“Düma ilə Coys arasında”kı fərqli
düşüncə modeli
Kamal Abdullanın
“Düma ilə Coys arasında” kitabını asta-asta, ləzzətlə oxudum.
Akademik İsa Həbibbəylinin ön sözü ilə başlayan kitabda bir çox
vacib mətləblərə
toxunulur, ədəbi məktəblərə, janrlara,
yazıçı, şair,
oxucu, eləcə də tənqidçilərə
fərqli baxış
sərgilənir...
Kamal Abdullanın
yazılarında diqqət
etdiyim əsas məqamlardan biri onun özünəməxsus,
eyni zamanda, mənə fransız filosofu, yazıçı
və dramaturq, ekzistensialist ədəbi-fəlsəfi
cərəyanın yaradıcılarından
biri sayılan Jan Pol Sartrı xatırladan üslubu oldu. Mətni oxuduqca
oxucu özünü labirintdə minotavrı axtaran Tesey kimi
hiss edir. Bütün cümlələr dairəvidir. Səni gəldiyin
yerə qaytarır, dairəvi dalanlarda ilişib qalırsan.
Sonra xilasedici sap çıxır qarşına
- müəllif əlindən
tutub dalanlardan keçirir, döngələrdən
adladır, nəhayət,
yazının ideyasına,
cümlə qalaqlarının
altında gizlənən
cövhərinə rastlayırsan.
Sevincinə müəllif də
qoşulur, birgə sevinirsiz. Bir də görürsən
ki, hər şey bir-birinə qarışıb. Oxucusanmı, müəllifsənmi - bilmirsən?
Amma aydın olan tək şey var, oxuduğun mətn sənin olmadığı qədər
həm də sənin yazındı, sənin düşüncələrindi.
Sadəcə, indiyədək
görməmisən, bilməmisən...
Kamal Abdulla ədəbiyyata
birbaşa bağlılığı
olmayan anlayışları
da çox ustalıqla mətnə çevirir, ədəbiyyatın
bir hissəsi halına gətirir. Misal üçün elə kitabdakı ilk esseni göstərmək olar: “Birun-əndərun oyunları”.
Adından göründüyü kimi, şərq evlərinin quruluşunu göstərən bu iki söz Kamal
Abdullanın yazıçı
fantaziyası sayəsində
sözün, mətnin
qatlarına çevrilir.
Onun görünən və görünməyən tərəflərini
ehtiva edir.
Bu essedə diqqətimi
çəkən daha
bir məqam Məhəmməd Füzuli
ilə bağlı hissə oldu. Ümumilikdə ədəbiyyatımızda qırğınlıq,
dərdə, hüznə
meyllilik ab-havası həmişə hökmran
olub. K.Abdulla məhz buna
qarşı çıxır.
Onun fikrincə, Füzuli, qəm yox, çılğınlıq,
mübarizə, hayqırış
şairidir.
“Darıxan adamlar” essesində əslində ədəbiyyatımızda az qala qırmızı
xətlə keçsə
də dərininə enilməyən, Kamal Abdullanın dili ilə desək, əndərununa baş çəkilməyən mövzudan
- darıxmaqdan danışılır.
Müəllifin sadaladığı
kimi, Haqverdiyevin, Mirzə Cəlilin, Üzeyir bəyin bir neçə əsərində bu mövzu var. Amma əskik olan başqa şeydir: “Niyə?” sualı. Bu adamların darıxma
səbəblərini heç
kəs yazmayıb.
Yaxud
“Don Kixotun ölümü”
essesi necə gözəl başlayır
- “Qafiyə mənə
gözəl bir qadının mini ətəyini
xatırladır. Qafiyə var,
qulaq qafiyəsidir.
Qafiyə var, söz kökünün qafiyəsidir.
Ətək yuxarıya doğru
qalxdığı kimi
qafiyə də kökə doğru dartınır. Amma sözün kökünə
müdaxilə edə
bilmir” - şeir kimi...
