Mənəvi-mədəni və ədəbi dəyərlər müstəvisində modernizmə və postmodernizmə baxış

 

(Əvvəli ötən sayımızda)

 

Şərq mifologiyası, folkloru, etnoqrafiyası, tarixi, coğrafiyası üstündədir. Bunlar kitabələrimizdə, Dədə Qorqudumuzdadır.

 

Forma, süjet, kompozisiya xüsusiyyətləri Şərqin sənət ənənələrində olmayıbmı? Sənətkarlıq, bədii üslub yenilikləri olmayıbmı? Məgər Markesi, Borxesi, Kamünü və yüzlərlə başqalarını bilməklə, bunları əsərlərimizdə yamsılamaqla orijinal oluruqmu, modernistə və ya postmodernistə çevrilirikmi? Yenilik budurmu? Mən Qərbi tanımaq və bilməyin əleyhinə deyiləm, təsirlərin də əleyhinə deyiləm.  Bəs 1960-80-ci illərin Azərbaycan nəsrində  yenilik yox idimi? Onda gərək onların hamısı modernist və ya postmodernist olaydı: İ.Hüseynov, İ.Şıxlı, M.İbrahimov, İ.Əfəndiyev, Anar, Elçin, Y.Səmədoğlu, M.Süleymanlı, İ.Məlikzadə və başqaları. Görün B.Vahabzadə nə deyirdi: "Əlbəttə, dünya ədəbiyyatında yaranmış ən böyük əsərlər böyük kədərin, iztirabın, təlatüm və həyəcanın məhsuludur. Böyük əsər soyuq mühakimənin, soyuq ürəyin məhsulu ola bilməz. Şeir çırpıntıdır, həyəcandır. İnsanın qeyri-adi vəziyyətinin ifadəsidir. Hər qəlbin çırpıntısı və həyəcanı isə başqa-başqa olur. Bu mənada sənət aləmində "axtarış", "novatorluq" sözlərindən xoşum gəlmir. Ona görə ki, sənətkar yeniliyi axtarmamalıdır. Əsl sənətkarı yenilik özü gəlib tapır. Məncə, bir şair əgər həqiqətən şairdirsə, o, hamının gördüyü, hamının baxdığı predmetdə, hadisədə başqalarının görə bilmədiyi cəhəti görəcəkdir. Başqalarının görə bilmədiyini görə bilərsə, demək onun dediyi heç kəsin dediyinə oxşamayacaq. Məncə, əsl yenilik budur".

 

Şair fikrini belə davam etdirirdi: "Elə şairlər var ki, ənənədən oddan qorxan kimi qorxurlar... Dünyada hər fikrin, hər hissin öz keçmişi var. Ən böyük, ən yeni sənət əsəri ənənə üzərində dayanır".

 

Bir sözlə, Şərqin öz suyu  var, biz onu içirik. Qərbin də öz suyu var, onlar da onu içirlər. Nəticə:Şərqlə  Qərbin suları qarışmır.

 

Biz təbii ki, təsirə, əlaqəyə inkarçı deyilik. Dünya yürüşdədir, ölkələr, xalqlar iqtisadi-siyasi və mədəni olaraq bir-birinə yaxınlaşır. Hibridləşirmi? Bizə hibrid lazımdırmı? Hibridin, cinsin verdiyi məhsul məlumdur: yadlaşma və eybəcərlik! Dünya üçün, həyat üçün təhlükə. Belə hibridlərə Haqqın və təbabətin izni olsa, Dünya yeyilər, həyat tükənər, xəstəliklər dünyanı götürər. Gəlin özümüzü, ədəbiyyatımızı korlamayaq!

 

Gəlin bir anlıq düşünək. Nümunəsiz dünya varmı? Allah-təala yer üzünə özünün nümunə olaraq dörd səma kitabını göndərib - məqsəd də budur: özünü dərk et, özünü təmizlə, mənə doğru gəl, məni dərk elə! Belə olan surətdə nümunəsiz, ideyasız ədəbiyyatdan danışmaq olarmı? Bəs mövcud "Dədə Qorqudumuz"? Bəs tarixi planda M.C.Həqiqi, Qara Yusif, Uzun Həsən, Şah İsmayıl, Qacar, Nadir?.. Kimlər, kimlər, kimlər?.. Gəlin bir-bir tariximizi, tarixi və çağdaş milli insanımızı, Azərbaycan insanının libaslarını, mənəvi simasını dəyişdirəyin, "dekonstruksiya" edəyin, hər gün bir yeni "postmodernist" əsər yazağın. Casus, fahişə, satqın, buqələmun, obıvatel surəti yaradağın, axtarağın. Ümumiyyətlə, qəhrəman, əsgər, insan obrazı yaradağın, sərhəd, əqidə, qeyrət, mənlik, qəlb, ruh yox, xaos yaradağın, bunlar bizə nə verir? Nəticə: Biz hara gedirik? Hara gedir bu dünya?

