“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

 

 

 

I cild (noyabr 1918 - aprel 1920)

 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov

 

Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Azərbaycan Məclisi-Məbusanı və sosial-demokratlar

 

Sosial-demokrat firqəsinin fevralın 3-də vaqe olan iclasında 10 səs əleyhinə, 14 əksəriyyət səslə Azərbaycan parlamanına daxil olması qərara alınmışdır.

 

Həmkarlar ittifaqının parlamanda nümayəndəsi olmaq məsələsinə gəldikdə qərara alınmışdır ki, həmkarlar ittifaqları siyasətcə bitərəf olduqlarından parlamana daxil olmamalıdırlar.

 

lll

 

“Bund” yəhudi təşkilatının fevralın 2-də vaqe olan ümumi iclasında Azərbaycan parlamanına daxil olmaq məsələsi həqqində Bluvşteynin məruzəsinə görə böylə bir qətnamə qəbul edilmişdir:

 

1- Azərbaycana münasibəti olan hamı məsələlərin həllində iştirak edib, fəhlə sinfinin mənafeyini müdafiə etmək qəsdilə sosial-demokratların Azərbaycan parlamanında iştirak etmələri lazım görülüyor.

 

2- Yəhudi füqərayi-kasibəsinin və yəhudi demokratiyasının mənafeyini müdafiə etmək naminə “Bund” nümayəndəsinin Azərbaycan parlamanında iştirak etməsi arzu olunur.

 

3- “Bund” təşkilatı sosial-demokrat firqəsinin muxtar bir hissəsi olduğundan vahid bir firqə bayrağı altında parlamanda iştirak etməlidir. Bundan ötrü də sosial-demokrat firqəsinə təklif etməlidir ki, haman firqənin muxtar bir hissəsi olmaq sifətilə “Bund” üçün parlamanda əlavə bir yer tələb etsin.

 

“Azərbaycan”, 9 fevral 1919, ¹109

 

İnfial - hirslənmə, coşma, utanma

Əşqiya - kasıblar, həyasızlar

Mövqif - stansiya

Tühəf - təəccüb, heyrət

Məəhaza - bununla bərabər

Tövdi - təslim etmə

 

Yanlış bir avaz

 

İstihalə zamanlarında, yəni bir haldan digər bir halə keçmək zamanlarında hökumət başında durmaqdan daha məsul, cəmaət işi görməkdən daha müşkül bir iş təsəvvür olunmasın.

 

Hər şey yerindən təprənmiş. Hər hal digər gün olmuş. Yalnız hökumət müəssisələri, məmurları, idarələri degil, hər bir şey dəgişmiş, yalnız maddiyyat degil, mənəviyyat da alt-üst olmuşdur.

 

Əxlaq başqa, nəzəriyyə başqa, hətta namus və eşq məfhumları, məhəbbət və nifrət mənaları da başqalaşmışdır.

 

Böylə bir zamanda cəmiyyəti razı salmaq, məmnun edə bilmək qədər təhlükəli və müşkül bir iş təsəvvür olunmasın.

 

İştə böylə müşkül bir vəziyyətdə, böylə məsuliyyətli zamanda Azərbaycan Məclisi-Məbusanı müqəddərati-milləti əlinə almış, cümhuriyyət gəmisini bu qaynar və daşar bir vəziyyətdə olan tarix dəryasında üzdürərək Məclisi-Müəssisan kənarına gətirmək yükünü yüklənmişdir.

 

Fətəli xan Xoyskinin hökuməti təşkil olunduğu zaman, zaman və məkanın iqtizasını ölçərək “Müsavat”, bitərəflərə, sosialistlər və Əhrar fraksiyonları, milli əqəliyyət nümayəndələri hökumətə etimadla tərzi-hərəkətlərini bəyan etdilər. Firqə məqsədi degil, millət və dövlət nəzəriyyəsi xatirinə bir çox nöqsanlara göz örtməyi müvafiq gördülər.

 

Yalnız “İttihad” firqəsi başqa bir rəydə qaldı. Fətəli Xanın təbirincə “daşını cibində” saxladı.

 

O zamanlar mərkəz firqələri, bilxassə “Müsavat” ilə bərabər sosialistlər də cəhd ediyor, parlamana girmək istəməyən qeyri-müslim sosialistlərə qandırmaq istiyorlardı ki, Azərbaycan parlamanı xaricində bir idarə, bir çarə yoxdur. Bu nöqteyi-nəzər üstündə duran türk sosialistləri həqiqətən də bir dövlət nəzəriyyəsi və iş zehniyyəti göstəriyorlardı. Firqə propaqandasından, firqə məqsədi güdməkdən ziyadə iş və məmləkət xatiri görülüyordu.

