İşıq bucağı

 

 

Uşaqlığımızın nağıllar aləmində tez-tez eşitdiyimiz bir deyim vardı: İşıq gələn tərəfə get! Və bu deyimin alt qatında birmənalı qəbul etdiyimiz bir həqiqət də vardı - işıq varsa həyat da var, ümid də var, eləcə də axtardığımız, arzusunda olduğumuz, sahiblənəcəyimizə şübhə etdiyimiz, ehtiyatlandığımız gerçəkliklər də, həqiqətlər də orda mövcuddu.

 

Beləcə, mən də nağllarımızın bizi xoşbəxt edəcək gözəl sonluqlarının xəyalları ilə böyüdüm, yaşlandım...

 

Və uşaqlığımın nağıl istəkləri, işıqlı sonluqları həyat yoluma, tale yaddaşıma işıq salan çoxlu sayda gerçəkliklərlə zənginləşdi. Həyatın dolanbaclarından keçmək, əzablarına sinə gərmək, çətinliklərini aşmaq, özümü tapmaq üçün yolumu aydınladan işıqlı şəxsiyyətlərə borcluyam. Nizamidən, Füzulidən üzü bu yana Sabir, Mirzə Cəlil, Axudov və başqaları. Söz sahiblərinə, mütəfəkkirlərimizədək. Oxuduqlarım, öyrəndiklərim bu günə kimi hələ də əlimi buraxmayıb. Az-çox həyatda nə qazanmışamsa bu işıqlı insanların sayəsində olub. Məni "İşıq gələn tərəfə" aparan ziyalılardan biri də Həsən bəy Zərdabi olub. Bu günlərdə isə "İşığa gedən yol" romanı 38 il əvvəl getdiyim yolu nurlandıran Zərdabi işığını xatırlatdı mənə.

 

O işığa doğru ilk dəfə 1978-ci il sentyabrın 1-də getdim. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinin birinci kurs tələbələri və hamımızın sevimlisi, üzünü ilk dəfə gördüyümüz, düz beş il qrup rəhbərimiz olan əziz Cahangir müəllimimizlə. Adəti üzrə Jurnalistika fakültəsində təhsilə başlayan tələbələr mətbuatımızın banisi, maarifçi ziyalı Həsən bəy Zərdabinin Fəxri Xiyabandakı məzarı üstündə onun ideyalarının daşıyıcısı olacaqlarına, xalqa, vətənə vicdanla xidmət edəcəklərinə and içərək bu ağır və məsuliyyətli işin yükünə çiyin verirdilər. Təqdirəlayiq haldır.

 

Amma o zaman bu dahi mütəfəkkir haqqında bəsit anlayışım vardı. Ən azından çox sevdiyim jurnalist peşəsinin ilk bayraqdarı və milli mətbuatımızın banisi kimi. Yəni iti bucağın tutumuna bərabər bir bilgi... nazik zolaqlı bir işıq seli deyək...

 

Görkəmli ziyalı, filologiya üzrə fəlsəfə doktoru, gözəl şair, istedadlı publisist Sona xanım Vəliyevanın "İşığa gedən yol" romanını mütaliədən sonra isə böyük Həsən bəy Zərdabinin maarifçilik, vətənpərvərlik, xeyriyyəçiliklə dolu və xalqının gələcəyini aydınlatmağa hesablanmış məşəqqətli və keşməkeşli həyat yolu mənim üçün 180 dərəcəlik bucaq timsalında açıldı...həm də gur və güclü işıq seli altında.

 

Sona xanım Vəliyeva bir ədəbiyyatşünas alim, filoloq, publisist və həqiqətən təsirli, düşündürücü şeirlər müəllifi kimi imzası tanınan və rəğbətlə qarşılanan xanım yazarlarımızdan biridir. "Kaspi" təhsil mərkəzinin yaradıcısı və rəhbəri kimi yorulmaz fəaliyyəti, qazandığı nailiyyətlər bir başqa yazının mövzusudur. Oxucuların görüşünə gəldiyi "İşığa gedən yol" romanı isə onu tamam başqa bir rakursdan görməyimizə və tanımağımıza səbəb oldu. Roman janrına ilk dəfə, həm də mükəmməlcəsinə müraciət edən müəllif, sözün həqiqi mənasında, onun imzasını sevənlərə və yaradıcılığını izləyənlərə xoş bir sürpriz edə bilib.