 

Mirzə Fətəli Axundzadə Qərbə üz tutanda belə Şərqlə Qərbin fərqini göstərirdi. Qərb həyatının pozucu təsirini ifadə edirdi. Hüseyn Cavid Qərbi göstərəndə tamamilə Şərq həyatının "içində" ona yer verirdi - müqayisə və məqsədi  üçün. "İblis", "Səyavuş", "Topal Teymur", "İblisin intiqamı"nda belə deyildimi? Məgər Cəfər Cabbarlı Avropanı oxumurdumu? Tərcümə etmirdimi? Öyrənmirdimi? Şekspiri də, Şilleri də, Molyeri də, Danteni də, Bayronu da, Höteni də, Hüqonu da oxuyurdu. Onun da əsərlərində Avropa vardı. İsmayıl Şıxlı, İsa Hüseynov, Mirzə İbrahimov, Mehdi Hüseyn, İlyas Əfəndiyev, Anar, Elçin də Qərbi, Avropanı öyrənirdi, xarici ədəbiyyatı tərcümə edirdi. Avropaya meyllilik  XX əsrin 60-cı illərindən artmışdı.  Belə müəlliflərdə (əsərlərdə) Şərq aşılmayıb...  Bütün olanlar onların qəhrəmanlarına, müəllif mövqeyinə, məqsədinə xidmət qədərdir. Milli ruhu heç nə aşmayıb. Bu gün də milli ruh, tarix, dil, din, əxlaq və mənəviyyat imkan vermir  Qərbin, Avropanın Şərqi yenməsinə. Nəticə:Tərəflər qarışmır. Qarışsaydı, bəşəri insan olardı, daha milli insan yox! Hətta dünyanın etnik mədəniyyətləri belə  qarışmır, multikultural mədəniyyətlər və münasibətlər qarşılıqlı təmasda yaşayır.

 

Müstəqillik dövrümüzün çox şairləri, nasir və dramaturqları "modernist" olub. Bəs müstəqillik dövrünün özü və XXI əsrin yaşlı sənətkarları necə, modernistdirmi? Modernist deyilsə, kimdir?

 

Ənənəvi milli ədəbiyyat irəliyə doğru inkişafdadır, yoxsa modernist və ya postmodernist ədəbiyyat? Biz modernist ədəbiyyatı öncül, aparıcı hesab etməliyik, yoxsa ənənəvi  ədəbiyyatı?

 

Poeziyada Bəxtiyar Vahabzadə, nəsrdə Kamal Abdulla, dramaturgiyada Firuz Mustafa, tənqid və ədəbiyyatşünaslıqda Yaşar Qarayev filosofdurlar. İstərdik ki, onlar ədəbiyyatımızda və yaddaşımızda modernist və ya posmodernist kimi yox, ədəbiyyatımızın filosofları, müdrikləri kimi qalsınlar. Mətn və ya müəllif mövqeyinin bizim üçün heç bir məna və başlanğıcı yoxdur. Bizdə təfəkkür və idrak başlanğıcı vardır. Bizdə Şərq müdrikliyi var, Qərb başıpozuqluğu yox! Nəticə: Bizdə İslam və onun Əxlaqı vardır!

 

Düşünülə bilər: bu modernizm, postmodernizm qaçılmazdır. Yadda saxlayaq ki, Qərbin, Avropanın  bir sıra  ədəbi-fəlsəfi cərəyanlarını, - fikir axınlarını Şərq nəzərə alıb, fəqət qəbul etməyib. Əslində modernizm Avropa üçün ötüb. Postmodernizmi də ötürmək cəhdindədir. Şərq itirmişdirmi? Modernizm və postmodernizm - bunlar keçicidir. Mövcud ədəbiyyat modernizminin bizdə xüsusiyyətləri, əlamətləri olub. Bunu H.Cavid, M.Hadi, Ə.Hüseynzadə, A.Şaiq, A.Səhhət, Ə.Cavad, M. Müşfiq, S.Vurğun, R.Rza, S. Rüstəmin yaradıcılığına, 1920-30-cu illərə aid edirik.

