Arazlı günlərin nağılı

 

ÖMRÜNÜN 75-Cİ İLİNƏ QƏDƏM QOYAN MƏCNUN NAMAZƏLİYEV 40 İLDƏN ÇOXDUR Kİ, RAYON QƏZETİNİN REDAKTORUDUR

 

 

Bir dəfə televiziya kanallarından birində çıxış edən görkəmli şair Vaqif Bəhmənliyə sual verdilər:

 

-Doğulduğunuz Füzuli rayonu işğaldan azad edilsə birinci olaraq hansı ünvana üz tutardınız?

 

Şair tərəddüd etmədən cavab verdi:

 

-Orda mənə çox doğma olan “Araz” qəzeti redaksiyası var. İlk növbədə həmin redaksiyaya baş çəkərəm, çünki mən poeziyada ilk addımlarımı orda atmışam,  şeirlərim  ilk dəfə orda işıq üzü görüb...

 

Vətənini, torpağını,  el-obasını, dünyaya göz açdığı doğma kəndini, “ata yurdunda anasının ətəyinə yığıb gətirdiyi daşlarla tikilən evlərini” bütün varlığı ilə sevən ziyalının cavabı başqa necə ola bilərdi ki...

 

Əlbəttə ki, şairin etibar və sədaqətini alqışlamaq lazımdır. Həm də unutqanlıq etmədiyinə  görə...

 

Amma Vaqif Bəhmənli  əlinə təzəcə qələm götürməyə başladığı vaxtlardan “Araz”a redaktorluq edən, həmin qəzetin səhifələrində onun şeir və yazılarına  səxavətlə yer ayıran həmkəndlisi Məcnun Surxay oğlu Namazəliyevin adını çəkməsə də, ona  həmişə böyük hörmət və ehtiramla yanaşır. Həm də təkcə Vaqif Bəhmənli yox...

 

Bu misraların  müəllifi, təzəlikcə əbədiyyətə qovuşan mərhum şair Oruc Səda da:

 

Axıb Quruçayın selinə düşüm,

Sona tək Köndələn gölünə düşüm.

Məcnuntək qoy gəlib çölünə düşüm,

Dolanım başına Füzulim mənim.

 

... Sağlığında həmişə “Araz”ın şinelindən çıxdıqlarını etiraf edən mərhum Mətləb Misir, Vahid Əlifoğlu da. İndi müxtəlif mətbuat orqanlarında  çalışan tanınmış qələm sahibləri Umud Rəhimoğlu, Mahmud Qacar,  Əbülfət Mədətoğlu da...

 

Məcnun müəllim redaktor təyin ediləndə 1972-ci il idi...

 

Hələ Amerika ilə SSRİ arasında bakterioloji silahların qadağan olunması haqqında müqavilə imzalanmamışdı...

 

Onda hələ “Neftçi” futbol komandası güclülər dəstəsindən birinci dəstəyə düşməmişdi...

 

Onda Jurnalistika fakültəsi  hamının üz tutduğu, hər yoldan ötənin özünü “jurnalist” adlandırdığı vaxtlar deyildi.  Bu şərəfli peşəni daşıyanlar barmaqla göstərilirdi.

 

...İndi mətbuatda, jurnalistikada meydan sulayanların çoxu o vaxt hələ dünyaya gəlməmişdi...

 

Ölkədə və respublikada az qala hamının abunə olduğu və oxuduğu beş-altı qəzet var idi. Rayonda da hamının abunə olduğu və oxuduğu  Araz” qəzeti idi. O, lap erkən yaşlarından həmin qəzetin redaksiyasında mürəttib işləyib, sonra korrektor, sonra müxbir... Bir müddət komsomol və partiya işində çalışıb. Redaktor təyin ediləndə hələ  30 yaşı tamam olmamışdı. Statistikanı vərəqləməmişəm, amma yəqin ki, Sovet hökumətinin zınqırovlu vaxtında həmin yaşda qəzet rəhbəri olmaq  çox az-az adama nəsib ola bilərdi...

 

Sovet vaxtı jurnalistlər arasında belə bir ifadə işlədilirdi: “Günəş çıxmaya bilər, amma qəzet mütləq çıxmalıdır”. İndiki  nəslin nümayəndələri o vaxt rayon mətbəəsində həftədə üç dəfə  3500-4000 nüsxə tirajla çıxan qəzet buraxmağın - sətirtökən maşında yığılmaqdan başlamış kustar üsulla çap edilməyədək  hansı çətinlik və əziyyət bahasına başa gəldiyini çətin təsəvvür edərlər. Amma stajlı qəzetçilər bunu çox yaxşı başa düşürlər. Bəzən gecəni mətbəədə iş başında keçirmək lazım gəlirdi. Ən adi bir səhvə görə redaktoru ən ciddi cəza gözləyirdi. Məcnun müəllim bacarıqlı redaktor olmaqla yanaşı mətbəə işinin  çox gözəl bilicisidir. Hətta o dərəcədə ki,  təcili olaraq mətbəədə sətirtökən maşında hansısa cümləni təzədən yığmaq, hansısa xətkeşi dəyişmək lazım gələndə özü yığıcı və mürəttib kimi həmin işi yoluna qoyub.