 

Roman haqqında söz açmazdan əvvəl onu demək istəyirəm ki, Sona xanımın şeir yaradıcılığı və publisistikası onun bir filoloq kimi, ədəbiyyatşünas kimi oxuculara verə biləcəyi mənəvi borc timsalında başa düşülə bilər. Şeirin özü müəllifin ilhamının və poetik düşüncələrinin vəhdətindən doğan və oxucunun birbaşa ruh halına köklənmiş bir ədəbiyyat nümunəsi olduğundan şeir yazmaq üçün planlı şəkildə cizgilər çəkmək və əvvəlcədən nədən və kimdən yazacağını proqnozlaşdırmaq da mümkün deyil. Çünki ilhamın qəfil gələn və qapını çalan məqamını qaçırmamaq və içindəki yanğını, təşnəni vərəqlərə tökərək poeziyaya çevirmək yetərlidi. Yetər ki, bu ilhamın, bu istedadın dərin biliyin və zəngin dünyagörüşünlə qaynaq etsin və sonda həqiqətən gözəl bir sənət nümunəsi araya-ərsəyə gəlsin. "Üstünə" şeirindəki bu misralar kimi:

 

Ölüb dərdimi göndərəm

Mənə yananın üstünə.

 

Və yaxud da şeirdəki oxucunu tarıma çəkən bu yeni fikir kimi...

 

Ay torpağın itirənlər,

Gedək tapanın üstünə.

 

İrihəcmli romana gəlincə isə - həm də bu roman tarixi şəxsiyyətin, yaşadığı əsrlərin ictimai siyasi hadisələrinin önündə gedən bir aydının, görkəmli ziyalının, məsləki və əqidəsi yolunda çıraq olaraq ilkə imza atmış bir vətənsevərin haqqında ola - artıq bu, romanlıqdan daha irəli gedərək böyük və iri həcmli bir tədqiqat əsəridir. Tədqiqatçı alimin isə işi, zəhməti ölçüyə gəlməzdir.

 

Ən əvvəl onu demək istəyirəm ki, Sona xanım bir qadın, ana , həyat yoldaşı, ən azından, zərif cinsin nümayəndəsi olaraq onsuz da mənəvi borcunu dərk edərək üzərinə düşən missiyanı gözəl anlayan və bunu yetərincə daşımağı bacaran ziyalıdır. Evdarlıq, xanımlıq, analıq, yoldaşlıq missiyaları olan, bütün bunların mahiyyətini və yükünü çəkməyi bacaran bir insandır. Deyə bilərik ki, qadınlarımızın əksəriyyəti bu missiyaların daşıyıcısıdır. Amma qarşımızda 767 səhifəlik, iki hissəli, təxminən 100-dək müxtəlif həcmli fəsildən ibarət böyük bir tədqiqat əsəri, olduqca maraqlı bir roman var. Tədqiqat əsərinin isə nə cür əziyyətlər bahasına, bəlkə də insafsızcasına zaman çalmaq hesabına ərsəyə gəlməsini ən azından yazı əhli, SÖZ adamı olaraq tam mənasıyla başa düşür və dərk edirik. Buraya arxivlərdə, kitabxanalarda saatlarla, günlərlə itirilmiş zaman və tarıma çəkilmiş əsəblər, yuxusuz gecələr, aramsız axtarışlar, yeni mənbələr, yazılmamış və toxunulmamış tarixi faktlar və sair daxildir. Və üstəgəl faktların dəqiqliyini yoxlayaraq, tədqiqatlarını bir-bir, tarixi ardıcıllıqla sapa düzərək onu bədii təxəyyülünün süzgəcindən keçirmək. Romanda Zərdabinin timsalında dövrünün öncüllərindən olan bir insan ömrünün demək olar ən maraqlı və yaddaqalan anları ardıcıllıqla durna qatarı kimi səflənərək oxuculara doğru uçur. Bu uçuşun səmti də işığa doğrudur. İşıqlı bir ömrün həmvətənlərinə, yurddaşlarına hesablanmış işıqlı bir gələcək, firavan bir həyat vədi kimi.