 

 Professor Səlahəddin Xəlilov böyük H.Cavidi nə panteist, nə də obyektiv idealist kimi səciyyələndirib. Alim "mistika ilə rasionalizmin sintezindən çıxış edib", təsəvvüfə çox üstünlük versə də, onu ictimai amillərlə birlikdə daha realist təqdim edib.  O, Cavidi "qəlb dünyası ilə ictimai həyatın bir küll  halında qarşılıqlı əlaqə və vəhdətində nəzərdən keçirib". Professor S.Xəlilov H.Cavidi fəlsəfi cərəyanlardan təcrid etməyib, fəqət onu müxtəlifliyin birliyinə daha çox yaxınlaşdırıb. "Cavid əvvəlcədən filosof idi. O, yüksək təhsil görmüş, bir sıra fəlsəfi təlimlərdən xəbərdar olan və öz fəlsəfi konsepsiyası, ideyaları olan və bu ideyaları bədii yolla, sənət vasitəsilə çatdırmaq istəyən bir sənətkar idi. Cavid birdən-birə yüksək mərtəbədən başlayır. İdeyalardan başlayıb həyatın özünə doğru gəlir".

 

S.Xəlilov H.Cavidi Avropa və Qərblə bağlamaqla bərabər, onu N.Gəncəvi, F.Əttar, İbn Ərəbi, C.X.Cübran, M.İqbal, C.Əfqani, M.Ə.Sabir və C.Cabbarlı ilə müqayisədə təqdim edib. Filosof H.Cavidə münasibətdə hökm vermir, orta xəttə, münkəsirliyə üstünlük verir. Çünki modernist təfəkkür bir xətli, bir məcralı, bir sistemli deyildi. Bu gün bizdə modernizm və postmodernizmin özü yox, izləri vardır və bu gün onlara etiraz artmaqdadır.

 

Mən hər bir Azərbaycan müəllifinin modernizm və postmodernizm haqqında fikirlərinə, siyasi, ədəbi-fəlsəfi təhlillərinə, onların fikir və düşüncə mövqeyinə hörmətlə yanaşıram. Söhbət təzahürdən yox, mahiyyətdən gedir. Mahiyyət isə budur ki, Azərbaycanın ailə institutlarının birliyi, əxlaq və gözəllik ruhu, din və ayin mübəlliğliyi, patriarxallıq yaddaşı var. Biz Birdən, Odan qopmaqla, ayrılmaqla itirik, kiçilir və böyük güclərin qarşısında daha çox əzilirik. Necə ki, ney əslindən ayrıldığından həmişə nalə çəkir. Əxlaq və şüurumuz aşındıqca ayaqlarımız altındakı  torpaqlarımız da  kiçilir. Dahi Hüseyn Cavid, Əli bəy Hüseynzadə, Cəmaləddin Əfqani, Ziya Göyalp, Zəki Vəlidi Toğan, Namiq Kamal isə Turan, ittihad və mədəniyyət deyib. Turan bütün Aralıq dənizi və Atlantik okeanının sərhədləri, ərazi və toplumun Şərq yönlü müəyyənliyi, ərzin yarısı deməkdir. Xəlil Rza deyirdi ki, "Türkü burunlayanlar həm dönük, həm sönükdür, Ərzin yarısı türkdür, türk dünyadan böyükdür"... "Biz türkləriz, Vətənimiz başdan-başa Yer kürəsi, Bayrağımız al günəşdir, çadırımız göy qübbəsi".

 

Biz istəsək də, istəməsək də, bu postmodernizm hələ təbliğ olunmaqda, dəyərləndirilməkdə, haqqında tədqiqat əsərləri yazılmaqdadır. Lakin bunlar, məncə, müvəqqəti başlanğıcdır. Müəyyən vaxtdan sonra sıradan çıxacaq. Bu, labüddür.