 

Azərbaycan istiqlalı nöqteyi-nəzərində duran demokratik firqələr böylə sabit bir nöqteyi-nəzər təqibi ilə nəhayət bütün müariz firqələrin də Azərbaycan parlamanını tanımasına səbəb oldular.

 

Əvvəlcə türk sosialistlərinə “müsavatçı” sosialist namı taxan “yoldaşlar” artıq türk sosialistləri ilə birləşmək və anlaşmaqdan bəhs edən məqalələr yazmağa başladılar. Bunun təsiri ilə bizim sosialistlər də məəttəssüf yanlış bir avaz (ton) götürməgə, əgri bir yola sapmağa başladılar.

 

“Parlaman demokratik görünmək istiyorsa da degildir” - deyə başqalarının nəqəratını təkrarlamaqla zənn etdilər ki, məqsədə müvafiq bir iş görüyorlar. Firqə məqsədi, propaqanda həvəsi, məmləkət mənafeyi, iş ciddiyyətinə faiq gəlməgə başladı.

 

Zatən dedilər, biz bu cür Məclisi-Məbusan düzəltmənin tərəfdarı degildik. Bunu “hakim firqələr” yaratdılar - deyə şikayətləndilər. Halbuki Məclisi-Məbusan qanunnaməsini Azərbaycan Şurayi-Millisi onların iştirakı ilə yazmış və onların dəxi təsdiqi ilə nəşr eləmişdir.

 

Tutalım ki, parlaman onların istədigi kibi qurula idi. Nəticə nə ola bilərdi.

 

Vilayətlərdən, komitələrdən, şəhərlərdən adam çağırılmayacaq, 44 adamlıq firqə siyahıları bərfərz iki bərabər artırılacaqdı. O zaman 20 Müsavat əvəzinə 40, 10 bitərəf əvəzinə 20, 4 İttihad əvəzinə 8, 11 sosialist əvəzinə 22 sosialist olacaqdı.

 

Əcəba, 22 sosialist bu, “həqiqi demokratlar” 120 kişilik bir məclisdə əksəriyyət təşkil edə biləcəklərmiydi. Yaxud 40 nəfərlik bir müsavat sosialistlər və yaxud bitərəflərlə əqdi-ittifaq etmədən bir mərkəz bu vücudə gətirə biləcəkmi idi? Təbii ki, etmiyəcəkdi.

 

O halda sosialistlər bittəbii kəndilərindən daha mötədil olanlarla bir ittifaq bağlamalı idilər. Bu nöqteyi-nəzərdən ilk ittifaq bağlaya biləcəkləri firqə “Müsavat” olacaqdı.

 

Halbuki “Müsavat”ı baltalamağa başlamışlardır.

 

Bu baltalamaq bəlkə də sosialist propaqandası yapmaq üçün işə yarar, fəqət məmləkət işi üçün zənn etməyiz ki, faidəsi olsun.

 

Əcəba, sosialistlərimiz ümumi intixaba bu qədər ümidvar ikən zənn ediyorlarmı ki, sosialist bir əksəriyyət toplaya bilsinlər? Zənn etməm. Madam ki, bu zənn yoxdur, o halda bugünki, yarınki və ehtimal ki, daha o biri günki ittifaqdaşlarını nahaq yerə tanımamazlığa gəlmiyorlarmı?

 

Yoxsa bu günün “menşeviki” yarının “bolşeviki” deyə mövcud olan nəzəriyyə bizim sosialistlərimiz həqqindədəmi doğrudur?..

 

Biz buna inanmaq istəməyiz.

 

Biz qətiyyən arzu etməriz ki, Əhməd bəyin idarə elədigi “Hümmət” Nəriman bəyin idarə elədigi “Hümmət” kibi tənqidat və mübarizələrində feodal və klerikal bir cərəyan müməssilləri olan sağları unudub, demokratik mərkəz ilə elədigi mübarizəyi zamanın təhəmmül edəmiyəcəgi əndazə xaricinə çıxarsın.

 

O halda ümid edəlim ki, parlamanımızın sol cinahını təşkil edən sosialistlərimizdə son günlərdə görülən yanlış avaz haman fürsət var ikən təshih olunur.

 

M.Ə. “Azərbaycan”, 10 fevral 1919, ¹110

 

İstihalə - halını dəyişmə, keçid

Müariz - etiraz edən

Bərfərz - fərz edək ki, tutalım ki

 

Azərbaycan Məclisi-Məbusanında 10-cu iclas. İkinci gün

 

Sədr - İclası açaraq Məhəmməd ağa Vəkilovun qubernatorluqda qalaraq məbusluqdan istefa verdigini və Seyidov ilə Tağıyev Əşrəfin iki aydan bəri gəlmədiklərindən məbusluqdan xaric hesab edildiklərini bəyanla fraksiyalardan xahiş ediyor ki, çıxan məbusların əvəzinə sairlərini göndərsinlər.