 

Dünya şöhrətli İssak Nyuton deyirdi: Mən dərya kənarında qum dənələri ilə oynayan uşaq kimiyəm. Böyük alimin bu sözlərini uşaq sadəlövhlüyünü və təmizliyini  itirməyən bütün sadə adamlara, o cümlədən, Məcnun müəllimə də şamil etmək olar. Onda tanıyıb-tanımadığı  hər kəsə can yandırmaq, kömək əli uzatmaq istəyi  və ən başlıcası son dərəcə sadəlik var. Onun  xarakteri bu misralarla   necə də səsləşir:

 

Sadələr sadəsiyəm, sadə sanıb sadə məni,

Sadəlik sadə edib sadədən də sadə məni.

 

İşlədiyi uzun illər ərzində o, bir müəllifi də incik yola salmayıb, ona üz tutan bir şikayətçini də naümid qaytarmayıb.  Həmkarları əbəs yerə zarafatla  demirdilər ki, Məcnun müəllimdən hər  hansı xeyriyyə cəmiyyətinə çox əliaçıq və səxavətli rəhbər olar. Onunla bir kollektivdə çalışan dünyadan vaxtsız köçən istedadlı jurnalist Sabir Rüstəmov isə daha obrazlı deyirdi: “Anası Məcnun müəllimi doğanda onunla bahəm şirin bir dil də doğub”.

 

Füzulidə çıxan “Araz” qəzeti azsaylı redaksiyalardan idi ki, burada texniki işçilərin də çoxu universitetin Jurnalistika fakültəsinin məzunları idi. Söz düşəndə özü zarafatla deyirdi ki, bizim redaksiyada sürücüdən və xidmətçidən başqa hamı diplomludur. Doğrudan da korrektor, teletaypçı, makinaçı, hətta yerli redio verilişlərinin diktoru da ixtisasca jurnalist idi. Əlbəttə ki, belə bir kollektivə rəhbərlik etmək heç də asan deyildi. Lakin o, bu işin  öhdəsindən özünəməxsus bacarıqla gəlir və rəhbərlik etdiyi qəzetdə rayonun sosial-iqtisadi və mədəni həyatı dolğun şəkildə işıqlandırılırdı.

 

Məcnun müəllimin ötən əsrin 70-ci illərində qələmə aldığı  satirik yazıları oxuyanda Azərbaycan mətbuatının çox istedadlı bir  felyetonçunu itirdiyi təəssüf doğurur.  Onun redaktor “qayçısının” mətndən  kəsib doğradığı hissələrə, əlavə etdiyi  cümlə və düzəlişlərə, qoyduğu sərlövhələrə fikir verəndə cavan yaşda redaktor kürsüsünə çıxan həmkarımızın istedadına qibtə etməmək olmur.

 

Təəssüf ki, o, özünün jurnalist istedadını raykomun birinci katibləri üçün  məruzə, konfrans və plenumlar üçün çıxış yazmağa sərf etdi. Məcnun müəllimin jurnalist ömrü yaradıcılıq axtarışlarına deyil, o dövrün qanunlarına uyğun olaraq iclas, yığıncaq  tədbirlərə, əkin vaxtı əkinə, biçin vaxtı biçinə təhkim olunmaqla keçdi. O, yazı masası arxasında oturmaqdan daha çox rayona gələn qonaq-qaranı qarşılamaq, yuxarı instansiyalardan verilən tapşırıqları yerinə yetirmək,  telefon zənglərinə cavab verməklə məşğul oldu. Əlbəttə ki, axına qarşı üzmək mümkün deyil və o, özü də təbiətən axına qarşı üzənlərdən deyil, axınla üzənlərdəndir. Elə bu təbiətinə görə rayon rəhbərliyi onu nə az, nə çox, iki dəfə rayon partiya komitəsinin ikinci katibi, bir dəfə isə rayon icraiyyə komitəsinin sədri vəzifəsinə təyin etmək fikrinə düşüb, lakin hər üç halda hansısa “qara əl” son anda onun  qarşısını kəsib. Ona görə də redaktor kreslosunu indiyədək başqa vəzifə kürsüsü ilə əvəz etməyib.

