Yaxşılıq - (hekayə)
Ölümü axtarırdım. Kimdən soruşurdumsa, deyirdi,
başın xarab olub?! Qəribədir, mənə bunu
deyənlər sual vermirdilər ki, niyə Ölümü axtarırsan? Buna səbəb nədir?
Belə olsaydı, mən də cavab verəcəkdim
ki, işim düşüb, onu görmək istəyirəm.
Bir gün bağı seyrə çıxmışdım. Hər tərəf
alyanaq, qırmızı,
yaşıl almalarla dolu ağaclar və yaşıl otluq idi. Otların arasıyla yeriyib onları əzdikcə, xəfif bir səs qulağımı döyəcləyirdi. Alma ağacları budaqlarındakı
barla lovğalanırdılar.
Ətrafı seyr etməkdən
göz doymurdu. Qəfildən səs eşitdim:
- Məni gəzirdin, burdayam...
Səsin hansı tərəfdən
gəldiyini kəsdirə
bilmədim. Arxaya çevrildim. Heç kimi görmədim. Yalnız otların arasındakı
izim - açılan cığır uzanırdı.
Hövlləndim. "Mən
burdayam". Hər dəfə
yerimdə gələn
səsə qarşı
döndükcə "mən
burdayam"ı təkrar-təkrar
eşidirdim. Fırlandığım yerdə əzilmiş otların üstündə
dairə əmələ
gəlmişdi. Əhədim kəsildiyindən elə bu otluqdakı özüm yaratdığım
dairənin içində
yerə çöməldim.
Soyuq tər basdı məni.
- Sən kimsən axı, mən səni görə bilmirəm?!
Bu sözləri gözlərim
bərəlmiş halda
ətrafa boylana-boylana
ucadan deyirdim.
- Mən Ölüməm. Sən məni gəzirdin, daha doğrusu, görmək istəyirdin.
Qeyri-ixtiyari dilləndim:
- Salaməleyküm, Ölüm!
Xahiş
edirəm, özünü
göstər, səni
görmək istəyirəm.
Sanki qorxu-hürkü məndən çəkilib
getmişdi, çoxdan
tanıdığım bir
əziz-girami kəslə
(üzünü görməsəm
də) söhbət edirdim.
- Mən özümü sənə göstərsəm,
əbədi susmalı
olacaqsan...
Cürətə gəldim, sözünü
ağzında qoydum və çox aciz görkəmdə, yazıqcasına dilləndim.
- Səni bir neçə
saatlığa elə
görmək istəyirəm
ki, bunu sözlə ifadə edə bilmirəm.
- Xeyir ola, yoxsa mənə rüşvət
verib, əbədi yaşamaq sevdası keçir başından?!
- Yox, yox, əsla
yox. Əbədi yaşamaq mənə
əzab olardı.
- Əcəb! Yer
üzünün əşrəfi
sayılan insan əbədi yaşamaq üçün min pəstahadan
çıxır. Hətta Amerikada
bir neçə nəfər özünü
dondurub ki, gələcəkdə əbədi
yaşamağın iksiri
tapılanda onları oyatsınlar. Bədbəxt
insan! Onlar hələ başa
düşmürlər ki,
yazıya pozu yoxdur. Çoxdan ölüblər o "dondurma" insanlar.
Ölüm "bədbəxt insan!"
ifadəsini elə işlətdi ki, onun dediyinin əksinə getməli oldum:
- Niyə siz insana
bədbəxt deyirsiniz?
Bu dünyada əbədi
yaşayıb, var-dövlət
sahibi olmaq, gününü eyş-işrətdə
huri-mələklərin əhatəsində
keçirmək bəşər
övladının əzəldən
ən başlıca istək diləyi olub.
- Nə deyirəm ki, belədirsə, bəs özün niyə əbədi yaşamaqdan vaz keçirsən? Bir də sənin
mənə iradın çox-çox yersizdir.
Cəfəng fikirlərlə özünü
yorma. Bax, siz insanlar gecə-gündüz min oyundan
çıxıb, milyonların
hesabına növbənöv
bombalar, silahlar yaradırsız. Adını da
qoyursunuz "müasir
silahlar". Kimə və
nəyə xidmət edir bu silahlar?
Deməli, belə çıxır
ki, bir-birinizi səliqə-sahmanla qırmaqdan
ötrü bütün
bunları edirsiniz.