 

Romanda maarifpərvər ziyalımız Həsən bəy Zərdabinin 6 yaşından 65 yaşınadək, yəni uşaqlığından tutmuş ömrünün son günlərinədək olan bir dövrünə işıq salınıb. Müəllif "İşığa gedən yol"un bu işıqlı yolçusuna sanki bir ana, müəllim, məsləkdaş və ən nəhayət dost qayğısı göstərərək əlindən tutub öz həyatını özünə ekskurs etdirir. Maarif fədaisinin, dövrünün aydınının həyat və yaradıcılığının, fəaliyyətinin, arzularının tərcümanına çevrilir. Zərdabinin yalnız istedadlı naşir və iti qələmli jurnalist kimi məziyyətlərinə işıq salmaqla kifayətlənmir, bu cəfakeş insanın xalqının maariflənməsi fonunda onun öz haqqını və hüquqlarını anlayaraq bunu tələb etmək cəsarətində olmasını istəyən və qələmiylə, zəkasıyla bunu millətinə aşılamağa çalışan bir təəssübkeş vətəndaş kimi oxucuların önünə çıxarır.

 

Müəllif həm də qəhrəmanının əzmkar, mübariz, cəfakeş və iradəli olmasını onun yaşının kamillik çağlarında, səhhəti yol verməsə belə dincəlmək bilmədən çalışmasıyla, ruhdan düşməməsiylə göstərə bilmişdir. Çəkdiyi mənəvi və fiziki yükün ağırlığından Zərdabinin vaxtından əvvəl qocaldığını, yaşından böyük göründüyünü hardasa ürək ağrısıyla, yazıçı təxəyyülünün gücü və qüdrəti ilə oxucusuna çatdırmağa çalışır və buna müvəffəqiyyətlə nail olur.

 

XIX əsrə məxsus bütün mənfi hallar - dini fanatizm və savadsızlıq, mövhumat və köləlik, mütilik və istibdad bir yazar olaraq Zərdabini narahat etməyə bilməzdi. Bu neqativ hallarla mübarizə aparmaq üçün isə dövrü nəşrdən, mətbuatdan gözəl vasitə ola bilməzdi və Zərdabi də bunu anlayaraq "Əkinçi"nin çapını ən məqbul hal kimi qəbul edir. Bu qarışıq zamanda dövrünün qabaqcıl ziyalılarından olan Zərdabi maarifçilik ideyalarının yaranmasını, insanlardakı oyanışın, intibahın zühurunu, işıqla zülmətin əbədi mübarizəsini, mürəkkəb, ziddiyyətli hadisələri müdrikcəsinə görür və onların təhlilini verir. Qəzet onun üçün əsl söz və özünüifadə tribunasına çevrilir.

 

Əsərdə o dövrün bir qrup ziyalısının - görkəmli yazarlardan Mirzə Fətəli Axundov, Mirzə Hüseyn Qayıbov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani, Fərəc bəy, Mirzə Möhsün Nəvvab, Ağali bəy Nasehi, İlya Çavçavadze, Mixail Kipiani və digərlərinin siyasi və ictimai görüşlərinə də yer ayrılmış, onların vətənpərvərlik hissləri, dünya görüşləri maraqlı dialoqlar və mükalimələr vasitəsilə çatdırılmışdır. "Beytüs-səfa" ədəbi məclisinin üzvləri olan bu ziyalılarla dostluq və əməkdaşlıq edən Zərdabinin dövrünün ən sayılan və hörmət bəslənilən görkəmli şəxsiyyətlərindən olması əsərdə bütün detalları ilə və zərgər dəqiqliyi ilə verilmişdir.