 

Bizim milli, demokratik ədəbiyyatımız vardır. Tarix boyu kökü üstündədir. Bu ədəbiyyat milli və demokratik ruhunu dağıtmağa, postmodernist  şüur axınlarına yer verməyəcəkdir. Hələ ki, "qonağı  hörmətlə" qarşılayır. Amma etirazların da kökü 1970-ci illərdədir. Professor Yaşar Qarayev vaxtilə süni modernizmə toxunmuşdu. "Qərbin bir sıra ölkələrində poeziya öz oxucusunu ona görə sürətlə itirir ki, o öz mahiyyətinə - mənəvi vəzifəsinə sədaqəti itirməyə (kursiv-Ə.Ə.) başlayır. Daha doğrusu, öz oxucusunu itirən poeziya yox, antipoeziya olur, saxta, ifrat, süni modernist meyillər (kursiv-Ə.Ə.) olur". Anar, N.Cəfərov və bir çox başqaları da bu barədə fikir və mövqe nümayiş etdiriblər. Professor N.Cəfərov müsahibələrinin birində :"Postmodernizm, modernizm... Son vaxtlar bu anlayışlar tez-tez işlədilir. Sizcə, onları Azərbaycan ədəbiyyatına tətbiq etmək düzgündür?" sualına haqlı olaraq belə cavab verib: "Olmaz. Bu, bizə nə verir? Məmməd Cəfər Cəfərov, Mehdi Hüseyn nə deyirdisə, aydın idi və bizim yadımızda qalırdı. İndikilər nə deyir, onu mən bilmirəm. Bir var dərk olunmuş anlayışdan, hansısa ədəbiyyatın texnologiyasından çıxmış qəliblərdən danışasan... Bir də var, kənarda yarananı öz ədəbiyyatına tətbiq edəsən ( kursiv- Ə.Ə.). Bu zaman material varsa da, yoxsa da tapıb gətirəcəksən. Deyəcəksən ki, Anar modernistdir, Elçin postmodernistdir... Bir də var ədəbiyyatın təhlili. Son dövr tənqidçilərimiz elə içi mən qarışıq ədəbiyyatı təhlil edib hansı anlayışı çıxarıblar ki, onu təhlilin nəticəsi hesab eləmək olsun? Biz nəticəni qoyub nəticəyə qədərki şeyi təhlil edirik. Bəzən formanı qoyub yazıçıdan  ona uyğun yazmağı tələb edirlər. Yazıçı bədbəxt də bilmir ki, bu, nədir. Yəni tənqid nəyisə izah etmək, açmaq,  sfera müəyyənləşdirmək əvəzinə, pəncərə qoyur və yaradıcı adamı gic vəziyyətə salır. Tənqidin funksiyası hansısa model yox, ədəbiyyat üçün fəza müəyyənləşdirməkdir". Daha ciddi etiraz bir qədər vaxt istəyəcək. Çünki hələ dünya, Avropa durulmayıb. Şərq durulmayıb. Qonşu ölkələr və Azərbaycan durulmayıb. Xaos ədəbiyyat və incəsənətə hökm edir! Xaos ədəbiyyat və incəsənətə  xaos ötürür!

 

Bizim yazıçılar Qərb (Avropa) modernizmi və Şərq (Asiya) modernizmini, tarixən mövcud ədəbi cərəyan olmuş modernizm və postmodernizmi, dünyəvi, dini-mənəvi və əxlaqi bilikləri  əxz edib modernist və ya postmodernist əsər təqdim edə bilərmi? Fikrimizcə, cəmiyyət və təbiət elmləri, islam dini və təfəkküründən qidalana bilən əsərlərin postmodern təsirlərindən danışmaq olar. Bizim Qərbdəki postmodernizmin nəzəri əsasları və ya əhəmiyyəti ilə işimiz yoxdur. Nəticə: Söhbət bizdə onun özünü nə qədər doğrultmasından gedir.

 

Avropada, Qərbdə ərazi genişliyi, tarixin əlvanlığı, dini-etnik müxtəliflik, sivilizasiya və mədəniyyət panoramı vardır. Şərq isə nisbətdə daha çox  konservativdır, Yaxın və Orta Şərq əxlaqı, ailə, adət-ənənə sabitliyindədir. Avropa elmi-texniki vərdişlərə, ailəyə yox, fərdə açıqdır. Bu baxımdan Qərb daha çox başa düşüləndir. Şərq isə kökü üstündədir, kökdən ayrılmalara hacət yoxdur. Nəticə: Beləliklə, Azərbaycanda modernizm və ya postmodernizmin özündən yox, onun təsir xüsusiyyətlərindən danışmaq olar ki, bu da milli ədəbiyyatlara açıqdır...

 

Əlizadə ƏSGƏRLİ

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru

 

 

525-ci qəzet.- 2016.- 13 oktyabr.- S.6.