 

O vaxtdan çox  küləklər əsib, çox sellər axıb. Amma keçən əsrin hərdən təlatümlü, hərdən hay-küylü, hərdən də mülayim, 80-ci illərinin axırlarından isə top-tüfənglə keçən illərindən yaşadığımız əsrin  ümid, həsrət və intizar dolu günlərinə qədər stajlı qəzet redaktoru  Məcnun Namazəliyevin həyatında  çox şey dəyişib. 43 il bir yerdə yaşadığı həyat yoldaşı Məlahət xanımı, atasının adını daşıyan, dünyalar qədər sevdiyi oğlu Surxayı torpağa tapşırıb, ürəyindən əməliyyat olunub. Zamanın amansız küləkləri arxaya daradığı qapqara saçları ağappaq boyasa da, nurlu simasındakı işığı bir zərrə qədər də azalda bilməyib. Yaşı 75-ə adlasa  da..

 

“Araz” qəzetinin əvəzolunmaz redaktorunun çoxillik fəaliyyəti “Tərəqqi” medalına layiq görülüb.  Rayon partiya komitəsinin büro üzvü, dəfələrlə rayon və şəhər sovetinin deputatı seçilib.  Rayon Ağsaqqallar Şurasının sədri kimi neçə illərdir ki, Füzulidə çoxlarının üz tutduğu məsləhət yerinə çevrilib.

 

Adam var  şeir yazır, kitabları çıxır, amma şeirdən, poeziyadan, ədəbiyyatdan qətiyyən xəbəri yoxdur. Məcnun müəllim naşir kimi çox müəllifləri çap etsə də, ömründə bir dəfə də olsun əlinə qələm götürüb bircə misra da şeir yazmayıb. Amma onun qəlbində yazıya alınmayan şeirləri bəlkə də dünyanın ən gözəl şeirləridir.Bir alətdə də musiqi ifa etməyi bacarmayan Məcnun müəllimin qəlbində bəlkə də dünyanın ən gözəl musiqiləri, bəstələri var.  Onun poeziyaya və musiqiyə olan həssas münasibəti ən duyğulu kəsdə də maraq doğurur.

 

Onun həyatında 14 rəqəmi həmişə əlamətdar olub. 1942-ci il  oktyabrın 14-də  dünyaya göz açıb. Oktyabrın 14-də ailə həyatı qurub, böyük qızı Aygün həmin gün dünyaya gəlib, böyük oğlu Nurəddinin toyu da həmin günə təsadüf edib.

 

O, dünyaya  Araz çayının sahillərində göz açıb,  çayın kənarında bitən qamışdan o da özünə qarğı at düzəldərək o baş-bu başa “çapıb”. Qamışların arası ilə axan Araz çayı ona layla çalıb. Bu çayın adı ilə bağlı qəzetə rəhbərlik etməyi də tale onun bəxtinə yazıb. Düz ötən əsrin 93-cü ilinə kimi...

 

93-cü ildə qəzetin tarixi “Araz” adını dəyişib “Qayıdış” qoydular...

 

Vətənə qayıdış gününü gözləyə-gözləyə...

 

Bir vaxtlar o, bu çayın kənarında dayanaraq həsrətlə  o tayda  görünən kəndlərə baxıb, sərhəddi adlamaq, ordakı soydaşlarımızı görmək arzusu ilə yaşayıb. O vaxtkı həsrəti qaysaq bağlasa da, indi onu dünyaya, dünyanı ona tanıdan doğma Füzuliyə uzaqdan - Horadizdəki təpələrin arxasından baxır. Mərhum Xalq şairi Bəxtiyar Vahabzadənin sözləri yada düşür: “Füzuli qürbətdən Vətənə baxırdı, mən isə Vətəndən Vətənə baxıram”.

 

Məcnun Namazəliyev Horadizdən Füzuliyə baxanda həm də ömrün arxada qalan illərinə boylanır. O illərə ki, orda onun üçün çox əziz və çox şirin olan unudulmaz xatirələr var.  Nağıl, röya kimi şirin olan həmin xatirələrin bir vərəqini də qoparıb atmaq, bir anını da unutmaq istəmir.

 

Vaxtilə “Araz” da dərc olunan şeirlərdən birində belə misralar var:

 

Məsləhət yerisənsə

Öz obanda, elində,

“Vətən, Vətən” deyirsə

Dodağın da, dilin də,

Bircə kəlmən əzbərsə

İnsanların dilində -

Hədər yaşamamısan

Sən bu dünyada...

 

Elə bil bu misralar məhz Məcnun müəllim üçün yazılıb. Müəllifini xatırlamasam da...

 

Süleyman QARADAĞLI

 

525-ci qəzet.- 2016.- 8 oktyabr.- S.24.