Zamanların mozaikası: hadisələr və
şəxsiyyətlər
(Əvvəli
ötən şənbə sayımızda)
Tarixdən əvvəlki insan. İlk sivilizasiyalar
Bir
neçə epoxaya bölünən daş dövründə
insanlar daş alətlərdən istifadə etmiş, sonralar
isə onlara metal ucluqlar əlavə etməklə təkmilləşdirmişdilər.
Birinci epoxa paleolit (qədim daş dövru) adlanır,
sonra mezolit (orta daş dövrü) və nəhayət, neolit
(yeni daş dövrü) gəlir. Neolitdə
torpağın becərilməsi insan həyatına o qədər
güclü təsir göstərir ki, bunu bəşəriyyət
tarixində neolit inqilabı adlandırırlar.
Torpağın
becərilməsi hesabına neolit dövrünün
adamları tarixdə ilk dəfə öz yaşayışlarının təbii mühitini bilavasitə
tələbatlarına uyğunlaşdırmağı
bacardılar. Daş dövrünün
adamları təbiətlə qırılmaz qaydada
bağlı və ondan asılı idilər, çünki
yalnız təbii məhsulları istehlak edirdilər. Neolit epoxasında isə artıq istehsal edən bir təsərrüfat
meydana çıxır. Bu isə izafi ərzaq
əldə edilməsi, yeni əmək alətlərinin meydana
çıxması və oturaq yaşayış məskənlərinin
tikilməsi ilə müşayiət olunur. Bu dövr yeddi minillik ərzində davam edir,
Mesopotamiya, Misir, Çin, Yaponiya və qədim Amerika mədəniyyətlərinin
bu vaxt maddi və mənəvi əsasları qoyulur. Bizim eradan əvvəl III minillikdə Mesopotamiyada və
Misirdə yazı meydana gəlir.
Qədim daş dövrünün sonlarında insanlar Yer
kürəsinin, demək olar ki, bitki ilə
örtülmüş bütün səthini məskunlaşdırmışdılar. Torpağı
becərmək isə buzluqlardan uzaq olan ərazilərdə
başlandı. Beləliklə, neolit
inqilabının ocaqları Yaxın Şərq, Mesopotamiya,
Misir və Aralıq dənizinin şərqi oldu. Torpağın becərilməsinə b.e.ə. VIII
minilliyinə qədər Yaxın Şərqdə
başlandı, bu vilayət “məhsuldar yarımay (hilal)”
adlanırdı. Demək olar ki, eyni bir
vaxtda Şərqi Asiyada, Meksika və Peruda da torpağı becərirdilər.
Belə bir hipoteza da mövcuddur ki, əkinçilik
məhz insanların və heyvanların uzun müddət
bir-birilə yanaşı yaşadıqları ərazilərdə
təşəkkül tapmışdır.
Qədim daş dövrünün insanları əmək
alətləri, silah, paltar istehsal olunan materiallar barədə
geniş bilik qazanmışdılar. Bu biliklər onlara digər
növ qida əldə etməyin yeni mənbələrini və
ov üsullarını tapmaqda kömək edirdi. Ovçular və qida yığanlar öz məskənlərini,
ətraf mühiti öyrənirdilər ki, orada bitki və
heyvan mənşəli yeni qida növləri tapsınlar.
Bu isə qidanın bol olduğu yerlərdə
oturaq həyata keçməyə şərait
yaradırdı. Məsələn, “məhsuldar
hilal” rayonunda iri dəni olan dənli bitkilər bitirdi. Onların mədəniləşdirilməsi məhz
dənli bitkilərin bol olduğu yerlərdə baş verirdi.
İnsanların torpağa səpdikləri ilk bitkilərin
toxumu buğda və arpa idi. Mədəni bitkilər
yabanılardan fərqlənirdi, çünki icad edilmiş
sortlar insanın müdaxiləsi olmadan böyüyə
bilmirdi. Mədəni bitkilərdə dən
sünbüllərdən dağılmırdı, bunun
hesabına götürülən məhsul
çoxalırdı. İnsanlar
yığılmış taxılı saxlayıb, sonra
torpağa səpdikdə tarlaların becərilməsində həlledici
addım atıldı. Ayrı-ayrı
coğrafi ərazilərdə dənli bitkilərin növləri
də müxtəlif idi. Məsələn,
Çində mühüm kənd təsərrüfatı
bitkisi kimi düyü becərilirdi. Mərkəzi
Amerikada isə qidanın vacib komponenti qarğıdalı idi.