Bəlkə belə deyil?!
Elə deyilsə, onda o silahlara xərclədiyiniz
milyonları elə acından qırılan milyonlarla insanın rifahına, gün-güzəranına
xərcləmək olmazmı?
- Hə... Yox. Bu barədə
mən heç vaxt fikirləşməmişəm.
Qaldı ki, əbədi yaşamaqdan imtina etməyimə, onun da səbəbləri
var... Cəmiyyətdə elə hallar
görürəm ki, gələcəkdə insanlar
bu tipdə olsalar, xarakterləri dəyişməsə, mən
belə cəmiyyətlə
bir yerdə əbədi yaşamaq istəməzdim.
- Cəmiyyət kimdir?! Cəmiyyət də elə
sənin xalaoğlun, dayıoğlun, bibioğlun,
bibiqızın və
başqa doğmalarındır
da. Bunlar özləri də
köklənib, rişələnib
başqaları ilə
qol-boyun olublar. Kimi dərindən qurdalasan, elə hamı bir-birinə qohum-qardaşdır.
Adam da öz
cəmiyyətindən imtina
edərmi? Qaldı ki,
belə baxanda söhbət səndən
gedir, yəni indi yaşadığın
cəmiyyətdən yox.
Əbədi yaşasan, çox
cəmiyyətlər görəcəksən.
Özümdə təpər tapıb
Ölümə son istəyimi,
xahişimi dedim.
- Mən qərarımı dəyişmək fikrində
deyiləm. Əbədi olsam, dünya,
bəşər övladı
məndən nə qazanacaq? İstəmirəm. Vəssalam. Fransız aktyoru vardı.
Lui de Fünes. O, ölməmişdən qabaq
demişdi ki, mən əsl rolumu öləndə oynayacağam. Bu çox
təbii olacaq və tamaşaçılar
mənə baxıb, ürəkdən güləcəklər.
Yəqin
ki, bu gözəl
aktyoru siz çox yaxşı tanıyırsınız. Elə vəzifəyə qulluq edirsiniz ki, bəşərin
hər bir üzvü sizin siyahınızdan keçir.
Hə, mən də Lui de Fünesdən fərqli olaraq bir neçə saatlığa ölüb,
sonra dirilmək istəyirəm.
- Bu sizin nəyinizə lazımdır?
- Bu mənə çox lazımdır. Ömrüm boyu yaxşılıqlar etmişəm. Qulağıma çatandan bəziləri dalımca danışıb ağızdolusu tərifləyib, ömür-gün diləyiblər. Bir parası da məni axmaq yerinə qoyub deyiblər ki, bu adamın başı çatmır. Elədiklərinin əvəzində heç nə ummur. Hətta heç bir çay qonaqlığına da getmir. İstəyirəm, mənə kömək edəsən. Arzusundayam ki, görüm əhli-əyalım, qohum-qardaşım, dost-tanışım və digərləri mən öləndə barəmdə nə danışıb, nə deyəcəklər? Bax, elə onda hər kəsin mənə olan münasibətini əyani şəkildə görüb öyrənəcəyəm...
Ölüm bu dəfə əsəbi halda sözümü kəsdi:
- Nə çərənlədiyini heç özün də bilmirsən. Sənə Allah ağıl, üstəlik də ömür verib ki, zamanın tələbi, fəlsəfəsi ilə yaşayıb, ətrafdakılarla dil tapasan. Nəyinə lazımdır başqaları nəylə məşğuldur, hansı oyunlardan çıxır? Gəl, sən ölüb-dirilmək məsələsini çox qabartma. Bir də ki, nə işinə qalıb insanların sənə olan münasibətini öyrənirsən...
- Bilmək istəyirsənsə, bu mənim hüququmdur! Həqiqəti öyrənmək, ətrafdakıları saf-çürük edib, yaxınlarla oturub-durub, qalan ömrümü adam kimi yaşamaq arzusundayam.
- Ay Allahın bəndəsi, sənin hələ dilə gətirmədiklərinin mən hamısını, cikini-bikini çox gözəl bilirəm. Bu ana qədər olan taleyini və qarşıdan gələn illərdə səni nə gözləyirsə, hamısı mənə əyandır. Sənin arzuladığını əfsuslar olsun ki, bacarmayacağam. İnsanlara etibar yoxdur. Sonra orda-burda ağzından qaçıracaqsan ki, Ölümlə görüşmüşəm. O da mənim qulluğumda durub. Gəl, bu gündən sən məni arayıb-axtarma. Vaxtı gələndə mən özüm səni tapacağam.