 

Ağamalov - (Hümmət) Dünən nazirlərdən birisi dedi ki, hər şeydən ötrü sorğu vermək olmaz. Nazirin sözündən böylə çıxdı ki, sorğu vermək üçün bəzi şərait mövcud olmalıdır. Əzcümlə məsələn, o vəqt sorğu verərlər ki, hökumətin ümumi siyasəti xəlqə zərər ola, daha məsələn, bir naçalnik rüşvət alıb bu barədə sorğu verməzlər.

 

Bəli, nəzarətin siyasəti öylə olmalıdır ki, xəlqə ondan zərər dəgməsin. Amma bizim nəzarətlərimizin siyasəti böylə degildir, zərəri var və nə qədər bu siyasət dəgişməyib böylə də olacaqdır. Bu siyasət nə siyasətidir? Buna böyük diqqət vermək lazımdır. Bu siyasət imdi degil, türklər buraya qədəm qoyandan başlanıb davam ediyor və bir müddət də edəcəkdir. Bu siyasət xəlqi qorxuda saxlamaq siyasətidir. Şimdiki siyasət, sabiq hökumətin siyasəti, türklərin gəlməsi və onların hərəkətləri həp biri-birinə bağlıdır. Biz burada yoxduq, amma eşidirdik ki, türklər ağır yumruqlarını fəhlə və kəndlilər üzərinə qoyub onları sıxmışlar. Tərəf-müqabil dirilmiş, suvarılmış, yanmış ot kibi yenidən gögərmişdir. O vəqt hökumət tikildi. Fəqət parlaman çağrılmadı. Çünki parlaman xəlq səsi idi. Əgər hökuməti parlaman tiksəydi böylə olmazdı. Amma parlaman tikmədi Nuru Paşanın qanadı altında tikildi. Adını da qoydular… nə bilim Azərbaycan Cümhuriyyəti. Bu siyasətin ibtidasını o ağalar qoydular ki, imdi də gediyor. Bu hökumət də o hökumətin tayıdır. Bir məsəl var deyərlər erməninin yaxşısı olmaz, amma bu erməni o ermənidən yaxşı olar. (Abbasqulu Kazımzadə yerindən: Siz də yaxşı sosialistsiniz!). Bəli! Bu hökumət o hökumətin tayıdır. Bunun siyasəti də onunku kibidir. Bu siyasət də ibarətdir cəmaəti əzməkdən. Türklərin zəmanəsində qoyulan siyasət bizim hürriyyət və istiqlalımıza ziddir. (M.Əmin yerindən: Sağ ol!). Çünki bu siyasət fəhlə və əkinçiyi əziyor, ölüm veriyor. O yerdə ki, cəmaətin əksəri zillətdə oldu, o millətin gücü olmaz. Odur ki, biz diyoruz həqiqi istiqlal şəraitində yaşamaq istəyənlər həmişə cəmaətin əksərini təmin etməgə çalışmalıdırlar, nəinki əqəliyyəti. Bən yenə diyoram, bu hökumət böylə gəlib bir müddət böylə də davam edəcəkdir. Şimdi bəndən soruşarsınız ki, hökumət pis isə nə üçün sosialistlər onu qəbul etmişlərdir. Bunun cavabında diyoram ki, baxdıq gördük hər tərəfdən işlər fənadır, hər tərəf düşməndir. (Mərkəzdən və sağdan: Bravo!). Siyasət barəsində yoldaşım müfəssəl danışacaqdır. Ancaq indi bən bunu demək istiyorum ki, məmurlar böylə zənn ediyorlar ki, qüvvəyi quldurlarda, qaçaqlarda, adam öldürənlərdə tapmaq olar. (Məhəmməd Əmin yerindən: Hamı məmurlarmı böylədirlər?).

 

Bəli!... (Ümumi gülüş). Amma cəmaət qulduru hökumət yanında görəndə hökumətin zəifliginə istinad veriyor. Avropada adətdir: bir adamı qulluğa qəbul etdikdə, ondan attestat istərlər, bizim də attestatımız oğurluq, quldurluq, adam öldürməkdir. Gəncə tərəfdə polislər və starjniklər böylə adamlardandır.

 

Bizdə bəzi yerlərdə şimdi bir adət var: Hər kəs şikayət etsə onu dögürlər, xüsusən qulluqçudan heç vəqt şikayət etmək olmaz: yüzbaşıdan pristava, pristavdan naçalnikə, xülasə bir qulluqçudan böyügünə şikayət etmək qadağandır.