“Minnətdar olmağı
bacarmayan adamlar çoxdur. Minnətdar olmamaq üçün
onların bir çıxış yolu var - sənə nifrət eləmək.
Bunu nədənsə, asanlıqla
bacarıb edirlər”
-deyən müəllif
ardınca romanlara mimika donları geydirir. “Nikbin roman”,
“qəzəbli roman”, “qaşqabaqlı
roman”... Bəs yaxşı Kamal
Abdullanın yaradıcılığını
mimikaya sığdırsaq,
nə alınar?
Fikrimcə, “şübhəçi roman”.
Çünki kitab boyu müəllif qəlibləri
sorğulayır, qəbul
edilmiş bütün
formaları yaxşı
mənada laxlatmağa
çalışır, özülünün
möhkəmliyini yoxlayır.
Bundan başqa, kitabda “Aldanmış oxucu”, “Yaşanmamış həyatın
ilğımı”, “Yol”,
“Bermud üçbucağı”
kimi maraqlı esselər, eləcə də “Son söz və yaxud Qoca
Rəmmal” yazısı
yer alıb.
Müəllifin irəli sürdüyü
diqqətçəkən fikirlərdən
biri də elə kitabın adı ilə əlaqədardır. Kamal Abdullanın rəyincə,
ədəbiyyat Dümada
başlayıb, Coysda bitir. Əyləncədən idraka doğru
uzanan yolu göstərən bu aralıqda isə digər müəlliflər,
yaxud “qara dəlik” yerləşir.
Bütün yazıçılar, şairlər, dramaturqlar, elə Umberto Eko da, Kamal Abdulla da bu iki
yazıçının arasındadır.
Kimi Dümaya, kimi Coysa yaxın...
Misal üçün, Ekonun fikrincə, Kamal Abdulla daha çox Coys tərəfdədir.
Etiraf edim ki, kitabın
adını ilk eşidəndə
məşhur riyazi məsələni xatırladım
- “A nöqtəsi ilə
B nöqtəsi arasında...” Bəs ədəbiyyatda da elə riyaziyyatda
olduğu kimi “C nöqtəsi” də varsa?! Ədəbiyyat
deyilən nəsnə
hamımızın A-dan
B-yə çatmağa
can atdığımız dövrdə
başımızı çevirib
baxmadığımız həmin
“C nöqtəsi”ndədirsə, yaxud elə həmin nöqtənin özüdürsə?!
Kitabı
bütövlükdə incələyəndə,
esseləri ətraflı
şəkildə analiz
edəndə azacıq
oxumaqdan anlayışı
olan oxucu (ən yaxşı oxucular elə müəlliflərdir, qalan
hər kəs oxumağı məşq edir) bir məsələni
mütləq düşünür:
“Bəlkə elə bu kitab “A nöqtəsi”ndən
“C nöqtəsi”nə burulan
döngədir?”
Kamal Abdullanın da xatırlatdığı kimi, alman filosofu Fridrix Nitsşenin mənə tərs sillə kimi dəyən bir ifadəsi var: “Səhra böyüyür”. Bu ifadəni açmaq sanballı araşdırma mövzusudur, bu, öz yerində...
“Düma ilə
Coys arasında”nın son
səhifəsini bitirib, kitabı qatlayanda ağlımda bir
məsələ dolanırdı: Əgər bu
cür araşdırma, ədəbi-tənqidi
əsərlər həqiqətən anlaşılsa, öz oxucusunu tapsa, rəflərdən masalara
ensə, o səhranın
qarşısını yaşıl zolaq
kimi kəsər... Əgər həqiqətən
də Düma ilə Coys
arasında “qara dəlik” varsa,
bax, elə ordaca Nitsşe ilə rastlaşa
bilərik. Aramızdakılardan Coysa ən
yaxın olanı qabağa keçib,
“Səhra daha böyümür”
- deyə bilər.
Cavid
QƏDİR
525-ci qəzet.- 2016.- 15 oktyabr.- S.12.