Avropada buğda, arpa, yulaf, mərci və noxud
becərirdilər.
Adamlar ayrı-ayrı vəhşi heyvanları artıq
öldürmür, çoxalmaq üçün
saxlayırdılar. Hasarlanmaqla edilən ov vaxtı heyvanlar tələyə
düşdükdə, onları əhliləşdirirdilər.
Keçi və qoyun saxlanılmasına
başqalarından əvvəl Persiyada və Anatoliyada b.e.ə.
VII minilliyin əvvəllərində başladılar. Yəqin ki, adamlar daha mülayim təbiətli və
məhsuldar heyvanlara üstünlük verirdilər. Donuzu isə xeyli artıq yem tələb etdiyinə
görə çox miqdarda saxlamırdılar.
Heyvanların və bitkilərin əhliləşdirilməsində,
mədəniləşdirilməsində insanlar onları
öz tələbatlarına
uyğunlaşdırırdılar, bu vaxt həm də öz fəaliyyətlərini
dəyişdirirdilər. Ov və qida yığmaq dövründən
sonra əkinçilik dövrü gəldi. Qarışıq kənd təsərrüfat fəaliyyəti
dövründə adamlar əkinçilərə və
maldarlara bölündülər, onlar yeni mədəniyyətlər
yaratdılar. Beləliklə, ilk
sivilizasiyalar yarandı. Əmək
bölgüsü meydana gəldi, ağır işlərin
öhdəsindən isə artıq bir ailə gələ
bilmirdi. Bütün icmanın
iştirakı ilə suvarma sistemləri yaradılırdı,
bu isə kənd təsərrüfatının intensivləşdirilməsinə
səbəb oldu. Daş dövründə ilkin məskənlər
və ovçuların dayanacaqları əkinçilərin kəndlərinə
çevrildilər və bu yeni tip məskunlaşma Yer kürəsinin
müxtəlif yerlərində meydana gəldi. Neolitin
inkişaf etmiş mədəniyyətlərində yüz və
hətta min sakini olan iri şəhərlər yarandı.
Artıq qədim dövrlərdə
yaşayış məskənləri möhkəmləndirilirdi.
Kəndin ətrafında adətən xəndək
qazılır və divar yüksəldirdilər. Bibliyada təsvir edilən qədim İerixon şəhəri
belə qalın və hündür divarla əhatə
olunmuşdu.
Əkinçilərin yaşayış yerlərində
fərqli sosial sistemlər mövcud idi. Həm də əməyin
ixtisaslaşmasının bir neçə mərhələsi
başlandı, sənətkarlar daşı və metalı
emal edir, dulusçuluq qabları hazırlayır, digər
adamlar isə qida əldə edirdilər. Onlarla
adamın yaşadığı evlərdə əsasən qan
qohumları məskunlaşırdı. Onlar
hələ torpaq üzərində xüsusi mülkiyyəti
tanımırdılar. Başlanan
müharibələr əkinçilərin sosial münasibətlərində
daha çox dəyişikliklər əmələ gətirdi.
Mülkiyyət yaranmaqla onun ələ
keçirilməsi, çoxaldılması problemləri də
meydana gəldi. Onlar isə spesifik hərbi
təfəkkürün inkişafına şərait
yaratdı. Sənətkarlar insanın
insanla mübarizəsi üçün silah və texniki vasitələr
düzəldirdilər. B.e.ə. III
minillikdə sosial həyatdakı fərqli dəyişikliklər
çar hakimiyyətinin meydana gəlməsinə gətirib
çıxardı. Əvvəlki bərabər
hüquqlu cəmiyyət dini və siyasi hakimiyyətlərin
birləşməsi hesabına mütləq monarxiyaya
çevrildi. Mesopotamiyada çarlıq Şumer
dövlətləri ətrafında formalaşdı.