 

Romanı oxuyan hər bir oxucu artıq Zərdabini yalnız "Əkinçi"nin naşiri və kəskin qələmli bir jurnalist kimi deyil, həm də onun ictimai-siyasi xadim kimi geniş fəaliyyətinin şahidi olur. Dumadakı fəaliyyəti, müəllimlər qurultayında iştirakı, geniş xeyriyyəçilik işləri, gimnaziya və universitet tələbəsi, müəllim və dövrünün ağsaqqalı kimi həyatının bütün illəri müəllifin səbrlə, təmkinlə qələmə aldığı bu əsərdə geniş əksini tapmışdır. Və sonda Zərdabinin görkəmli mütəfəkkir və ictimai xadim səviyyəsinə yüksəlməyinin şahidi oluruq. Bütün bunlar müəllifin gecəli-gündüzlü zəhməti və usanmadan, yorulmadan, əzmkarcasına, məsuliyyətlə məqsədinə doğru irəliləməsinin və sonda istədiyi nəticəyə nail olmasının bariz sübutudur.

 

Bir maraqlı fakt da odur ki, romanda adları çəkilən yazıçı və mütəfəkkirlərimiz bilik və təcrübələrini yalnız millətinin işıqlı gələcəyinə sərf etməklə kifayətlənmir, daha irəli gedərək doğma yurdlarını, xalqının dəyərli söz sahiblərinin əsərlərini Vətəndən kənarda, oxuduqları təhsil ocaqlarında müəllimlər və tələbələr arasında təbliğ etməyə çalışır, bunun üçün birgə iş görürlər. Həsən bəy Zərdabi Moskva universitetinin rektoru, professor Solovyovun Axundovun və Xətainin əsərləri ilə maraqlandığını, onun şifahi tərcüməsi ilə bu ədəbi nümunələrlə tanış olmaq istədiyini söyləyərkən necə də qürur hissi keçirir. Axundov isə bundan ruhlanaraq Nəsirəddin Tusinin "Əxlaqi-Nasiri" əsərini də əlavə edib deyir ki, bunu sən də oxu, lazımın olacaq. Əsl ziyalılıq, xalqının öndə olan filosof və mütəfəkkirlərini, yazıçı və şairlərini xaricdə tanıtmaq kimliyini sübuta yetirmək qədər vacib və dəyərli bir haldır.

 

Yazımın əvvəlində dediyim kimi, yalnız bədii təxəyyülün məhsulu olan əsərlərdən fərqli olaraq tarixi roman yazmaq, hər hansı konkret tarixi şəxsiyyətin həyatını qələmə almaq ikiqat, üçqat artıq zəhmət tələb edən bir işdir. Adətən bu səpkidə yazan yazarlarımızın sırasında daha şox kişilərin adlarına rast gəlirik. Çox sevindirici haldır ki, Sona xanım zərif çiyinlərinə olduqca ağır bir yük götürərək onu mənzil başına dəyanətlə, əzmlə çatdıra bilib.

 

Qaranlıqları aydınladan işıq qorxu hissini yox etməklə yanaşı, gizlinləri faş etməklə bərabər zehnimizə güzgü tutan, maarifçilik ideyalarını bəşəriyyətin beyninə yeridən bir güc sahibidir həm də. Adından bəlli olduğu kimi "İşığa gedən yol" romanı özü bir işıq olaraq millətimizin çox da uzaq olmayan keçmişinə işıq salır, bədii təxəyyülünün və qələminin gücü sayəsində işıqlandırmaq, hər şeyi olduğu kimi təsvir edərək göstərmək missiyasını uğurla yerinə yetirir.

 

P.S. Əslində bu düşüncələrimi kitabın təqdimat günü deməliydim. Amma hələ "İşığa gedən yol" un izinə düşməmişdim deyə heç bir fikir bildirə bilmədim. İndi isə kitab məni illər öncə yol alıb sorağıyla yürüdüyüm Zərdabi işığıyla tam bir aydınlığa çıxardı. Çünki müəllif keçmişi mükəmməl öyrənərək məharətlə gələcəyə daşıya bilmişdir.

 

Müəllifi "İşığa gedən yol" vasitəsi ilə aydınlatdığı nurda qələmə aldığım bu yazı ilə təbrik edirəm. Uğurlarınız bol olsun, Sona xanım!

 

Əntiqə QONAQ

Əməkdar jurnalist

 

525-ci qəzet.- 2016.- 13 oktyabr.- S.7.