətini görəndə
hövsələdən çıxdı. Və
özünü saxlaya bilmədi. Əvvəlcə bir neçə
dəfə öz-özünə: “Lənət sənə
kor şeytan! Lənət sənə kor şeytan!” deyib iti
addımlarla özünü Hacı Misirxanın həyətinə
çatdırdı. Və araya girib Hacı Misirxanı
hökumət adamının əlindən almaq istəyəndə,
uryadnik Əmrahın da üstünə şallaq
qaldırdı. Əmrah ona aman vermədi,
şallağını əlindən alıb,
çırpdı təpəsinə və özünü də
saldı təpiyinin altına. Sonra da yaxasından
yapışıb kəndin ortasına qədər
sürüdü və baş-gözü qanlı, atına
mindirib kənddən qovdu...
lll
Adamlar
qorxusundən bir-birinə dəymişdi. Hərənin ağzından
bir avaz gəlirdi. Dalda-bucaqda Əmrahı söyənlər də
olurdu:
-
Hökumət adamını döyüb... o günə salmaq
düz hərəkət deyil. Sonra bunun arxasında dayanmaq
olmaz. Pristav adamın dərisini boğazından
çıxardar.
- Əmrah
uryadniki o cür bihörmət eləməkdə düzgün
iş görmədi...
Kəndin
ağsaqqal-qarasaqqalı fikirləşib belə bir qərara gəldilər
ki, hələlik gözləyək görək bu həngamənin
axırı hara gedib çıxır. Və yaxud nə yolla
olur-olsun, pristava adam tapmalıyıq. Yoxsa pristav
üstümüzə silahlı dəstə göndərib,
hamımızı qolubağlı qazamata salmalıdır. Elə
etmək lazımdır ki, bu qan-xatadan salamat qurtara bilək.
Aradan bir
neçə gün keçəndən sonra xəbər
yayıldı ki, pristav kəndə
iyirmidən çox silahlı göndərir. Məqsədi də
odur ki, kəndi dağıtsın, Əmrahı da əl-qolu
bağlı aparsınlar.
Pristav
atlılarının gəldiyini eşidəndə, kəndin
sayılan ağsaqqallarından Məşədi İbrahim,
Paşa, Fərhad, Firdovsi duz-çörək
götürüb, Yazı düzündən kəndə enən
yoxuşun başında dayandılar.
(Ardı var)
Əli İLDIRIMOĞLU
525-ci qəzet.- 2016.- 8 oktyabr.- S.20.