Bu yerdə Ölümə son sualımı verdim:
- Səndən qaçıb gizlənmək mümkündürmü?
- Xeyr! Bir az
əvvəl dedim ki, insanlara etibar
yoxdur. Bu sözü
elə-belə demədim.
Xeyli vaxt bundan qabaq
bir nəfərə yaxınlaşdım ki, vaxtdır, şələ-küləni
yığışdır. O da o qədər yalvarıb sızladı ki, ona rəhmim
gəldi və ona 3-4 ay möhlət verdim. Bu da eləmə tənbəllik,
şəltə-şültəsini yığışdırıb ölkədən qaçdı.
Vaxt-vədə tamam oldu.
Kəsdim yolunu. Traktor sürürdü.
Əl edib saxladım onu. Dedim ki, sənə işim düşüb. Söz-cümləmin nöqtəsini
qoymamış qayıtdı
ki, əlimdən nə iş desən gəlir. Mən də məsələni çox uzatmadım.
"Ölməyi bacararsanmı",
- soruşdum və özümü nişan
verdim. Rəngi-ruhu ağappaq ağardı, sonra səsi xırıldaya-xırıldaya: - Bu məmləkətə də
sən baxırsan? - dedi. "Harda canlı varsa, ora mən baxıram",
- deyib, traktorunu dərəyə aşırtdım
və məndən qaçanın son aqibəti
belə oldu.
Sonra Ölümün səsi bir ara eşidilməz oldu. Canıma vicvicə düşdü.
Fikirləşdim ki, bundan nə desən çıxar, qəfildən
məni də aparar. Sanki ruhum bədənimdən uçacaqdı
və birdən:
- Yox, səni aparmağa gəlməmişəm,
- nəhayət, səsi
eşidildi. - Darıxma,
hələ qabaqda səni gözəl günlər, aylar, illər gözləyir. Gəl sənə bir sirr açım. Günlərin birində özümü
sənə göstərəcəyəm.
Ancaq o vaxta hələ illər var. Çox da qəm yemə.
Dünyanın gərdişi belədir.
Bəni-insan dünyaya gəlir
və günlərin birində biri uşaq, digəri cavan, bəziləri qoca ikən, kimi varlı, kimisi yoxsul halda
onları bu dünyadan aparıram.
Bəziləri də elə
ana bətnində olanda qismətləri qara gəlir. Hə, sənə açdığım
sirr bundan ibarətdir ki, gördüyün bu dünyada bir gün qiyamət qopacaq və nə varsa, hər şey yerlə-yeksan olacaq. Belə qiyamətlər çox olub və hələ
neçə dəfələrlə
təkrarlanacaq. Əsas məsələ
ondadır ki, gedənlər milyon illərdən sonra yenidən dünyaya gələcəklər. Bax, elə
sən özün.
Üçüncü dəfədir ki,
dünyaya gəlirsən.
Amma hər gəlişində
başqa mövqedə,
ayrı-ayrı qövmün
nümayəndəsi olmusan,
belə də davam edəcək. Hələ ki, yaşamağında və yaxşılıq etməyində ol. Boş-boşuna xəyallara dalma.
Sağ tərəfdəki
alma ağacını görürsən? Barı həddən
ziyadədir.
Bir-iki günə budaqlar saatbasaat böyüyən
meyvələrə tab gətirməyib
qırılacaq. Onlara gətir
dəstək vur.
Qoy o ağacın budaqları qırılıb cavan ikən şikəst olmasın. Bu da elə yaxşılıqdı. İşində ol. Xudahafiz!
Ertəsi gün Ölümün tapşırığına əməl
elədim. Tək o ağaca
yox, bir neçəsinə
dəstək vurdum. Məzuniyyət
vaxtı kənddə gördüyüm bu işdən elə ləzzət
almışdım ki, Ölümün
deyil, ağacların qəhqəhəsini
eşidirdim.
Əkrəm QAFLANOĞLU
525-ci qəzet.- 2016.- 13 oktyabr.- S.8.