 

Bir də Nikolay vəqtində, heç hürriyyət olmayan zaman yenə bir kəndxuda seçkisi vardı. Şimdi bu da götürülmüşdür. Bən Qazaxda olanda cəmaət məscid qabağına yığılmışdı. Yüzbaşı məsələsi vardı. Dedim yüzbaşınız pis isə yenisini seçin. Dedilər necə seçək ki, neçə min manat alıb Mahmudu təyin etmişlərdir.

 

Şimdi gələk sud məsələsinə: Məhkəmə işlərinin həpsi polis əlindədir. Sudyalar bekarçılıqdan alış-verişə qurşanmışlardır. Sud yoxdur.

 

Keçirəm dünki sorğu məsələsinə. Sorğuda deniliyor ki, məmurlar rüşvət alıyorlar. Biz də təsdiq ediyoruz ki, böylədir.

 

Sonra polis məmurlarının fəna hərəkətindən iki misal gətirərək diyor ki: rüşvətxorluq yalnız Qazaxda deyil, hər yerdə var. Nazirlər bunu bəndən yaxşı biliyorlar. Bunun qabağını almaq, çarə qılmaq lazımdır. Lakin çarə bu degil ki, hökuməti çıxarasan. Bu hökuməti dəgişsən də iş dəgişməz. Çünki Həsən keçəl, ya keçəl Həsən. Hökuməti dəgişmək lazım degil, siyasətin ruhunu dəgişmək lazımdır. Biz burada hökumətə etimad məsələsindən bəhs etmiyoruz. Çünki ümidimiz yoxdur ki, sonra gələn hökumət bundan yaxşı olsun.

 

Bəs nə etməli?

 

Bən deyirəm xəyanətdə tutulan məmurların həpsinə cəza lazım degil, var-yoxunu əlindən alıb 8 ay bundan qabaqkı halına salmaq lazımdır. Bunun üçün parlamanda iki komisyon təşkil edilsin. Biri istintaq, digəri qanun verən komisyon ki, cinayət açıldıqda xainlər milyonçu da olsa milyonları əlindən alınıb 6 ay əvvəlki hallarına salınsınlar, yoxsa nə hökumət yaşaya bilər, nə biz.

 

Soltan Məcid Qənizadə - Nazirlərdən birisinin dedigindən böylə çıxdı ki, bu işlər həp türklər gələndən bəri başlamışdır. Deməli, türklərdən əvvəl heç kəs hinə soxulmuyormuş. Biz istədigimizi bu yuca kürsüdən danışa bilərmişik. Natiq öz insafilə desin doğrudan da böyləmi idi?

 

Bən bu barədə çox danışmayacağam. Öz insaflarına buraxıyoram, qoy onların cavabını öz vicdanları versin. Amma bən diyoram ki, həmin bu istiqlal və hürriyyət biz azərbaycanlılara türklərin əlilə əta edilmişdir. Azərbaycan, Gürcüstan və Ermənistan hökumətlərinin öz rəsmi kağızları ilə isbat edərəm ki, nəinki Azərbaycan, hətta Gürcüstan və Ermənistana da istiqlaliyyəti türklər vermişlərdir. (Sağdan: Sağ ol!). Burada diyorlar ki, rüşvətxorluq və suyi-istemal talçokunu (hərəkətini) türklər vermişlərdir. Və elmi-təbii qanununa görə haman təhriki-sövqilə imdi də davam ediyor. Fəqət məlumunuzdur ki, o qanuna görə hər talçokun hərəkətini bir əks talçok saxlar. Şimdi o talçok türklərdən idisə, türkdən böyük bir qüvvə varsa, buyursun bir əks talçok çıxarsın və birinciyi dayandırsın. Bən bu danışıqlara Krılovun məşhur sözü ilə cavab verərəm ki, bu adamlar o şeyə oxşuyorlar ki, meyvədən yağlanıyor, fəqət o meyvənin hardan düşdügünü bilmək istəmiyor. Biləks bu gün məmləkətdə xəyanət və cinayət varsa ondandır ki, haman qüvvə getmişdir. Şimdi biz gərək çalışaq qara qüvvələri rəf və dəf edək. Ancaq o halda millətpərəstlik dili ilə bu minbərdə dediginiz kibi bayrağımız yucalar, cümhuriyyətimiz yaşar.

 

Yenə var.

 

“Azərbaycan”, 10 fevral 1919, ¹110

 

(Ardı var)

 

Şirməmməd HÜSEYNOV

 

525-ci qəzet.- 2016.- 15 oktyabr.- S.21