İrfan Çiftçi
və Qəşəm Nəcəfzadənin gənc ədiblərlə
görüşü oldu
Oktyabrın 13-də Azərbaycan Yazıçılar Birliyinin
(AYB) “Natəvan” klubunda
III Gənc Ədiblər
Məktəbinin (GƏM) şair
Qəşəm Nəcəfzadə
ilə görüşü
keçirilib.
Görüşdə türkiyəli yazıçı,
şair, İstanbul Universitetinin professoru, AYB-nin Türkiyədəki nümayəndəsi İrfan
Çiftçi də
iştirak edib.
AYB katibi, GƏM-in rəhbəri
Rəşad Məcid öncə İ. Çiftçini
gənc yazarlara daha yaxından tanıdıb: “İrfan Çiftçi daxilən
çox zəngin insandır. Yazarın Bakıda olmasından
istifadə edib onu sizlərlə görüşdürmək istədim.
Ümid edirəm, gənclər həm Qəşəm Nəcəfzadə, həm
də İrfan Çiftçi ilə söhbətdən ədəbi
baxımdan yararlanacaqlar”.
İrfan
Çiftçi sənət
və ədəbiyyatla
bağlı düşüncələrini
bölüşüb: “Şeir
və sənət haqda danışarkən çox məşhur olan “hər şeydən öncə söz vardı” fikri yada düşür.
Bu ifadə çox
qədim bir düşüncədən gəlsə
də, sonrakı illərdə həm fəlsəfə, həm də ədəbiyyata birmənalı olaraq təsirini göstərib.
Umberto Ekonun da
bununla bağlı maraqlı bir fikri var. O deyir ki, dünya öz mövcudiyyətini söz üzərində qurur. Dolayısı ilə, dünya sözlə inşa olunur. Bu, ədəbiyyatın
və sənətin böyüklüyünü, əzəmətini
göstərir”.
Ədəbi-ictimai fəaliyyətindən söz
açan yazar Türkiyə və Azərbaycan ədəbiyyatından,
mədəni əlaqələrimizdən
danışıb. Onun fikrincə,
incəsənət təkcə
ədəbi yönüylə
inkişaf edə bilməz, mədəni inkişaf özünü
sənətin bütün
sahələrində göstərir.
İ. Çiftçi şeir sənətinin mütləq
bədii istedadla yarandığını vurğulayıb:
“Mənim ustad yazıçım Rilkedir.
Onun “Gənc şairə məktublar” kitabı var. Orada da qeyd
edildiyi kimi bəzi şeylər zoraki şəkildə əldə olunmur. Yaxud çalışaraq qazanılması
mümkün olmayan şeylər var. Onlardan biri də istedad
və şeir yazmaq bacarığıdır.
Rilke başqa bir əsərində “şeir yazmağın” nə olduğunu açıqlayır. Şeir həyatın
içinə atılmaq,
onu doyunca yaşamaq, sonra yaşadıqlarını unutmaq
və nəhayət,
o unutduqların arasından
gerçək misranı
tapmaqdır”.
Sonra Qəşəm
Nəcəfzadə ilə
birlikdə gənc ədiblərin “Ulduz” jurnalında dərc olunan yazıları müzakirə edilib.
Şair bildirib ki, müəllif
hər şeydən əvvəl şeirdə özünü təqdim etdiyini unutmamalıdır. Ancaq bunu
düşünərək, məqsədli şəkildə
həyata keçirməlidir.
Gənclərin şeirlərində
bəzən məchulluq,
ideyasızlıq gördüyünü
qeyd edən Q. Nəcəfzadə ədəbiyyatın,
ilk növbədə, obrazlılıq
olduğunu deyib: “Ədəbiyyatın ən
başlıca meyarı
bədiilik, obrazlılıqdır.
Siz gənclər üçün
önəmli olan poeziya axtarışıdır”.
Şair deyib ki, bəzi
gənclərdə təcrübə
və mütaliə azdır. Ancaq kitab oxumaqla
da kifayətlənmək
olmaz. Oxunulanları əxz etmək
vacibdir.
Q. Nəcəfzadə gənclərə
şeirin əsas özəlliklərindən danışıb:
“İlk öncə şeirə ad seçərkən
diqqətli olmalısınız.
Çətin, uzun birləşmələrdən
qaçmaq lazımdır.
Ritorik ifadələrdən də
uzaq durun. Bəzilərinizin şeirlərində
hiss etdim ki, hətta özünüzə
qaranlıq qalan məqamlar da var. Amma unutmaq olmaz
ki, hər misranın bir izahı olmalıdır. Şeirdə
ən önəmli məqamlardan biri onda detalların, əlamətlərin olmasıdır”.
Gənc
ədiblərdən Nigar
Arif, Emin Akif, Turan Novruzlu,
Mahmud Məmmədov, Arzu
Rüstəmsoy, Fuad Cəfərli, Gülnarə
Sadiq, Gülnarə İsrafil, Ulucay Akif, Günay Həmid, Məhəmməd
Turan, Allahşükür
Alışarlı və
Elvin Nuri, Allahşükür
Ağa şeirlərini
oxuyublar. Tədbirdə şairlər Qulu
Ağsəs və Nuranə Nur da iştirak edib, gənclərin şeirləri barədə
fikirlərini bölüşüblər.
Sonda Qəşəm
Nəcəfzadə şeirlərini
səsləndirib.
Müşfiq
ŞÜKÜRLÜ
525-ci qəzet.- 2016.- 15 oktyabr.- S.12.