Torpağın becərilməsi iri icmaların
yaranmasına səbəb oldu, çox artan var-dövlət
hesabına onlardan şəhərlər meydana gəldi. Tezliklə cəmiyyət
kübarlara, azad adamlara və qullara bölünməyə
başladı.
Neolit
epoxasında təkcə təsərrüfatçılıqda
deyil, dində, incəsənətdə də dərin dəyişikliklər
baş verdi. Bütpərəst
dində bir-birindən prinsipial qaydada fərqlənən iki
inanc tipi formalaşdı. Köçəri
çobanlar erkək heyvanın, çox vaxt öküzün
gücünü təcəssüm etdirən allaha sitayiş
edirdilər. Əkinçilərdə isə əksinə,
ev, ocaq, toxum və münbit torpaq, qadın
obrazındakı məhsuldarlıqla rəmzlənirdi. Kişi-allaha ibadət əvəzinə,
Böyük Ana haqqında anlayış meydana gəldi. Mesopotamiyada İştar, Misirdə İsida belə
ilahələr idi.
Neolit epoxasının əsas nailiyyətləri
daşın yeni üsulla emalı, dülgər və
dulusçuluq sənətləri, keramikanın
yandırılması və metalların emalı idi. Bəzək əşyaları,
bıçaqlar, qab-qacaq və baltalar düzəldilirdi.
B.e.ə. III minilliyin başlanğıcında
Mesopotamiyada, Misirdə və Ön Asiyada metalların emalı
artıq inkişaf etmişdi. Qalay və misi əlavə
etməklə adamlar bürünc əldə edirdilər.
Yeni materialların kəşfi Aralıq dənizi
rayonunda ticarətin inkişafına şərait yaratdı,
bazar isə şəhər-dövlətlərin malları
hesabına böyüyürdü.
Neolitin sonunda, maddi və mənəvi mədəniyyətin
yüksəlişi dövründə yazı meydana gəldi. Onun yayılmasının mərkəzi
yüksək inkişaf etmiş Şumer
şəhər-dövlətləri oldu. Onlar gil
lövhələrdəki işarələrdə əşyaların
qabarıq təsvirindən istifadə edirdilər. Sonralar isə işarələr artıq konkret əşyanı
deyil, müəyyən anlayışları təsvir edirdi.
Zaman keçdikcə, işarələr daha
mücərrəd xarakter daşımağa başladı.
Köhnə Dünyanın məskunlaşması Şərqin
qərb hissəsindən başlamaqla, mənəvi mədəniyyət
Yunanıstan vasitəsilə Mərkəzi Avropaya
yayıldı.
Bəzi tayfalar Aralıq dənizini keçib
İtaliyanı və Şimali Avropanı məskunlaşdırdılar.
Bu dövrdə Mesopotamiyada artıq yüksək
inkişaf etmiş şəhər-dövlətlər var idi.
Mesopotamiya
sivilizasiyaları
B.e.ə. III minilliyə yaxın Dəclə və Fərat
çaylarının cənub hissəsində ilk sivilizasiya
meydana gəldi, Cənubi Mesopotamiyaya yayıldı. Burada süni suvarma inkişaf edirdi. Bu vilayətlərin varlılığı
köçəri xalqları özünə cəlb edirdi,
onlar iki çay arasına düşdükdən sonra oturaq həyat
tərzinə keçirdilər.
Şumerlər
Cənubi Mesopotamiyaya Şumer adını verməklə
buraya ilk dəfə köçənlər idilər, yəni
ki, onlar Mərkəzi Asiyadan gəlmişdilər. Onlar yerli əhali ilə qaynaşıb b.e.ə.
IV-III minilliklərin kəsişməsində məlum olan
sivilizasiyalardan ən qədimini yaratdılar. Burada ilk şəhərlər və yazı meydana gəldi.
Ona görə də “Tarix Şumerdən
başlayır” sözləri refren kimi səslənməklə,
bu, ilk sivilizasiya yaradan bir xalqın xatirəsinə bəslənən
ehtiram nişanəsi kimi qəbul edilir. Bu ərazidə
Ur, Uruk, Leqaş, Kiş, Umma və Mari kimi kiçik şəhər-dövlətlər
mövcud olmuşdu. Homerin məşhur eposundan iki min il qoca olan “Qilqameş haqqında epos” bu şəhərlərin
bir-birilə düşmənçiliyindən bəhs edir. Urukdan olan Qilqameş özü kimi digər şəhər-dövlətlərin
hökmdarları ilə mübarizə aparır. B.e.ə. 2330-cu illərə yaxın isə
Mesopotamiyaya şimaldan semit çarı I Sarqon gəldi və
Şumerin ağalığına son qoydu və
özünün Akkad adlı iqamətgahını yaratdı.
Bütün Şimali Mesopotamiya Akkad adlanmağa
başladı. İki yüz il sonra
Persiya körfəzindən Kiçik Asiyaya qədər uzanan
Akkad çarlığı digər döyüşkən xalq
olan Kutilər tərəfindən tutuldu, Şumer hakimiyyəti
Ur sülaləsi ilə yenidən bütün Akkad
çarlığına yayıldı. Sonra
burada bir-birinin ardınca elamitlər və köçəri
amoritlər gəldi. Axırıncılar
Babili Fərat üzərində yeni paytaxt etdilər. Beləliklə, Şumerin 1500 illik tarixi başa
çatdı.
Bu vaxt regionda iki iri dövlət - cənubda Babil
çarlığı və şimalda isə Assuriya meydana gəldi. B.e.ə. XVIII
əsrdə Babilin çarı Hammurabi ətraf əraziləri
işğal edib, Persiya körfəzindən müasir
Türkiyəyə qədər uzanan vahid geniş ərazidə
çarlıq yaratdı.
Babilistanın idarəçiliyi, ticarəti və
qanunları bütün bu əraziyə yayıldı. Babil dini dövlət dairəsindən
şumer və alkad dillərini
sıxışdırıb çıxardı. Hammurabi kodeksi
dünyadakı ilk mükəmməl hüquqi sənəd,
dövrün tələbini bütünlüklə nəzərə
alan qanun toplumu - məcəllə
sayılır. Məhz bu kodeks, dünyanın
dörd tərəfinin çarı adlanan Hammurabini, onun
öyündüyü mütləq hakimiyyətdən daha
çox min illər ərzində bəşəriyyətə
tanıtmışdır.
Hett dövləti qoşunlarının müdaxiləsindən
sonra Babilistan dağıldı. Dəclə
çayının yuxarılarında yerləşən
Assuriya ən qüdrətli dövlətə çevrildi.
Çünki onun rəqibi olan Mitanni dövlətini
hettlər məhv etmişdilər. Assuriyanın
işğal müharibələri b.e.ə. XI əsrdə
başa çatdı. Mərkəzi
Anatoliyada ağalıq edən Hett çarlığının
yıxılması onların uğuruna kömək
etmişdi.
B.e.ə.
I minilliyin birinci yarısında Ön Asiyada Yeni
Assuriya çarlığı hökmranlıq edirdi. İsrail, İudeya və Babil da daxil olmaqla, çox
dövlətlər onun vassallarına çevrildi. Lakin Yeni Assuriya çarlığı b.e.v. 689-cu ildə
Babili məhv etdi. Səksən il
sonra midiyalıların və babillilərin mərkəz
Nineviyanı tutması ilə Yeni Assuriya
çarlığının taleyi bədbəxtliyə
düçar olmağa başladı. Yeni Babil
çarlığı da 100 ildən az
yaşadı. Bu dövrün ən
tanınmış çarı II Navuhadonosor idi. B.e.ə. 509-cu ildə Yeni Babilistanı
çarlığını və onun paytaxtı Babili Persiya
çarı Böyük II Kir işğal etdi. Onun varisləri İnd çayından Qara və Xəzər
dənizlərinə qədər uzanan Kiçik Asiyanı,
Misiri əhatə edən Persiya dünya imperiyasını
yaratdılar. Lakin perslər Marafon
döyüşündə və Salamin dəniz
döyüşündə məğlub oldular.
Böyük Aleksandrın İssa və Qavqamela
yaxınlığındakı döyüşlərdə məğlub
etdiyi Persiya çarı III Daranın ölümündən
sonra (b.e.ə. 330-cu il) Əhəmənilərin
Persiya dövləti artıq mövcud deyildi.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2016.- 15 oktyabr.- S.22.